Qonaq Kitabı
SƏSLİ QIZ

Yandırıldı çox canlar.

Qalmadı ağızlarda,

Yaşamağın heç dadı.

Bir çox yazıq quşların,

Qoparıldı qanadı.

Əsgərsiz komandanlar,

Qırıb atdı yayını.

Fələk döndərdi zəhrə,

Bu ölkənin payını.

Gülmək zatən yox idi,

Ağlamaq oldu yasaq.

Zavallı məğlub ölkə,

Sənə nə hüquq, nə haqq!.

***

Ertəsi gün çox erkən,

Yuyuldu qaldırımlar.

Şallaqla güldürüldü,

Hıçqırıqlı bir diyar.

Yuyuldu divarlara,

Sıçramış qan ləkəsi.

Vay səsi susduruldu,

Əmr edildi toy səsi.

Haqqı yoxdu kimsənin,

Söz deyib, dərd açmaya.

Bəzənib çıxmalıydı,

Gələnlər ağlaşmaya.

Döndü, oldu qəhqəhə,

Qan qusan hıçqırıqlar.

Çiçək səpəcək oldu,

Bütün qəlbiqırıqlar;

Qan içən padişaha,

Hazırlandı istiqbal:

-         Çıxmalısan qarşıya,

İstəyir öl, istər qal!..

Elə bil olmamışdı,

Dünənki keçməkeş də.

Çıxdı güləş üzüylə,

O bəxtəvər günəş də.

“Mənim də qanlı, qansız,

Cilvələrim var!” deyə.

Çıxdı dərin göylərə,

Sıçrayaraq üzməyə.

Yüksəlincə göylərin,

Sakit gəzən sultanı.

Qaranlığın qalmadı,

Dodaqlarında qanı.

Çaşdığından əvvəlcə,

Bulutlar da qızardı.

-         Dünən bulutların da,

Çox dönük rəngi vardı! -

Bir az sonra onlar da,

Əkildilər getdilər:

Yerdə qalan buludlar,

Matəmi tərk etdilər.

Kimdir bu sultan deyə,

Sordular bnr-birindən;

Eşidincə adını,

Ah çəkdilər dərindən.

Ağardılar qorxudan,

Çəkildilər dağlara;

Sırmalı bəxtəvər də,

Qonaq gəldi bağlara.

***

Bilmirəm gördünüzmü,

Sabah vaxtı çiçəklər.

Çıxınca çaşqın günəş,

Nə dadlı mahnı söylər?!

Bu qıldıqsız Günəşin,

Sehr var baxışında.

Bir kərə göründümü,

Göz yaşı axışında,

Çiçəkli kirpiyində.

Yaşdan əsər qalmayır,

Qaşqabaqlı buluddan.

Bir salam da almayır...

Nəşədən hallanırlar...

İçirlər zövqi incə...

Çiçəklərdə dad vardır,

Ta qaranlıq gəlincə...

-         Ömürdəndir bir gün də,

Ey çiçək sevin, haydı!

-         Ya batmayaydı Günəş,

Ya çiçək olmayaydı!..

-         Birdə ki, bu həyatda,

Günəşmi yalnız batan?

Az qaldı deyəcəkdim,

Bütün həyat bir yalan!..

-         Həyat yalan olsaydı,

Bu coşğun çiçəklər nə?..

Yox, bir günlük də olsa,

Həyat həyatdır yenə!..

 ***

Dünən bir nişan yoxkən,

Bağda səsdən, səmirdən.

Enincə dağdan günəş,

Quşlar da coşdu birdən.

Qarışdı qaqqıltılar,

Büllur səsli cəhcəhə,

Yüksəldi hər budaqdan.

Bir nazənin qəhqəhə...

Sanki birdən çalındı,

Qumrov, kaman, nayla, ney.

Doldu şirin səslərlə,

Kölgəli bağ, boz güney...

Məgər bəzən həyatla,

Ölüm qardaş olurmuş:

Uçuşurdu yanaşı,

Göyərçinlə qaranquş!..

Qorxmadan üzə çıxdı,

Eldən qaçan qırqovul.

Yumşaldı ürəklər,

Qalmadı şeytan, çuğul....

Zalımın bəxti üstün,

Məzlumların ahından,

Quşlar nə gözləyirdi.

Ölüm padişahından!?

Quşlar da, bax, gözəl qız,

Coşdu o gün sənintək;

Onlar da sərdi, durdu,

Yollara səsdən ipək.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info