Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS (Hacı Qara)

 

Hacı Qara. A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə oturmaqdan! Qiyamətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, sövdəgərlik eliyirsən, qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküm! Bu qızılbaş, rus malı bəs niyə satılmır? Xeyr, bir elə iş olmasa, mən bu zərəri ölüncə ödəyə bilməyəcəyəm! Durum, gedim evə, tədarükümü görüm. Bir belə xeyir az ələ düşər, yoxsa qüssədən dərdəcər ollam.

 

Dükanı yığışdırıb, bağlayıb gedir. Bu vaxtda məclisin vəzi dəyişib Hacı Qaranın evi məzərə gəlir. Hacı Qara əlində açar sandığın açır, torbadan qızıl sanıyıb əlahiddə kisələrə qoyur, sonra gedir tüfəng-tapancasını, xəncərini, qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı Tükəz yetişir.

 

Tükəz. A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?

Hacı Qara. Səfərim var, yola çıxacağam!

Tükəz. De görüm, hara gedəcəksən?

Hacı Qara. Sənə deməli deyil!

Tükəz. Necə deməli deyil! Quldurluğa getmirsən ki, məndən gizlirsən.

Hacı Qara. BuElə, bir elə zaddır!

Tükəz. Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır).

Hacı Qara. Dükanı Allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın çarəsini görüm!

Tükəz. A kişi, başına nə gəlibdir, çarəsin görəsən? Nə danışırsan?

Hacı Qara. Dəxi nə gələcəkdir! Evim yıxılıb gedib! Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir.

Tükəz. Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola yiyəsən, giyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən?

Hacı Qara. Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd-nəsihət vermə! Yaraqları yerə qoy! (Əlin uzadıb tüfəng-tapancanı dartıb alır).

Tükəz. Yəni sən bu yaraqları qurşanıb olar ilə adam qorxudacaksan? Bu tüfəng-tapancanın iyirmisin üstünə götürəsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına! (İkiəlli başına qarıyır).

Hacı Qara. Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil burdan!

Tükəz. Kişi, dəli olubsan? Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən?

Hacı Qara. Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istirsən məndən?

Tükəz. Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram edəm? Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub gözəl cavanları qara torpaq altına yollayır.

Hacı Qara. Yer üzündə qalan murdarların biri sən özünsən ki, tövqi-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram?

Tükəz. Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər.

Hacı Qara. Arvad-uşaq zəhirmar yesin!

Tükəz. Sənin evində zəhirmar da tapılmaz; olsaydı, onu da bizə qıyıb verməzdin!

 

Bu halda bəylər çağırır.

 

Bəylər. Hacı, Hacı!

Hacı Qara. Arvad, çəkil get, adamlar gəlir!

 

Tükəz tez uzaqlaşıb, qapının dalısından qulaq asır.

 

Bəylər(geyinmiş içəri girirlər). Səlam-əleyk, Hacı!

Hacı Qara. Əleyküməssəlam. Hacı qadanızı alsın, buyurun əyləşin.

Əsgər bəy. Hacı, hazırsanmı?

Hacı Qara. Bəli, başına dönüm, hazıram! Pulları da, budur, ayırmışam; amma Hacı ağrını alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşırram, gətirərsiniz!

Əsgər bəy. Elə niyə, Hacı? Burda tapşıranda nə olar?

Hacı Qara. O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur.

Əsgər bəy. Eybi yoxdur, olsun. Di, dur gedək!

Hacı Qara. Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarımı, nökərimi gətirməyə.

Əsgər bəy. Heçə at götürürsən, Hacı!

Hacı Qara. Üç at ağrın alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yüklərik, nökər başın çəkər. Siz neçə at götürürsünüz?

Əsgər bəy. Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab sənindir, Hacı?

Hacı Qara. Bəli!

Əsgər bəy. Çox yaxşı. Di, bəs geyin!

Heydər bəy. Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq.

Səfər bəy. Vallah, mənim Hacıya bu gümanım yox idi.

Hacı Qara. Adam iş vaxtında tanılır, qadan alım! Siz məni elə arşınölçən bilib saya salmırsınız. Amma, inşaallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir para qaçaqçılara ki, hər yoldan ötənlərə mallarını verib boş qayıdırlar.

Səfər bəy. Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər?! Yasavul-qaravul libasında ki, adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən, deyirsən ki, fəqir yoldan ötəndir. Elə ki qapaqapyavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç macal olmur, hər nəyin var alırlar.

Hacı Qara. Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adamın başına gəlir. Heç kəsi gərək adam özünə yavuq qoymasın. Istər hər libasda olsa da. Bircə mənə rast gələlər, görərlər onların başına nə gətirrəm! Hamısına tövbələmə verrəm ki, dəxi heç qaçaqçının qabağın kəsməsinlər!

Səfər bəy. Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya!

 

Bu halda Kərəməli – Hacının nökəri və oğlu Bədəl içəri girirlər.

 

Kərəməli. Ağa, atlar hazırdır. Hara gedəcəksən?

Hacı Qara. Təbrizə!

Kərəməli. Təbrizə məni də istirsən aparasan?

Hacı Qara. Bəli!

Kərəməli. Nədən ötrü gedirsən, ağa?

Hacı Qara. Sənin nə vecinə?

Kərəməli. Necə vecimə deyil? Axı deyirsən, səni də aparıram. Bəs bilməyim ki, mən nəyə gərəyəm?

Hacı Qara. Gedirəm xiridə. Mal alıb ata yükləyəcəyəm, sən çəkə-çəkə gətirəcəksən.

Kərəməli. Ay ağa, havaqt başburt aldın ki, Təbrizə gedirsən?

Hacı Qara. Başburt lazım deyil.

Kərəməli. Elə olsa, mən getmənəm. Mən bir yol burdan Səlyana bilitsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı yadımdan çıxmayıbdır.

Əsgər bəy. Qorxma, murov heç vaxt bizim getdiyimizi bilməz!

Kərəməli. Doğrusu, mənim vədəm yaxınlaşıbdır, çıxıb özgəyə nökər duracağam. Hacı çox az muzd verir; bir də, qarnım doymur. Mən gedən də deyiləm.

Əsgər bəy. Sən bu səfər get. Yolda qarnın tutunca biz sənə çörək verrik. Hər birimiz də bir top çit bağışlarıq.

Kərəməli. Hacı da bağışlarmı?

Hacı Qara. Yükü sağ-salamat gətirib çıxarsan, mən də çalışaram sənin xeyrin üçün sənə verilən çitləri çox baha sataram.

Kərəməli. Olsun!

Hacı Qara. Buyurun, gedək!

 

Hamısı çölə çıxırlar. Sonra Tükəz məclisə gəlir, yalqız.

 

Tükəz. Vay, evinizi Allah yıxsın! Kişiciyi  tovlayıb qaçaq mala apardılar. Başına bir iş gəlsə uşaqcıqlarım yetim qalacaq! Vay-vay! (Dizinə çırpır, gedir).

 

Pərdə salınır.

 

 

ÜÇÜNCÜ  MƏCLİS

 

Üçüncü məclis vaqe olur Arazın kənarında, Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıj-haqıj axır; dumanlı gecədir, gah-gah ildırım şaxır.

 

Heydər bəy.  Burdan indi keçmək olmaz. Gərək bir dörd vers aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.

Əsgər bəy. A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək.

Heydər bəy. Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların həmişə Arazın qırağında busqusu olur.

Hacı Qara. Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.

Səfər bəy. Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal.

 

Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy, qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlı-əsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə.

 

Kazaklardan birisi. Ax, məlunlar! Yəqin quldurdurlar, at qovub gətirib keçirçək istirlər!

İkincisi. Mən belə bilirəm qaçaqçıdırlar.

Üçüncüsü. Hər kim olsa, haqqına fikir çəkərik.

 

Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar.

 

Heydər bəy. Di, tez olun, keçin! Dayanmaq vaxtı deyil.

 

Hamısı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan hoppanıb düşür suya, axır, kənardan suya uzanan söyüd ağacının budağına ikiəlli yapışıb sallanır, çağırır.

 

Hacı Qara. Ay aman, Heydər bəy, SƏfər bəy, Əsgər bəy, mənim dadıma yetişin, mən boğuldum!

Heydər bəy. Hacı, hardasan?

Hacı Qara. Burda, söyüd ağacına yapışıb sallanmışam!

Heydər bəy. Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün deyil!

Bədəl. A başınıza dönüm, mənim atamı çıxardın!

Kərəməli. A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin! Nəyinə gərəkdir qaydına qalırsan!

Əsgər bəy. Gədə, sarsaq danışma! Xurcundan sicimi çıxart, bura ver!

 

Kərəməli sicimi tez çıxardıb verir.

 

Heydər bəy. Yaxşı Əsgər bəy, tez sicimi gətir.

 

Əsgər bəy sicimi yetirir.

 

Heydər bəy. Hacı, sicimi atırıq, tut!

Hacı Qara. A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni aparacaq. Halqa edin, atın, belimə düşsün!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info