Qonaq Kitabı
III Hissə

O, Məhəmmədəli xan Naxçivanski ilə çox səmimi görüşdü. Onlar bir qədər ayaq üstə danışdılar. Sonra aşağı mərtəbədəki otaqlardan birinə keçdilər. Məhəmmədəli xan Maksimovla Xiyabani arasında gedən söhbətləri artırıb-əskiltmədən Mirzə Məhəmməd bəyə danışdı. Qərara aldılar ki, Mirzə Məhəmməd bəy əhvalatı sərdara xəbər versin. Məhəmmədəli xanın yazacağı məktub da Kəlbəli xana çatdırılsın.

Məhəmmədəli xan durub getmək istəyəndə dedi:

– Qoy sizin təşrif gətirdiyinizi ağaya yetirim. Sonra bilər, qəzəbi tutar.

Məhəmmədəli xanın cəzasını gözləmədən ikinci mərtəbəyə çıxıb onun gəldiyini Bəbir xana söylədi.

– Bəs nə üçün yuxarı təşrif gətirmir? – deyə Bəbir xan xırıltılı səslə soruşdu.

Salonun arasındakı uzun yemək stoluna qulluqçular yemək və içki düzürdülər. Ortada manqal qoyulmuşdu. Manqalın qızarmış kömürlərinin üstünü bir lay ağ kül örtmüşdü. Xanın dəmdarı[7] Şulan onun sağında çömbəlib, bir əlində niqari[8], digər əlindəki maşada qızarmış kömür tutmuşdu. O, odu hoqqanın narın dilinə yaxınlaşdırdığı zaman xan zurnaçnın züy tutanı kimi ovurdunu şişirdir, tiryəki acgözlüklə sümürürdü.

Otaqda xanımlar rəqs edirdilər...

Mirzə Məhəmməd bəylə Məhəmmədəli xan Naxçıvanski içəri girəndə xan gözlərini bir neçə dəfə açıb-yummaqla qonağa özünə yaxın yerdə oturmaq işarəsi verdi.

Bəbir xan Məhəmmədəli xanın kefini soruşdu və rəqsdən qurtaran kürd qızı Əxtər xanımın Məhəmmədəli xanın yanında oturmasına işarə elədi. Məhəmmədəli xan utanıb qızardı, onu tər basdı, dəsmalınıçıxarıb alnını sildi. Bu vaxt qulluqçulardan biri əyilib Mirzə Məhəmməd bəyə naharın hazır olduğunu bildirdi...

İlk qədəhlər Bəbir xanın sağlığına içildi. Üçüncü qədəh Məhəmmədəli xanın sağlığına qaldırıldı. Bu zaman Əxtər xanım Qafqaz xan-bəylərini təriflədi. O, sözünü qurtarmamış əlindəki büllur qədəh mizin üstə düşüb sındı. Bu, Əxtər xanımı pərt elədi:

– Xanın əziz başı üçün təsadüfən oldu...

Bəbir xan güldü:

– Min belə zərər-ziyan mənim vecimə gəlməz. Ulu xan deyərdi ki, qab-qacağın sınması xoşbəxtlikdir.  Siz Bəbir xanı hələ yaxşı tanımırsınız. Əxtər xanımın sağlığına bu qabların hamısını pəncərədən bayıra tullayın! – deyə əmr verəndə Şəmsi mane olmaq istədi. Lakin Mirzə Məhəmməd bəy işə qarışmamasını işarə ilə ona başa saldı. Nökərlər dərhal mizin üstündəki boşqabları həyətə tulladılar.

Qırmızı kərpic döşənmiş həyətə düşən qabların hərəsi bir cür cingilti çıxarırdı. Xanımların və Məhəmmədəli xanın rəngləri ağardı. Qab-qacaqları laqeyidcəsinə götürüb həyətə tullayan nökərlərə nifrətlə baxıb heyrətləndilər. Xan məclisi canlandırmaq məqsədilə çalğıçılara bir hava çalmalarını əmr verdi.

– Əxtər xanım, təzə qablar düzülənə kimi bir rəqs etsəniz, pis olmaz.

Yeni qab-qacaq gətirildi. Bəbir xan içməkdə qonaqlardan geri qalmasa da, yeməyə əl vurmadı. Hamı xanın neçə gün idi ki, yemək yemədiyini bilirdi.

16.

Birinci qatar idi ki, Sovet Azərbaycanından menşevik Gürcüstanına keçəcəkdi. Poylu vağzalından təzəcə aralanmışdı ki, qatarı saxladılar. Tiflisdə olan Iran konsulunun nümayəndələri bu qatarla gedirdilər. Şüşə qoyulmuş sandıqları, neft tökülmüş qabları yoxladıqdan sonra vaqonlar möhürləndi. Qatar Tiflisə yola düşdü. Qatarda olan adamları vağzallara çıxmağa qoymadılar. Parovoz su götürən kimi, qatar Ermənistan tərəfə yola düşdü. Sənayin vağzalında gürçü qarovullarının yerini erməni qarovulları tutdu. Gürcülərə nisbətən ermənilərin rəftarı o qədər də sərt deyildi. Erməni zabitlərinin müşayiəti ilə Ağa Həriri və başqa müsafirlər vaqonlardan düşərək vağzalı dolaşdılar. Hətta onların yediklərinin pulunu da daşnaq zabitləri verdi.

Gömrü vağzalında baş verən kiçik bir hadisə qarovullar və dəmiryolçular tərəfindən soyuqqanlılıqla yatırıldı.

Maşın vağzalda dayandı. “Qaxdaqan” deyilən mauzerçilərdən ikisi beç nəfər ermənini də vaqona mindirmək istədilər. Qarovullar mane oldu. Lakin hökuməti saya salmayan qaxdaqanlar:

– Biz bu vaqonda Uluxanlı vağzalına kimi gedəcyik! – deyib durdular.

Mübahisə çığır-bağırdan söyüşməyə, nəhayət, atışmaya keçəndə dəmiryolçuların köməyinə gəldilər. Zabitlərdən ikisi qaxdaqanları göz açmağa qoymadı. Onları vaqondan endirib bufetə tərəf aparanda dəmiryol rəisi dərhal qatara hərəkət əmri verdi. Qatarın hərəkət etdiyini görən qaxdaqanlar yenə də hücuma başladılar. Lakin qapılar bağlandığından bir iş görə bilmədilər.

Səhər tezdən qatar Uluxanlı stansiyasına çatdı. Ağrı dağından qopan külək hər tərəfə sərinlik yayırdı.

Burada Kəlbəli ağaya xəbər verdilər ki, Dəvəli vağzalından Ermənistan sərhəddinə kimi sizi qarovullar qoruyacaq, ondan o yana özünüzünkülərdir...

...Bibioğlunu Naxçıvanda tanımayan yox idi. O, ortaboylu, sarışın, göygöz, tosqun bir adam idi. Dəllallıq və hərraclıq edərdi: bəzən də çayxanalarda nağıl söylərdi.

Bu gün dükanlar təzəcə açılmışdı ki, bibioğlunu xanın hüzuruna çağırdılar. O, əlindəki yoğun ağacını qoltuğuna vurub, belindəki şalını bərkidərək xanlığa getdi.

Bir azdan bibioğlu xanlıqdan çıxıb, Yusif mehmanxanasının qapısına gəldi. Ağacını yerə döyüb qışqırdı:

– Ay camaat, malımızın, başımızın, canımızın sahibi Kəlbəli xanın əmridir: Hamı vağzala getsin! Bu gün Irəvandan gələn nümayəndələr təntənə ilə qarşılanacaqdır. Xan həzrətləri özü də vağzala təşrif aparacaqdır. Erməni qardaşlardan da vağzala gələn olsa, onlara əl qaldıranın əli kəsiləcəkdir!

Yarım saat ərzində xəbər bütün şəhərə yayıldı. Vağzal adamla doldu. Axşama kimi gözlədilər. Nümayəndə heyəti gəlib çıxmadı.

Kəlbəli xan özü də qonaqların yubanmasından narahat oldu.

Qatar yolda xarab olubmuş, bir gün yubanmışdı!

Qatar sağ-salamat yola düşdü. Qıvraq vağzalında Muşeq ağa, Şahtaxtıda isə Hacı Mir Mehdi ağa iki xalqın dostluğundan, bu dostluğun əhəmiyyətindən söhbət açdı və bu birliyi alqışladı.

Qatardakılar bolşeviklərin yaxınlaşması ilə əlaqədar olaraq, bütün dayanacaqlarda, vağzallarda birlikdən, düşmənə qarşı barışmazlıqdan danışırdılar.

Bu tərəfdə isə Qədir xan düşmən fitvasına uymuşdu. O, Muşeqi öldürmək üçün fürsət axtarırdı. Deyirdi ki, guya ermənilər onun ata-anasını və bir qardaşını öldürüblər.

Bir vağzalda Muşeq ağa danışmaq üçün pillədə durdu. Camaatla salamlaşarkən Qədir xan atəş açdı. Muşeq ağa sinəsini tutub perrona yıxıldı. Qədir xanın adamları dərhal özlərini açıq pəncərələrdən içəri saldılar. Hacı Mir Mehdi və başqa ağsaqqallar əl-ayaq edincə, onlar xeyli ziyanlıq etdilər.

Noraşen vağzalına çoxlu adam toplaşmışdı. Əksəriyyəti silahlı idi. Ağız deyəni qulaq eşitmirdi. Çərkəzi geyinmiş, aşırma patrondaşlı bir kişi üzünü Həmzəyevə tuqaraq deyirdi:

– And olsun Əlinin qolsuz oğlu Əbəlfəzl Abbasa, iranlı olmasın, lap imamın öz övladı olsun, daha mənə “bəri dur!” deyən olmayacaq...

Həmzəyevdən əvvəl Hacı Cabbar ona cavab verdi:

– Adə, lütün biri lüt, nə ara qarışdırırsan? Bu maşın Iran dövlətinindir. Sabah Kəlbəli xan adamın üstündə od qalar.

Böyük bir dəstə vağzaldan çıxıb çayçı dükanlarına doluşdu. Məşədi Əsgər, Hacı Cabbar və Həmzəyev çayxananın qabağında oturub, işin sonunu gözləyirdi.

Ağa Həriri ermənilərdən ayrılarkən, onlara qarşı mülayim rəftarın səbəbini soruşdu. Qarovullardan biri ona belə cavab verdi:

– Meşə çaqqalsız olmaz, qanmaz adamlar hər millətdə olur. Ona görə də biz sizi vaqondan çıxmağa qoymurduq.

Qatar Sədərək düzünü keçdi. Müsəlmanların qarovulları da qatarı hörmətlə qarşıladı. Ağa Həriri və ona qoşulub Təbrizə gedən müsafirlər xatircəm idilər ki, daha yollar təhlükəsizdir. Indi pəncərələrin hamısı açılmışdı. Müsafirlər Şərur mahalının yaşıl bağlarına, arxada qalan xalı kimi çəmənlərə baxırdılar. Ağa Həriri də başını pəncərədən çıxarıb tamaşa edirdi.

Noraşen vağzalında izdiham göründü. Onların pişvazçı olduğunu yəqin etdilər.

Həriri yoldaşından soruşdu:

– Görəsən bizim bu gün buraya çatacağımızı kim camaata xəbər verib? Bəlkə Təbrizdən gələn olub?

Qatar vağzalda dayandı. Ağa Həriri nitq söyləmək üçün hazırlaşdı. Bir dəqiqə çəkmədi ki, vağzala toplaşanlar vaqonlara doluşdular. Adamlardan tutmuş, yük vaqonlarına kimi qarət etməyə başladılar. Kəlbəli ağanın özünü də döyüb, çamadanını apardılar. Yük vaqonlarında olan şeylərin tamam boşalmasına az qalırdı ki, Hacı Cabbarın adamlarından biri özünü maşinistin yanına yetirdi:

– Mən yolu açdım, neçin durmusan? Sür!

Maşinist elə bil yatmışdı, oyandı (O, bu işi çoxdan etməli idi). Siqnal vermədən maşını sürdü. Talançılar maşın gedə-gedə yerə atıldılar.

...Naxçıvandan Şahtaxtıya xəbər çatmışdı ki, yarım kilometrdən çox yol sökülüb. Elə buna görə də qatar Şahtaxtı vağzalında dayandı. Həriri vağzaldan telefonla Maku sərdarıyla danışdı. Sərdar parovozları, vaqonları Şahtaxtıda saxlamağı məsləhət gördü. Bu, o demək idi ki, nə parovozlar, nə də vaqonlar gedib Təbrizə, demokratlara çatmasın!..

Hadisədən xəbər tutan təbrizlilər yol rəisinin müavini Vasilyevi sökülmüş yolu təmir etməyə göndərdilər.

Yol çətinliklə düzəldikdən bir neçə saatdan sonra təzədən naməlum adamlar tərəfindən dağıdıldı.

Iran hökuməti Naxçıvandakı konsulunun vasitəsilə Kəlbəli ağayla müzakirəyə başladı. Bu müzakirə qurtarınca, parovozlarla vaqonların hələlik Ərəblər kəndinə keçməsinə Təbrizdən icazə verdilər.

Şahtaxtıda iki vağzal vardı: biri böyük dəmir yolu idi ki, Rusiyanın o başından tutub Təbrizə kimi gedirdi, digəri Maku hərbi dəmir yolu idi ki, Şahtaxtıdan başlayaraq Vana qədər uzanırdı.

...Sökülən yolu Arazın üstündəki körpüyə kimi genişləndirdilər. Qatarı körpüdən keçirmək mümkün olmadı. Vaqonlar, parovozlar, iki sistern dolu mazut körpünün başında qaldı. Maku sərdarı tərəfindən iki qarovul təyin olundu. Qarovullar vaqonlara gecə-gündüz keşik çəkirdilər.

Bu yanda isə Vasilyev Naxçıvan ilə Şahtaxtı arasında dağıdılan yolu, körpüləri düzəldirdi.

17.

Birinci cahan müharibəsi dövründə Arazın üstündən iki körpü çəkilmişdi. Bir cüt ekiz qardaş kimi yan-yana duran bu körpülər Şahtaxtı ilə Ərəblər kəndini birləşdirirdi. Adamlar bu körpülərdən qabaq məhəccərli gəmi ilə o taydan-bu taya, bu taydan o taya keçirdilər. Məhəccərli gəmi Maku sərdarının şəxsi malı idi. Gəmini hər il icarəyə verərdi.

Bu körpülərin biri Maku hərbi dəmir yoluna, digəri isə şose yoluna məxsus idi.

Dəmiryol körpülərinin yaxınlığında betondan düzəldilmiş böyük bir anbar vardı. Burada partladıcılar saxlanılırdı. Silahlı adamlar tərəfindən qorunan bu anbarı Maku hərbi dəmir yolu çəkiləndə düzəltmişdilər.

Vasilyev axşama kimi çalışıb yolu qurtardı. Sonra Şahtaxtı vağzalına qayıtdı. Oradakı parovoz və vaqonları görməyəndə heyrətdən ağzı açıla qaldı. Yanmış parovozu görəndə məsələni anladı. Kimsə dinamit vasitəsilə vaqon və parovozları məhv etmək istəmişdi. Vasilyev salamat qalmış bir vaqon və bir parovozla Təbrizə qayıtdı. Bu hadisəni olduğu kimi eşidənlər yenə də deyirdilər:

– Burada ingilis barmağı var!..

18.

Badamçı komitənin iclasını açıb, sözü Xiyabaniyə verdi. Şeyx Məhəmməd Xiyabani həmişəki qayda ilə eynəyini çıxarıb dəsmalla sildi. Gözünə taxandan sonra sözə başladı:

– Işlər bizim gözlədiyimiz kimi də oldu. Tehran yenə də yağlı dil tökür, kağız üstündə quru vədlər verir. Bir iclasımızda biz, xalqın taleyini birdəfəlik və qəti həll etməliyik. Tehranla aramızda gedən boş danışıqlara tamam son qoyulmalıdır. Bu yəqindir ki, qiyamətə kimi oturub gözləsək belə, o imamzadədən bir xeyir görməyəcəyik. Vüsuqüddövlələr, qəvamüssəltənələr öz ciblərini güdürlər. Onların nə vecinədir ki, Urmunun bazarını yandırdılar. Urmulular dilənçi olub şəhərlərə düşüblər. Göylərə yüksələn ah-nalələr onların pambıq tıxanmış qulaqlarına əsər etmir. Onların qulağına çatmır.

Qardaşlar! Bu gün qırx beş min asorini silahlandırıb Urmunu viran qoyan, sabah Xoyu, Təbrizi də xarabazara döndərəcəkdir. Öz dərdimizin çarəsinə özümüz

əlac eləməliyik.

– Sizcə, nə etmək lazımdır? – Komitə üzvlərindən biri soruşdu.

Xiyabani qətiyyətlə cavab verdi:

– Tehranla əlaqəni büsbütün kəsib, özümüz özümüzü idarə etməliyik!

– Düzgün fikirdir! – deyə onun sözünü təsdiq etdilər.

– Biz özümüzü idarə etməyə qadirikmi?

– Bu nə fərmayişdir, buyurursunuz, ağayi Təbatəbai? Azərbaycan nəinki özünü, hətta Iranı da idarə etməyə qadirdir. Bu barədə sonra... Indilikdə biz Urmuya və Səlmasa kömək etməliyik. Eşitdiyimə görə Iran dövlətinin Azərbaycanda heç yüz nəfərlik qoşunu da yoxdur.

– Bəli, elədir.

– Hər şeydən əvvəl, günü sabahdan bütün dövlət idarələrini öz ixtiyarımıza keçirməliyik. Yeni hökumət qurduğumuzu xarici konsullar vasitəsilə bütün dünyaya xəbər verməliyik. Təcili qoşun hazırlığına başlamalıyıq.

– Lakin buna pul və silah lazımdır, – deyə Mirzə Əli dilləndi.

Mahmud sözə qarışdı:

– Bir az əsləhə cəbbəxanada var, yarısını da almaq olar.

– Bəzi konsulxanalarda silah anbarı vardır. – Xiyabani dedi. – Onları ələ keçirmək olar. Pul məsələsinə gəlincə, deməliyəm ki, şəhərimizdə çoxlu milyoner və varlı var. Əvvəlcə xoşluqla, olmasa, zorla alarıq. Bizə xaricdə olan dostlarımız da, həmşəhərlilərimiz də kömək edər. Bir az qüvvə toplayandan sonra bütün borcları verə bilərik. Hələlik bizim başqa çıxış yolumuz yoxdur.

– Avazın yaxşı gəlir, oxuduğun Quran olsa, – deyə komitə üzvlərindən biri onun sözünü kəsdi.

– Oxuduğum Qurandır, özü də lap Yasin surəsi, Hacı ağa. Indi ərz elədim, başqa yolumuz yoxdur. Köhnələr yaxşı deyib: Zərlə zor olmasa, hökumət işlərini qabağa aparmaq olmaz! Mənə belə gəlir ki, biz elə bu dəqiqədən işə baxmalıyıq. Hələlik iki komisyon təyin etməliyik: biri maliyyə işlərinə, bir də qoşunun təşkilinə

baxsın.

– Bu qoşunun başında kim duracaq? – Xiyabaninin Hacı ağa dediyi kişi yerindən dik qalxdı.

Mirzə Əli öz fikrini söylədi:

– Bu işi iki adama tapşırmaq olar: – Mahmuda və Seyid Hüseyn xana. İkisi də Səttar xanın əlinin altından çıxıb.

Hamı onun fikrini bəyəndi.

– Qoy elə olsun! – deyə Xiyabani razılaşdı. – Lakin maliyyə işinə hər sinifdən bir nəfər cəlb edilməlidir ki, camaat verdiyi pulların haraya və nəyə xərc olunacağını bilsin.

Otuz-otuz beş yaşlı bir adam yuxudan ayılırmış kimi, iki əlini gözlərinə çəkərək:

– Deyəsən biz təzə bir dövlət təşkil verirux axı?!

Hacı Məhəmmədəli ondan soruşdu:

– Sizcə, hökumət təşkil etmək olmaz?

– Nə üçün olur? Olar. Iran deyil, virandır: burada hər nə eləsən –olar.

Kimdisə başını bulayıb soruşdu:

– O hökumətin adını nə qoyursunuz, hacı ağa?

– Azərbaycan hökuməti!

Xiyabani ona baxıb dedi:

– Əlbəttə, Azərbaycan! Amma hələlik Azərbaycan adı qoymaq düzgün olmaz.

– Nə üçün, Ağayi Xiyabani? – Sərhəngzadə maraqlandı.

– O səbəbə ki, Arazın o tayında müstəqil Azərbaycan hökuməti yaranmışdır. Əsas işə başlamalıyıq. Ad qoymaq həmişə və hər vaxt mümkündür.

 

 

 



[1] İndiki Yerevan şəhəri

[2] Ərəb, kürd və türk qarışıq süvari dəstəsi (red.)

[3] Möminlər qardaşdırlar

[4] O vaxt osmanlı konsullarına “şahbəndər” deyirdilər.

[5] Türkiyədən qaçan mühacirlər (red).

[6] Kirvəlik kürdlərdə ən yaxın qohumluq kimidir. Ətəyinə qan tökmək – onu özünə məhrəm etmək deməkdir (redaktorun qeydi)

[7] Dəmdar – nəşə alətlərini düzəldən qulluqçu

[8] Qamış dəstəli tiryək çubuğu

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info