Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS (Hacı Qara)

Kərəməli. Mənim o yükdən heç xəbərim yoxdur.

Naçalnik. Bəs o mal kimindir?

Kərəməli. Bilmirəm.

Naçalnik. Bəs sən at üstündə deyildin?

Kərəməli. Bəli.

Naçalnik. Bəs yükü atın üstünə kim qoyubdur?

Kərəməli. Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur.

Naçalnik. Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma qaçaq mal alış-verişi eləməz. Doğrusunu de, yoxsa dərini soyaram.

Heydər bəy. Naçalnik, bir ərzim var.

Naçalnik. De görüm.

Heydər bəy. Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu kişini mən iki yoldaşım ilə qaçaq mal gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının qorxusundan yolda əyləmiş imiş.

Naçalnik(Heydər bəyə). Mətləb məlum oldu. Bəs yoldaşların kim idi?

Heydər bəy. Əsgər bəy, Səfər bəy.

Naçalnik(murova). Oları çağırt, gətirt.

Murov. Bu saatda.

 

Murov bir yasavul göndərir.

 

Naçalnik(Heydər bəyə). Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır?

Heydər bəy. Ohan həqiqətdə yalan danışdı, naçalnik! Ondan ötrü ki, biz hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bulara rast gəlib, qorxudub qovduq, çıxıb gəldik. Sənin başın üçün, Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur!

 

Bu halda bir yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.

 

Naçalnik. Heydər bəy, yoldaşların bulardımı?

Heydər bəy. Bəli, bulardır!

Naçalnik. Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün paşburtsuz sərhəddən o taya keçib, qaçaq mal keçirib murov göndərən qaravulların üstünə qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saatda sizi dustaq edib Qalaya aparam.

Heydər bəy. İxtiyar sənindir, naçalnik!

Sona xanım(yeriyib naçalnikin ətəyin tutur). Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma!

Naçalnik. Heydər bəy, bu kimdir?

Heydər bəy. Naçalnik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə bais budur.

Naçalnik. Necə məgər?

Heydər bəy. Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. Iki il idi qovuşmaq həsrətin çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim.

Sona xanım. Başına dönüm, bizi padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verrəm ki, bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyam.

Heydər bəy. Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında yuyam.

Naçalnik(murova). Vallah, yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən bu işi yuxarı bildirənədək buları zamına vermək olarmı?

Murov. Olar.

Əsgər bəy. Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq!

Naçalnik(murova). Buları zamına ver, ta yuxarıdan cavab gəlincə.

Murov.  Baş üstə!

 

 

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girib, naçalnikin ayağına döşənib.

 

Tükəz. Başına dönüm, mənim ərimi mənə ver!

Naçalnik(Hacı Qaraya). Kişi, dəxi qaçaq mala getməzsən ki?

Hacı Qara. Tövbə olsun, naçalnik! Tövbə, tövbə. Gecə-gündüz sənə dua edəcəyəm ki, məni bu əməldən qaytardın!

Naçalnik(murova). Bunu da zamına ver.

Murov. Baş üstə!

Hacı Qara. Başına dönüm, bəs malım necə olsun?

Naçalnik. O barədə səbr elə.

Hacı Qara. Qurbanın olum, malım yetişməsə ölləm!

Naçalnik. Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərin və tuğluları da burax getsinlər. (Bəylərə). Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllər ilə özünüzü bədnam edib ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan – Allahın əmrindən çıxan kimidir. Allahın əmrindən çıxana o dünyada qəzab yetişər, padşahın əmrindən çıxana bu dünyada; Allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayi-dövlətin rəhmi çoxdur, olur ki, sizin bu təqsirinizi bağışlayalar. Amma bundan sonra gərəkdir niyyəti-xalis ilə dövlətə sədaqətindiş olub, hər bir xüsusda, yaman xəyalları başınızdan çıxardasınız!

Bəylər. Can-baş ilə nəsihətini qəbul edirik, naçalnik.

Naçalnik(Sona xanımın əlindən tutub). Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi səndən ayırmadım. Ondan yaxşı muğayıt ol, genə bir pis iş tutmasın, ta yuxarıdan cavab gəlincə.

Sona xanım. Mənim başım üstə, naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə qoymanam.

Naçalnik. Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz! (İstir getsin).

Hacı Qara. Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər.

Naçalnik(murova). Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə əməlləri tərk ola!

Hacı Qara. Allah sənin ömür, dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam!

 

Naçalnik uzaqlaşır, dalısınca da adamlar.

 

Pərdə  salınır.

 

 

Tamam olur.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info