Qonaq Kitabı
III Hissə

– Bəlkə.

– Bəlkəsi-zadı yoxdur. Hər şey gün kimi aydındır. Nə isə... Bu osmanlıların bizimlə belə qardaşlığı təəccüblüdür.

– Bəli, ayının minbir oyunu bir armudun üstündədir. Onlar bu dəfə din pərdəsi altında öz imperatorluqlarını genişləndirmək istəyirlər. Bunlarla birləşmək faydalı olsaydı, Mirzə Təqi xan Rüfət kimilər yox, Şeyx Məhəmməd Xiyabani kimi açıq fikirli adamlar işə qarışardı.

– O nə üçün qarışmır? Bəlkəsi nədi, daaş?

– O hələ suyun şırıltısına qulaq asır. Hər şeyə, axı, birdən inanmaq olmaz.

Qocalardan biri bu sözü təsdiq etdi:

– Elə mən də bayaq onu demək istəyirdim. Iranın sahibsizliyi bunların da ağzını sulandırıb.

– Bəli, bəli... hoqqabaz müftə oynamaz, deyiblər.

Bayaqdan bu danışıqlara qulaq asan, üst-başından sənətkara oxşayan bir kişi dilləndi:

– Allah heç igidin qolunu gücsüz eləməsin. Qapısı açıq, sahibsiz bir ölkəmiz var, kim gəlir, atını oynadıb gedir. Biz də oturub imamın zühurunu gözləyirik ki, gəlib gücsüzləri güclülərin zülmündən xilas edəcək.

Yan tərəfdən mollagunə bir adam ona acıqlandı:

– Əmoğlu, sən çox həndə-məndə danışırsan ha! Xahiş edirəm dinə-məzhəbə toxunmayasan.

Birinci qoca qabaqlarından keçib həmin evə daxil olmaq istəyən Gənceyini görcək dedi:

– Bəs deyirdin, daaş, Şeyx Məhəmməd oturub suyun şırıltısına qulaq asır. Bu, onun sağ əli deyilmi? Yəqin indi özü də gələcək.

Cavan oğlan gülümsədi:

– Nə olsun ki, gələcək! Çağıran yerə gedərlər də...

– Budur, bu da onun sol əli, – deyə qoca, qapının başında görünən arıq, alçaqboy, ləbbadəsi az qala yerlə sürünən kişini göstərdi. Onun göstərdiyi adam ağayi Badamçı idi. O da içəri keçdi.

– Ittihadi-islamın xeyri haqqında Mirzə Təqi xan Rüfət nitq söylədikdən sonra birinci Yusif Ziya bəy danışdı:

– Əfəndilər, “Əl-möminunə ixvtü”[3] zamanı gəlib çatmışdır! Şimdi bütün təəssübləri, cahilanə xurafatı bir yana buraxaraq birləşmək lazımdır. Yoxsa islamiyyət əldən gedəcəkdir.

– Mollalardan biri dedi:

– Bu birləşmə hansı ünvanda olacaqdır, əfəndi, sünnü və ya şiə?

Yusif Ziya bəy özünü itirdi. Paşa onun köməyinə çatıb dedi:

– “Lailahə illəllah, Məhəmmədən rəsulillah” ünvanı altında.

– Bəs dörd rükni namaz necə?

– Onlar qalar!

– Bəs on iki imam?

Cavab verən olmadı.

Məclisə dərin sükut çökdü. Bu pis təsiri dəyişmək üçün Mirzə Təqi xan dedi:

– Müsəlmanların başına gələn bəla və fəlakətlər nifaq nəticəsində əmələ gəlir. Inanın ki, bu nifaq bir az da davam etsə, böyük ağaların dediyi kimi, islamiyyətdən ancaq quru ad qalacaqdır. Ziya bəy həzrətlərinin buyurduğu kimi, bütün mövhum təəssübləri buraxıb, islamın həqiqətindən yapışmalıyıq. Müsəlman millətləri harda varsa birləşdirmək lazımdır.

Hacı Əlinəği Gənceyi söz atdı:

– Bu ittihadın zərəri xeyrindən qat-qat artıq olar. – Paşa ilə Yusif Ziya tərs-tərs ona baxdı. O, sözünə davam elədi: – Xaçpərəstlərin bu cəhətcə bizdən qüvvətli olması inkaredilməz bir həqiqətdir. Məncə tamam müsəlmanların birləşməsi əks təsir bağışlayar. Axı din pərdəsi altında birlik heç zaman xeyir gətirməyibdir. Bunu tarix isbat etmişdir.

–  O hansı tarixdir, Hacı ağa? – deyə mirzə Təqi xan soruşdu:

– O səlib müharibələridir. Bütün xaçpərəst millətləri birləşib Beytül-müqəddəsə hücuma keçdilər. Müxtəlif millətlərdən təşkil olunmuş əzəmətli ordunu Səlahəddin Əyyub adlı bir kürd balası darmadağın elədi.

Paşanın mənalı baxışları Yusif Ziya bəyə, onunku isə Rüfətə dikildi. Arada başqa söhbətlər də oldu: “Bəli, Paşa həzrətləri düz buyurur. Elədir ki, var. Itaət olunar”.

Bu danışıqların boğazdan yuxarı olması çoxuna aydın idi. Həqiqətə oxşar bir şey varsa, o da beş-on gün əvvəl şəhərə varid olmuş əsgərlərin qaba hərəkətlərindən şikayət etmələri idi.

Bu şikayətlərə paşa bir məsəllə cavab verdi:

–       Meşə çaqqalsız olmaz, əfəndim!

Qapısına “Ittihadi-islam” lövhəsi vurulmuş mülkdə keçirilən təntənələrə Təbriz əhalisi laqeyd yanaşdı. Osmanlı ordusu hələ geri dönməmişdi ki, lövhəni qapıdan götürdülər.

Bir neçə gün sonra Xiyabani ilə Gənceyi paşanın hüzuruna dəvət olundu. Onları iki-üç saat dəhlizdə saxladılar. Nəhayət, içəridən iki nəfər erməni taciri ilə xəlifənin çıxdığını görən Hacı Əlinəği yoldaşına pıçıldadı:

– Indi yəqin etdinmi zənnim doğrudur? Hamı deyirdi Budağyanla Tumanyan əkilmək fikrindədir. Mən dedim ki, yox, onlar öz qardaşı ilə şərikini osmanlıların sərəncamında qoyub getməzlər. Yəqin paşa ilə danışıblar. Indi o qədər çəkməz, həbsdə olanları da buraxarlar.

Doğrudan da, tacir və xəlifə həyətə düşəndə tutulan erməniləri zirzəmidən çıxarıb, onlara təhvil verdilər. Bunu görən Şeyx Məhəmməd gülə-gülə:

– Onların yerinə – dedi, – bizi salacaqlar.

– Neyçün, biz nə etmişik ki?

– “İttihadi-islam”ın süqutuna görə. Elə bilirsiniz məclisdə danışdığımız sözlər onları şəkkə salmayıb?

– Mən ki doğrusunu demişəm!

– Elə onlar da doğru hesab edib, bizi tutacaqlar! Lakin onların təhdidindən qorxmamalıyıq!

– Birdən danışdırsalar, nə cavab verərik?

– Onların bizi mühakimə etməyə ixtiyarları yoxdur. Qoy nə bacarırlar etsinlər. Onlar: “Əmi vay” deyil, “zəmivay” deyib Təbrizə gəlmişlər. Şeyx Səlimin çar generallarına verdiyi cavabı biz də bunlara verəcəyik. Təbriz təbrizlilər üçündür və onların da qalacaqdır!

Bu zaman tez-tez içəri girib-çıxan baş serjant onları paşanın yanına çağırdı. Qabaqda Xiyabani, onun da ardınca Hacı Əlinəği otağa daxil oldu.

Paşa hirsli-hirsli otaqda gəzinir. Hərdənbir bığlarının ucunu ağzına sala-sala çeynəyirdi. Birdən otağın arasında dayanıb Gənceyiyə tərəf çevirib dedi:

– Siz “İttihadi-islam” mərkəzində qonuşan demokratsınız?

– Bəli.

– Neçin siz orada qonuşdunuz?

– Məclisdə, yığıncaqda hər kəs öz fikrini söyləməlidir, əfəndim. Mən istəmədim ki, həmvətənlərim düzgün yoldan...

– Bu sənin şəxsi fikrindir, yoxsa bütün demokratlar bu fikirdədirlər?!

Xiyabani ondan əvvəl cavab verdi:

– Bütün demokratlar bu fikirdədirlər.

– Bizim bu şanlı ordumuzun yardımını siz beləmi qiymətləndirirsiniz, yahu?

– Bu ordu gəldiyitək qayıtsa, bəzi kobud hərəkətləri nəzərə alınmadan, biz onları bir nicat ordusu kimi qiymətləndirə bilərik. Lakin qayıtmasa, o öz xilaskarlıq əhəmiyyətini itirmiş olacaq! Biz çar qoşunlarına, ingilis işğalçılarına necə baxmışıqsa, həmin gözlə də onlara baxacayıq.

– Bizim məsləhətimiz budur ki...

– Əvvələ, biz heç kəsin məsləhətinə möhtac deyilik! İkincisinə gəldikdə, ingilislər sizin dərsinizi çox mükəmməl veriblər.

– Bu nə cəsarətdir?!. – deyə paşa bağırdı. – Bu saat sizi müstəntiqə verdirərəm, – deyib mizdəki zəngi cınqıldatdı.

– Əfəndim, coşmayın! Bizi mühakimə etməyə sizin ixtiyarınız yoxdur. Və bu dəqiqədən oyana biz sizinlə qonuşmayacağıq, – Xiyabani keçib boş bir səndəldə oturdu. Hacı Əlinəği də onun kimi etdi. Elə bu zaman baş serjantla bərabər gənc bir zabit otağa daxil oldu. Paşa ona müraciətlə dedi:

– Şu həriflərə istintaq yaparsan! Təbriz əhalisinin gözündən pərdə asaraq, özlərini millət xadimi kimi göstərmək istəyən bu xainlər ingilislərin sağ əlidir. Üstəlik Mərənd hadisəsi...

Xiyabani eynəyini silə-silə:

– Uzun illərdən bəri ingilislərin müstəmləkəçilik siyasətinə qarşı çıxanları tutub həbs edənlər özləri ingilis nümayəndəsidir. Mərənddə baş verən dəmiryol hadisəsində isə yenə siz günahkarsınız; sizin qaba zabitlərin texnikadan xəbərsizliyi o fəlakəti törətmişdir. Qaldı istintaq məsələsi, mən yenə də deyirəm: sizin bizi istintaq etməyə haqqınız yoxdur. Bu bütün dünya qanunlarına, beynəlxalq qanunlara ziddir. Mən sizin bu hərəkətlərinizə qarşı etiraz edirəm! – deyib otaqdan çıxdı.

Nə Xiyabani, nə də Gənceyi müstəntiqin suallarına cavab vermədi. Bir gün sonra etiraz əlaməti olaraq bazar-dükan bağlandı. Işin böyüməsini görən paşa çarə axtarmağa başladı. Ikinci gün divarlara yapışdırılan elanlarda bildirilirdi ki, Xiyabani ilə Gənceyi Urmuya, diviziya komandiri ilə görüşə getmişdir.

Onlar Urmuda da suallara cavab verməmişdilər. Elə buna görə də onları ordu komandanının sərəncamına, yəni Karsa göndərmişdilər.

...Fayton faytonun ardınca düzülüb Acı körpüsünə tərəf gedirdi. Hər sinif ayrı toplaşmışdı. Tacir və bəzzazlar tağ bəzəmiş, qalanlar isə miz açmışdılar. Öz atına minib pişvaza çıxanların sayı yüzdən çox idi. Həmişə olduğu kimi, tabaqçılar yenə hay-küylə öz mallarını tərifləyirdilər. Körpünün yanındakı karvansaranın qabağında bir neçə yerdə samovar qoyulmuşdu, əllərdə təzədəm çay buğlanırdı. Körpünün başındakı tağı türk qoşunu geri çəkiləndən sonra öz məxfigahlarından çıxan demokratlar bəzəmiş, onun başına Xiyabaninin şəklini vurmuşdular. Qadınlar, uşaqlar da bu pişvazda iştirak edirdilər. Şəhər özünün sevimlisinin pişvazına çıxmışdı. Elə həmin gündən başlayaraq demokrat partiyası təkrar yarandı. “Təcəddüd” idarəsi ruznaməsi açılıb fəaliyyətə başladı...

8.

Qızının itkin düşməsi, ərinin ölümü, qonum-qonşunun dağılıb yoxa çıxması Siranuşun saçlarını vaxtsız ağartmışdı. Bədəni zəifləmiş, onda ruh düşgünlüyü yaranmışdı. Ona elə gəlirdi ki, Şuşanik, Arakel, Hampo tanış-bilişlə keçirdiyi o fərəhli günlər heç zaman olmayıbmış...

Siranuşu dalğın halda həyətdə oturan görən Tiqran soruşdu:

– Ay bibi qızı, tək-tənha burada niyə oturmusan?

– Tək oturmamış, bəs nə edəcəyəm? Kimlə oturacağam?

– Bu qədər fikir-xəyal etmək səni dərdə salar. Əgər istəsən, havanı dəyişdirmək üçün bir neçə aylığa səni Təbrizə aparım.

Siranuş başını buladı:

– Hay-hay, mən ölsəm də buradan heç yana gedə bilmərəm. Mən də getsəm, bu ölənlərə bəs kim ağlayar?

Rəşidin Şuşanikə olan münasibətini biləndən sonra Hüseynqulu bəy də, Canı xanım da bütün qüvvələrini qızı axtarmağa sərf etdilər. Rəşidi müalicə etmək üçün şəhərdə və yaxın kəndlərdə elə dava və dua sahibi qalmadı ki, onu xəstənin üstünə gətirməsinlər. Nə dava-dərmanın, nə də duaların kəsəri olmurdu. Axırıncı çarə həkim ağaya – Dərvişə qalmışdı.

Osmanlı hadisəsi baş verdiyi gündən dərvişin yoxa çıxmasına adamlar başqa cür məna verirdilər. Bəzilərinin dediyinə görə bu dərviş hansı dövlətinsə casusu imiş. Bəziləri isə onu, sadəcə olaraq, dəli dərviş hesab edirdi.

Səhər saat doqquz olardı ki, ərbablığa getmək istəyən Hüseynqulu bəy Rəşidin otağından çıxanda Həmzəni həyətdə gördü.

– Hə, Həmzə, sənsən? Kənddə nə var, nə yox?

– Sağlığın, ağa, kənddi də... Dünən genə Imaməlinin danası Əzizin dəcini pozmuşdu. Bir vur-çatlasın idi ki, görəsən! Əzizin anası şananı boşboğaz Şərabanının kəlləsinə endirəndə şana dərvişin güngörməzindən dəydi. Kişi elə ombasını tuta-tuta qaçdı.

Dərviş adı eşidən Hüseynqulunun ürəyi titrədi:

– Dərviş orada nə eləyirdi?

Həmzə əlində dəstələyib hazırladığı ipləri ulaqlardan birinin belinə bağlaya-bağlaya cavab verdi:

– Dağda yaşayan dərvişdir, hərdənbir bizim kəndə gəlir. Buğda, arpa, pul... nə verirsən, almır, təkcə cücə istəyir.

Hüseynqulu bəyin qəlbinə damdı ki, olsa-olsa bu həkim ağa olacaq.

– O dərviş bir də kəndə gəlsə, mənə xəbər elərsən.

– Baş üstə.

Bu əhvalatdan on gün sonra Hüseynqulu bəyə xəbər verdilər ki, Həmzə gəlib onu görmək istəyir. Hüseynqulu bəy dərhal həyətə çıxdı.

Həmzə dəli dərvişin Zəngmar dərəsində Xəzəngah deyilən mağarada yaşadığını xəbər verib getdi. Elə həmin gün bu xəbəri Siranuş Tiqrana danışdı və dərvişi tapmağı ondan xahiş etdi.

9.

Qız qışqırıb özündən gedəndən sonra dərviş dərk etdi ki, o bunun qiyafəsindən qorxur. Belə getsə, qızın bağrı çatlaya bilərdi. Daha o, qızın Dürdanə olub-olmadığıyla maraqlanmır, onu nə cür ayıltmağı fikirləşirdi.

Qızın simasında həyat əlaməti görünəndə Həkim ağa üzünü başqa səmtə çevirdi. Qız gözlərini açdı. Mağaraya kimin tərəfindən və nə üçün gətirildiyini başa

düşə bilmirdi. Başını sağa çevirdi. Arxası özünə tərəf olan adamı gördü. Elə bu vaxt “Əziz balam, qorxma” deyən səs eşitdi. Səs bir daha təkrarlandı. Qız ətrafına göz gəzdirəndə Maku şəhəri gözləri qarşısında aydınlaşdı. Bu anda bir neçə tüfəng səsi eşidildi. Bu səslər qıza öz başına gələn hadisəni dərk etməyə kömək etdi. Özünü suya tulladığını xatırladı. Indi qız bu yad adama ona nicat verən şəxs kimi baxırdı. “Yoxsa yuxu görürəm?” deyə qız yerə təkan verib qalxdı. Onun qara saçları gəlin duvağı kimi tökülüb gözəl sifətini örtdü. O, saç-saqqallı adama təzədən baxdı. Yuxu görmədiyinə inandı. “Qorxma, əziz balam!” sözlərini yada salıb elə bildi ki, əfsanələrdə eşitdiyi dağ adamını görür. Ürkək səslə soruşdu:

– Sən kimsən, ay adam və məndən nə istəyirsən?

– Məndən qorxma, bala.. Mən bədbəxt bir adamam. Səni də mənə qızım Dürdanənin əvəzinə sular pərisi bağışlayıb.

– Mən pəri deyiləm. Mən özünü suya tullamış bir bəndəyəm.

– Onda de görüm, sən özünü suya nə üçün tullamışdın?

Qız – görkəmindən qorxduğu kişiyə diqqətlə baxdı: “Bu türkə oxşayır, görəsən məni buradan salamat buraxacaqmı? Qorxunc görünüşü olsa da, mehriban insana oxşayır. Başıma gələnləri deyimmi?” Qız düşüncələrindən ayrılıb hər şeyi olduğu kimi, dərvişə danışdı. Axırda dedi:

– Heç bilmirəm atam-anam necə oldular – öldülər, qaldılar? Mənə elə gəlir ki, eli-günü qırılan bir adamın yaşaması faydasızdır.

Dərviş qıza baxmadan başını əydi:

– Atanın ölməsi məlum deyil. Ancaq o məlumdur ki, məni çöllərə salan Allah, səni kimiləri xilas etmək üçün biyabankəşt etmişdir.

– Bəs sən kimsən? Bura haradır? Dürdanə kimdir?

– Onları bilmək sənin üçün hələ tezdir, qızım. – Dərviş məşəl kimi yanan gözlərini mağaraya dikib fikrə getdi: “Bu mənim Dürdanəm... Dürdanəm olmasa da, Allah onu mənə əvəz yetirib. Mən onu hifz edib ata-anasına yetirməsəm, Allahın təzədən mənə qəzəbi gələr, Dürdanəmi özümə qaytarmaz”.

Yenə də güllə səsi eşidildi. Şuşanik əllərini göyə qaldırdı:

– Ay Allah, sən özün saxla bizi! – deyib fəryad qopardı.

Həkim ağa dərhal onun əllərindən tutub aşağı saldı:

– Kimə yalvarırsan? Bu camaatı bir-birinin canına salan, o deyil məgər? – Dərviş qəfildən susub öz-özünə danışmağa başladı: “Yaman çərənləyirəm. Ey bir

olan Allah, məni bağışla!”

Qız əllərini yenə göyə qaldırdı:

– Ey Məryəm ana, sən bizə rəhm elə!

Dərviş əlini qızın ağzına qoydu:

– Danışma, ağlama. Sənin burada olduğunu bilsələr, gəlib apararlar, sakit ol... Hər iş səbirlə başa gələr. Bütün müşgüllərin açarı səbirdir. Sənin qohumlarını mən axtararam.

Dəli dərvişin bu sözündən qızın gözlərinə işıq gəldi:

– Yaxşı, ağlamaram. Sən mənim anamdan, atamdan xəbər gətirsən, ömrüm boyu sənə duaçı olaram. “Bəlkə bu məni aldadır?..”

– Sən əgər mənim kim olduğumu və necə müsibətlərə düçar olduğumu bilsən, yəqin ki, öz dərdini yadından çıxararsan. Mənə yazığın gələr...

Qız ağlaya-ağlaya;

– Heç inanmıram ki, – dedi, – bu dünyada mənim tək bədbəxt adam tapıla.

Qızın sözü Həkim ağanı hərəkətə gətirdi. Onu sakit etmək üçün uzun illər sinəsini dələn dərdini açıb tökməli oldu...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info