Qonaq Kitabı
III Hissə

Həkim ağanın sözləri qıza qəribə təsir elədi. O, indi dərvişə nurani, müdrik bir qoca kimi baxırdı.

Qız dizlərini qucaqlayıb fikrə dalmışdı. Arabir həsrətlə şəhərə baxır, Rəşidi düşünürdü. “Kaş, bu kişi məni kəndə aparaydı... Ona bunu necə deyim?”

Qız bu fikirlərdə ikən carçının səsini eşitdi:

– Ey camaat, komandan əfəndinin əmrinə görə erməni gizlədən evlər yandırılacaqdır!

“Yox, bu vəziyyətdə oraya, Hüseynqulu bəygilə gedə bilmərəm. Sonra gəlib məni orada tapar, kişinin evini yandırarlar”.

Sıldırım qayalıqlar və dərin uçurumlarla əhatə olan Zəngmar dərəsində balaca pəncərə kimi görünən zağaya Xəzəngah deyirlər. Buraya çıxmaq çox çətindir. Daşlardan möhkəm yapışmayınca dırmanmaq mümkün deyil. Mağaranın içərisi sal daşlardan ibarətdir. Buraya daxil olan adam əvvəl qaranlıqdan başqa bir şey görə bilmir. Gözləri qaranlığa alışandan sonra hər yerini aydın görə bilir. Mağarada kiçik təbii baca vardır. Içəri görünmür, buraya daş atandan xeyli sonra suyun səsi eşidilir. Ocaqda kimlərinsə nə vaxt yandırdığı atəşin külü hələ də qalırdı.

Gecə quşları mağaranın səqfindən asılmışdı. Axşam olub, qaranlıq düşəndə onlar dövrə vura-vura qəribə səslər çıxarır, mağaranı dəhşətlə doldururlar.

Qıza bir xətər toxunmasın deyə dərviş onu bütün insanların gözündən kənarda saxlamaq qərarına gəlmişdi. Buna görə də o, qızın adamlarını axtarmaq məqsədilə iki dəfə şəhərə getmiş, hər dəfə də azuqə alıb Xəzəngaha gəlmişdi.

Dərvişin Xəzəngahda olmasından xəbər tutan Hüseynqulu bəy onun dalınca adam göndərmək istədi. Lakin dərvişi yuvasından çıxarıb şəhərə gətirmək hər adamın işi deyildi.

Canı xanım çox götür-qoy edəndən sonra nökərləri Əli ilə Tiqranı Xəzəngaha göndərməli oldu.

Adama həddindən artıq dəhşətli təsir bağışlayan, mağaraya yanaşan Əli başını “bacadan” içəri salıb ucadan qışqırdı:

– Ey!.. Burada kim var?

Onun qışqırtısını mağaranın boşluğu təkrar etdi:

– Ey!..

Bunun əks-səda olduğunu düşünə bilməyən nökər Əli öz-özünə dedi: “Deyəsən dərviş buradadır”.

Bu dəfə Tiqran səsləndi. Onun da səsi özünə cavab verdi. Bu dəfəki səs daha da qorxulu oldu. Tiqran tapançasını çıxardı.

– Girək içəri.

İkinci dəfə əks-sədanı eşidəndən sonra burada adam olmadığını yəqin edən Əli dedi:

– Adam olsaydı, cavab verərdi. Cavab ki gəlmədi, demək mağarada heç kim yoxdur.

– Səhv eləyirsən. Insanlardan qaçan, adamlardan uzaqlaşmaq istəyən dərviş sənə, mənə cavab verməz! Biz içəri girib, hər tərəfi axtarmalıyıq.

Tiqran Xəzəngaha daxil oldu. Tüfəngini hazır tutan Əli də onun ardınca getdi. Gözləri qaranlığa alışdan sonra özlərini bir otaqda gördülər. Buranı əhatə edən daşlar adam boyundan hündür idi. Mağarada küllə dolu olan bir ocaqdan başqa heç nə gözə dəymirdi. Künc tərəfdəki qaranlıq yerə gedə bilməsələr də, bir neçə daş atdılar. Daşların suya düşdüyü aydın hiss olunurdu. Tiqran tapançasını qaranlıq tərəfə tuşladı:

– Sənə deyirəm cavab ver, atıram ha!.. – Bir güllə atdı. Güllənin səsi və əks-sədası zağanı doldurdu. Gecə quşları, yarasalar səsdən diksinib öz yerlərini dəyişdirmək istəyəndə çıxardıqları nazik qışqırıq bir fısıltı kimi Tiqrangilin qulağına dəydi. Bu da onların bütün varlığını titrətdi.

– Baba dərviş, ay Baba dərviş! – deyə Əli xeyli çağırdı. Zağadan çıxmaq istəyəndə erməni dilində kömürlə yazılmış sözlər Tiqranın gözünə dəydi.

Şuşanik özünü çaya tulladığını, dərvişin onu xilas edib, öz qızı kimi saxladığını yazmışdı: “O da mənim kimi bədbəxtdir. O, iki gün əvvəl bu mağaraya

qayıdarkən bir adamın onu pusduğunu başa düşmüşdü. Buna görə də gecə ikən başqa bir yerə köçməyimizi məsləhət bildi. Mən harada olduğumu bilmirəm, ancaq onu bilirəm ki, doğulduğum şəhərdən çox da uzaqda deyiləm. Eh, kaş atam, anam sağ olub, mənim bu kədərli günlərimi görəydilər. Dərvişin nəsihətləri ilə Rəşidin məhəbbəti məni özümü öldürməyə qoymur”.

Mağaranın divarlarında yazılan sözləri oxumaq Tiqranı həm sevindirdi, həm də ağlatdı. Sevinirdi ki, Şuşanik salamatdır. Ağlayırdı ki, qızı görə bilmədi.

Tiqran bu xəbəri gətirən gündən Rəşidin halı yaxşılaşmağa başladı. O, Şuşaniki axtarıb tapmaq üçün Xoy şəhərinə gedən karvana qoşuldu.

 

10.

Xiyabaninin təşkil etdiyi demokrat partiyasının İran Azərbaycanının bütün şəhərlərində şöbəsi vardı. Maku sərdarının müqavimətinə baxmayaraq, partiyanın vilayət komitəsi burada gizli fəaliyyət göstərirdi. Rəşid də bu partiyanın üzvü idi.

Xoy şəhərinin yayı həddindən artıq isti olur, orucluq ayı da bu il yaya düşmüşdü. Susuzluqdan, papirossuzluqdan əziyyət çəkən adamlar əsnəyə-əsnəyə dükanlarını açırdılar. Hər zaman hay-küylə dolu olan üstüörtülü bazarlar səssiz-səmirsiz idi.

Maku tərəfdən gələn karvan günortaçağı bazara daxil oldu. Dəvələrin boynundan asılan zınqırovların səsi bazarın sükutunu pozdu. Xan karvansarasına doğru irəliləyən dəvələrin yorulduğu görünürdü. Heyvanlar dayana-dayana yeriyirdi.

Rəşiddən başqa karvanda dörd nəfər Maku taciri də vardı. Karvan əhli silahlı idi. Rəşiddə üçkəmər fişəng və bir beşaçılan vardı. Onlar xan karvansarasında düşüb, əvvəlcə çayxanaya getdilər. Orucluğa görə çay yox idi. Lakin çayçı müsafirləri görüncə, şagirdinə samovara od salmağı işarə etdi.

Müsafirlər günortadan xeyli keçmiş çayxanadan çıxıb bazara gəldilər. Yoldaşları alver edərkən, Rəşid xiyaban qapısına tərəf getdi. Oradan Təbrizə gedən adamlarla danışdı. Kim isə ona poçt furqunu ilə getməsini məsləhət gördü. O, poçt daşıyan kişinin yanına gəldi. Bu vaxt konsul adı ilə Xoy şəhərində yaşayan osmanlı şahbəndəri[4] bir zabiti və iyirmiyə yaxın türk süvarisi bazarın içi ilə çapa-çapa keçdilər.

–       Birbaş Səlmas darvazasına tərəf getdilər! – deyən bir səs eşidildi.

Bazarın o tərəfində çalsaqqal birisi çarıq tikən kişidən soruşdu:

–       Kəblayi, genə nə var? Bunlar dallarına baxmadan hara belə çapırdılar?

Özünü bilən kimi göstərmək istəyən çarıqçı başını yuxarı qaldırmadan cavab verdi:

–       Ay Hacı, belə işlər dövlət işidir, nəyinə gərəkdir? Bəlkə qaçırlar...

Osmanlıların çaparaq getməsi və qocaların bu danışığı Rəşidi maraqlandırdı. “Bir şey olmasa, bunlar at çapdırıb keçməzlər”.

Rəşid osmanlı konsulxanasının qabağına gəldi. Konsulxananın qabağında toplaşmış adamlar türklərin qaçmasını müxtəlif yerə yozurdu:

– Bəlkə firəng gələcək? Hərəyə üç ay bəs deyil?

– Əsgərlərdən biri mənə borclu idi. Səhər dedi ki, arkadaş, bizim getməyimizdən narahat olma, tezliklə dönəcəyik.

Poçtxana işçisi həyətdəki axurlara bağlanan atları tumarlayırdı. Başlarını axurlara soxmuş atların xırpıltısı kəsmirdi. Rəşid salam verib Təbrizə getmək fikrində olduğunu bildirəndə kişi yoğun səslə dedi:

– Adamın biri iyirmi beş ğrandır ha!

– Eyib eləməz, poçt nə zaman çıxacaq?

– Kirayənin hamısı bu başdan alınır ha!

– Mən onu bildim... Vaxtını soruşuram: tez olacaqsa, gedim xurcunumu gətirim?

– Xurcunun çox ağır olmasın ha! Qaldı poçtun vaxtına, hələ müəyyən deyil. Tez-tez gəl, xəbər bil.

Rəşid çıxarıb ona bir tümən verdi.

Axşamüstü idi. Maku müsafirləri bir yerə toplaşmışdılar. Rəşid eşitdiklərini yoldaşlarına danışdı. Onlardan biri:

– Bu xəbərləri mən də eşitmişəm. Deyirlər neçə min silahlı qaxdağan[5] Culfadan keçibdir. Xoya gəlsələr, işlər xarab olacaq.

Bir başqası əlavə etdi:

– Deyirlər onlar hara yetişir, məmə yeyəndən, pəpə yeyənə kimi qırıb doğrayırlar.

Bir ayrısı xoşbinliklə əlavə etdi:

– Kəssələr də, osmanlıları kəsəcəklər. Onların iranlılarla işləri olmaz.

...Şəhər qorxu içində yaşayırdı. Daşnaq qoşunları şəhərə yaxınlaşırdı. Şəhərin gözəl binalarında yaşayan və firavan həyat keçirən varlılar öz faytonlarına minib qaçırdılar. Şirov darvazasının qabağında böyük bir həngamə vardı.

Şəhərin qala divarları çox möhkəm idi. Qalanın qarşısında enli və dərin xəndəklər qazılmışdı ki, düşmənin hərəkətini, hücumunu dayandıra bilsin. Qalanın böyük darvazasının üzərinə qalın dəmir çəkildiyi üçün onu yandırmaq qeyri-mümkün idi.

Iyirmiyə yaxın əli belli adam tökülüb darvazanın dalını torpaqlamağa, şəhərdən qaçıb getmək istəyənlərin qabağını kəsməyə çalışırdı. Darvazaya söykənmiş iki nəfər qışqıra-qışqıra deyirdi:

– Heç belə də oyun olar?! Gədə, siz o yerə ağız yetiribsiniz ki, Hacı Əmirin əhli-əyalının qabağını kəsirsiniz?

Bir müşayiətçi faytonda oturan xanımlara işarə ilə dedi:

– Mən ya torpağın altında qalacağam, ya da ki, bunları buradan çıxarıb Əsgərabad kəndinə çatdıracağam!

– Sən öləsən, səni lap qorpağın altında qoyub canını alacağıq. Onların canı şəhərdə qalanlardan artıqdır? – deyə topasaqqal kişi onun üstünə qışqırdı.

Çadrasını belinə bağlayıb, kişilərlə birgə torpaq atan bir qarı faytondakılara üzünü tutub dedi:

– Cında köpək qızları! Yeyən vaxtda yeyirlər, geyən vaxtda geyirlər, iş bərkə düşəndə hamıdan əvvəl qaçırlar.

Müsafirlərdən də bir neçəsi qaçmaq fikrində idi. Vəziyyəti belə görən Rəşid hirsləndi.

– Ar olsun sizə!...

Qaçmaq tərəfdarı olan yoldaşlarından biri üz-gözünü turşutdu:

– Axı, sənin nə vecinə, tək oğlansan... Mənim ailəm var, altı nəfər ağzını açıb məndən çörək istəyir.

Kimsə qala divarının üstündən səsləndi:

– Ağalar cahad buyurublar, hətta bu gün oruc tutmasan da olar.

Bir başqası aşağıdan soruşdu:

– Onu kim dedi?

– Mən deyirəm! Xiyaban qapısında idim. Hacı Şeyx özü o tərəfə təşrif gətirmişdi. Bu sözləri onun öz dilindən eşitdim.

“Cahad” sözünü eşidən makululardan biri:

– Madam ki, ağalar buyurublar, – dedi, – cahad etmək lazımdır!

Onlar Məqbərə küçəsinə yetişəndə Xoyun ən böyük mollasının arxasınca gələnləri gördülər. Molla həmişəki kimi başına əmmamə yox, şəbkülah qoymuşdu.

Geniş tumanı dizinəcən çırmanmışdı. Hardansa bir berdanka və iki qatar fişəng tapıb çiyninə salmışdı. Onun dalınca gələnlər də silahlı idilər. Mollanın gözü makululara sataşdı:

– Budur bax, qeyrətli, namuslu adam belə olar! Öz din qardaşlarına kömək etməyə gəliblər.

– Yaxşısı budur ki, haradan gəlibsiniz, oraya qayıdın!

...Bu zaman şəhərdə yaranan dəhşətli qorxunu təsəvvür etmək çox çətindir. Arvadlar məscidlərə doluşmuşdu. Onların “Ya Allah, ya Hüseyn!” fəryadı göylərə ucalırdı...

Şəhəri müdafiə edənlərin fişəngi azalırdı.

Təbrizdəki bir neçə yüz kazakdan başqa, Azərbaycanın qalan şəhərlərində silahlı qüvvə yox idi. Belə vaxtlarda Maku şəhərindən başqa heç bir şəhər özünü düşməndən qorumağa qadir deyildi. Buna səbəb Makunun üç dövlət arasında sərhəddarlığı idi. Makunun nəinki özündə, hətta kəndlərində də silahı, atı olmayan az adam tapılardı. Türklər gedən kimi Xoy hakimi beş-on atlısı ilə Qırxlar yoluyla Mərəndə qaçmışdı.

Xoyda vəziyyət daha da acınacaqlı idi. Yüzlərlə adam küçələri gəzib sinə vurur, düşmənin dəfi üçün dua edən mollaların başına toplaşıb amin deyirdilər. Onlar yaxşı bilirdilər ki, belə pulemyotlar ancaq türk qoşununda ola bilər.

Rəşid poçt arabasıyla Təbrizə yola düşdü.

Köşksaray çayxanasına yetişəndə arabaçı orada dayanmaq istəmədi.

– Saxla, saxla, – deyə çayxana sahibi iki əllərini havaya qaldıraraq arabanın qabağına çıxdı:

Poçtxana qulluqçusu boynunu zürafə kimi uzadıb soruşdu:

– Nə var, nə istəyirsən?

– Nurulla xan Yeganlının qonağını Təbrizə aparmaq lazımdır.

Nurulla xan adını eşidən məmur atın cilovunu çəkdi. Yol boyu öz aləmi ilə məşğul olan Rəşid dikəldi. Nurulla xan və onun adamı Qoçəli xan haqqında çox eşitmişdi. İkisi də Yegan mahalının məşhur azadxahları idi. Səttar xan zamanı Mərənd və Xoy şəhərinin azad olunmasında yaxından iştirak etmişdilər. Nurulla xanın bugünkü qonağı Səttar xanla çiyin-çiyinə vuruşan zəncanlı – otuz altı yaşlı Mahmud idi. Görkəmindən igidlik, mərdlik yağırdı. Üçqatar patrondaşı, taxta qaburlu mauzeri, kürəyinə keçirdiyi beşaçılanı onu əfsanəvi qəhrəmanlara oxşadırdı. Bu ətrafda az adam ola bilərdi ki, onu tanımasın.

Poçt arabasına tərəf gələn Mahmud onu yola salana dedi:

– Sən xatircəm ol. Dediklərinizin hamısını ağayi Xiyabaniyə çatdıracağam!

Xiyabani adını eşidən Rəşid sevindi, yəqin etdi ki, Mahmud da Şeyxlə görüşməyə gedir.

Köşksaray kəndinin girəcəyində arabaçı atları dəyişdirməyə başladı. Atlar dəyişilənə kimi müsafirlər də yerə düşüb, üst-başlarının tozunu təmizlədi. Mahmud Rəşiddən soruşdu:

– Sən haralısan?

– Mən Makudanam!

– Haraya gedirsən?

– Təbrizə. Əgər Şeyx icazə buyursa, oradan Urmuya getmək fikrim var.

– Demək sən də Şeyxlə görüşəcəksən, çox əcəb!.. Bəs bilmək olarmı ki, kimin tərəfindən Şeyxlə görüşməyə gedirsən?

– Maku demokratları tərəfindən!

– Çox yaxşı! Bir sualım da var; bu hay-küy zamanı haradaydın?

– Xoyda.

– Bəli, gəldilər ki bığ aparsınlar, saqqalı da qoyub getdilər.

Arabaçının “Buyurun, gedək” deməsi onların söhbətini qırdı. Yol düzən olduğu üçün araba sürətlə gedirdi. Daşa toxunan təkərlərin tıqqıltısı və arabanın atıb-tutması müsafirlərin danışığını eşidilməz etmişdi.

Axşamüstü Mərəndə çatdılar. Mahmudu görən mərəndlilər hərə bir yandan onu evinə qonaq etməyə çalışırdı. O, hamıdan üzr istəyib, Mərənd maliyyəsi rəisinin evinə gedəcəyini bildirdi; Rəşidi də özü ilə apardı.

– Buyurun, buyurun, xahiş eləyirəm, döşəyin üstünə – deyə rəis qonaqlarını otağın yuxarı başına dəvət edib əyləşdirdi, özü isə qapıya yaxın yerdə oturdu. Bir azdan poçt rəisi və Mərəndin azadxahlarından bir neçəsi də gəldi.

Süfrə döşəndi. Xörəklə bərabər şərab da gətirildi. Şam yeməyindən sonra süfrə yığışdırıldı. Yenə çay gətirildi. Indi söhbət Şeyxdən gedirdi.

– Alimlikdən başqa, Şeyx olduqca əmin bir adamdır. – Mahmud deyirdi. – Onun fikrincə ən əvvəl İranda inqilab yaratmaq lazımdır. Şeyxin ləyaqətindən çox danışmaq olar. Onun məclisdə söylədiyi alovlu nitq dünyaya səs salmışdır.

Poçt rəisi Mahmuddan soruşdu:

– Madam ki, Şeyx bu qədər İranpərəstdir bə nə üçün Azərbaycanı Azadıstan adlandırmaq istəyir?

Mahmud güldü:

– Ingilislərin nökəri Vüsuqüddövlə baş nazir olandan sonra belə ölkəyə nə ad vermək olardı? Iran öz yerində, Azərbaycan da öz yerində... Elə belə də lazımdır. Şeyx düz eləyir və bu iş nə qədər tez olsa, o qədər yaxşıdır. Mənə belə gəlir ki, bütün azərbaycanlılar onun arxasınca getməlidir, gedəcəklər də!

Mərənddən Yam kəndinə kimi yol üzüyoxuş idi. Mərənd bağlarını bir-birindən ayıran çopur divarların arası ilə ayaqlarını yerə dirəyib özlərinə zor gələn atlar gücə düşdüyündən töyşüyürdü. Sürücünün atların üzərində hərlədiyi qamçı külək dəyən teleqraf simitək vıyıldayırdı. Heyvanlar qulaqlarını qırpıb var gücləri ilə arabanı dartırdılar. Geri dönüb baxanda bağlar adamın qarşısında gözəl lövhə kimi açılırdı. Barlı ərik ağaclarının budaqları başlarını aşağı əymişdi. Atlar irəlilədikcə hava sərinləyir, elə bil ki, adam yaydan yaza qayıdırdı. Qarşıda rusların tikdirdiyi dəmiryol vağzalının binalarından o tərəfdə Şah Abbasın adını daşıyan böyük bir karvansara vardı. Arabaçı karvansarada yenə atları dəyişdirəcəkdi. Mahmudu burada da tanıdılar. Atlar dəyişdirilənə kimi onlar adama bir stəkan çay içdilər.

Burada Təbrizin özünə kimi yol üzüaşağıdır. Arabanı iki at dartıb aparacaqdı. Sofiyan kəndində yenə atlar dəyişdiriləcəkdi.

Rəşid yolun uzaqlığından istifadə edib Mahmuddan soruşdu:

– Siz Xiyabani ilə ilk dəfə harada tanış olmusunuz?

– Mərhum Şərifzadə qətl olunandan sonra əncüməndə bütün natiqlərin hifz edilməsi qərara alındı və bu vəzifəni mənə həvalə etdilər. Bax, həmin dövrdə mən Xiyabani ilə tanış oldum. O, vəkil seçilib Tehrana gedəndə mən də oradaydım.

– Çox üzr istəyirəm, Mahmud ağa, məni Şeyxin tərcümeyi-halı çox maraqlandırır.

Mahmudun dodaqlarına təbəssüm çiləndi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info