Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

 

M ə ş ə d i   A ğ a k i ş i.   Bala, qorxma, allah kərim allahdı.

 

            Yüzbaşının çavuşu N ə z ə r ə l i  at üstə, çaparaq  yetişir xırmana, atını sürür düz Məşədi Ağakişinin yanına, atdan tullanır yerə, əlindəki şallağı qalxızır göyə ki, Məşədi Ağakişini vursun, amma Məşədi Ağakişi cəld  əlini  uzadıb,  yapışır  şallağın  sapından.  Əsəd  ağlayır.

 

Ə s ə d  (ağlaya-ağlaya). Vay, dədə!

 

M ə ş ə d i  A ğ a k i ş i   (çavuşa). Vurma, vurma! Nəzərəli, qadan alım, vurma!

 

N ə z ə r ə l i   (Əsədi görcək ona tərəf). Çıx ordan, bu saat gəl, düş qabağa, vələdüzzina oğlu vələdüzzina!

 

            Əsəd qorxa-qorxa gəlir Nəzərəliyə tərəf.

 

 

N ə z ə r ə l i  (Məşədi Ağakişiyə). Gəl oğlunu sal qabağa gedək!

 

            Məşədi Ağakişi qorxusundan bir söz deməyib   arxalığını   tələsik   geyib; oğlunun arxalığını verir ona və düşür yola. Amma öküzləri yada salıb, istəyir dayana, bir söz deyə, Nəzərəli genə şallağı qalxızır yuxarı.

 

M ə ş ə d i   A ğ a k i ş i  (Nəzərəliyə). Yox, yox! Vurma! Gedirəm.

Üçü da yola düşür. Əsəd qolunu üzünə basıb, yavaş-yavaş ağlayır. Nəzərəli hələ atını minməyib yedəyində çəkir.

 

Nəzərəli, səni and verirəm allaha, həyə Əsədi saldat aparacaqlarsa, bir yolluq de ki, evim yıxıldı.

 

 N ə z ə r ə l i   (yenə şallağı qalxızır yuxarı). A kişi, sənə deyirəm dayanma get!

 

M ə ş ə d i   A ğ a k i ş i.  Yox,  yox,    gedirəm,  gedirəm.  (Gedirlər).

 

 

 

P ə r d ə

 

  

 

İKİNCİ MƏCLİS

 

 

İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. Kəndin camaatı təmamən buraya cəm olub. Adamlar qarışıb bir-birinə: o bununla danışır, bu onunla danışır. Kişilərin yanında uşaqlar da var. M ə ş ə d i   A ğ a k i ş i,  oğlu   Ə s ə d  ilə buradadır. Xəbər verilir ki: "nəçərnik gəlir". Guya qurbağanın gölünə daş atdılar. Camaat haman dəqiqə sakit olur. Səs-səda kəsilir.

 

Əvvəl  H a c ı   N a m a z a l ı   əkil-çəkil"  deyə-deyə gəlib durur bir tərəfdə; sonra  ç a v u ş  N ə z ə r ə l i   əkil", "çəkil" deyə-deyə əlində şallaq gəlib durur bir tərəfdə. Bundan sonra    y ü z b a ş ı    P i r v e r d i b ə y   əkil" deyə-deyə əlində şallaq gəlib durur bir tərəfdə. İndi də gəlirlər:   N a ç a l n i k,   p r i s t a v,   d i l m a n c   M i r z ə  M ə h ə m m ə d q u l u,    m ə k t ə b l ə r i n   i n s p e k t o r u,   q a z ı,  m ü ə l l i m  H ə s ə n o v   və  Danabaş kəndinin mollası M o l l a   M o v l a m v e r d i.

 

 

 

Q a z ı   (bir qədər qabağa gəlib, qoşa ovcunu tutub qabağa və gözlərini yuxarı axıdıb). Əlhəmdü lillahil-əhədil-vahidil-mütəqəddəsi min külli ziddin və niddin. Əlhəmdü lillahil-ləzi hüliyə ənbiyaəl-mürsəlin bi-əhsəni hilyətil-müttəqin, fə-sələvatüllahi-əleyhi və əleyhim ədədi ənfasil-müsəbbihin minəl-məlaikəti vənnasi əcməin və lənətüllahi əla ədaihim məlaüs-səmavat vəl-ərzin. Allahümmərfəzikri və əəl şəni və əizzəti bi-izzətikə və əkrimii bikərəmikə beynə yedəykə və beynə xəlqikə və lənətüllahi əla-qövmiz-zalimin, amin ya rəbbəl-aləmin! Və çün qüdrəti-kamileyi cəhan afərin bəabadaniyi-məmaliki-məhruseyi-Rusiyyə təəllüq girift, şəhriyari-cəvan bəxt varisi-tacü təxt şahani-cahangüşay, xülaseyi-səlatini-namdar sülaleyi-Romanof sədrüs-səlatin, bədrül-xəvaqin, zillüllahi fil-ərzin, əssultan Nikolay Aleksandroviç əz on cayi ki, əz cüzi və külli hiç əmri əz ümuri-xudra məaf nəmidarəd, binayi-təlimxaneyi ki, ibarət bəistilahi-rus uşqolayi-qəryeyi-vilayəti Danabaş istiqrar və istikşaf mifərmayənd. "Amin" deyən dillər lal olmasın.

 

C a m a a t   (birdən). Amin !....

 

Q a z ı. Köməklik istərik cəmi işlərdə allahın adı ilə ki, mehribandır ....

 

C a m a a t.   (birdən). Amin !....

 

Q a z ı. Cəmi məxluqata lazım olan nemətləri rəhm edəndir ....

 

C a m a a t  (birdən). Amin !....

 

Q a z ı. Göydə allahın və yerdə padşahi-mehribanımzın rəhmət və şəfəqqətinə möhtacdır cəmi ərbab və hacat və zərurat !....

 

C a m a a t  (birdən). Amin !....

 

Q a z ı. Sələvat və səlam ola göylərin padşahına ki, ərrəhmanir-rəhimdir və yerlərin padşahı şəhri-yari-xurşid-ayət Nikolay Aleksandroviçə.

 

C a m a a t   (birdən). Amin !....

 

Q a z ı.   Onun xatuni-mükərrəməsi  Aleksandra Fyodorovnaya.

 

C a m a a t  (birdən). Amin !....

 

Q a z ı.   Vəliəhdi-əflatuni fitnət Sergey   Aleksandroviç  və cəmi övladi-əmcadına və xanəvadeyi-şahanəsinə !....

 

C a m a a t  (birdən). Amin !....

 

Q a z ı.  Bari-ilahi, hifz elə yerin-göyün afatından bizim alicənab mehriban nəçərnik həzrətlərini, alimiqdar spexdur ağanı və cəmi ümənayi-ümurati-səltənəti duayi-xeyir ilə yad   edək. Vəllahü vəliyyət-tövfiq, amin!

 

C a m a a t  (birdən). Amin !....

 

Qazı  kənara   çəkiləndən    sonra   N a ç a l n i k   dilmanc   Mirzə Məhəmmədqulunu    yanına çağırıb, üzünü tutur camaata.

 

N a ç a l n i k.   Zabota ob obrazovanii   poddannıx vxodit v zadaçi vsyakoqo blaqoustroyennoqo qosudarstva, a potomu vo ispolneniye  predpisaniya  Eqo prevosxoditelstva  naçalnika qubernii ot ... (qoltuğundakı portfeldən bir kağız çıxardır, baxır) ot 17 maya 1895 qoda za â„– 14365 i postavlen v neobxodimostv okazat   administrativnoye sodeystvie  Eqo Vısokorodiyu (üzünü inspektora tutur) qospodinu inspektoru narodnıx uçiliş kollejskomu sovetniku İvanu Evlampieviçu Duxotvorsevu, na kotoroqo Direksiya narodnıx uçiliş vozlojila vısokuyu missiyu otkrıtiya odnoklassnoqo zemskoqo  normalnoqo uçilişa v selenii Danabaş. Vsemje uyezdnım, uçastkovım i selskim doljnostnım litsam ya strojayşe vmenyayu obyazannost k pervomu çislu predstoyaşeqo sentyabrya mesyasa obespeçit novootkrıvaemuyu şkolu dostatoçnım    komplektom detey mujskoqo pola, a pristavu çetvertoqo uçastka svoevremenno donesti mne o rezultatax   prepodovaemoy   nıne   mnoy   slovesnoy   instruksiiy.

 

[Tərcüməsi: təbəələrin təhsilinin qayğısına qalmaq hər bir qaydalı dövlətin borcudur; odur ki, əlahəzrət quberniya rəisi ... 14365 nömrəli 1 may 1895-ci il tarixli əmri ilə xalq məktəbləri müfəttişi, zati-aliləri (üzünü müfəttişə tutur) kollejski sovetnik İvan Yevlampiyeviç Duxotvorsevə Danabaş kəndində bir sinifli yerli məktəb açmaq kimi şərəfli bir iş həvalə etmişdir. Qəza, nahiyə və kəndlərin bütün vəzifə sahiblərinə çox ciddi bildirirəm ki, üzümüzə gələn sentyabr ayının birinə qədər onlar yeni açılan məktəbə kifayət qədər oğlan uşağının toplanmasını təmin etməlidirlər, dördüncü nahiyənin pristavı isə mənim bu şifahi təlimatımın nəticəsinə dair vaxtında mənə məlumat verməlidir.]

 

(Naçalnik nitqini qurtaran    kimi yüzbaşı   Pirverdi bəy çığırır).

 

P i r v e r d i   b ə y.  Yaşasın nəçərnik ağa!

 

C a m a a t   (birdən). Yaşasın!

 

D i l m a n c   M i r z ə   M ə h ə m m ə d q u l u.  Ey Danabaş kəndinin camaatı! Qulaq asın, görün nə deyirəm. Bilirsiniz naçalnik cənabları nə fərmayiş edir? Buyururlar ki, Danabaş kəndinin camaatı hələ indiyə kimi qaranlıq aləmində qalıblar. Naçalnik həzrətlərinin sizə  rəhmi gəlib və bu gün hədsiz zəhmətlər çəkib və Danabaş kəndinə təşriflər gətirib, bu xəyal ilə ki, burada, bu gün bir uşqol binası qoya və bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxarda, işıqlıq aləminə daxil eləyə. Və bir də, ey camaat, bunu da bilin və eşidin ki, yer üzündə pərvərdigari-aləm nə qədər şəhərlər və kəndlər xəlq edib hər nə qədər vilayətlər yaradıb, onlar cəmisi elmin sayəsində çoxdan işıqlıq aləminə daxil olublar; məhz qalıb Danabaş kəndi. İnşallah, əgər xudavəndi-aləmin lütf və mərhəməti olar, naçalnik cənabları burada bu gün bir darülelm binası qoyar, ta ki, sizi bu darülfünunda təhsil olunan fünunun vasitəsilə işıqlıq şərbəti içib, mədəniyyət aləminə daxil olasız.

 

M o l l a   M o v l a m v e r d i    (bir qədər qabağa gəlib).   Ey amaəti-qəryeyi-Danabaş! Bizə hamılıqnan lazımdır hər gün və hər gecə ibadət vaxtında  bari-pərvərdigarə    həmd və səna edək ki, biz nə qədər xoşbəxt bəndəyik ki, bizim vilayətə belə hakim təşrif gətirib ki, ibarət olsun bizim cənab nəçərnik ağadan və spextır ağadan. Bu özgə bir şey deyil, məgər ki, allah-taalanın bizə lütfü mərhəməti. Yaşasın nəçərnik ağa!

 

C a m a a t   (bir səs ilə). Allah ağaya ömür versin.

 

İ n s p e k t o r   (yeriyir qabağa və rusca deyir).    Milostivıe qosudari! V seqodnyaşniy   den ya sçitayu sebya   sçastlivım, çto stoyu pered vami, danabaşinssami i prinimayu s vami blizkoe uçastie v stol velikom   prazdnestve,   kak otkrıtie novoy şkolı, etoqo deystvitelnoqo fermenta   kulturı   i sivilizassii. Ya vam zaviduyu, ibo ne popal detstvom svoim v tot pedaqoqiçeskiy mir, koqda pedaqoqika i pedaqoqiçeskaya psixoloqiya sdelali    krupnıe   şaqi i nametili,   izuçiv vse   ziqzaqi detskoy psixoloqii, dvijeniy eqo duşi, vernıe puti  pravilnoqo, rassionalnoqo, selesoobraznoqo, vospitıvayuşeqo obuçeniya, koqda vse priemı posledneqo vo vsex detalyax eqo vıvodyatsya leqko iz prinssipov i polojeniy   eksperimentalnoy   pedaqoqiki ipsixoloqii, ponimaya eto    poslednıe    v şirokom    i blaqorodnom smısle etoqo    slova.    Uvajaemıe danabaşinsı,    vı seqodnya v prazdniçnom nastroenii, i radost vaşa velika i ponyatna; ibo dlya vas vaşa davnişnyaya davnojelannaya meçta   seqodnya   vılivaetsya v formu realnoqo   fakta. Da,     sçastlivı   seqodnya, imenno s seqodnyaşneqo dnya, koqda pedaqoqi, boleya duşoy vmeste s vami, izıskali, nakones, porazitelno tonkiy metod obuçeniya, tonkiy do toqo, çto vsyakaya i kajdaya abstraktnost, otvleçennost, krasivo i pravilno odevaetsya v konkretnost; yavlyayas svoeqo roda laboratoriey dlya priqotovleniya soznatelnıx qrajdan rodinı i vernıx poddannıx qosudarstva, ona -- eta şkola, v to je vremya vıvedet vaşix detey iz kruqa kosneyuşix v nevejestve i priobşit ix k obşey mirovoy kulture. Ona razvyajet im yazık i vvedet v mir qosudarstvennoy jizni, nauçiv ix qovorit i ponimat vsyakoqo russkoqo, vsyakoqo adminstratora, proxodyaşeqo çerez selo soldata, da, soldata ....

 

"Saldat" sözünü eşitcək M ə ş ə d i   A ğ a k i ş i   yavaşca  yapışır oğlu Ə s ə d i n   əlindən və xəlvətcə camaatın içindən çıxardıb aparır. Habelə burada olan kəndlilərdən   K ə r b ə l a y ı   Q u l a m a l ı   oğlu   M u s t a f a n ı   xəlvətcə aparır və   M ə ş ə d i   H e y d ə r   oğlu

N ə c ə f i  aparır. K ə n d l i l ə r   də "saldat" sözündən təşvişə düşüblər. Məşədi Ağakişi gedəndə çavuş Nəzərəliyə xəlvətcə nə isə deyir ....

 

.... perebroşennoqo iz dalnix quberniy Velikoy Rossii k vam v selyax oqracdeniya vaşix interesov. Zakançivaya svoyu reç, prinoşu vam svoe pozdravlenie.

 

[Tərcüməsi: Möhtərəm ağalar!  Bu günkü gündə mən özümü xoşbəxt sayıram ki, siz danabaşlıların qabağında çıxış edib mədəniyyət və sivilizasiyanın təsirli mayəsi olan yeni məktəbin açılması kimi böyük bir bayramda sizinlə birlikdə yaxından iştirak edirik. Mən sizə qibtə edirəm; çünki mən uşaqlıqda elə bir pedaqoji aləmə düşməmişəm ki, orada pedaqoji elmi və pedaqoji psixologiya iri addımlar atmış ola, uşaq psixologiyasının dolanbac cəhətlərini, uşaq ruhunun inkişafını öyrənərək doğru,   səmərəli, məqsədəuyğun, tərbiyəedici təlimin düzgün yollarını müəyyənləşdirələr; elə bir aləmə ki, orada təlimin bütün üsulları başdan-başa təcrübi pedaqoji və psixologiyanın prinsipləri və qanunları əsasında, həm də bu sözün ən geniş və gözəl mənasında, asanlıqla əldə edilir. Möhtərəm danabaşlılar, bu gün sizdə bayram əhvali-ruhiyyəsi vardır. Sizin bu böyük sevincinizin səbəbi aydındır; zira uzun zamanlardan bəri sizin bəslədiyiniz arzular bu gün canlı həqiqət şəkli alır. Bəli, bu gün siz xoşbəxtsiniz; məhz bu gün, elə bir gündə ki, ürəkləri  sizinlə bir olan pedaqoqlar xeyli əziyyət çəkib, heyrət ediləcək dərəcədə incə bir təlim üsulu tapmışlar, o qədər incə ki, bütün və hər cür mücərrədlik gözəl və düzgün bir surətdəəyyən görkəm alır; ana yurdun şüurlu vətəndaşlarını və dövlətin sadiq təbəələrini hazırlamaq üçün bir növ laboratoriya  olan məktəb eyni zamanda sizin uşaqlarınızı cəhalətdə batıb qalanlar içərisindən çıxarıb ümumdünya mədəniyyəti ilə birləşdirəcəkdir. Məktəb onların dilini açacaq, hər bir rusun, hər bir inzibatçının dilini, Böyük Rusiyanın uzaq mahallarından sizin mənafeinizi qorumaq üçün göndərilən və sizin kəndinizdən keçən hər bir hökumət qulluqçusunun, saldatın, bəli, saldatın dilini başa düşməyi və onlarla danışmağı sizin uşaqlarınıza öyrətməklə məktəb bu uşaqları dövlət həyatına daxil edəcəkdir. Nitqimi qurtarıb sizi təbrik edirəm.]

 

N a ç a l n i k   (yüzbaşıya). Çto je, spisok  malçikov uje qotov?

 

[Tərcüməsi: Hə, oğlanların siyahısı hazırdırmı?]

 

M i r z ə   M ə h ə m m ə d q u l u   (yüzbaşıya).     Hazırdırmı uşaqların siyahisi?

 

Pirverdibəy kağızı aparıb verir naçalnikə, o da verir Mirzə Məhəmmədquluya.

 

N a ç a l n i k   (Mirzə Məhəmmədquluya). Perevodçik, oqlasite etot spisok.

 

[Tərcüməsi: Dilmanc, bu siyahını oxuyun.]

 

M i r z ə   M ə h ə m m ə d q u l u.  Camaat, bu gün cənab naçalnikin hökmü mocibincə burada bir siyahi qərar verilib; hər kəsin ki, uşkolaya göndərməli oğlu var, bu siyahidə namizəd olunub ki, ibarət ola zeyldəki əhalidən: əvvələn, Kərbəlayı İmamqulu Kərbəlayı Əli oğlu.

 

Kərbəlayı İmamqulu çıxır qabağa və ikiqat baş yendirir.

 

Kişi, bu saat Zeynal oğluvu gətir naçalnikin hüzuruna.

 

K ə r b ə l a y ı   İ m a m q u l u  (üzü naçalnikə və iki əli döşündə). Ay nəçərnik ağa, belə qurban olsun sənə mənim oğlum Zeynal. Mehriban padşahımızın yolunda oğlumu nəinki saldatlığa [verərəm], mən onu qurban da kəsərəm. Amma Zeynalın yeddi yaşı hələ tamam olmayıb, bunu camaat da bilir. Onun nə ləyaqəti var gedib saldatlıq eləsin, tüfəng götürsün?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info