Qonaq Kitabı
SƏSLİ QIZ

Fələk görməmişdi bu vurhavuru.

Toz ərşə dayandı, göy dumanlandı,

Torpaq şaxa qalxdı, toz da canlandı.

Qıvrıla-qıvrıla boz bir əjdaha,

Gəlirdi salama büzülmüş şaha.

Böyüdü, canlandı donuq nöqtələr...

-         Onlar atlılardır, nöqtə nə gəzər;

Bir az yaxşı dinlə, hey qıyya bir bax?

Dördnala gəlirlər atlar çaparaq.

Düşmənin də olsa bax, bir az əylən,

Özləri igiddir, atları köhlən.

Olunca kefin kök, yollar da həmvar,

Qızışmış atlarda başqa ləzzət var!

 

O gün, doğrudan da, coşmuşdu atlar,

Uçaraq yetişdi qırx, əlli çapar.

Yanaşıb ədəblə el qarğamışa,

Dedilər, yoldadır gərdüneyi-şah.

 

 

Qaçdı məğlub şahın bətn-bənizi,

Coşdu, dalğalandı insan dənizi.

İstidən bayıla, tərdən boğula,

Birdən bütün başlar çevrildi yola,

Gözlər qıyılaraq qaşlar çatıldı,

Qələnin bürcündən toplar atıldı;

Bəzəkli qurbanlar sərildi yerə,

Parladı bıçaqlar tək bircə kərə...

Əvvəl bir sızıltı... sonra təpinmə...

- Dinmə, yazıq heyvan, ölsən də dinmə!

Çevrilmiş gözünlə yollara bir bax:

Bu gələn kərdunə uğursuz qonaq

İçməyə qan istər, bilirsənmi, qan!..

Heyvan qanı içər, olmasa insan.

Bax belə alqışla, çırpınıb dur da...

Sənni də payın var bu vurhavurda!

Belə bir cəlalı görməmisən sən:

Qabaqda qır atın üstündə gələn

O seyrək saqqalı, buxağı salla,

Yeddi tuğ ardınca gələn cəlalla,

O qanlı şərabdan doymayan xaqan,

Səndən qan istəyir, bilirsənmi, qan!

 

Nədənsə, qatilləri

Boğmayırmış göz yaşı...

Gəldi uğursuz xaqan,

Əkildi xalqın başı;

Baxaraq azğın-azğın

Qan daman gözlərilə

Ürəkdən məğlub şahın

Əyləndi sözlərilə.

Qalxdı başlar səcdədən

Başladı çirkin hesab:

Dodaqlar üzəngidə

Öpüldü çaxçur, corab.

Simur kürkün ətəyi

Öpüldükcə marçamarç

Ayini-təqdis etdi.

Məshəb ilə qızıl xaç.

Nə fitvalar çıxardı

Ac gözlü yaltaq xoca!

Keşiş də xaç çevirdi,

Yalan qusdu bolluca.

Din bir çəkuzandısa,

Həm uzanır bükülür,

Həm qaynar qatran olur -

Boğazlara tökülür:

Sehrli bir halı var,

Haqq çıxarır yalandan.

Yeni bir fitva tapır

Hər olandan, qalandan...

Qalmadı dal cərgədə

Burda da tacirbaşı,

Keşiş, xoca, bir yerdə

Durmuşdular yanaşı.

Əslisi gəldi sanki

Bağrıyanıq Kərəmin,

Edilən dualara

Ürəkdən dedi: “Amin”!

Ağsaqqalı bir qoca

Bir ehtişam əsiri,

Uğursuz hökmdarın

Beş tuğlu baş vəziri

Yetirdi məğlub şaha

Buyruğunu xaqanın:

“Malın, mülkün bizimdir,

Amanda ancaq canın.

Qarşı çıxdın xaqana.

Tutmadı, söndü baxtın.

Qılınc çaldı: qazandıq,

Bizimdir tac və taxtın”.

“Yaşasın” bağırtısı

Qopunca hər bir yandan

Hərəkət əmri verdi

Lələkli baş komandan.

Dal qılınc rigabdarlar

Yarıb keçdi irəli,

Yol açdı kərdunəyə

Bağrışaraq sərsəri.

 

Beləcə əski parça

Bnr çırtmayla atıldı;

Bütün bu ölkə xalqı

Çox ucuzca satıldı.

 

Qaldı bütün kənarda

Can verənlər, ölənlər.

Satışı təsdiq etdi

Tox qarınla gülənlər.

Axşam çökdü şəhərə,

Bir südlü, aylı axşam.

Çoxlu xəbər gətirdi

Şivənli, vaylı axşam...

Ürkək gəzən kölgələr

Qorxurkən bir-birindən

Göz vurdu ulduzlar da

Göylərin kəfgirindən.

Hıçqırdı yer, bu, doğru,

Bir bax ki, göy nə hayda?

Solğun dodaqla güldü



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info