Qonaq Kitabı
III Hissə

Bayaqdan bəri bu söhbətlərə huş-kuşla qulaq asan birisi durduğu yerdən söz atdı:

– O sənin sözün deyil, bala!

– Lap elə mənim sözümdür! Kim bilmir ki, Vüsuqüddövlə satqın deyil? Kim bilmir ki, süni aclığı yaratmaqda onun da, ərbabların da məqsədi demokratların başını qarışdırmaqdır. Canavar dumanlı gündən istifadə edən kimi, onlar da qarma-qarışıqlıqdan istifadə edirlər.

Uzaqdan qadın səsinə oxşar bir səs hamının diqqətini cəlb etdi. Baxışlar səs gələn küçəyə dikildi. Çox çəkmədi ki, dəhşətli simaya malik olan bir qız göründü.

– Kömək edin, ay müsəlmanlar, kömək edin.

Kimdisə: “Qaç, özünü qurtar!” deyə ona səs verdi.

Yorğun və halsız bir qadın özünü qıza çatdırmaq istəyirdi. Qadınla qız onları daşa basan camaatın əlindən qurtarmağa can atırdı. Onları daşa basanların sayı yüzdən çox olardı.  Üç-dörd ağsaqqal əllərini açıb, camaatın qabağını almağa çalışırdı.

– Vurun, öldürün bu dinsizləri! – deyə qışqıranların səsi getdikcə artırdı.

Bu vaxt atılan daşlardan biri qadının gicgahından dəyib onu yerə sərdi. Anasının yıxıldığını görən qız:

– Ana, ana! – deyə özünü onun üstünə atmaq istədi.

Qadın zarıdı:

– Gəlmə, qaç, özünü qurtar!

Qız, anasının zəif səsini eşitmədi. Bala ananın üstünə yıxıldı. Uzaqdan atılan daşların yarısı qıza və yerə yıxılmış qadına dəyirdi.

Başı sarıqlı molla çığırırdı:

– Heç belə də iş olar?! Bu cür məlunların ucbatından bir parça çörəyə həsrət qalmışıq. Bu arvadla qız altı yaşında uşağın başını kəsib ətini yeyiblər.

– Axund əmi, uşaq kimin idi? – deyə birisi soruşdu.

– Elə arvadın öz oğlu, qızın da qardaşı! Bu gün öz oğlunu, öz qardaşını yeyən, sabah mənim uşağımı da yeyə bilər.

Çörək növbəsinə dayanmış bayaqkı gənc dilləndi:

– Axund ağa, sən nə üçün buğdanı anbara yığan ingilisləri qoyub, acından öz balasını yeyən bu bədbəxtlərdən yapışırsan? Sən bu aclığı törədənlərdən de də!

– Doğru deyir, ağa, toxları qoyub acından qırılanları günahlandırma! Sənin yaltaqlandığın ingilislər bu işə bais olublar.

Daş atanlar dayandı. Molla deyinə-deyinə qayıtdı. Adamlardan bir neçəsi qadınla qızına tərəf gəldi. Ana ilə balanı bir-birindən ayırmaq istəyəndə dəhşətli bir mənzərənin şahidi oldular. Ikisi də ölmüşdü.

Kimsə qışqırıb dedi:

– Meyitləri düz ingilis konsulxanasının qapısına aparaq, deyək ki, şahid olun gətirdiyiniz azadlığa!

Bir başqası etiraz etdi:

– Tutaq ki, sən deyəni elədik, ondan nə çıxar? Yaxşısı budur, meyitləri əyalət rəisinin qapısına aparaq; hökumətdirsə, qoy çarə eləsin, hökumət deyilsə, qoy bayrağını endirib cəhənnəm olub getsin!

– Nə sən, nə də sən doğru danışırsan! – Üçüncü bir şəxs dedi. – Hökumətin əgər əlindən bir iş gəlsə, edərdi. Onlar Tehrandan çıxanda hərə özü ilə boş xaral gətirir ki, doldurub aparsın. Hərə öz dərdinə çarə etməlidir. Yaxşı olar ki, cənazələri götürüb birbaşa “Təcəddüd” idarəsinə gedək.

– Doğrudur, doğrudur...

Haradansa iki qapı tapıb cənazələri onun üstünə qoydular və “Təcəddüd” idarəsinə tərəf yollandılar. Xiyabani ilə “Təcəddüd” idarəsində olan yoldaşları camaatın hay-küyünə eyvana çıxdılar. Bu dəhşətli hadisə Xiyabanini sarsıtdı. Dəsmalı ilə eynəyini təmizlədi. Heç bir müqəddiməyə əl atmadan dedi:

– Öz igidlikləri ilə tarixin parlaq səhifələrini yazan, İran məşrutəsinin bünövrəsini qoyan qardaşlarım, daha nəyin ??? ? Aclıqdan ana balasını, bacı qardaşını yeyir. Bundan dəhşətli daha nə ola bilər?!

Ey vətən yolunda, millətin səadəti uğrunda hər zaman pişqədəm olan Təbriz əhalisi! Bütün millətlər oyanıb öz hüquqlarını tələb edirlər. Siz də oyanın, öz hümmət qılıncınızdan möhkəm tutun, qolunuzun qüvvəsinə inanın! Sizdə o qədər güc var ki, istəsəniz, qolunuza vurulan zənciri tezliklə qıra bilərsiniz.

Dükan-bazar bağlandı, paslı qılınclar çıxarılıb yağlandı. Şeyxin nitqini eşitmək üçün uzaqdan, yaxından hamı “Təcəddüd”ə tərəf axışdı.

Bir dükançı üzünü baqqal qonşusuna tutub dedi:

– Camaat namazına getsəydiniz, genə dərd yarıydı. Bilmirəm o, nə danışacaq ki, bu camaat iş-gücünü buraxıb, onun sözlərini eşitməyə qaçır?

Qonşusu ona belə cavab verdi:

– Onu gedib eşitməsən, bilməzsən! Şeyx özü əridib adamın beyninə yağ kimi tökür.

– Yəni o, hacı axund ağadan da yaxşı danışır?

– Bircə kərə getsən – kifayətdir, sabahdan özün bizi çağıracaqsan.

Onlar çox çətinliklə “Təcəddüd”ün həyətinə daxil olub, bir bucaqda dayandılar.

Bir azdan Xiyabani eyvanda göründü. Alqış və “Urra” səsi səhra topu kimi gurladı. O, eynəyini çıxarıb dəsmalıyla sildi:

– İngilis ağaların və Tehranda oturan hakimlərin bizə təqdim etdikləri hədiyyə budur ki, ana balasını, bacı qardaşını yeyir. Biz isə rahat-rahat yatırıq. Nəinki bizim, ixtiyarı öz əlində olmayan bütün millətlərin günü belədir. Vaxt var ikən öz müqəddəratımızı düşünməliyik. Özümüz özümüzü idarə etməsək, bədbəxtlik hamımızın qapısını döyəcək. Hər xalqın, hər millətin şərəfi onun istiqlalında olduğu kimi, hər bir adamın da istiqlalı öz mənliyindədir. Öz ölkəsinin siyasi və ictimai işlərinə biganə olanlar ölsə yaxşıdır. Əsarətdə qalmağın ən böyük amili qorxudur! Qorxaqlıq insanı alçaldır. Qorxaqlar milləti heç vaxt istibdadın çəngəlindən qurtara bilməzlər. Öz adamlarımız acından qırılır, amma azuqəmizi ingilis ağaları daşıyır. Nə vaxta kimi əlimizi əlimizin üstünə qoyub oturacaq, ingilislərin qulağı sırğalı nökəri olan vüsuqüddövlələrdən xeyir umacayıq? Nə vaxta kimi ingilislərin mənafeyini güdən, İran həmvətənlərinə, azadxahlarına divan tutan cənub polisi adlı qoşuna xərc verəcəyik? Hara baxırsan – ingilis əli, ingilis pulu, ingilis sözü, ingilis əmri. Buna son qoymaq lazımdır! Biz bu mənhus qoşunun ləğv olunmasını, ingilislərin İrandan çıxıb getmələrini tələb etməliyik.

– Məhv olsun ingilis ağalar!

Şeyx sözünə davam elədi:

– Bəli, biz bunların rədd olub getməsini istərkən xain Seyid Ziyaəddin “Rəd”, Rzazadə “Kilidi-nəcat” ruznamələrində onları tərifləyir, bu qəsbkarları zəif millətlərə himayəçi kimi göstərməyə çalışırlar.

– Məhv olsun satqınlar!..

– Mən ingilis vəzir-muxtarı mister Şarl Marlengə açıq elan edirəm, qoy öz dövlətinə xəbər versin ki, İranın daxili işlərinə qarışmasınlar. Cənub polisini Iran dövlətinə təhvil verib öz zabitlərini geri çağırsınlar, ingilis qoşunları Irandan çıxıb getsinlər. Iran dövlətinin zəbt olunmuş pullarını qaytapsınlar! Bizə xəbər çatıb ki, özlərini azadlıq tərəfdarı göstərən ingilislər Tehran demokratları və azadxahlarının rəhbəri, şahzadə Süleyman Mirzəni və İsa Mirzəni həbs ediblər.

Camaatın səs-küyü qalxdı. Əllər havada oynadı.

– Bu xəbəri bizdən əvvəl eşidən Cəngəl azadxahları ingilislərin Rəştdə olan konsulunu və iki zabitini tutub girov saxlayıblar.

Bu xəbər camaatı şadlandırdı. Alqış səsləri yüksəldi. Xiyabani əlini yuxarı qaldırdı. Hamı sakit oldu. O, nitqinə davam etdi:

– Bu, Iran xalqına o qədər təsir edib ki, ingilis əməliyyat mərkəzi olan cənubda “Cəmiyyəti-cənubi-İran” adlı bir cəmiyyət yaranıb. Bu barədə Tehrana və

bizə yazıb bildiriblər. Biz indi nə istəyirik? Dövlət bizim tələbimizi yaxın bir zamanda yerinə yetirməlidir. Hələlik ingilis qoşunlarının İrandan çıxarılmasını, süni aclığın ləğv olunmasını, seçkiyə başlanmasını, vilayət və əyalət əncümənləri yaranmasını tələb edirik. Əgər dövlət bunları yerinə yetirməsə, o zaman hər işi özümüz edəcəyik!

         Mitinqdə Xiyabanidən başqa danışanlar da oldu.

         Camaat evlərinə dağılışdı. Elə bu vaxt hacı öz qonşusuna deyirdi:

         – Daaş, siz haqlı imişsiniz! Biz ha vaxt məclislərdə bu sözlərdən eşitmişux? Adam deyir, bütün var-yoxumu tüfəngə, fişəngə verib, düşüm bu dövlətin canına...

 

14.

         Otaqda Xiyabani ilə Badamçıdan başqa heç kəs yox idi.

         Badamçı müştüyə taxdığı papirosuna bir qullab vurub soruşdu:

         – Mahmud şərəfxanaya getmişdi, qayıdıb gəldimi?

         – Gəldi.

         – Nə danışırdı?

         – Mahmudun fikrinə görə əl-ayaq edib, oradakı şeyləri Təbrizə daşımasaq, tələf olub gedəcək.

– Bəs oranın gözətçiləri nə işlə məşğuldurlar?

Xiyabani gülümsünüb başını buladı:

– Biz oraya iki gözətçi qoymuşuq. Deyək ki, iki gözətçi bir anbarı qoruya bilər. Qalanları bəs necə olsun? Bəli, ərbablar daşıyıb aparırlar. Mahmudun fikrincə, oranı gözləmək üçün iyirmi nəfərlik bir qarovul dəstəsi lazımdır.

– Mən hələ iki ay bundan əvvəl dedim ki, o şeyləri şəhərə daşıtdırıb satmalıyıq. Həm şeylər tələf olmaz, həm də bizə maddi cəhətdən böyük yardım edər.

– Doğrudur, siz dediniz, vəli orada pula gedən ancaq bir qədər böyük motor vardır. Onları daşımaq üçün dəmir yolu və ya yük maşınları lazımdır. Biz də də nə o, nə də bu var. Min bir əzabla iki lokomotiv, bir neçə vaqon hazırlaya bilmişdik, nainsaf türklər onu da məhv etdilər.

– Hə, heç yaxşı iş olmadı. Indi neynək, bu yol elə belə qalacaq?

– Əlimizdən nə gəlir? Mən yol rəisi Maksimovu çağırtmışam. Bəlkə o, iki xarab parovozdan bir parovoz düzəldə bildi. Yük vaqonlarını Mərənd deposunda təmir etmək olar.

Qulluqçu İvan Makvimovun gəldiyini xəbər verdi.

Maksimov sarışın, hündurboy, üzü çil-çil yaşlı bir işi idi. Əynində dəmir yolu mühəndisi mundiri vardı. Rus ordusu geri qayıdarkən o, Təbrizdə qalmışdı. Təbriz – Culfa yolu hələlik qazanmasa da, zərər də vermirdi. Rusiya ilə əlaqə yaranandan, ticarət başlanandan sonra bu yol xeyli qazanc verəcəkdi.

Özünü bu yolun yeganə mütəxəssisi və sahibi sayan Ivan Maksimova elə gəlmişdi ki, ona deyəcəklər, indi ki, yol işləmir, daha sənə ehtiyacımız yoxdur.

Xiyabani isə onu hörmətlə qəbul edəndən sonra dedi:

– Biz səni məsləhətə çağırmışıq.

– Etimadınıza görə təşəkkür edirəm, – deyə Maksimov təəccübləndi.

– Biz istəyirik sən kömək edəsən, yol işə düşsün.

Maksimov həyəcanlı halda:

– Bu nə təhər ola bilər, ağayi Xiyabani, nə vaqon var, nə də parovoz? – dedi.

– O qırılan parovozları və vaqonları təmir etmək olmazmı?

– Vaqonlardan bir neçəsini bəlkə də təmir etdik, lakin parovozlar imkansızdır. Onları söküb yığmaq uzun işdir.

– Yəni ikisindən birisi də düzəlməz? – deyə Badamçı sual verdi.

– Iki deyil, biri də depoda vardır... Üçündən də bir parovoz düzəlməz.

– Bəs siz nə məsləhət görürsünüz? Xiyabani eynəyini dəsmalı ilə təmizləyib, gözünə taxandan sonra stolun arxasından durub Maksimova yaxın oturdu.

– Bəlkə o taydan gətirə biləsiniz, pulla alasınız.

Xiyabani başını buladı:

– Neçə illik cahan müharibəsindən çıxmış və daxili müharibələrə başı qarışmış ölkənin vaqona, parovoza bizdən də çox ehtiyacı var. Pulumuz isə hələlik yoxdur.

– Onların ehtiyacı olsa da, minlərlə vaqonları, yüzlərlə parovozları var. Istəsələr, sizə iki parovoz və bir neçə vaqon verə bilərlər. Siz onu Azərbaycanda Nərimanovdan da xahiş edə bilərsiniz. Inanmıram ki, o sizin xahişinizi rədd eləsin. – Etiraz və ya təsdiq eşitmədikdə Maksimov sözünə davam elədi. O, böyük adamdır. Nəinki Azərbaycanla, hətta bütün yaxın Şərqlə çox ciddi maraqlanır. Deyirlər Yaxın və Orta Şərq haqqında onun verdiyi təkliflərin birini də Moskva rədd etmir.

– Bəs gürcü menşevikləri, erməni daşnakları? Onlar heç razı olarmı ki, bizə göndərilən parovozlar onların torpağından keçsin?

– Mənə elə gəlir ki, bunun o qədər də qorxusu yoxdur. Siz bu gün Azərbaycana bir adam göndərə bilsəniz, ümidvaram ki, onbeş-iyirmi günə nəticə alınar, həm də müsbət nəticə.

Badamçı balaca və həmişəgülər kimi görünən gözlərini Maksimovun üzünə zilləyib bir az baxandan sonra dedi:

– Amma, rəfiq, deyəsən bu sənin indiki fikrin deyil!

Maksimov gülümsündü:

– Doğru deyirsiniz, o tay Azərbaycan sovetləşəndən sonra bu fikir mənim başıma gəlib.

– Bizdə də belə bir məlumat var ki, menşevik və daşnaklar İran konsullarının xahişini rədd etmir, İran bayrağının hörmətini saxlayırlar. Əlbəttə, bu səbəbsiz deyil. Lakin, Naxçıvandakı Kəlbəli xan Həriri haqqında nə fikirdəsiniz? Dəvəlidən bu tərəfə, Sədərək düzündən başlayaraq, rus Culfasına kimi böyük bir sahədə hökmranlıq edir. Allaha bəndəçilik etmir, ona nə deyirsiniz?

– Güman etmirəm ki, o, İrana pislik eləsin, çünki Maku xanları ilə yaxın qohumdur.

– Elə işləri korlayan da orasıdır da! – Badamçı bildirdi. Nə isə, sizin məsləhətinizə qulaq asıb, biz Nərimanovun yanına adam göndərərik.

Maksimov gedəndən sonra Badamçı həvəslə bildirdi ki, baş tutan məsləhətdir.

– Mən də o fikirdəyəm. Məşrutə zamanı da onlar bizə kömək etdilər. Biz Kəlbəli ağa Həririni oraya dava-dərman, lampa şüşəsi və neft almaq üçün göndərmirikmi? Bu işi də ona həvalə edərik.

Həriri Bakı yetişəndən iki gün sonra ondan belə bir teleqram alındı. “Bütün xahişlərimiz qəbul olundu. Üç gün sonra Bakıdan Tiflis-İrəvan xəttiylə hərəkət edəcəyəm!”

15.

Xiyabaninin yanından çıxandan sonra tərcüməçi Məhəmmədəli xan bir bəhanə ilə Maksimovdan ayrıldı.

 Maku xanlarından Bəbir xan adlı bitisi müalicə adı ilə Təbrizə gəlmişdi. O, ortaboylu, arıq, doqar burun bir adam idi. Danışanda səsi gərləşir, xırıldayır, boğazı tutulurdu. Bəbir xanın günləri sərxoşluqda, tiryək, anaşa çəkməkdə keçirdi. Maku sərdarı tərəfindən sərhəddar təyin edilmişdi. Ərəblərdə Nayibül-hükum olduğu zaman özünün sərhəddarlığından istifadə edərək, amerikalılara bol-bol buğda satmışdı. Qazandığı pulu kefə sərf etmək üçün Təbrizə gəlmişdi. Maku sərdarı onu müalicə etmək məqsədilə Təbrizə göndərsə də, Bəbir xanla gələn Mirzə Məhəmməd bəyin əsas vəzifəsi Şeyx Xiyabani hərəkatına diqqət yetirmək idi. Mirzə toplağıdı məlumatları vaxtlı-vaxtında sərdara çatdırırdı.

Məhəmməd bəylə Məhəmmədəli xan hələ çar hökuməti dövründən tanış idilər. Məhəmmədəli xan o zaman Makudakı rus konsulluğunda tərcüməçi işləyirdi. Məhəmməd bəy onun Maku sərdarıyla əlaqəsindən xəbərsiz idi.

Sərdar ona Məhəmmədəli Naxçıvanski ilə görüşməsini bərk-bərk tapşırmışdı. Elə buna görə də Mirzə Məhəmməd bəy Təbrizə yetişən günün sabahı Məhəmmədəli xan Naxçıvanskini tapdı. Sərdarın tapşırğını ona çatdırdı. Şeşgilan tərəfində yaşadıqlarını da bildirdi.

Məhəmmədəli xan həyət qapısının döyəcəyini vuranda içəridən yaman çal-çağır səsi gəlirdi. Mirzə Məhəmməd bəy həyətdə idi. Qulluqçulardan birinə bərk-bərk tapşırdı:

– Ay gədə, onlardan olsa, elə qapıdan qaytararsan.

– Kimlərdən, ağa?

– Tarçı, dümbəkçi, qavalçıdan, Zeynəbdən, Zivər-mivərdən... olsa, deyərsən ki, xan evdə yoxdur.

– Onlar kar deyil ki, ağa, bu çal-çağırın səsi Dərbəndi başına götürüb.

– Get, qələt eləmə, mən sənə nə deyirəm, onu da elə!

– Ağa, birdən əməlli-başlı adam olsa?

– Kəs, küçük!.. Əməlli-başlı adamın burada nə azarı var?!

– Deyirəm birdən adamdı, işdi oldu, oldu da.

– Yaxşı, mən hələ buradayam, yuxarı çıxmayıb səni gözləyirəm.

Nökər həyətin o biri başına çatanda aşpaz kəfkirin üstündəki düyünü Məhəmməd bəyə göstərdi:

– Ağa, bu düyüdən sən deyən plov çıxmaza-a..

Mirzə Məhəmməd onu qovdu:

– Get, necə bişirirsən, bişir!.. – Aşpaz gedəndən sonra Mirzə Məhəmməd onun dalınca deyindi – Axmaq oğlu, axmaq, Bəbir xanın tiryəkdən başı ayılır ki, düyünü də ayırd eləsin!

Nökər qayıdıb xəbər gətirdi ki, gələn Məhəmmədəli xandır.

Mirzə Məhəmməd bəy onun haqqında Bəbir xana danışmış, hətta Məhəmmədəli xanın sərdarla dostluğunu da demişdi.

– Gədə, qaç qapını aç...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info