Qonaq Kitabı
DANABAŞ KƏNDİNİN MƏKTƏBİ

 

U ç i t e l. Cənab Molla Movlamverdi, zvukovoy sposob metodu icad olunmamışdan, uşaqlar illər uzunu höccəliyə-höccəliyə bitli və tozlu həsirlər üstə yırğalana-yırğalana cavan ömürlərini puça çıxardırdılar və heç bir şey də öyrənmirdilər; amma indi təzə üsul ilə sözləri götürürlər, səslərə təqsim eləyirlər. İndi belə bir məsəli götürək; götürək "osa" kəlməsini. Bax, burada üç səs var: biri "o", biri "s", biri "a".

 

Q a s ı m   k i ş i  (Kərbəlayı Heydərə). A balam, Kabla Heydər, bu nə danışır?

 

K ə r b ə l a y ı   H e y d ə r.  Vallah, mən qanmadım. (Mollaya) Molla Movlamverdi, bəlkə sən bu elmi təhsil eləmiş olasan?

 

M o l l a   M o v l a m v e r d i  (uçitelə). Cənab uşqol, o sözü ki, indi dediniz, "osa" ki buyurdunuz, o söz nə sözdü?

 

U ç i t e l.  "Osa", yəni eşşək arısı.

 

Adamlar gülüşür.

 

Xub, başa düşmürsünüz, götürək müsəlman sözünü. Məsələn, "ot"; haman otu deyirəm ki, çöllərdə bitir və heyvanlar yeyir. İndi biz istəyirik yazaq "ot". Axı "ot" sözündə iki səs var: biri "o", biri də "t". Əvvəl yazırıq "o", sonra da yazırıq "t"; olur: "ot".

 

M o l l a   M o v l a m v e r d i.  Bağışla, cənab uşqol, "ot" ləfzi üç hərfdən mürəkkəbdir, nəinki iki.

 

U ç i t e l. Xeyr, ikidir.

 

M o l l a   M o v l a m v e r d i.  Xeyr, bağışlayasınız, üç hərfdir. Biri - "əlif", biri - "vav", biri də - "tey". Məgər siz o dərəcədə bisavadsız ki, bunu da başa düşmürsünüz?

 

Kəndlilər gülüşür.

 

Q a s ı m   k i ş i. Yaxşı, cənab uşqol, bir bunu da bizə buyur görək uşaqlar uşqolu qurtarandan sonra bir qulluq sahibi olacaqlarmı?

 

U ç i t e l. Əlbəttə. O baxar şagirdin qabiliyyətinə; əgər qabiliyyəti olsa, mənim kimi gedib seminariyanı qurtarar və mənim kimi smatritel olar.

 

K ə r b ə l a y ı   Q u l a m a l ı. Doğrusu, mən bilsəm ki, uşqolada oxuyan uşaqlar qulluq sahibi olacaqlar, mən oğlum Mustafanı uşqola verməyə sözüm yoxdu.

 

U ç i t e l. Mərhəba, mərhəba! Bax, bu kişi ağıllı kişiyə oxşayır. Əlbəttə, hər bir atanın borcudur övladının tərbiyəsinin fikrinə qalsın. Mərhəba!

 

Q a s ı m   k i ş i. Ay uşqol, bu nəçərnikin dilmancı Mirzə Məhəmmədqulu, belə görükür ki, böyük yerdə oxuyub ki, nəçərnikə dilmanc olub. Yəqin səndən çox dərs oxuyub?

 

U ç i t e l  (gülümsünür). Odur ki, siz avamsız və çox işlərdən xəbərdar deyilsiniz. Nəçərnikin dilmancı qorodskoy uşqoldan savayı bir yerdə oxumayıb, o heç məncə dərs oxumayıb.Q a s ı m   k i ş i. Yəqin sənin adamın olmayıb ki, səni üzə çəksin; onunçun Mirzə Məhəmmədqulu səndən az oxuya-oxuya dilmanc olub nəçərnikə, amma sən çox oxuya-oxuya uşqol olmusan. Əlbəttə, adamın vasitəsi çox şərtdi.

 

U ç i t e l.   Qasım kişi, sən səhv eləyirsən. Mən istəsəm dilmanc da ollam, pristav da ollam, hələ bəlkə artıq da ollam; amma özüm istəmirəm.

 

K ə r b ə l a y ı    H e y d ə r.   Bəlkə ğoburnat da olarsan.

 

Hamı gülüşür.

 

U ç i t e l  (camaata acıqlı). Dəxi niyə gülürsünüz? Mən bura siznən zarafata gəlməmişəm ki!

 

P i r v e r d i   b ə y.  Dəxi bəsdi! Mən onu-bunu bilmənəm; danışıq çox uzandı və mən də durub gedirəm. (Durur). Bax, Qasım kişi, Kabla Qulamalı, Kabla Heydər və qeyriniz, hamınız eşidin və bilin ki, bu danışıqların heç biri mənim qulağıma girmir; çünki mən yüzbaşıyam; mənimki şallaqdı. Gələn şənbə yox, o biri şənbə günü inşallah uşaqları göndərərsiniz uşqola, vəssəlam; yoxsa özgə danışıqnan mənim işim yoxdu. Bir sözü ki, böyüklərim mənə buyurublar, mən gərək ona əməl eləyəm. Ta ki, xalq arasında üzü qara olmayam və hər yanda söz qoşmasınlar ki, Danabaş yüzbaşısı Pirverdbəyin gözünün qabağında uşaqları uşqoldan qaçırdıb kərmə qalağında gizlətdilər.

 

Q a s ı m   k i ş i  (mollaya). Ay molla, sən nə deyirsən? Sənin ağlın nə kəsir?

 

M o l l a   M o v l a m v e r d i  (bir qədər fikir edib o tərəf-bu tərəfə baxır). Bəli, əlbəttə, təhsili-ülum və fünun, bir dərəcədə ki, etiqad aləminə rəxnə yetirməyə, fərayizdən məhsub olunur və lakin əcnəbi dillərinin və ayinlərinin təhsili bu şərt ilə ki, məsələn, belə fərz edək ki .... (duruxur).

 

U ç i t e l. Cənab Molla Movlamverdi, cənab inspektor məni vəkil edib sizə təklif edəm ki, həmin uşqolda həftədə iki  saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. Buna nədir fərmayişiniz?

 

M o l l a   M o v l a m v e r d i  (bir qədər dikəlib və həvəslənib). Bəli, bəli, inşallah ciddi-cəhd elərik və yüzbaşının nüfuzu sayəsində inşallah uşaqları da cəm elərik. Əlbəttə, elm təhsil eləmək hər bir babətdən lazımdır və padşahi-mehribanımızın dilini bilmək dəxi əlzəmdir; nə eybi var? Elm həmişə elmdir. Allah mübarək eləsin; allah padşahımızı da səlamət eləsin.

 

Q a s ı m   k i ş i. Allah mübarək eləsin. Allah axırını xeyir eləsin.

 

Ş a b a n   n ə n ə.  Ay uşqol, bax mənim Əsəd balamı gərək döyməyəsən ha! Yoxsa qoymanam getsin uşqola.

 

M ə ş ə d i   A ğ a k i ş i  (anasına). Ay arvad, sən bir kəs səsini!

 

U ç i t e l. Mən Danabaş camaatının bu tövr elmin qədrini bilməyini pazdravit edirəm; çünki necə ki axund Molla Movlamverdi də buyurdular, elm, elm və genə də elm; necə ki deyiblər: uçenie svet, neuçenie tıma.

 

Kərbəlayı Heydər və bir neçə kəndli gülür, uçitel təkcə çəpik çalır.

 

 

 

P ə r d ə

 

 

 

 

DÖRDÜNCÜ MƏCLİS

 

 

Dördüncü məclis vaqe olur Danabaş kəndində təzə açılan məktəbdə. Bir geniş kəndli evində düzülüb təzə rənglənmiş skamyalar; hərəsinin üstündə oturub iki nəfər kəndli uşağı; səkkiz yaşından on beş yaşına kimi. Şagirdlərin cəmi on ikidir. Baş tərəfdə qoyulub yazı taxtası, qara rəng ilə boyanmış, qabaqda var miz, yanında bir sandalya (stul). Divarlara bir neçə heyvanat şəkli düzülüb, qabaq divardan bir yekə at şəkli asılıb. Şagirdlərin qabağında müəllim  Həsənov   əlindəki kitaba hərdənbir baxa-baxa durub dərs deyir. Kənarda divar dibində çömbəlibdir.

 

Q a s ı m  k i ş i,  K ə r b ə l a y ı  Q u l a m a l ı   və   K ə r b ə l a y ı   H e y d ə r. Şagirdlərin adları: Əsəd Məşədi Ağakişi oğlu və Qasım kişinin nəvəsi. Mustafa Kərbəlayı Qulamalı oğlu, Süleyman Kərbəlayı Heydər oğlu və qalan doqquz uşaq ki, ataları burada yoxdu, bunlardır: Z e yn a l,    H ə s ə n q u l u, C ə f ə r, S ə b z a l ı, N o v r u z, H ə s ə n, T a r q u l u, Q u l a m h ü s e y n, Z ü l f ə l i. Cəmi şagirdlər öz kəndli libaslarındadır.

 

U ç i t e l  (şagirdlərə). Durun! (Şagirdlər dururlar) Oturun! (Otururlar). Əllərinizi yuxarı qalxızın! (Uşaqlar əllərini yuxarı qalxızıb duaya hazırlaşırlar) Dərsdən qabaq vacib olan duanı mən oxuyum, siz də mənim dalımca deyin. (Uçitel özü də əllərini qaziyül-hacata qalxızıb bu duanı oxuyur, şagirdlər kəlmə-kəlmə onun dalınca oxuyurlar). Allahümmərzüqna elmən nafiən və hifzən kamilən və zehnən şamilən və fəhmə zəkiyyən və təbən rəziyən və tövfiqən litəhsilil-ülum, allahümməftəh əleyna əbvabə fəzlikə və səhhil əleyna elmikə və ehsanikə və rifətikə ya ərhəmərrahimin. Amin! Amin! (Şagirdlərə) Oturun!

 

Şagirdlər  otururlar.   Q a s ı m   k i ş i   əllərini  üzünə sürtür  və salavat çevirir:

 

allahümmə səlli əla Məhəmmədin və ali Məhəmməd.   K ə r b ə l a y ı   Q u l a m a l ı  və  K ə r b ə l a y ı   H e y d ə r  də salavat çevirirlər.

 

Q a s ı m   k i ş i.  Yaşasın belə padşah!

 

U ç i t e l.  Bu gün predmetni urokdu. Məktəb taxtasını kim deyə bilər?

 

 

 

Şagirdlərin bir neçəsi sağ əlinin şəhadət barmağını qalxızır yuxarı.

 

U ç i t e l.  Mustafa, sən de.

 

M u s t a f a  (durur ayağa və rəvan deyir). Məktəb taxtası, məktəb taxtası uca və qaradır. Məktəb taxtası durub iki qıçının üstə. Məktəb taxtasının üstə yazırlar təbaşirlə; məktəb taxtasını silirlər cında ilə və ya bulud ilə.

 

U ç i t e l.  Hamınız bir yerdə.

 

Mustafa  taxta  barəsində dediyini şagirdlər  hamısı bir yerdə deyir.

 

Kim gedib məktəb taxtasını göstərər?

 

            Şagirdlər barmaqlarını qaldırır.

 

Səbzalı.

 

Şagird gəlib əlilə məktəb taxtasını göstərir.

 

Q a s ı m   k i ş i  (nəvəsi Əsədə). Əsəd, bala, sən də get görsət.

 

U ç i t e l  (Qasım kişiyə). Qasım kişi, təvəqqə edirəm şagirdlər ilə danışmayasınız. (Səbzalıya) De!

 

S ə b z a l ı. Məktəb taxtası budu.

 

U ç i t e l. Yox, yox, elə deyil; bilmədin!

 

S ə b z a l ı  (təəccüb ilə baxır uçitelə). Budu (taxtanı göstərir).

 

U ç i t e l.   Yox, mən necə demişdim? Kim deyə bilər?

 

Kişilər təəccüb edir, şagirdlər fikirləşir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info