Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS (Hacı Qara)

 

Heydər bəy sicimi halqa edib tullayır, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara ikiəlli sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir.

 

Hacı Qara. Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan!

Heydər bəy. Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. gecə yarısı adam yatan vaxtda yola düşək.

 

Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər.

 

Ohan(ermənilərin yüzbaşısı). Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatla atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqlı da olsa, öhdəsindən gəlləm. A qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun. Inşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, Allah bilir, hamısını xingal kimi doğrayacağam!

Sərkis. A yüzbaşı, hansı tərəfdən gələcəklər?

Ohan. Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələci yolları yoxdur. Sərgis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəcək!

Sərkis. A yüzbaşı, elə hamı yüklərini alacaqsan?

Ohan. Allah bilir ki, xurcunlarınadək alacağam!

Sərkis. A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa axır qarabağlıdırlar. Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq.

Ohan. Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi düşübdür? Tərəf saxlasan, qarabağlılığı gözətləsən, bəd duadan qorxsan; qulluq yaraşdıra bilməzsən.

Sərkis. Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi?

Ohan. Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma!

Sərkis. Xeyr, heç gözlərinə görükmənəm!

 

Gedir.

 

Ohan. Uşaqlar, sərhesab olun!

 

Başlayır adamları düzməyə, sonra Sərkis qayıdıb.

 

Sərkis. Yüzbaşı, evinə od düşsün, qaçaqçılar gəlirlər! Amma qabaqlarınca bir ucasboylu, qıvraq geyinmiş, yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır.

Ohan. Doğru deyirsən?

Sərkis. Allah bilir ki, doğru deyirəm!

Ohan. De ki sən öləsən!

Sərkis. Sən öləsən, sənin başın üçün!

Ohan. Üstündə doğrudan tüfəng və tapanca gördün?

Sərkis. Vallah gördüm!

Ohan. Neçə idilər?

Sərkis. Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz.

Ohan. Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvaxt olaq.

 

Adamları geri durğuzur. Bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər.

 

Heydər bəy (əlində tüfəng irəli yeriyir). Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan!

Ohan. Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəklə danışırsan?

Heydər bəy. Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (Tüfəng qaldırır). A gedə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə buları qırmırsınız? Vursanız buları yıxılalar!

Ohan (yoldaşlarilə yoldan yan durur). Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan eləməyə, gümanam çox örgənibsiniz, amma balam, biz qırılası adamlar deyilik.

Heydər bəy. Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmayasınız? Al gəldi? (Tüfəngi uzadır).

Ohan. A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma. Bizim sizlə işimiz yoxdur!

Heydər bəy. Olmaz, qırışmal, öyünmə! Səni öldürməmiş qoymayacağam!

Ohan. A canım, mən qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik. Mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz?

Heydər bəy. Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruşursan? Silistçisən? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!!

Ohan. Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bulardan qan iyisi gəlir!

Sərkis. A yüzbaşı, bəs murova nə deyək?

Ohan. Olan, nə deyəcəyik? Görmürsən bular quldurdular? Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqdan qaraltı görəndə malın tökür, qaçır, bular ha bizi də soymaq, qırmaq istirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir!

 

Qayıdırlar.

 

Sərkis. A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək?

Ohan. Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!

Sərkis. Bəs deyəkmi quldura rast gəldik?

Ohan. Balam, nə işimiz var? Deyərik: dəvə görmədik, qığın da görmədik.

Karapet. Xeyr, yüzbaşı, deyərik quldura rast gəldik, çox idilər, girişə bilmədik.

Ohan. Yaxşı, onu sonra fikir edərik, hələ gəl!

Sərkis. Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür).

Heydər bəy. Erməni, genə geri dönürsən? Vallah sizin əcəliniz yetib; mən sizi qırmasam, siz burdan itməzsiniz.

 

Ermənilərin üstə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə başından düşür.

 

Ohan(diltəng). A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama!

Sərkis. Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim, götürüm.

Ohan(darıxmış). A gədə, qoy gəl, qoy qalsın!

 

Sərkis tez dönür, hamısı gedirlər.

 

Heydər bəy(dallarınca). Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!

Ohan(uzaqdan). Olan, nə danışırsan? Birelli deyilik, üz-üzə gəlməyəcəyik? Nə işimiz var xəbər verək? Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyərsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevənlərdən camış almağa, sövdəmiz baş tutmadı, qayıdıb gedirik.

Heydər bəy. Yaxşı di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb). Tez-tez gedin!..

 

Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdən itirlər. Bundan sonra Hacı Qara irəli yeriyib yoldaşlarına.

 

Hacı Qara. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız?

Heydər bəy. Nədən ötrü, Hacı?

Hacı Qara. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.

Heydər bəy. Camış alanın nəyinə lazımdır ki, gedir özünə zəhmət verə, üstümüzə kazak gətirə?

Hacı QaraSən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?

Heydər bəy. Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.

Hacı Qara. Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmayalar. Hər qabağa gələni adam sağ-salamat buraxsa, dəxi buların əlindən qaçağa gedib-gəlməkmi olar? Bundan sonra hərgiz dəxi qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib, bu nadürüstlərdən gələcəyinə, yolları təmizlərdim!

Əsgər bəy. Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi.

Hacı Qara. Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm Ağcabədiyə ki sabah cümə günüdür, bazara çatam, malı satam.

Heydər bəy. Hacı, oradan oyana yalnız gedə bilərsənmi?

Hacı Qara. Oradan o yana dəxi ki, kazak yoxdur.

Heydər bəy. Kazak yoxdur, amma murov yasavuluna tuş gələsən, onda yaxşı olmaz.

Hacı Qara. Mən özüm tarıdan istirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir qisas alam!

Heydər bəy. Barakallah, Hacı, maşallah, çox qoçaq imişsən!

Hacı Qara. Bir-iki yasavul mənə rast düşsün, oların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar. Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz!

Heydər bəy. Əcəb olar, Hacı, biz də hünərini eşidərik

 

Başlayırlar getməyə, bir az gedib gözdən itirlər.

 

Pərdə  salınır.

 

 

 

DÖRDÜNCÜ  MƏCLİS

 

Dördüncü məclis vaqe olur Xanaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyada, biri eşşək üstə gəlirlər.

 

Arakel. Mkrtıç, Allah qoysa bu il səksən çuval taxılımız olar.

Mkrtıç. İnşallah olar. Üç ildir taxılımızı çəyirtgə yeyirdi, amma tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq.

Arakel. Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik.

Mkrtıç. Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi.

Arakel. Əkinçiliyə Allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur.

Mkrtıç. At tappıltısı gəlir. dayan görək kimdir.

 

Dayanırlar, bu halda qabaqda Hacı Qara görünür.

 

Kərəməli. AğaEvimiz yıxıldı, ağa, qabaqda iki adam görükür. Demədimmi yoldaşlardan ayrılma! Tamahın güc gətirdi, gəldin, di, indi yaxşı Ağcabədi bazarında malını satarsan! Bu saatda yükü alacaqlar.

Hacı Qara. Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala?

Kərəməli. Belə bu görükənlər! Bir irəli dur, bax! Bular, şəksiz, murov yasavullarıdırlar. Di, çalış görək necə yükünü saxlayacaqsan.

Hacı Qara. Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yıxılma. Mən buları qabağlayım, görüm sözləri nədir? Tutub qollarını bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqçı malına tamah etməsin.

Kərəməli. Mən mız kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm.

Hacı Qara. Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng). Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum!

Mkrtıç. A canım, niyə vurursan? Biz ki sənə yamanlıq eləmirik? Yoldan gedənik!

Hacı Qara. Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burda niyə görükürsünüz?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info