Qonaq Kitabı
III Hissə

1.

Maku şəhərinin bazarı çox da böyük deyildi. Bazar dörd karvansara və iki yüzə yaxın balaca dükanlardan ibarət idi. Günorta azanı qurtarmamışdı ki, bazara hay-küy düşdü. Kimsə bərkdən deyirdi:  

– Gədə, urus gəlir!..

Adamlar dükanını açıq qoyub, rusların gedəcəyi küçəyə qaçdılar. O qədər keçmədi ki, qoşun göründü. Beş yüz nəfərlik kazak dəstəsi nizamlı yerişlə gəlirdi. Dəstə-dəstə keçən qoşunun geyimlərinin və atlarının eyni rəngdə olması makuluları heyrətə gətirmişdi. Ərzaq gəzdirən arabalara baxanlardan biri: arxalıq geymiş yaşlı kişi səsləndi: 

– Qoşun belə olar ey... bizimki kimi yox!

Abı mahuddan yaşıl jaket geyinmiş cavan bir oğlan dodaqlarını büzdü:

– Bu da qoşundu?! Maku sərdarı icazə versə, Fərzəli əmim əlli kürd atlısıyla bunların boğazını üzər!

Onun arxasında durmuş bir gənc də lovğalandı:

– İsfəndiyar bəy düz deyir: lap qırx atlımız da kifayət edər ki, bunların anasın ağlar qoyaq.

Buxara dərisindən papaq qoymuş və tacirə oxşayan oğlan gülə-gülə bu söhbətə qoşuldu:

– İsfəndiyar bəyin sözləri Məhəmməd şahın baş naziri Hacı Mirzə Ağasının Fransa səfirinə dediyi sözlərə oxşayır. İsfəndiyar bəy qara, enli qaşlarını düyümləyib soruşdu:

– O nə deyib, daaş?

Hacı Mirzə Ağası mollalıqdan gedib baş nazir olmuşdu. Siyasətdən uzaq adam idi. Ingilisin yanında fransızı, fransızın yanında da ingilisi pislərdi. Bir dəfə ingilisi fransız səfirinə pisləyib deyib ki, dəli şeytan deyir beş min şahsevənli göndər. Kəlkətədən o ləçərin, mələkə Viktoriyanın saçından tutub sürüyə-sürüyə Irana gətirsin. Yenə də şeytana lənət deyirəm, axı, nə təhər olsa, zənən xeylağıdır. Aləm deyəcək ki, filanşüdələr arvada əl qaldırır.

Bədbəxt oğlu bunu da bilmir ki, Mələkə Viktoriya Kəlküttədə yox, Londonda yaşayır.

Bu söhbətə qulaq asanların hamısı güldü.

Makuluların ilk dəfə rus kazaklarını görməsi belə başlandı. Rus soldatlarının “Çurek ver”, “xoroşo”, “yest”, “net” kəlmələri yerli əhali arasında ən çox işlənən sözlər idi.

Payız vaxtı Təbrizin havası çox soyuq olur. Vaxtsız əsən küləklər toz-torpağı qaldırıb havanı bozardır. Yarpaqları tökülmüş ağaclar titrədikcə naləyə oxşar səslər çıxarır. Bu il payızın birinci ayı yağmurlu, ikinci ayı günəşli keçdiyi üçün şəhərin ətrafındakı bağlar, payızlıq zəmilər, yoncalıq yerləri yaşıllaşmışdı, ikinci bahar gəlmişdi.

Şəhər əhalisi üçün kədərli bir mənzərə vardısa, o da bu yadelli qoşunun oxuya-oxuya küçələrdən keçməsi idi.

Kazaklar mahnı oxuya-oxuya şəhərin mərkəzinə doğru addımlayır, hərdənbir dəstənin yanınca gələn serjantın yoğun səsi eşidilirdi: ras, dva, tri.

Belə hallarda bəzi arvadlar, heç özləri də bilmədən serjanta qarğış edirdilər.

– Allah səsinizi kəssin: “raz-dva” azarına düşəsiniz, necə də düşmüsünüz!

Kazakları görən qadınlar, uşaqlar qorxudan qaçıb həyətlərə doluşur, sonra da qapı aralarından onlara oğrun-oğrun baxırdılar.  

– Həsən daaş, əllərin ağrımasın, bir çörək ver, bir az tez ol, – deyə müştəri əlindəki mis pulları tərəziyə tökdü, – genə də ulaşırlar! Allah xeyirə calasın...

– Xeyir olar, inşallah.

Faytonla gələn iki nəfər qadından biri əlini qara çadrasının altından çıxardaraq, sürücünü dümsüklədi:

– Ay qərdəş, sən Allah, döndər, Məqsudiyyədən gedax, görmürsən gəlirlər?!

– Qorxma, xanım, onlar arxın o tərəfindən keçəcəklər.

– Bir buna bax ey, niyə, arxı bu tərəfə addıya bilmirlər?

Faytonçu güldü:

– Onlar dəstə ilə gələndə heç nə eləmirlər...

Kazaklar dəstəsi vağzala tərəf dönəndə onların səsi və ayaqlarının tappıltısı get-gedə uzaqlaşırdı.

2.

Pəncərələri küçə tərəfə baxan evlərin birində iki nəfər söhbət edirdi. Biri alçaqboylu, nazik, taciri libas geyib, başını dibindən qırxdırmışdı. Onun yoldaşı da özü kimi geyinmiş və başına kiçik əmmamə qoymuşdu. İri eynəyinin altından parlayan, nüfuzedici gözləri bir cüt şam kimi yanırdı. Bu, oxucuların tanıdığı Məhəmməd Xiyabani idi. Xamnədən gələndən bəri bu küçədə yaşadığından məhlə Xiyabani adı ilə məşhurlaşmışdı.

Xiyabaninin işləri vali İmamqulu zamanında pis getmirdi. Vali dəyişiləndən sonra “hava” da dəyişmişdi – o, gizlənməyə məcbur olmuşdu. Söhbət yenə də kazaklardan düşmüşdü.

– Bu çağrılmamış qonaqların ölkədə qalması, səhv eləmirəmsə, işimizin xeyrinədir.

Yoldaşı tərini silə-silə Xiyabaniyə belə cavab verdi:

– Onların da vaxtına az qalıb... Rus xalqı Nikolayı istəmir. Xalq onun zülmündən cana gəlib. Üstəlik rus bolşevikləri ağacın lap dibinə balta vurmağa fürsət axtarırlar.

Birdən otağın qapısı açıldı. İyirmi-iyirmi iki yaşlı bir gənc içəri girdi. Rənginin qaçması onun xeyir xəbərlə gəlmədiyini bildirirdi.

Xiyabani tez soruşdu:

– Xeyir ola, Cəfər ağa?

– Daaşım dedi ki, buradan tez durub Kəblə Qulugilə getsinlər, gəlib bu evi axtaracaqlar.

Onlar bu xəbəri sakitcə qarşıladılar. Şeyx Xiyabani soruşdu:

– Bəs dadaşın tutulanlar haqda nə dedi?

– Dedi ki.. dedi ki, edam eləyiblər. Sərbazxanada iki dənə ağac basdırıb dar ağacı qurublar. Səkkiz həlqəsi var. – Cəfər ağa üzünü divara tərəf döndərib hönkürtü ilə ağladı.

Xiyabani qalxıb əlini onun çiyninə qoydu:

– Ağlama, qardaş, çox çəkməz ki, onların özünü həmin həlqələrdən asarlar.

Cəfər ağa ağlamasına ara verib dedi:

– Sərbazxananın damlarına pulemyot qoyublar, hər tərəfə qarovul göndəriblər.

– Sən dedin ki, səkkiz həlqə qurublar: tutulan axı doqquz nəfər idi? 

– Daaşım dedi ki, birini öldürməyəcəklər, onu kazaklara veriblər, onlar asacaq. Daaşım bir də dedi ki, cəlladların biri əllaf Muxtardır.

– Onu mən tanıyıram, deyə hacı ağa nişan verdi. – İnqilab vaxtı oğurluq eləmişdi, ölüncə döydülər.

– Biri də Kərim Surxablıdır. Daaşım deyir ki, onun qardaşını mücahidlər öldürüb, indi intiqam alır. Üçüncüsü, qalayçı İsmayıldır – Mir Haşımın sağ əli idi.

– Məsələ məlum, – deyə Xiyabani dərindən nəfəs aldı. – Sən mənə de görüm, Kəblə Qulugili tanıyırsan? – Bəli, tanıyıram. 

– Onda getdik. Sən düş qabağa, biz də qarabaqara gəlirik.

Cəfər ağanın gətirdiyi xəbərlər doğru çıxdı. Günortaya az qalırdı ki, hökumət adamları tökülüb evi axtardılar. Sahibini döyüb, evi talan edəndən sonra çıxıb getdilər.

3.

Göz işlədikcə uzanan mavi dəniz bu gün sakit idi. Körpüyə bağlanan gəmi və barjlar hörüklənmiş at kimi başlarını gah sağa, gah sola yırğalayırdı.

Sahilə yaxın lövbər atıb duran gəmilər ucsuz-bucaqsız göy səhrada tikilmiş binalara oxşayırdı. Qağayılar gah uçur, gah suya düşüb köpük kimi üzür, gah da pişik miyoltusuna oxşar səs çıxarırdı.

Dəniz nə qədər sakit və gözəl idisə, sahildə bir o qədər narahatlıq var idi.

Köhnə dünya alışıb yanırdı.

Birinci cahan müharibəsi hələ davam edirdi. Ölümün, aclığın əlindən cana doymuş xalqlar köhnə dünyanın məhvini gözləyirdilər. Axır ki, belə bir gün gəlib çatdı.

“Avrora”dan atılan topların səsi ildırım sürətilə hər yana yayıldı. Əməkçi insanlar qəflətdən ayıldı. Böyük bir ölkədə qəsbkarların ixtiyarı əlindən alındı, yeni dünya yarandı...

Bu dünyanın sorağı Təbrizə də gəlib yetişdi.

Bir səhər günəşin şəfəqləri Eynalı dağının başına sancılanda Culfadan gələn qatar Təbriz vağzalında dayandı. Bu, fövqəladə qatar idi. Üstündə qırmızı bayraq dalğalanırdı. Vağzal adamlarla doldu. Vaqondan düşən adamların başında təpəsi dik qulaqlı papaq var idi. Onlar papaqlarına, eləcə də köynəklərinin döşlərinə qırmızı parça tikmişdilər.

Vağzalda böyük bnr mitinq oldu. Çıxış edənlər Nikolayın və Kerenski hökumətinin yıxıldığını, onların yerində Şura hökuməti qurulduğunu xəbər verdilər. Həmin gündən başlayaraq rus hərbi hissələrində böyük dəyişikliklər yarandı. Nə əsgərlər, nə də zabitlər daha dünənki adamlara oxşamırdılar.

...Bu gün Təbrizdə yenə də bir fövqəladəlik vardı. Şəhər əhalisi həyətlərdəki gülləri yığıb dəstə bağladı. Ömründə əlinə gül almayan, hətta gül gəzdirməyi ayıb sayan adamlar da demokrat partiyasının orqanı “Təcəddüd” qəzetinin idarəsinə gül-çiçəklə gedirdi. Üzlərdə sonsuz sevinc və fərəh vardı. Döşlərinə qırmızı tikmiş və şəhərin mərkəzinə doğru hərəkət edən qoşun hissələrinin yanlarınca uşaqlar qaçışırdılar. Daha uşaqlar onlardan qorxmur, az qala cərgələrə qarışırdılar. Qoşun “Təcəddüd”ün qabağına yaxınlaşanda, izdiham dalğa kimi hərəkətə gəlib onlara yol verdi. 

Üzü qırxıq, qara mahuddan sərdari geyinmiş birisi yoğun bığlarını tumarlaya-tumarlaya yoldaşına deyirdi: 

– Mərhum Mirpənc demişkən, bu dünyanın işlərindən baş çıxarmaq olmur. Başımızı yarıb ətəyimizi qozla doldururlar. Bir tərəfdə Urmu bazarına od vurub talan eləyirlər, bir tərəfdə ölənləri gül-çiçəklə yada salır, yağlı sözlər danışır, şirin vədlər verirlər. Sarı yağla dağlayır, ipəklə bağlayırlar. 

– Amma bir həqiqət var ki, Urmu bazarını yandırıb-talan edən uruslar bunlar deyil. 

– Bəs hansılardır, ağa can?  – deyə seyid soruşdu.

          – Bunlarda da ikitirəlik vardır, ağa. Mərhum Şeyx Səlimlə Siqqətül Islamı asanlar Urmunu dağıtdılar. Onlara indi menşevik deyirlər. Bunlar isə bolşevikdir.

– Ağa, necə buyurdunuz? – Bir molla da maraqlanıb onlara yanaşdı. Ancaq sualına cavab almamış özü danışdı. – Deyirlər bunların bir dəstəsi də var ki, Allahı, peyğəmbəri, imamı danır, din-iman bilmir, ana-bacı tanımır, bəs onlar hansıdır?

– Bu ağa deyən bolşovoylar ki var, elə bu oxuya-oxuya gələnlərdir. – Bığlarını tumarlayan kişi mollaya cavab verdi. – Bəli, mərhum Mirpənc deyərdi: “Uzaqda ölənin halvasını hovla çalarlar”.

Bu vaxt birisi də onlara yaxınlaşdı. O enli və dayaz taxta qutunu boynuna keçirmişdi. Qutuda iynə, çuvalduz, düymə, sap, ətirli sabun, əlcək, corab, tumanbağı, qələm, kağız, mürəkkəb, təqvim, risalə, qələmdan və sair şeylər vardı. O, avazla oxuya-oxuya malını tərifləyirdi. Bu dəfə söhbət edənləri görüb, onlara lazım olanları tərifləməyə başladı:

– Bəlkə sizə belə bir əla risalə – Hacı Mirzə Sadıq Ağanın risaləsi lazım oldu?

Söhbət edənlərdən biri özünü saxlaya bilmədi:

– Məlun oğlu məlunun sözlərini eşidirsiz, siz Allah?!

– Bəli, bəli eşidirəm, bu onun işi deyil, məlun Əngəçinin feilidir. Kişini bu yolla nüfuzdan salmaq istəyirlər.

– Tələdir, tovlamadır, Hacı Mirzə Sadıq Ağanın risaləsidir!.. deyə satıcı onların yanında dayandı və dediklərini bir neçə kərə təkrarladı.

Xan onu çağırdı: 

– O hey, tələ-tovlama, bura gəl! – Alverçi yaxınlaşıb onlara ədəblə salam verdi. – Heç bilirsən ki, nə deyirsən?

– Nə deyirəm, ağa?

– Gədə, heç utanmırsan? Hacı Mirzə Sadıq Ağa kimi risalə sahibi olan müctəhidi niyə biabır eləyirsən?

– Mən qələt eylərəm cəddi-əmcəddim ilən, ağa. Nə deyirəm ki?

– Sən deyirsən tələdir, tovlamadır...

– Bəs nə deyim? Qoymazsınız kasıbçılıq edax? Hacı Mirzə Sadıq Ağaya ürəyin yanır, buyur, bir dənə risalə al, görax. – O, yeşiyindən götürdüyü bir dəstə risaləni xana tərəf uzatdı.

– Daha dalısını demə, ver buraya risalələri! – Xan risalələrin hamısını aldı.

Oğlan pullarını alan kimi əlini salıb sol tərəfindən asdığı balaca xurcundan bir dəstə də risalə çıxartdı. “Allah bərəkət versin, ağa” – deyib onlardan ayrıldı. O qədər uzaqlaşmamışdı ki, onun səsi yenidən eşidildi: 

– Tələdir, tovlamadır, Hacı Mirzə Sadıq Ağanın risaləsini alın ha!..

Seyid dayana bilmədi: 

– Gördünüz, daaş, vallahı bu onun öz işi deyil! – Molla nə isə demək istəyirdi ki, nəfəsli orkestrlə gələn soldatların tappıltısı eşidildi.

Demokratlar soldatların ardınca məzarstana yetişdilər. Burada onlar iki qəbrin arasında qoyulan xitabət kürsüsünün ətrafında qarışıq halda dayandılar. Xitabət kürsüsünə üç adam çıxdı. Bunlar Şeyx Məhəmməd Xiyabani, Hacı Məhəmmədəli Badamçı və Təbrizdəki rus vətəndaşı və soldatı nümayəndələrinin sədri Qəmbərov idi. Mitinqi açıq elan edən Məhəmmədəli Badamçı qısa bir nitqdən sonra ilk sözü Azərbaycan demokrat partiyasının rəhbəri Şeyx Məhəmməd Xiyabaniyə verdi.

O, sürəkli alqışlar altında sözə başladı: 

– Əziz qardaşlar, hörmətli ağalar! Rusiyanın bugünkü inqilabı bütün dünya azadxahlarının diqqət mərkəzində durur. Uzun illərdən bəridir ki, rus xalqı çarizmin ağır zülmü altında inləyirdi. Sabiq Rusiya başçılarının işğalçı fikirləri və təşəbbüsü təkcə Iranın deyil, Rusiya ilə qonşu olan bütün xalqların nifrətini qazanmışdı. Biz onu da yaxşı bilirik ki, əsil azadxah rus öz səadətini başqa xalqların, o cümlədən də iranlıların bədbəxtliyində axtarmır. Təəssüflə demək olar ki, sabiq hökumətin işğalçılıq niyyəti və özgə dövlətlərin daxili işlərinə qarışmaq siyasəti iranlılarla rusların arasında böyük bir təfriqə yaratmışdır. Bildiyimiz kimi, hər gecənin ardınca bir gündüz gəlir. Istibdadın ən böyük istinadgahı olan Rusiya imperatorluğu öz xalqının əli ilə çoxdan gözlənilən və özünə layiq məcazata çatdı. Bir neçə illik fitrətdən sonra iranlılar da öz milli fəaliyyətinə başlamağa imkan tapmışdır. Iran azadxahları Rusiyanın bu böyük inqilabına qarşı xoşbindirlər. Hətta onu öz milli səadəti üçün bir vəsilə hesab edirlər. Həmin böyük inqilabın müsbət təsirindən biri də zidd hisslərin məhvə doğru getməsidir. Hazırkı ruslar sabiq hökumətin törətdiyi cinayətlərə görə əzilən xalqlardan üzr istəyir. Bununla onu demək istəyirəm ki, indiki rusla o zamanki rusun böyük fərqi var. – O, əli ilə qəbirlərə işarə etdi. – Ey azadlıq uğrunda şəhid olanlar! Sizin çəkdiyiniz zəhmətlər, axıtdığınız qanlar hədər getmədi. Sizin əkdiyiniz və öz qanınızla suvardığınız azadlıq toxumu göyərib bəhrə verir. Rahat yatın ki, öz ölməzliyinizlə ölü kimi olan iranlıları diriltdiniz. Həmvətənlərim, ruslarla ünsiyyət bağlayın, onları sevin! Şad olsun vətən şəhidlərinin ruhu! – deyə o, əlindəki iki dəstə gülün birini Şeyx Səlimin, birini də Siqqətül Islamın qəbri üstünə atdı, camaatın çoxu da onun kimi elədi.

– Yaşasın azad rus xalqı! Yaşasın azad Iran xalqı! – deyən səslər ucaldı.

– Indi də sözü Təbrizdəki rus vətəndaşı və soldatı nümayəndələrinin sədri Qəmbərova verirəm, – deyə Hacı Məhəmmədəlinin səsi eşidildi.

– Yoldaşlar, çox səbirsizliklə gözlədiyimiz saat gəlib çatdı. Əsrlərdən bəri rus və Iran xalqının boynundakı əsarət zənciri qırıldı. – Qəmbərov aramla danışırdı: – Iran xalqını əsarətdə saxlamaq məqsədilə bağlanan əhdnamələr cırılıb: Irana verilən iyirmi bir milyon manat borcu, Təbriz Culfa dəmir yolunu və Urmu gölündə üzən gəmiləri dünya proletariatının rəhbəri Lenin Iran xalqına bağışlayıb.

Sürəkli alqışlar altında “Yaşasın Lenin!” sədası təkrar-təkrar eşidildi.

– Bu iki xalqın əl-ələ verib qardaşlıq etməsi, bütün dünya zəhmətkeşlərinin səadətə qovuşması üçün imkan yaradır.

Xiyabani dilləndi: 

– Yoldaşlar, çar hökuməti və ingilislər Iranı uçuruma sürükləyirdilər. Iki zalım bir məzlumun boynuna kəndir salıb, hərəsi bir yana dartırdı ki, o, dirçələ bilməsin. Bax bu kişilər o məzlumun harayına vaxtında yetişdilər, onun boynundakı kəndiri kəsib dedilər: “Sən azadsan!” Iranın ən böyük xilaskarı Lenindir! Zülmün kəndirini həmişəlik kəsən odur!

Yer-yerdən yenə də səslər ucaldı:

– Yaşasın Lenin! Yaşasın Lenin!..

Qəmbərov nitqinə davam elədi:

– Əziz yoldaşlar, inqilabçı rus xalqı bu il Peterburq küçələrində tökdüyü qanla 1910 və 1911-ci illərdə çar hökumətinin sizə vurduğu qara ləkələri yudu. Biz indi alnıaçıqlıqla sizə tərəf gəlib, öz doğma qardaşımız kimi sizi öpürük! – deyə natiq Xiyabanini bağrına basdı. Onlar öpüşdüyü zaman soldatlarla əhali də bir-birini bağrına basıb öpüşdülər. Əhalinin əksəri sevindiyindən uşaq kimi ağlayırdı. Məhəbbət və mütəqabil hörmətlə dolu olan bu həyəcanlı dəqiqələr olduqca səmimi və təsirli keçdi.

Bayaqdan bəri xanla mollanın yanını kəsib duran cavan onlara müraciətlə dedi: 

– Indi sizə yəqin oldu ki, bu uruslarla o urusların fərqi var? Öz gözünüzlə görüb, qulağınızla eşitdiniz ki, bunlar onlar deyil?!

Xan başı ilə onu təsdiq etdi. Molla nə isə demək istəyirdi ki, yenə də Qəmbərovun səsi eşidildi: 

– Əziz qardaşlar, mehriban yoldaşlar! Mən bunu da sizə deməliyəm ki, istər rus, istərsə də Iran inqilabçılarının tökülən qanları qisassız qalmadı. Rusiya zəhmətkeşləri elə bir intiqam aldı ki, bir daha zalımın əli məzlumun üstünə qalxa bilməyəcəkdir!

– Yaşasın Rusiya zəhmətkeşləri!

– Yaşasın Rusiya Sosial Demokrat partiyası!

– Bəli, qaranlıq dağıldı, səhərin şəfəqi aləmi öz nuruna qərq etdi. Köhnə sədlər yıxıldı, Iran və rus azadxahlarının işıqlı günləri başlandı. – O da əlini qəbirlərə tərəf tutdu. – Şəhid olan bu azadlıq rəhbərlərinin ruhu, keçmiş hökumətlərin yaratdığı nifaqı bu iki xalqın arasından götürməyi bizdən tələb etdiyi kimi, birlik, qardaşlıq, mütəqabil hörmət yaratmağı da tələb edir. – Gəlin, biz bu hörmətli şəhidlərin qəbri üstə and içib məhəbbət və qardaşlıq toxumunu onların qəbrinə səpək. Qoy azadlıq yolunda canlarından keçən iranlı qardaşların qanı onları göyərdib qüvvətləndirsin! – deyə əlindəki iki dəstə güldən birini Şeyx Səlimin, digərini isə Siqqətül Islamın qəbri üstə atanda soldatlar “ura” çəkdi. Camaat da səslərini onlara qarışdırdı. Hamı əllərindəki gülü şəhidlərin qəbri üstə atdı.

Bu tarixi mitinq “Yaşasın Lenin!” sədası ilə qurtardı..

4.

Birinci dünya müharibəsi vaxtı çar Rusiyasının qoşunları Iran Azərbaycanını və Türkiyə torpağından Anadolunu tutmuşdu.

Oktyabr inqilabının qələbəsindən sonra oradakı qoşunlar geri çağırıldı. Dəstələr geri dönən kimi Zaqafqaziya, Anadolu, Iran Azərbaycanı, xüsusilə Maku şəhəri bir-birinə düşmən kəsilən daşnaq, müsavat, ittihad, tərəqqi partiyaları və ingilis imperialistlərinin bolşeviklərə qarşı apardığı amansız mübarizə meydanına çevrildi.

Ittihad və tərəqqiçilərlə daşnaqların mübarizəsi son dərəcə şiddətlənmişdi. Iravanın[1] Astafinski küçəsindən gələn daşnaq dəstələri şəhər bulvarının aşağısındakı rus kilsəsinin həyətinə toplaşmışdılar.

Keşiş onlara xeyir-dua verib, böyük erməni imperiyasını yaratmağa çağırdı, onları Anadoludan geri çəkilən çar qoşunlarının yerini tutmağa göndərirdi. Daşnaqlar erməni olmayan yerli əhaliyə divan tutur, öz yerlərini möhkəmləndirdilər.

Qahirə, Batum, Kars, Ərdəhan və Irəvan tərəfdən isə ittihad-islamçılar sel kimi axıb gəlir, daşnaq qoşunları ilə qanlı döyüşə girirdilər. Türklərə müqavimət göstərə bilməyən daşnaqlar tezliklə geri çəkilməli oldular.

Azərbaycana doğru irəliləyən panislamistlər iki yoldan axışıb gəlirdi: birinci Van Bitlismuş, ikinci isə Ərzurum, Həsənqala və Bayazid yolu idi. Onların Azərbaycana keçmək fikrində olduqlarını birinci dəfə Maku ilə Bayazid arasında Sirbəhan kəndində yaşayanlar xəbər vermişdilər.

Yaz idi. Ağaclar təzəcə çiçəklənmişdi. Makunun şimal tərəfini tutan Sarıqayadan başqa hər tərəf yaşıllaşmışdı. Bağlarda açan qızılgülün ətri Maku dərəsini doldurmuşdu. Səbət dağındakı qoyun sürüsü şirin-şirin otlayırdı. Hava çiskinli idi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info