Qonaq Kitabı
III Hissə

– Olmaya yazıçısan?

– Yazıçı deyiləm, lakin ağayi Xiyabani kimi adamların həyatı məni çox düşündürür.

– Onun həyat və fəaliyyəti haqda istər özündən, istərsə də yaxın adamlardan bir az öyrənmişəm. Yazdıqlarımı sənə verərdim, neynim ki, xəttimi özümdən başqası oxuya bilmir. Inşaallah, Təbrizdə yazdıqlarımı özüm sənə oxuyaram.

Onlar Mahmudun Təbrizdə kirayə tutduğu evə gəldilər.

 

11.

Culfa qəsəbəsində külək həmişə əsir. Buna görə də Culfa yayda tozanaqsız, qışda boransız olmur.

Bir ay idi ki, yay gəlmişdi. Külək isti qumları adamların üzünə çırpırdı.

Rus qoşunu gedəndən sonra Culfa başlı-başına qalmışdı. Daşnakların, osmanlı qoşunlarının qorxusundan camaat gizlənməkdən ayrı çarə bilmirdi.

Culfada bir qatar dayanmışdı.

Maşinist Əli çayxanada oturub çay içir, müştəri toplanmasını gözləyirdi. Bilet alanlardan bir-iki nəfər qalmışdı. Onlar gələn kimi maşın hərəkət edəcək, çayçı da çayxanasını bağlayacaqdı. Əli qabağındakı çayı təzəcə içib qurtarmışdı ki, o tərəfdə oturan şagirdinə dedi:

– Həsən, biz dəmləndik, qaldı parovoz, keç o şpallardan ikisini də tulla ocağa, qoy o da yaxşı-yaxşı dəmlənsin. Mən çayçı ilə haqq-hesabı üzərəm... – Həsən çayxanadan çıxanda Əli son tapşırığını da verdi. – Uzun fit ver, qoy hərə öz yerini tutsun... Hə, nə verəcəyik, qardaş?

Çayçı sayğacın aşıqlarını bir neçə kərə o yan-bu yana elədi:

– İkinizə on altı qəpik.

...Əli təzəcə qazanxanaya dırmanmışdı ki, iki əsgər qazanın yanını kəsdirdi. Biri dedi:

– Yahu, minbaşı həzrətləri bizə sizinlə birlikdə hərəkət etməyi əmr etmişdir.

– Gözüm üstə, əfəndim. Həsən, ağaları apar, vaqonların birində yerbəyer elə.

– Xayır, əfəndim, bizə əmrdir, ancaq ocaqxanada olacağıq.

– Elə niyə? – Şagird maraqlandı.

Əli onu qabaqladı:

– Daha da yaxşı, qoy keçib otursunlar odunların üstündə. Amma gözləyin ki, yıxılmayasınız ha!

Əsgərlər qazanxanaya çıxdı. Bu vaxt bir adam tələsik özünü qatara çatdırıb şagirddən soruşdu:

– Ağa Əli sizsiniz?

– Xeyr, odur, – deyə o, maşinisti göstərdi.

– Ağa Əli! Ərbab buyurdu ki, onları bir saat gözləyəsiniz.

Əsgərlərdən biri özünü irəli verdi:

– Minbaşı həzrətlərinin əmridir, bir dəqiqə də bəkləmək olmaz. – Əliyə tərəf dönüb ilk əmrini verdi: – Sür!

Əsgərin bu rəftarı Əlini şübhələndirsə də, dinmədi. Üzünü həmin adama tutub dedi:

– Xahiş eləyirəm get, görüb-eşitdiyini ərbaba söylə.

Qatar yola düşüb, bir gün sonra Mərəndə yetişdi. Buradan Yam vağzalına kimi yol üzüyuxarı idi. Qıvrıla-qıvrıla Mişovdağa kimi dırmanan yol buradaca qurtarır, Sofiyan kəndinə kimi gah köndələn, gah da üzüaşağı enirdi. Vaqonları Mərəndə kimi gətirən qatar burada öz yükünü ikiyə bölməli, yarısını Yam vağzalında qoyandan sonra, qayıdıb o biri yarısını aparmalı idi. Yam vağzalında qatar yükçün yenidən geri qayıtmalıydı. Lakin əsgərlər parovozu bir daha geri buraxmadılar. Əli nə qədər yalvardısa, onlar az eşitdilər.

– Minbaşı həzrətləri əmr edib ki, biz səni aparıb baş komandana təhvil verək, – deyəndə Əli lap şübhələndi.

Təbriz vağzalında qiyamət idi. Vaqonlar türk əsgərlərlə dolmuşdu. Əliyə istirahət etmək üçün üç saat icazə verdilər.

Qatar Təbrizdən yola düşəndə qırx vaqonun hamısı əsgərlərlə dolmuşdu. Mərəndə gedən yol yoxuşlu və qorxulu olduğu üçün maşinistlər Miralay əfəndinin yanına gəlib dedilər:

– Əfəndi, vaqonları iki dəfəyə aparmaq lazımdır.

Miralay istehza ilə gözlərini qıyıb onları süzdü. Onun yanında oturan zabitlər də maşinistə baxıb gülümsədilər. Bu baxışlar uzun sürmədi. Miralay zabitlərə dedi:

– Cingənə əcəmin genə görən nə bicliyi var!

– Paşa həzrətləri, Allaha and olsun, biclik-zad yoxdur. Qırx dolu vaqonun bu yoxuşdan aşağı düşdüyünü indiyədək görən olmayıbdır.

– Bəs uruslar?

– Paşa həzrətlərinin əziz başı üçün, urusları özləri də burada on vaqondan çox endirmirdilər. Elə buna görə də Mərənd vağzalında həmişə ehtiyat qazan saxlayırdılar.

Miralay hirsləndi:

– Biz türkləriz. Belə yükləri qatırlarla daşıyırıq. Haydı! Cingənə əcəm, sənin...

– Bəy əfəndi, kişi belə söyüşlər söyməz. Mənim yazığım bu əsgərlərə, onların ata-analarına gəlir. Bu, çox təhlükəlidir.

– Təhlükədən əcəmlər qorxur. Hayde, on dəqiqəyə qədər hərəkət etməsən, özündən küs!

Əli pərt oldu. Yoldaşının qolundan tutub dedi:

– Qoy əfəndilər şahid olsun ki, biz nə lazımsa dedik. Gedək. Təvəkkül Allaha, yola düşək. Nə zaman gördün ki, iş pisdir, əvvəl uzun, sonra da qısa fit ver, özünü tulla, mən də elə edəcəyəm.

Onlar bir-birilə qucaqlaşanda zabitlərdən biri bunu pəncərədən gördü. Yalan saydıqları işin ciddi olduğunu anlayınca, öz rəislərini xəbərdar etdilər.

Rəis dedi:

– Qorxanın oğlu olmaz, yavrum!

Az sonra qatarın başına qoşulan parovoz səsləndi. Onun dalınca ikinci parovoz bayquşa oxşar səs çıxardı. Vaqonlar bir-birinə toxundu. Qatar əvvəlcə tənbəl adamlar kimi ağır-ağır hərəkət etməyə, sonra “yorğalamağa” başladı. Getdikcə sürət artırdı.

Kiçik zabit yerindən durub, pillələrin yanına gəldiyi zaman özüylə yaşıd olan oğlana göz vurdu, sonra pillənin başında dayanaraq, qarşısındakı gözəl, ürəkaçan mənzərəyə baxdı, göz vurduğu gənc zabit soruşdu:

– Xayır ola, Midhət?

– Sən onların qucaqlaşmasını gördünmü?

– Xayır, görmədim.

– Onlar eynən kəşfiyyata gedən döyüşçülər kimi bir-birilə vidalaşdılar.

– Nə demək istəyirsən, Midhət?

– Onu demək istəyirəm ki, onlar qatarın şəhərə çatacağına əmin deyillər, kəndilərini ölmüş zənn edirlər. Onu demək istəyirəm ki, pillədə dursaq, eyidir...

Qatar Mişovdağdan enişə enməyə başlayanda birinci parovoz səsləndi, ikincisi ona səs verdi. Parovozların səsi kəsilmirdi; haray salıb elə bil kömək istəyirdilər. Bu hay-haray Miralayın özünü də qorxutmuşdu. O, bütün qüvvəsi ilə həyəcanını gizlətməyə çalışır, dinib-danışmırdı. Nəhayət, özünü saxlaya bilməyərək, yanındakı zabitin üstünə qışqırdı:

– Elə bu saat kəndini onlara çatdırıb söylə ki, qatarı dayandırsınlar.

Qatarın sürəti anbaan artırdı. Indi adam dolu vaqonları dartan və tormozu xarab olan ikinci parovozun ağırlığı da birinci parovozun üstünə düşmüşdü. Qabaqdakı parovoz təkərlərini yerə dirəyib var gücüylə qatarı dayandırmaq istədi. O biri parovoz bütün qüvvəsilə vaqonları qabağa itələdi. Nəticədə sürətlə gedən qatar yoldan çıxdı. Əli və köməkçisi özlərini cəld yerə atdılar. Bunları görən zabitlər də aşağı tullandılar. Birinci vaqonların içindəki adamlar xurt-xəşil oldular.

Əgər o iki zabit sağ-salamat qurtarmasaydı, yəqin ki, maşinistləri dar ağacından asardılar.

 

12.

Yaşıllıqlar içində görünən geniş darvazalı üç mərtəbəli bina uzaqdan baxana qala təsiri bağışlayırdı. Bina möhkəm və hündür divarlarla əhatə olunmuşdu. Xiyabanların o tərəf-bu tərəfində cərgə kimi düzülən çinarların budaqları bir-birinə qarışmışdı.

Binanın içərisinə zəngin avadanlıq döşənmişdi. Binada geniş salon, dəftərxana, arxiv, iş otaqları vardı. Ikinci mərtəbədən çarhovuza baxan dörd otaq səfirin özünə məxsus idi. Iran xalqının fəlakəti bu otaqda cücərirdi.

Kabinetin divarları, kiçik bir tıqqıltı ilə açılıb-örtülən qapı-pəncərələr, yerə döşənmiş Kirman, Kəşan və Təbriz xalıları dil açsaydı, nələr, nələr deməzdi?!

Səhər saat on birdə səfir otağa daxil olub iş masasının arxasına keçdi. Adəti üzrə, əvvəlcə otağı, otaqda olan avadanlığı gözdən keçirdi. Sonra masanın siyirtməsini açaraq iki vərəq kağız çıxardı. Kresloya söykəndi. Əllərini cibinə soxdu. Gözlərini qıydı, dodağını büzüb, ingilis havalarından birini züm-zümə etdi. Qapı cırıldadı, ucaboylu, enlikürəkli bir adam içəri girib, etinasızlıqla səfirə tərəf gedərək dostcasına əl verdi və mizin qabağındakı meşin kreslolardan birində oturdu. Dərisinin qaralığı onun cənub ölkələrindən gəldiyini xəbər verirdi. Səfir qalxıb onunla əl tutdu.

– Yaman qaralmısınız, mister Laurens!

Laurens uzun illərdən bəri Şərqdə – Hindistanda, Ərəbistanda, Əfqanıstanda, İran və Türkiyədə gah tacir, gah axund, gah dərviş, gah da çavuş olub, dondan dona, cilddən cildə girən məşhur ingilis casusu idi. O, hind, ərəb, türk, fars və kürd dillərini kamil bilməklə bərabər, bu xalqların adət-ənənələrinə də yaxşı bələd idi. Kürd ağalarının uşaqlarına kirvə[6] olub, ətəyinə qan tökür, gah miyançı, gah da çayçı olurdu.

Laurens “Eduard Ker”in inandığı məmurlardan idi. Indiyə kimi neçə-neçə çətin işlər görmüşdü. Ingilislərin cənub polisi adlandırdığı qoşunun təşkilatçısı da Laurens olmuşdu. Iranın cənub tərəfində “əmin-amanlıq” yaratmaq üçün təşkil edilən bu qoşun ancaq ingilislərin mənafeyini güdürdü. Həmin qoşunu İran hökuməti təmin edirdi. Laurensin rənginin qaralması da İranın cənub vilayətlərində, neft çıxan şəhər və qəsəbələrdə işləməsindən irəli gəlmişdi.

– Cənab səfir, rəngin bir az qaralığı nöqsan deyil, təki adamın üzü sizin kimi ağaların yanında ağ olsun!

Güldülər.

– Zərər yoxdur. Mister Laurens, bir dəfə də şimala səfər edib ağararsınız!.. Keçək mətləbə: heç bilirsiniz Rusiya bizim yükümüzü nə qədər ağırlaşdırıbdır? Indiyədək elə bilirdik ki, onların qoşunları olmayan yerləri ingilis-hindli atlıları ilə doldursaq, işlər düzələcək. Daha orasını fikirləşməmişdik ki, min kilometrlərlə uzanan cəbhəni doldurmaq üçün böyük xərc və insan qüvvəsi lazımdır.

Hər ikisi fikrə getdi.

Nəhayət, belə bir qərara gəldilər ki, qoşun saxlamaq xərclərini yüngülləşdirib məhəlli və könüllü dəstələr təşkil etsinlər. Zaqafqaziya və Orta Asiyada yaranan “milli hökumətlər” də bolşeviklərin qarşısına çıxmaq üçün bir vasitədir. Bu məqsədlə general Denstrveylin ordusu və hərbi qərargah Bağdaddan köçüb Həmədana gəlməlidir.

... Badikubəyə keçmək üçün hazırlıq sürətləndi. Böyük vəsait tələb edən bu vəzifəni İngiltərə höküməti, təbii ki, öz öhdəsinə götürə bilməzdi. Amerikalılarla fransızlar da bu işə qarışmalı idi.

– Bir az xərc lazım gəlsə də, onların əlini gətirib buralara bənd etməliyik, – deyə səfir əlli min asori könüllüsünü silahlandırıb Marşimona təhvil verməyi lazım bildi. – Bundan əlavə Ermənistanda ərzaq qəhətliyidir. Daşnaq hökumətinin kəsdiyi kağız pulların qiyməti ölüb. Onları libas və azuqəylə təmin edib, silahlandıra bilsək, bolşeviklərin əleyhinə istifadə etmək olar.

– Marşimon kimdir? – deyə Laurens soruşdu.

Asorilərin ən böyük ruhanisidir.

– Əlli min qoşuna ruhani başçılıq edəcək? Heç cür inana bilmirəm. Yəqin ki, təlimatçı verəcəksiniz...

– Hələlik kazak polkovniki özünün bir neçə zabiti ilə onlara məşq verir. Bizdən də bir neçə zabit vardır.

– Onların məskəni harada olacaq?

– Mayor Makistaf Zəncana, oradan da Savucbulağa gedəcək. Qalanları Urmu, Uşnud və Səlmasda olacaqlar.

– Bəs deyirlər ki, Makistaf Zəncana daxil olan gün yerli demokratlar iki ingilisi onun gözünün qabağında öldürüblər.

– Doğrudur. Elə bizim əl-ayağımıza dolaşan da həmin demokratlardır. Budur general Denstrveyl Həmədana gələn gün onların nəşr etdiyi bir elaniyyəni bizə göndərib. – Səfir siyirtmədən çıxardığı bir vərəqi ona verdi. Vərəqənin üstündə qara mürəkkəblə bu sözlər yazılmışdı:

“Əziz həmvətənlərim! Özlərini zəif millətlərin hamisi kimi qələmə verən ingilis ağaları gəliblər. Onların şirin sözlərinə, səxavətli ciblərinə uymayın! Onlar bayquş kimi bir şeydir – ayaqları hara dəyirsə, oranı xarabazara döndərirlər. Sizə təklif edəcəklərini qəbul etməyin, onlara ərzaq satmayın, çünki sizə verəcəkləri pullar qəlpdir. Burnundan uzağı görə bilməyən xain adamlar onlara nökərçilik edir. Qoy onlar öz əməllərini düşünsünlər. Yoxsa xalqın amansız intiqamından qurtara bilməyəcəklər!”

Səfir elaniyyəni alıb yerinə qoyduqdan sonra dərindən nəfəs aldı.

– Bəli, Həmədan belə, Zəncan elə, Təbriz də ki, qiyamətdir!.. Şeyx orada fantan eləyir.

– Şeyx Məhəmməd?

– Bəli, bəli, Şeyx Məhəmməd Xiyabani! Çarın ultimatumundan sonra o, həm bizə, həm də onlara zidd idi. Rus inqilabından sonra isə ruslarla qardaş olub.

Laurens səfirin səthi məlumata malik olduğunu hiss edib dedi:

– Əfv edirsiniz, cənab, onun tarixçəsini mən bir az mükəmməl bilirəm. Xatirinizdə varsa, rusların ultimatumu əleyhinə Xiyabani məclisdə çıxış edəndən sonra xarici işlər naziri onun tutulması haqda əmr vermişdi. Buna görə də o, Tehranı tərk edib Məşhədə, dayısının yanına getdi. Biz onu Məşhəddə tutmaq istədik. Bu dəfə də tələdən qaçdı. Aşqabad – Badikubə yolu ilə Petrovskiyə, Tiflisə gedib, yəqin ki, oralarda sosial-demokrat rəhbərləri ilə görüşdü. Bir müddət oralarda qalandan sonra təkrar Təbrizə qayıtdı. Yenə əvvvəlkitək məktəbdarlıq edir.

– Bəli, – bəli, – deyə səfir onun sözlərini təsdiq etdi. – İndi hər kəlməbaşı deyir: – Bu işdə ingilisin barmağı var. Dünyanın harasında xoşagəlməyən bir hadisə baş versə, iranlıların hamısı Qurana and içəcəklər ki, orada ingilis barmağı var. – Səfir özü öz sözünə ucadan güldü.

– O ağ əmmaməlini mən çoxdan güdürəm. Xalis bolşevikdir ki, var.

Qapı tıqqıldadı. Ikisinin də nəzəri qapıya çevrildi. Səfirin: “Buyurun!” deməsilə, döşünə təmiz ağ önlük bağlamış gənc bir qadın gəldi. O, gümüş məcməyidə gətirdiyi bir şüşə konyakı, iki kiçik qədəhi, bir nimçə şokoladı mizin üstünə qoyub geri döndü. Qapı örtüləndən sonra səfir qədəhlərə konyak süzdü. Birinci qədəhi içib, danışmağa başladı:

– Asorilər hazır olana kimi biz ya Şeyxin özünü yola gətirməliyik, ya da demokratların başını elə qarışdırmalıyıq ki, ancaq özləri ilə məşğul ola bilsinlər. Bunu birinci növbədə polkovnik Kuzminin dəstəsi icra edəcək. Onlar öz vəzifələrini çox yaxşı bilirlər və boş dayanmırlar. Urmunun bazarını yandırıb qarət etdirdilər.

– Əfv edərsiniz, cənab səfir, bunun bizə nə faydası ola bilər?

– Onun xeyri orasındadır ki, son vaxtlar ruslara qarşı yaranmış rəğbət, hörmət əvvəlkinə, yəni nifrətə çevriləcəkdir. Inqilaba və Rusiyaya çar zamanındakı kimi baxarlar. Ikinci xeyri də budur ki, Təbriz aclıq çəkir. Qıtlıqla mübarizə demokratların, eləcə də axır vaxtlarda onlara uyan İran – Azərbaycan qoşun rəislərinin başını qarışdıracaqdır. Siz özünüz də məhz belə bir vəzifəni yerinə yetirəcəksiniz.

– Mən?

– Bəli.

– Mənim qoşunum var?

– Var!

Laurens çiyinlərini çəkib gülümsədi:

– Nə bilim!

– Bəli, var! Onu sən kürdlərdən düzəldərsən. Asorilər daşnaqlarla birləşənə kimi Urmu, Səlmas, Xoy mahallarında demokratların başını qarışdırmalısan. Gələcəkdə birləşib, bizim əleyhimizə qalxışa bilən Azərbaycan türkləri ilə kürdlər arasında mütləq düşmənçilik yaratmalısan!

13.

Səngəkpəz və lavaşpəz dükanlarının qabağında növbəyə duran adamların sayı hər gün, hər saat artırdı. Iran Azərbaycanı şəhərlərində qəhətlik, aclıq kabusu dolanırdı. Növbələrdə hər cür söz-söhbət eşitmək mümkün idi.

Üst-başından günəmuzd fəhləyə oxşayan birisi öz-özünə deyinirdi: “Pul tapanda çörk tapmırsan, çörək tapanda pul!.. Yaxşı, indi mən nə edim?! Bir az da geciksəm, ərbab məni işdən qovacaq”.

Nazik bir əbaya bürünmüş qırmızısaqqal kişi kimdisə qabağında dayanan gəncə deyirdi:

– Adam mat qalır, vallah! Bu ilki kimi əkin heç olmamışdı. Bu bahalıq haradan çıxdı, bilmək olmur?!

– Haradan çıxacaq? Urmudan tökülüb gələn acları görmürsən?

– Onların gəlməsi səbəb deyil, atam! Bu bahalığın səbəbi başqadır.

Yandan birisi söhbətə qarışdı:

– Bu ağa doğru buyurur. Burada ingilis barmağı var! Yoxsa öz-özünə bahalıq yaranmaz.

Birinci danışan etiraz etdi:

– Otuz-qırx ildir ki, belədir. Nə olur, o dəqiqə deyirlər ingilis barmağı var.

– Siz daaş, bu ağanın sözünü qəribliyə salmayın. Qəhətliyi yaradan, həqiqətən, ingilislərdir. Hamı yaxşı bilir ki, Təbrizin ağır günündə Urmu, Səlmas, Xoy, Makunun taxılı onun harayına çatardı. Təbrizdə qəhətlik olsun deyə, asorilərin əlilə Urmunun bütün anbarlarındakı buğdanı Bağdada, oradan da Allah bilir haralara daşıtdırırlar, biz də burada acından ölürük.

Üçüncü adam da onun sözünü təsdiq etdi:

– Ağa doğru buyurur. Bu gecə tək bizim məhəllədə dörd adam acından öldü.

– Canım, bəs dövlət buna nə deyir?

– Dövlət, dövlət! Dövlət ancaq vətənfüruşluq ilə məşğuldur.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info