Qonaq Kitabı
SƏSLİ QIZ

Donuq bir şey göründü

Duyğusuz padişaha,

“Oxusun!” - əmri çıxdı.

Sara coşdu bir daha.

Can verən sərxoş gecə

Ölürkən yorğun, əzgin,

Coşdu qızın səsində

Ölkədə qaynayan kin.

Boş yerə bir ölkənin

Haqsızca axan qanı

Saranın dodağında

Canlandı, oldu mahnı:

 

Şərqi

Mən ki, səndən doymamışdım,

Quş qonmağa qoymamışdım.

Bir almanı soymamışdım,

Kim sənə gəc baxdı, bağlar?!

 

Bağçalarda qırmızı nar,

Qırmızı, qan güllərin var;

İyləməyə doymamış yar,

Gəldi şimşək çaxdı, bağlar!..

 

Qızlarının boynu bükük,

Ördəyinə can ağır yük.

Çaldı şahmar, tozladı tük,

Gör nə qanlar axdı, bağlar!..

 

Darğınam mən belə baxta,

Ürəyim qan laxta-laxta.

Bax ki, kimlər çıxdı taxta,

Küsdü kimin baxtı, bağlar!

 

Çıxmamış gün, atmamış dan,

Qanlı bir toz qalxdı yoldan.

Qoç igidlər oldu qoldan,

Qanlı kəfən taxdı, bağlar!

 

Nədir səndə bu qüvvət,

Susdurur aslanları.

Bəzən düşündürür də,

Qan içən insanları!

 

Sara susunca, xaqan,

Xırlayıb, bağırdı: “Hey,

Mən Saranın əlindən,

İstərəm bir qədəh mey!..”

Bir oxla ayrılmışdı,

Sara nişanlısından.

Düşündü: “İntiqam al,

Gəl onun qanlısından”.

Arqunu görməmişdi,

Son nəfəsdə gülərkən.

İndi görmək istədi,

Cəlladını ölərkən.

Fırlatdı bir qəhqəhə,

Çılğınca qalxdı birdən,

“Arqun, sən olmadıqda,

Yaşayaram necə mən?!

Arqun, yetiş, hardasan?

Qaldır mənim qolumdan,

Qurtarım öz yurdumu

Həqarətdən, zülümdən!”

Sara süzdü bir dəfə

Xaqan mırlandı: “Bəh!..Bəh!”

Sara süzdü bir daha

Əlində gülgün qədəh.

Rəqqasələr də qalxıb

Başlayınca süzməyə;

İti bir hərəkətlə

Zəhər qatdı qız meyə.

İndi onun halını

Gücdür gətirmək dilə;

Ürək çırpıntısından

Çapqınlandı mey belə.

Qadınlıq qorxusundan

Yarıldı gülgün dodaq,

Yanaşdı titrəyişlə

Düşmən şaha bir sayaq;

Qansız dodaqlarilə

Öpdü şahın əlindən.

“Buyursun padişahım!”

Zorla çıxdı dilindən

- Sən çoxdan içməliydin

Bu gülgün zəhri, ey şah.

Şahmarı sağ buraxmaq

Öldürməmək bir günah!..

Doğrudur xalqın sözü:

Qanlıyı qan tutarmış,

Bəzən də bir içim su

Əjdahanı boğarmış!

 

Şahı ölmüş görəndə

Açılan gülgün səhər,

Qarışdı məclis bütün

Qaçışdı rəqqasələr.

Səs-küy yayıldı şəhrə

Çatdı başsız bir ordu

Bir sərçə çıxdı birdən

Qaçırtdı qanlı qurdu.

Ayaqlandı bütun xalq -

Arvad, uşaq, qocalar...

Çarpışdı son gücüylə

Düşmən oldu tari-mar...

Bir qızın hümmətilə

Qurtarıldı bir ölkə,

Az çəkmədən qan ilə

Yuyuldu iyrənc ləkə.

 

Gözəl qız, həmin ölkə

Dustaqdan azad oldu

Sara adı xalq üçün

Ən sevimli ad oldu...

İlk qüvvəti o qızdan,

Alırmış hər sənətkar.

Hər bucaqda Saranın,

Mərmərdən heykəli var...

 

“Azadlıq” eşidincə,



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info