Qonaq Kitabı
SƏSLİ QIZ

Hər dərdə solğun ay da...

Ondan gözəl bu zülmü

Bir can ki, görməmişdi,

Qırğında fırlanarkən.

Ay sanki görməmişdi...

Aydan cavab almalı,

Ac, kimsəsiz qalanlar...

Çaş-baş olub baxırdı,

Aydan soraq alanlar...

Axşam düşüncə susdu,

Öz yoxluğilə allah.

Allah yerinə qaldı

Töyüşüklü bir yanıq ah!..

 

Yoxsullr boğularkən

Bu qanlı, yaslı vayda,

Xaqan dalmışdı eyşə

Bağlardakı sarayda.

Mərmər sütunlu qəsrin

Sarmaşıqlı eyvanı

Çıraqlarla bəzənmiş,

Nurladırdı hər yanı.

Çiçəkli köşkü axşam

Bəzətmişdi əski şah

Xaqan demişdi: “İndi

Kef etməmək bir günah.

Mənim sadiq vəzirim,

Gəl, gəl, baxaq hesaba:

Vəzirimin saqqalı

Boyansın bir şəraba!”

Gül əndamlı saqilər

Dad qatınca kəlamə,

Yaşılçarşaf sərvlər

Dikildilər səlamə.

Uçuşdu rəqqasələr

Baş vəzir əl çalınca,

Mərmər döşləri üryan,

Baldırlar da yalınca...

Atıldı nazlı qızlar,

Töküldü tellər üzə,

Min yerdən “can!” deyildi

Hər axan süzgün gözə...

Gülərkən gül üzlü qız,

Minalı, güllü qabda,

Büllur əyaqda coşdu

Dünya görən şərab da.

Dumanlandı beyinlər,

Süzüldü gözlər tamam,

Əl-ayaqlar göynədi,

Əzildi sözlər tamam.

Çıxardı sanki yaddan

Axıtdığı qanları,

Səvərdi sayqısızca

Ordu komandanları.

Xumarlandı gözləri

Çılpaq qadınların da,

Sərildilər yerlərə

Xaqanın yanlarında.

Yüksəldi hər tərəfdən

Şəhvətli, kirli səslər

Alınlarda dolandı

Ölüm iyli nəfəslər...

Göründü şəhvət açıq

Xaqanın sözlərindən;

Ədəbsizlik qabardı

Bərəlmiş gözlərində...

 

Qaçışın, yazıq qızlar,

Boğsunlar, ölün barı.

Yox, ölüm dadlı isə,

Oynayın, gülün barı!

Bu axşam səs çıxarmaq

Deyil həddi kimsənin,

Günahın ondadır ki,

Adın qadındır sənin

Elə isə durmadan

Dincəlmədən çal-çağır;

Batdımı gözəl səsi,

Bağır deyirlər, bağır!...

Ey süzən qumral qadın,

Yazıqsan süzmə belə!

Qurtarış yoxdur sənə,

Canını üzmə belə!..

 

Göstərdilər xaqana

Kəsmə telli bir qızı,

Dedilər ki, “bu Sara -

Ölkəmizin ulduzu”.

Fərqi yox, qoy süzülsün,

Baxsın belə dərindən,

Nə anlar sərxoş baxış

Saranın gözlərindən!

Kim ki, Saranı gördü,

Çəkdi xeyli yanıq ah.

Bir şey qanmadı ondan

O qəlbi kor padişah.

O qızıl gül damlayan

Meyli dodaqlarında,

Pənbə rəngi qızardan

Pənbə yanaqlarında,

Hər dəfə çağrıldıqda

Ürkək gəlişlərində,

Qorxusundan ağaran

O inci dişlərində,

Fikri dərinləşdirən

Qıvırcıq saçlarında,

Qüdrətin qələmiylə

Çəkilmiş qaşlarında,

Dolğun döşdən qabarmış

Töyşüklü sinəsində,

Dünyanı alt-üst edən

Canlı, billur səsində

Parlayan aləmləri

Anlarmı qan içənlər?!

Nə bilir çiçək nədir,

Kor gəlib, kor keçənlər?!

Kar olanlar dünyanın

Mənasız hay-huyundan

Nə anlardı Saranın

Orta, oynaq boyundan?!



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info