Qonaq Kitabı
III Hissə

Evlərin pəncərələri bu dağa tərəf açılırdı. Məhəllə yolundan başlayaraq Zəngmar çayına kimi uzanan erməni küçəsində sakitlik hökm sürürdü. Çayın kiçik bir qolu bu küçəni ikiyə bölürdü. Hər iki tərəfdə səliqə ilə əkilmiş söyüdlər baş-başa verib xiyaban yaratmışdılar. Küçə olduqca təmiz və sərin idi. Küçənin aşağı tərəfində, Zəngmar çayının kənarındakı nəhəng qayanın üstündə qara daşdan tikilmiş çox da böyük olmayan bina Maku ermənilərinin kilsəsi idi. Kilsədə yüzlərlə gənc qız və oğlan keşiş qarşısında diz çöküb əhd-peyman bağlamışdı. Bazar günləri və bayramlarda kilsədə çalınan zəngin sədası Sarıqayadan çox-çox uzaqlara gedərdi.

Arakel ilə Hampo çardağın altında öz işləri ilə məşğul idilər. Onların işindəki dəyişiklik ancaq bu olmuşdu ki, Siranuşun etirazına baxmayaraq, Arakel Hamponu şagirdlikdən çıxarıb özünə şərik eləmişdi.

Azançı hələ günorta namazına başlamamışdı ki, Kişmiştəpə kəndi tərəfindən çapan atlı Arakelin çardağının qabağından keçərək ermənilər küçəsinə daxil oldu. Atlı küçəni üzüaşağı çapır, arx kənarında qab-qacaq yuyan qadınlara nə isə deyib keçirdi. Qadınlar əllərində olan işləri buraxaraq atlının dalınca qaçırdılar. Həmin vaxtda Siranuş da qapılarının qabağındakı səkidə oturmuşdu. Atlıdan eşitdiyi xəbər

onu da dəhşətə saldı. Lakin o, başqaları kimi çapara tərəf yox, evlərinə qaçıb Arakeli çağırdı:

–       Eşitmədin bəyəm?

–       Nəyi? – deyə Arakel laqeydliklə çiyni üstdən ona baxdı.

–       Tez ol, qaç kilsəyə, təzə xəbər var ey!..

Arakel əlindəki işi buraxıb kilsəyə tərəf yüyürməyə başladı.

Çapar kilsənin qapısında atdan düşdü. Bu Kişmiştəpəli Soğomon idi. Bəd xəbər gətirmişdi. Yəqin buna görə də kilsə zəngi tez-tez döyülürdü.

Bir saat sonra məlum oldu ki, böyük tufan kimi irəliləyən osmanlı qoşunu Kirbəran kəndinə (Kişmiştəpənin yeddi kilometrliyinə), Makunun iyirmi bir kilometrliyinə gəlib çatıb. Keşiş Vasil başındakı on nəfər daşnaqla harasa qaçıb getdi. O biri ermənilər öz dostları azərbaycanlıların və kürdlərin evlərinə pənah apardılar.

Axşam azanından bir az keçmiş ermənilər küçəsi boşalırdı. Ağsaqqallar küçənin başında dayanıb, məhəlləni tərk edənləri getməyə qoymurdular:

– Ata yurdunu buraxıb hara qaçırsan, usta Arakel?

Deyək ki, bəzzaz Saqon, tacir Markar, Sərraf Aşot varlarından qorxub qaçır, sən hara qaçırsan? Çingiz xan kimi bir zalım hamını qılıncdan keçirəndə sənətkara toxunmayıb, yəni bu osmanlılar ondan da qaniçən oldular?

Arakel ayaq saxlayıb fikrə getdi.

– Keçin evə, orada danışarıq...

– Kimsə köks ötürüb dedi:

– Türklərlə ermənilər arasında nifaq salanın evi yıxılsın! Xalqın nə günahı?.. Azğınlar, əclaflar ara yerdə kasıb-kusubu qırğına verəcəklər.

Karvanqıran ulduz hələ çəkilməmişdi. Kişmiştəpədən bir adam qaçaraq məhəlləyə gəldi. Oyaq qalanlar onun başına toplaşdılar. Tövşüyə-tövşüyə danışan adam osmanlı qoşununun Kişmiştəpəyə çatdığını və kənddə qarətə başladığını xəbər verirdi.

Qocalardan biri üzünü yanındakına tutub dedi:

–       Vartan, camaat əldən gedəcək, çarə lazımdır, çarə!

Vartan adlanan qoca kaman kimi inlədi:

– Tez olun, balalarım, qaçın, yatanları ayıldın. Qoy hərə özünə bir yer tapıb gizlənsin.

Gənclər evlərə sarı qaçdılar. Məhəllənin başında iki qoca, bir də Kişmiştəpədən xəbər gətirən adam qaldı. Az çəkmədi ki, arvadların, uşaqların ah-naləsi, adamların bir-birini səsləməsi məhəlləyə vəlvələ saldı.

– Belə vaxtda adam heç evindən, uşağından aralanarmı? – deyə Siranuş Şuşanikə müraciət etdi. – Qapını bağlayıb burada dur. Bax, məndən, atandan savay heç kəsə qapı açmazsan ha! Mən atanı tapıb qayıdıram.

Şuşanik qapını bağlayan kimi: “Rəşid olsaydı, bizi bir dəqiqə burada qoymazdı” – deyə köks ötürdü. Gözündən axan yaşı dayandırmağa çalışdı. Düşünürdü ki, bir iş olsa, çardağa açılan qapıdan özünü küçəyə atıb, Hüseynqulu bəyin həyətinə qaçaram.

Arakelin evi məhəllənin yuxarı başında idi. Qoca ermənilər onun evinin aşağı tərəfində oturub öz aralarında danışırdılar.

– Ay Vartan, mən heç inana bilmirəm ki, bu gələnlər ağına-bozuna baxmadan hamımızı qırsınlar.

Vartan ağır-ağır cavab verdi:

– Hər nə olur-olsun biz onlara deməliyik ki, ay bala, burada arvad-uşaq, qoca-qarıdan başqa bir kəs yoxdur. Biz nə tüfəng götürmüşük, nə də sizin torpağa ayaq basmışıq.

Siranuş evdən çıxıb qocaların yanına gəldi. Arakeli soruşdu.

– Bir az əvvəl Hampo ilə başıaşağı getdilər, – deyə qocalardan biri cavab verdi.

O dönüb aşağı getməyə başladı. Hələ öz qapılarının tuşuna yetişməmişdi ki, bir xeyli atlının qocaların yanına yetişdiyini görüb, onların osmanlı olduğunu anladı. Canavar görən quzu kimi ayaqları titrəməyə başladı. Lakin bu hal çox davam etmədi. Balasının həyatını qorumaq, onu bir yana çıxarmaq üçün evə tələsdi. Şuşanik onun qabağına qaçdı. Qapını açaraq anasını həyətə saldı. Bir azdan osmanlılardan birinin səsini eşitdilər:

– Qapını aç!

         Ana, qızının qolundan çəkib, kiçik qapının yanına gətirdi. Öz niyyətini qızına bildirdi, “Yaxşı fikirdir, əgər yerinə yetirə bilsək” – deyə Şuşanik fikrindən keçirtdi. Elə bu an onların divarının dalından iki güllə atıldı.

         Ana ilə bala meyid rəngində qapıya gəldilər. Həyət qapısını sındırmağa çalışan adamların danışıqlarını yaxşı eşidirdilər. Qapının bir neçə dəqiqədən artıq davam gətirə bilməyəcəyini bilən qız əsməyə başladı.

– Bəs atam harada qaldı? – Ana ona cavab verməmişdi ki, küçədən yenə tüfəng səsi eşidildi.

Qız taxta aralarından baxıb çığırdı:

– Atamı, atamı vurdular! – Ana əlini onun ağzına basdı. Yenə də bir neçə güllə atıldı. Siranuş qulağını kiçik qapıya verdi, sonra dönüb qızına dedi:

–       Getdilər. 

Siranuş kiçik qapını açıb küçəyə çıxdı. Şuşanik də anasının dalınca getdi. Siranuş özünü pillələrə çatdıranda, Şuşanik yolun arasına təzəcə çatmışdı. Dörd-beş nəfər dalda qalan çətə[2] göründü. Siranuş qzını səsləmək istədi, səsi boğazında qaldı. Qorxudan ayaqları titrədi, yerində dondu. Anası dalına baxmadan pillələri çıxdı. “Hayrik” deyə qışqırdı. Atlılardan biri əyilib Şuşanikin saçından tutdu. Qız qışqırıb dartındı və saçını onun əlindən çıxartdı. Müvazinətini saxlaya bilməyən atlı üzüüstə yerə yıxıldı. Belə fürsətdən istifadə edən Şuşanik, bütün gücü ilə şəhərə tərəf qaçdı. Yerindən qalxan atlı pis söyüşlər söyə-söyə Şuşaniki təqibə başladı.

Onun əlindən bu asanlıqla qurtara bilməyəcəyini anlayan qız yolun sağ kənarındakı alçaq divarın o tərəfinə tullandı və hələ biçilməmiş zəmilərin içi ilə Zəngmar çayına tərəf üz qoydu.

Cilovu yəhərin qaşına keçirib, atını küçəyə buraxan süvari qızın ardınca ləhləyə-ləhləyə qaçırdı.

Şuşanik ata-anasını, sevgilisi Rəşidi – hələ çiçək açmamış arzularını gözünün qabağına gətirdi. Ürəyi aramsız olaraq döyünürdü. Bu döyüntüləri o, türkün addım səsləri bilib, var gücüylə qaçırdı. Amma türk əsgərlərinin geri qayıtmasından xəbərsiz idi. Çaya çatdı, özünü sürətlə axan çaya tulladı.

... Siranuş Hüseynqulubəygilə çatanda qızının yoxa çıxdığını hiss etdi. Qayıtmaq istədi, Canı xanım buraxmadı. Arvad Arakellə Şuşaniki tapmaq üçün adam göndərdi...

5.

Dərviş zağası şəhərin hər yerindən görünürdü. Qaraeyni dağlarından baş alıb gələn Zəngmar çayı özünü daşlara çırpa-çırpa şəhərin aşağı tərəfindən, zağanın yüz metirliyindən axıb, əlli kilometr şərqdə düşmüş Ərəblər kəndində Araza tökülürdü.

Səbət dağını şəhərlə dəmirküş deyilən daş körpü birləşdirirdi. Körpünün o tayında Seyid Ağababa məqbərəsinə yaxın yerdə – Dərviş zağasında yaşayan bir dərviş adamların diqqətini cəlb etmişdi. Onun illər boyu ülgüc-qayçı dəyməyən saqqalı vardı. Siması tutqun və kədərli idi. Kəşkülünü qolundan asaraq cümələr şəhəri gəzib-dolaşır, ona nəzir verən adamlara baxmadan ötüb keçir, özünü təkəbbürlü göstərməyə çalışırdı. O. Bir çox sağalmaz dərdləri müalicə etdiyi üçün ona “Həkim ağa” deyə haqqında çox şey danışırdılar.

– O kimya otu axtarır.

– Yaz-yay gecələr dağları dolaşır.

– Həftədə altı gün ibadətlə məşğul olur, zağadan bayıra çıxmır, vird oxuyur.

– Deyirlər ki, Həkim ağa cavanlığında Seyid Ağababanın məqbərəsinə ziyarətə gedəndə bir ilanın başında çıraq kimi yanan tac görüb, ilanı ələ gətirmək üçün burada məskən salıbdır.

Bəli, bu dərviş haqqında əhali çox söz danışırdı. O, hər səhər tezdən Zəngmar çayına enib yuyunar, tez də zağaya qayıdardı.

Gəlin, bununla daha yaxından tanış olaq: Bir gecənin içində arvadını və yeganə qızını itirən Paşa bəy dərvişanə həyat keçirir, tənhalıq içində ömür sürürdü.

Dərviş eşitdiyi güllə səslərinə biganə idi. Dizlərini qucaqlayıb düşüncələrə dalmışdı. Onun nəzərində insanlıq öz əhəmiyyətini itirmişdi. “Insanlar bir-birinin qanına susayıb. Var-dövlət hərisliyi onların arasına nifaq salıb... Taxsır Allahdadır! Pis adamları niyə tez öldürmür ki, dünya təmizlənsin?”

O başını iki dizinin üstünə qoyub, demək olar hər gün bu sözləri ürəyində keçirərdi. Düşüncələr ona təskinlik verə bilmirdi. Göz qapaqları ağır-ağır yumulur, daim gözlərindən yuxu tökülürdü... Çaya müraciəti hər dəfə bu sözlərlə qurtarırdı: “Görmürsən qocalıram?! Bircə dənəmi səndən istəyirəm!”.

Yenə çay qırağına gəlmişdi. Dərdini, niskilini sulara tökürdü. Birdən qışqırıb özünü suya atdı:

– Şükür Allaha, axır ki, O, rəhm edib qızımı mənə qaytardı!

Sinəsinə kimi suya girdi. Saçları üzünə dağılmış qızı tutdu. Sudan kənara çəkildi. Sevincindən əlləri titrəyirdi:

– Əziz balam. Mən səni daha gözümdən irağa qoymaram. Nə bildin ki, atan daha qocalıb? Məni axtarırdın? Əziz balam... – gözlərindən süzülən damlalar saqqalında donub qaldı.

O, qızı öz zağasına apardı. Qızın ağzından su tökülürdü.

Dərviş sevincdən uşaq kimi ağlayırdı. Əlləri qızın saçlarında idi. Ona elə gəlirdi ki, neçə il bundan əvvəl Ağçayda boğulmuş arvadı da qızı kimi tapılacaqdır. Sanki indi ağlı başına gəldi.

Qız gözünü yavaş-yavaş açdı... Dərviş qıza baxdıqca sevinci qar kimi əriyirdi: “Yox, bu mənim Dürdanəm deyil!.. Onun gözləri səmavi, bunun gözlərisə bəxtim kimi qaradır. Onun üzündə xal vardı, bunun yoxdur. Bu mənim Dürdanəm deyil! – Ey Allah, sən ki hər şeyi görməyə qadirsən, bu nə işdir başıma gətirirsən!”

Susub sakit-sakit ağladıqca beynindən yeni-yeni fikirlər keçirirdi.

Get-gedə əhvalı yaxşılaşan qız gözlərini ətrafa dolandırdı. Başının üstündə insan heykəlinə oxşar qocanı görüb:

– Mayrik! – deyə qışqırdı və gözlərini yumdu. Qızın ağzından qaçan bu yad kəlməyə o, heç bir məna verə bilmədi. “Yox, bu mənim Dürdanəm deyil, o olsaydı məndən qorxardımı? Bəs bu qız kimdir?”

O  gün günəş dəhşətli bir mənzərənin şahidi oldu. Dudmanlar dağılmış, xanimanlar viran olmuş: dünənə kimi əzizlənənlər bu gün zəlil omuşdular. Hər kəs öz tanışının cənazəsini gətirib erməni qəbiristanında basdırırdı. Arakellə Hamponun cəsədi də torpağa tapşırıldı...

Iki osmanlı əsgəri kamançaçalan Setonu araya salıb gətirirdi. Setonun rəngi limon kimi saralmışdı. Türk zabiti, Fərəc ağanın divanxanasında yaşayırdı. Əsgərlər Setonu onun yanına gətirəndə zabit harasa getmişdi. Gənc bir zabit xanın oğlu ilə həyətdə oturub araq içirdilər.

Xan oğlu Setonu zabitə göstərib dedi:

– Bəy əfəndi! Bilirsiniz o necə kan çalır, necə oxuyur! Heç olmasa bir şərqi çalsın.

– Çalsın, çalsın – deyə zabit razılığını bildirdi. Sonra əsgərlərə əmr verdi: – Siz gedin, sən də bir şərqi çal, xoşuma gəlsə, buraxacağam gəlməsə öldürəcəyəm!

Seto dərindən nəfəs aldı. Xan oğlu dedi:

– Bəy əfəndi, o, belə çala bilməyəcək. Icazənizlə ona araq verim.

– Ha-ha, ha!.. Erməni – araq... Onlar şərab içmiyormu? Ver, araq ver, bakalım.

Xanın qulluqçusu stəkana araq süzüb Setoya verdi. Seto onu birnəfəsə başına çəkdi. Kamanını köynəyindən çıxardı. Muğamat üstündə çaldığı “Sarı gəlin” mahnısı zabiti də, xan oğlunu da bihuş elədi. Sonra o “Bülbül”ü çalıb oxudu. Qurtaran kimi “Vermərəm səni ellərə” adlı bir türk havasını çaldı.

Kaman yaralı-yaralı inləyirdi. Sanki dil açıb: “Mənə toxunmayın, mən ziyansız adamam”, deyirdi. Zabit baş çovuşu çağırtdırdı.

–       Şu erməniyə, nə kadar burdayız, dəyməyin.

– Setonu azad etdilər Zabit evlərin axtarılmasını və qırğının dayandırılmasını tapşırdı. Sənət öz möcüzəsini göstərmişdi.

Bu axşam Hüseynqulu bəy evə çox şad gəlmişdi. Canı xanımı öz yanına çağırdı. Komandan əfəndinin ermənilərin qanından keçməsini arvadına xəbər verdi. Siranuşu zirzəmidən çıxarıb evə gətirdilər.

6.

Rəşid qapılarının qabağında atdan düşüb cilovu nökərə verdi. Dönüb Arakelin çardağına baxdı. Həmişə müştərilərin heyvanları bağlanan dirəklər boş idi. Nə Arakel, nə də şagirdi var idi. “Yəqin bu gün bazar günüdür” – deyə düşündü və birbaş içəri keçib Canı xanımın yanına getmək istəyəndə qulluqçu qız onu səslədi:

–       Sənin bu səfərin nə yaman uzun çəkdi, ay Rəşid?

– Arada bir az nəmişlik oldu, camaat bir neçə gün işə çıxa bilmədi. Hələ sən danış görək nə var, nə yox?

– Siranuş xala bizdədir.

– Bizdədir? Anamın yanında? – Rəşid tələsik otaqdan çıxmaq istəyəndə qız əllərini qapının çərçivəsinə dayadı:

– Getmə, orada deyil.

– Bəs haradadır?

– Zirzəmidə qalırdı, indi öz evinə köçübdür.

– Heç cür başa düşə bilmirəm...

– Buyurun otağınıza, mən sizə hər şeyi danışım. Amma bir az möhkəm olun.

Qulluqçunun sözlərinə bir məna verə bilməyən Rəşid otağına gəldi. Qəmgin və kədərli görünən Dilşad ah çəkib, ermənilərin faciəsini olduğu kimi Rəşidə danışdı.

– Şuşanik bəlli deyil hara qaçıb, kimin evində gizlənib, yaxud tutub aparıblar, bilinmir.

Heç gözləmədiyi halda sevgilisinin ailəsinə üz verən bu bədbəxt hadisəni eşitmək Rəşidə böyük zərbə oldu. Onun rəngi payız buludu kimi bozardı, bədəni nanə yarpağı kimi əsdi. Qəmgin-qəmgin soruşdu:

– Bəs o bədbəxt qızı heç axtaran olmayıb?

– Vallah, sözün doğrusu, evlərində erməni gizlədən adamlar hələ də qorxur, heç kəsi üzə çıxarmırlar. Kimdən soraxlaşmışıqsa, deyir ki, bizdə belə bir adam yoxdur. Mənə elə gəlir ki, o, şəhərdə deyil. Şəhərdə olsa, özü bizə sifariş göndərərdi.

– Onda mən gedim Siranuş xalanın yanına.

Şuşanikin itməsi, Arakelin ölümü, Siranuşu pis vəziyyətdə görməsi Rəşidi sarsıtdı. O xəstə kimi yatağa düşdü.

Hüseynqulu bəyin nökəri Siranuşgilə bir çuval un gətirdi. Onu mətbəxdə yerə qoyub geri qayıtdı. Bu dəfə qayıdanda onun dalında bir təlis qab-qacaq da vardı. Onları da mətbəxə qoyandan sonra dedi:

– Canı xanım dedi ki, əgər çatışmayan bir şey olsa, utanmasın, gəlib aparsın.

– Allah onu qonşuluqdan əskik eləməsin, ay oğul. Çox sağ olsun. Allah onun bircə balasını xoşbəxt eləsin.

– Amma, Siranuş xala, siz gələndən sonra Rəşid bəyin halı çox xarab olub. Canı xanım dedi ki, qoy siranuş xala tez-tez gəlib Rəşidin yanında otursun. Onu görəndə halı bir az yaxşılaşır.

Onlar həyətdən çıxmaq istəyəndə qapı açıldı. Rəşid həyətə daxil oldu. Onu saqqal basmış, bədəni zəifləmiş, rəngi kəhrəba kimi saralmışdı. Siranuşla ötəri salamlaşıb həyətə göz gəzdirdi. O, ürəyini burada Şuşanikə açmışdı. Ən xoş, şirin sözlərini bu həyətdə demişdi.

Gizlənib canını qurtaran və erməni məhəlləsinə qayıdan Tiqran Rəşidin qolundan yapışıb, onu evlərinə gətirdi, nəsihət verməyə başladı:

– Əziz qardaşım! Dünyada hər iş ola bilər. Insan dözümlü olmasa, məqsədinə çata bilməz. Sənin Şuşanikinlə bir-birinizi sevmənizi hamımız bilirik. Sən yaxşı ol, ikimiz əl-ələ verib, harada olsa, onu taparıq...

7.

Təbriz! Ey başı bəlalı şəhər, nə müsibətlər qalmadı sənin bu əyilməz başın çəkməsin?! Kimin üzünə xoş baxmadın? Kim üzünə güldü, qapılarını taybatay açıb: “Buyurun, qonağımız olun!” dedin. Kimə can deyib zəhrimar eşitmədin? Gözün aydın, indi də dili dilindən olan qan qardaşların sənin yanına gəlir. Oturma, dur küçələrə su səp, qapıları süpür, hər yanı bəzə, çıraqbanlıq elə!

Ancaq, Təbrizim, bilməlisən ki, o məlun ingilislər hələ də sədən əl götürməyiblər! Onların qoşunu hələ də İranın cənub hissəsində tufan eləyir, qanlar tökür, evlər yıxır; azadlıq adı çəkənlərin dilini boynunun ardından çıxarır. Rusiyanın böyük inqilab rəhbəri Lenin çar Rusiyasının bütün əhdnamələrini ləğv etdi. Bunu görən ingilis ağaları səni tora salmaq, səni məhv etmək istəyir. Ingilislər özlərinin sadiq nökərləri olan vüsuquddövlələrin vasitəsilə yeni əhdnamə bağlamaq, öz ağalıqlarını sənin üzərində möhkəmləndirmək istəyirlər.

– ... Allahın, dinin, vətənin düşməni olan bu kafirlərə qarşı yeganə qüvvə türk qardaşlarımızdır. Bu saat biz onları qarşılamağa çıxırıq.

Mirzə Təqi xan Rüfət və onun dəstəsindən olan bir neçə adam camaatın arasına düşüb, xalqı bu gün şəhərə varid olacaq osmanlı əsgərlərinə və bu ordunun baş komandanına, eləcə də İttihaddi-islam partiyasının banisi kimi məşhurlaşan və hal-hazırda bu partiyanın başında duran, onun sədri sayılan Yusif Ziya bəyin pişvazına çıxmağa dəvət edirdilər.

Uzunmüddətli müharibələrdə vuruşan əsgərlərin üst-başları acınacaqlı olsa da, əhval-ruhiyyəsi yaxşı idi.

Piyada, süvari, topxana dəstələrindən ibarət olan bu qoşunun komandanı iki yaxşı at qoşulmuş faytonda əyləşərək gülümsəyir və başı ilə adamları salamlayırdı. Əsgərlər məşhur “Çanaqqala” mahnısını oxuyurdular. Camaat gül-çiçək dəstələrini onlara tərəf atırdı. Əhali onları açıq ürəklə qarşılayırdı.

Çalbığ, əsmər, nisbətən gövdəli, nüfuzlu gözlərə malik Yusif Ziyanın yanında balacaboy, sarışın bir kişi də oturmuşdu.

– Bu Paşa həzrətləridir! – deyə Mirzə Təqi xanın adamları onları pişvazçılara göstərirdilər.

Fayton Mirzə Təqi xan Rüfətin dostları və qohumları tərəfindən bəzədilmiş tağın altında dayandı. Paşa həzrətləri ilə Yusif Ziya bəy faytondan düşüb, pişvazçılarla görüşdülər. Onları Şəşkilanda da səmimi qarşıladılar. Bir qapının üstündə “Lailahəilləllah” yazılmış və bir neçə əlin bir-birini sıxdığını göstərən lövhə asılmışdı. Qapının o tərəf bu tərəfində yellənən Türkiyə və İran bayraqları nəzəri xüsusi cəlb edirdi. Küçəyə çoxlu adam toplaşmışdı. Iki polis məmuru küçənin o tərəf-bu tərəfində intizam yaradırdı. Həyət qapısından başlanmış payəndaz ikinci mərtəbədə pillələrin axırında qurtarırdı. Geniş pəncərəli zal, qiymətli xalılar, tirmə pərdələrlə bəzənmişdi.

Mirzə Təqi xan qonaqları bir-bir qəbul edib ehtiramla əyləşdirirdi. Günortadan üç saat keçmiş “gəldilər, gəldilər” deyən səslər bir-birinə qarışdı.

Adamlar dərhal qalxdılar. Baxışlar küçənin başına tərəf çevrildi. Fayton göründü. Paşa həzrətləri ilə Yusif Ziya bəy üstüaçıq faytonda oturmuşdular. Camaat əl çalıb “Urra!” çəkərək onları qarşıladı.

Küçənin başında durub bu cah-cəlala göz qoyan iki qocadan biri dedi:

– Bunlar doğrudan da bizimlə qardaş olurlar?

– Nə deyim, ay Hacı! Kim nə bilir, onu da edir. Amma mən deyərdim burda ingilis barmağı var!

– Oldu, oldu da...

– Sən özün yaxşı bilirsən ki, bizim ev ingilis konsulxanası ilə üz-üzədir. Ora kimlər kirib-çıxır mən bilirəm. – O, təmiz geyimli, arıq otuz-otuz beş yaşlı bir gənci göstərdi. – Görürsən, nə çanfəşanlıq edir? Mirzə Təqi xan Rüfətin qaynıdır. Ingilis konsulxanasının daimi müştərilərindəndir.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info