Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

 

M i r z ə   M ə h ə m m ə d q u l u .  (təəccüblü və acıqlı). A kişi, nə danışırsan? Saldat nədi, tüfəng nədi? Hansı müfsidlər sizi başdan çıxardıblar? Oğlun oxuyub adam olacaq, mərifət sahibi olacaq. Dəli deyilsən ki, bu sözləri danışırsan? Bizi məəttəl eləmə; bu saat get, oğlunu gətir, yoxsa peşman olarsan.

 

Camaat içində  qalan  bir-iki  uşaq da  yox olur Kərbəlayı İmamqulu  bir qədər fikir eləyib, çıxıb gedir.

 

M i r z ə   M ə h ə m m ə d q u l u   (siyahini oxuyur).  Kabla Heydər Kabla Kazım oğlu  (Kərbəlayı Heydər qabağa gəlib baş əyir). Bu saat oğlun Süleymanı gətir cənab naçalnikin hüzuruna.

 

K ə r b ə l a y ı    H e y d ə r    Ağa, ərzim var.

 

M i r z ə   M ə h ə m m ə d q u l u   (acıqlı). Kabla Heydər, qonaqları məəttəl eləmə, bu saat oğlunu gətir; yoxsa naçalnik cənablarının o qədər vaxtı yoxdu ki sizin nağıl-hekayələrinizə qulaq versin.

 

Kərbəlayı Heydər yavaş-yavaş çıxır.

 

M i r z ə   M ə h ə m m ə d q u l u   (siyahini oxuyur). Məşədi Ağakişi Qasım oğlu. (Məşədi Ağakişi gəlir qabağa). Oğlun Əsəd buradadırmı?

 

M ə ş ə d i   A ğ a k i ş i.  Xeyr, ağa, mənim oğlum Əsədi bu saat yorğan-döşəkdə qoyub gəlmişəm; bax, çavuş Nəzərəli də allah şahididi. (Çavuş Nəzərəliyə göz eləyir).

 

M i r z ə   M ə h ə m m ə d q u l u   (oxuyur). Kabla Qulamalı Yərməhəmməd oğlu.

 

Camaat içindən Kərbəlayı Qulamalı qabağa gəlib baş əyir.

 

M i r z ə   M ə h ə m m ə d q u l u .  Oğlun Mustafa hardadır?

 

K ə r b ə l a y ı   Q u l a m a l ı.  Ağa, mənim oğlum yoxdu.

 

Kəndlilərdən  bir  neçəsi gülüşür  və bir-birinin üzünə baxır.

 

M i r z ə   M ə h ə m m ə d q u l u   (təəccüblə). Necə yoxdu? Bəs Mustafa adlı sənin oğlun yoxdu?

 

K ə r b ə l a y ı   Q u l a m a l ı.  Xeyr, ağa, sözüm var. Ərz olsun ki....

 

Yüzbaşı Pirverdi bəy daldan gəlib Kərbəlayı Qulamalının peysərindən bir yumruq salıb deyir:

 

P i r v e r d i   b ə y   (Kərbəlayı Qulamalıya). Bu saat oğlun Mustafanı get gətir cənab nəçərnikin hüzuruna!

 

Kərbəlayı Qulamalı kor-peşiman çıxır gedir.

 

M i r z ə    M ə h ə m m ə d q u l u    (siyahiyə    baxır)    Məşədi Fərəculla Məşədi Murtuza oğlu.

 

Bir cavab gəlmir    və ortalığa bir   kəs çıxmır. Yüzbaşı təşvişə düşüb camaata göz gəzdirir.

 

P i r v e r d i   b ə y   (Mirzə Məhəmmədquluya). Cənab Mirzə, Məşədi Fərəculla özü bir qoca kişidi; elə bilirəm ki, bu gün heç kənddə də deyil. İki ulağı var, çarvadarrıx eləyir. Adam göndərərəm, bu saat oğlunu gətirərlər. (Nəzərəliyə) Ədə, Nəzərəli, qaç bu saat Məşədi Fərəcullanın oğlu Cəfəri tap gətir bura. Ədə, özünü gözlə, yaman sərp itləri var, səni tutarlar.

 

N a ç a l n i k   (Mirzə Məhəmmədquluya). Çto je, poka ni odnoqo malçika net na liso?

 

[Tərcuməsi: Bəs nə oldu? Hələ göz qabağında bir nəfərdə oğlan yoxdur?]

 

M i r z ə   M ə h ə m m ə d q u l u.  Yüzbaşı, sənin üçün çox eyib olsun ki, neçə saatdır biz burada məəttəlik, sən bu yekəlikdə kənddən burada indiyə kimi bir uşaq da hazır eləməmisən! Bəs sən necə yüzbaşısan? Cənab naçalnik səndən bərk narazıdır.

 

            Bu sözlərdən sonra yüzbaşı və çavuş Nəzərəli başlayırlar kəndliləri şallaq ilə vurmağa və vura-vura deyirlər: get, bu saat uşağını gətir, yoxsa dərini soyaram! Bu heyndə araya iki uşaq gətirirlər. Kənarda ağlaşma səsi gəlir həmin iki uşağın anaları "bala vay!" deyib ağlayırlar. İki kişi, həmin uşaqların ataları, uşaqların əllərindən tutub yavaşca ağlayırlar. Ruslar təəccüblü baxırlar.

 

İ n s p e k t o r  (gedib uşaqların üzlərini əlləyir). Vot xoroşie malçiki.

 

[Tərcuməsi: Bax, yaxşı oğlanlardır.]

 

M o l l a   M o v l a m v e r d i. Ay bacılar, ay qardaşlar! Axı sizin ağlamağınız bicadır; səbəb bu ki, uşaqlarınıza heç bir cəhətdən afət yetişməyəcək, savayı ondan ki, inşaallah, xudavəndi-aləmin lütfü mərhəməti olsa, elm təhsil edib, nurani aləminə daxil olmaqla feyziyab olacaqlar. Allah-taala öz birliyi xatirəsi üçün sizə səbr versin.

 

M ü ə l l i m   H ə s ə n o v   (camaata). Cəmi millətlərin təlaşı bu olubdur ki, obrazovanya tapsınlar, obrazovannı olsunlar; amma siz hələ indiyə kimi gör nə qədər dalda qalmısız ki, nə qədər nevejestvennisiz ki, bir surətdə bunu hələ anlamamısınız ki: uçenie svet, ne uçenie tma.

 

[Tərcuməsi: Oxumaq işıqdır, Oxumamaq zülmət.]

 

İ n s p e k t o r. Vot, vot, soverşenno verno!

 

[Tərcuməsi: Bax, bax, tamam doğrudur. ]

 

 H a c ı   N a m a z a l ı   (yeriyir qabağa və Mirzə Məhəmmədquluya). Cənab Mirzə, ağalara ərz elə nahar hazırdı, buyursunlar otağa; ta qalan uşaqlar da nahar qurtarınca cəm olsunlar.

 

            Mirzə Məhəmmədqulu naçalnikə yavuq gəlib, ona alçaqdan bir neçə söz deyir və həmçinin qeyri qonaqları da otağa dəvət edir. N a ç a l n i k, i n s p e k t o r, q a z ı,          M o l l a  M o v l a m v e r d i,  p r i s t a v   və bunların dalınca H a c ı   N a m a z a l ı  gedirlar. Camaat tökülür Pirverdi bəyin üstünə və başlayır yalvarmağa; biri deyir: "Aman günüdü, oğlumu azad elə", biri deyir: "Oğlum naxoşdu, siyahidən pozdur". Övrətlər ağlaşır və bu övrətlərin yanına bir neçə də çarşovlu övrət gəlib ağlaşırlar. Kişilərdən də ağlayan var. Səs-küy çoxalır, camaat qarışır bir-birinə. Pirverdi bəy və Nəzərəli gahdan bir bəzi kəndlilər ilə pıçıldaşırlar və habelə bəzilərini də şallaq ilə vururlar. Həmin qışqırıq ilə pərdə salınır.

 

 

 

P ə r d ə

 

 

 

 

ÜÇÜNCÜ MƏCLİS

 

 

Üçüncü məclis vaqe olur Məşədi Ağakişinin həyətində. Altı arvad başlarında çarşov, yerdə oturub, ayaqlarını uzadıb, dizlərinə döyə-deyə ağlaşırlar. Həyətin bir tərəfində kərmə qalağı görsənir. Kənarda Qasım kişi oturub çarığını tikir.

 

 

B i r i n c i   a r v a d.   Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır).

 

İ k i n c i   a r v a d.   Balamı uşqol aparacaqlar, bala vay! (Arvadlar ağlaşırlar).

 

Ü ç ü n c ü   a r v a d.   Balamı uçtel aparacaqlar, bala vay! (Ağlaşırlar).

 

D ö r d ü n c ü   a r v a d.   Balamın üzünə həsrət qalacağam, bala vay! (Ağlaşırlar).

 

B e ş i n c i   a r v a d.   Bais, evin dağılsın, bala vay!

 

Q a s ı m   k i ş i   (arvadlara). Balam, ağlamayın, allah kərimdi.

 

Küçə qapısı açılır.  M ə ş ə d i   A ğ a k i ş i   qabağında oğlu Ə s ə d, tələsik girirlər həyətə. Qapını daldan bağlayır, oğlunun əlindən yapışıb gətirir və o tərəf-bu tərəfə baxır.  Ş a b a n   n ə n ə   yerindən durub gedir nəvəsi Əsədi qucaqlayır.

 

Q a sı m   k i ş i   (nəvəsi Əsədə). Bala, səni necə bəs buraxdılar?

 

Ş a b a n    n ə n ə. Nənən  qadanı alsın bala. Bəs səni necə buraxdılar? Qurban sənə, dahı bir də aparmayacaqlar ki? Buy, allah, mənə ölüm göndər!

 

M ə ş ə d i   A ğ a k i ş i  (hövsələsiz və alçaqdan). Dinmə, dinmə! Səsini çıxartma. (Əsədə) Gəl, gəl, tez ol! (Belə deyə-deyə aparır Əsədi kərmə qalağının qabağına). Gir, gir sənə deyirəm! Durma, gir! (Əsəd özünü soxur qalağın içinə, Məşədi Ağakişi yenə ətrafa baxıb, bir yastı daş tapıb gətirir dayayır qalağın ağzına və üzünü tutur arvadlara). (Alçaqdan). Bax, səs-küy eləməyin. Sizə mən tapşırıram ki, səs-küy çıxartmayın.

 

Arvadlar üzləri örtülü, dallarını çevirirlər Məşədi Ağakişiyə və başlayırlar Şaban nənə ilə pıçıldaşmağa.

 

Ş a b a n   n ə n ə   (oğluna). Ağakişi, bala, sən allah bir de görüm Gülcahan xalaqızımın nəvəsi Süleyman və bir də Xansənəm bacının....

 

M ə ş ə d i   A ğ a k i ş i   (arvadın sözünü kəsir, əlini ağzına basıb alçaqdan). Arvad, kəs səsini sənə deyirəm! Danışma.

 

Q a s ı m   k i ş i   (arvadlara). Balam, səs-küy eləməyin.

 

            Küçə qapısı döyülür. Məşədi Ağakişi qaçıb gizlənir. Qapı bir də bərk döyüləndən sonra Məşədi Ağakişinin qonşusu Kərbəlayı Qulamalı küçədən həyət divarına dırmaşıb, oğlu Mustafanın əlindən yapışıb, qalxızır divarın üstə; hər ikisi düşürlər həyətə, Məşədi Ağakişi çıxır bunların qabağına, tez gəlib yapışır Mustafanın əlindən və aparıb soxur həmin kərmə qalağına.

 

Q a s ı m   k i ş i.  Eləcə bunu da qat qalağa.

 

Arvadların biri, yəni Mustafanın anası üzüörtülü sevincək qaçır oğlunun yanına. Məşədi Ağakişi uşaqlara "sus" deyib, yenə yastı daşı qoyur qalağın ağzına. Kişilər çəkilib, divarın kölgəsində oturub, çubuqlarını ciblərindən çıxardırlar doldursunlar. Qalan arvadlar həzin-həzin ağlaşırlar. Yenə küçə qapısı döyülür; yenə Məşədi Ağakişi və Kərbəlayı Qulamalı yerlərindən qalxıb girirlər evə. Qapı yenə bərk döyüləndən sonra, divara dırmaşır Kərbəlayı Heydər. Bu da oğlu Süleymanı küçədən divara dırmaşdırıb yendirir həyətə.

 

Q a s ı m   k i ş i.   Eləcə bunu da qatın qalağa.

 

            Məşədi Ağakişi və Kərbəlayı  Qulamalı bu uşağı da qatırlar qalağın içinə. Kişilərin üçü də çubuq çəkməyə məşğul olur.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info