Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS (Hacı Qara)

Mkrtıç. Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq.

Hacı Qara. Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib-gedənlər sizin əlinizdən qurtarmaz!

Mkrtıç(təəccüb ilə). Arakel, bu nə danışır?!

Arakel. Bir ağıllı-başlı soruş gör, sözü nədir, nə istir?

Mkrtıç. Ay qardaş, biz fağır padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir?

Hacı Qara. Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolkda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum!

Mkrtıç. A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir.

Hacı Qara. Mən adamsoyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını alanam!

Arakel. Mkrtıç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm.

Mkrtıç. Heç mən də başa düşmürəm. Dinmə, görüm nə danışır. (Hacı Qaraya mütəvvəcceh olub). Qardaş, biz kimin malına tamah eləmişik? Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xərac də, tövcü də veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək tuğlu bir adamın bir quruşunu yeyibsə, bizim qanımız sənə halaldır!

Hacı Qara. Sizin qanınız çoxdan halaldır. Amma bu zamanədək tökən olmuyub. Indi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. Indi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın, yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram!

 

Ermənilər başlayırlar qorxmağa.

 

Mkrtıç. Ay qardaş, yer haqqı, yer haqqı, göy haqqı bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin yutur?

Hacı Qara. Sizin təqsiriniz nə yerə sığışar, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur?

Mkrtıç. A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, aləm çörək tapmaz.

Hacı Qara. Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alnının tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görülübdür?

Mkrtıç. A qardaş, Allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir.

Hacı Qara. Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin! Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm!

Mkrtıç. Arakel, nə eyliyək?

Arakel. Vallah, mən özüm də mat qalmışam.

Mkrtıç. Pərvərdigara, nə iş idi düşdük? A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək.

Hacı Qara. Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz. Fikriniz odur ki, gedib murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olur!

Mkrtıç. A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən?

Hacı Qara. Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evini yıxana, zalıma, müftəxora, dar ağacına layiq olana!

Mkrtıç. Bəs sən özün kimsən?

Hacı Qara. Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı dərənin ortasında məni qabaqlardınızmı?

Mkrtıç. Vallah, biz özümüz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz heç səni tanımırıq və xəyalımızdan da keçməxdi ki, səni görəcəyik.

Hacı Qara. Bu sözlər bir pula dəyməz! Axırıncı sözümüzdür: məni məəttəl eləməyin. Tez olun, yaraqlarınızı salın!

Mkrtıç. Arakel, nə çarə edək?

Arakel. Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istirsən tullayaq, ha!

 

Oraqları qabağa tulluyurlar.

 

Hacı Qara. Tüfənginizi, tapancanızı, qılıncınızı tulluyun! Yoxsa od elədim!

Arakel. A kişi, sən necə adamsan? Allah haqqı, peyğımbər haqqı tüfəng, tapanca yoxdur!

Hacı Qara. İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun.

Mkrtıç. Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən elə! Allah cəzanı versin!

Hacı Qara. Bəs belə? Görün nə eylərəm? (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür. Arakel qorxusundan eşşəyin üstündən yumalanır. Hacı Qara tapancanı çəkib buların üstünə yürüyür, çığırır). Tərpənməyin.

 

Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə.

 

Mkrtıç. Ay Allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən?

Hacı Qara. Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub). A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç, qurtar!

Kərəməli. Ay ağa, geri qaçım, ya irəli!

Hacı Qara. Gic oğlu, gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç qurtar, tez!

Kərəməli. Yəni yük ilə qaç demirsənmi?

Hacı Qara. Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən?

Kərəməli. Mən özüm də belə bilirəm.

 

Atı çubuqlayıb qabağa,  gözdən itir. Bu halda Arakel istiyir ayağa dursun.

 

Hacı Qara(qaim sövt ilə). Ay tərpənmə, yoxsa vurdum!

 

Arakel genə yerə enir. Bu əsnada murov, üstüncə bir dəstə adam yetişir.

 

Xəlil yüzbaşı(murova). Ay ağa , burdadırlar, tapmışam, gəlin!

Mkrtıç. Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın!

Arakel(ayağa durmuş). Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nəcat verin!

Hacı Qara. Gözünüzə dönüm, hər kimsiniz, gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlayın, əyliyin, mən çıxım gedim.

 

Bu halda murov adamları ilə bulara tərəf çevrilir.

 

Murov. Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca gəlmişəm! Xəlil yüzbaşı, qoyma!

Xəlil yüzbaşı(irəli yeriyib ermənilərə). Ey, vallah tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı salın!

Mkrtıç. Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir.

 

Hacı Qaraya işarə edir. Xəlil yüzbaşı onun tərəfində çevrilir.

 

Xəlil yüzbaşı(murova). A kişi, tərpənmə, yarağını sal!

Hacı Qara. A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüm yerdə bular məni qabaqlayıb əyləyiblər, istirdilər soyalar, çalışıb özümü soydurmamışam.

Murov. Xəlil yüzbaşı, buyur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum olar!

Mkrtıç və Arakel. Ay ağa, vallah, bizim yarağımız yoxdur! İstirsən, yaxın gəlin, baxın.

Xəlil yüzbaşı(Hacı Qaraya). A kişi, sən yarağını sal, murov buyurur!

Hacı Qara. A başına dönüm, murov burdadır? Başım üstə, budur saldım. Mənim canım və malım murova peşkəşdir. Amma bular yalan deyirlər, yaraqların gizliyiblər.

 

Yaraq-əsbabın yerə salır, sonra murov öz adamları ilə yavuqlaşıb Hacı Qaraya.

 

Murov. A kişi, mən səni üç gecədir axtarıram. Xəlil yüzbaşı, bağla bunun qolların!

 

Xəlil yüzbaşı Hacı Qaranın qolların bağlayır.

 

Hacı Qara. A başına dönüm, mənim təqsirim nədir?

Murov. Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağacından asdırram.

Hacı Qara. Ağa, niyə məni dar ağacından asdırırsan? Mən quldur deyiləm, yolkəsən deyiləm. Quldur, yolkəsən dar ağacından asılar.

Murov. Necə quldur deyilsən! Bəs sən Əylis ermənilərini soyub, ipəklərini aparanların yoldaşı deyilsən?

Hacı Qara. Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdəgərlikdir. Adam soymaq bacarmanam.

Murov. Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayırırsan? Düz adam burda gəzməz. Ay uşaqlar, bunu bərk saxlayın, görüm bu adamlar kimdir. (Üzün çevirir ermənilərə). A kişi, siz kimsiniz?

Mkrtıç. A qurbanım olum, biz tuğlu fağır biçinçiyik. Əkindən evimizə qayıtdığımız yerdə bu kişi bizi əyləyib qoymuyub gedək. sən yetişməsəydin, bunun əlində dustaq idik.

Murov(Hacı Qaraya). A kişi, buları sən burda saxlamışdın?

Hacı Qara. Mən buları saxlamışdım? Yalan isə buların evini Allah yıxsın! A başına dönüm, bular mənim yolumu kəsib məni soymaq istirdilər.

Mkrtıç. Ağa, yalan deyir, o bizi soymaq istirdi.

Hacı Qara. Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin yasavullarınızdırlar. İndi öz sözıərini gizlirlər.

Mkrtıç. Ay ağa, vallah, bu kişi yalan deyir! Bunun sözünə inanma! Biz əvvəldən axıra özümüzə tuğlu biçinçi deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var idi, qaçdı.

Murov. Xəlil yüzbaşı, di, gəl qan ki, buların hansı doğru deyir. Şeytan da buların sözendən baş aça bilməz. Kim bilsin bular necə adamdırlar? Buların üçün də götürün gedin, sabah naçalnikə göstərrik, silist olunar, hər necə buyursa, əməl edərik.

 

Xəlil yüzbaşı hamısını dustaq edir.

 

Hacı Qara(başlayır ağlamağa). Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, genə silistə düşdüm! Çibindən birəyədək başlayacaqlar soruşmağa. Di, gəl boş-boş suallara cavab ver! Gözlə ki, axırı nə olacaq!

Ermənilərdən birisi. A kişi, səni görək könlün aşd olub, üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaracağıq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək. ax-ax!

Xəlil. A kişi, az danışın, yeriyin!

 

Hamı gedirlər, gözdən itirlər.

 

Pərdə  salınır.

 

 

BEŞİNCİ  MƏCLİS

 

Bu məclis tatar (Azərbaycan – red.) toyu ilə başlayır. Heydər bəy toy paltarında xalça üzərində oturmuşdur. Onun yanında sağdişi və soldişi, ətrafında isə qohumlar və dostlar əyləşmişlər.

Aşıq saz və ya klarnet çalır. O biri züy tutur, üçüncüsü oxuyur. Bir dəqiqədən sonra səhnə arxasından zurna səsi və “ay şabaş, ay şabaş”, - deyə çığırtılar eşidilir. Bu gəlinin yaxınlaşmasına işarədir. Nəhayət, ətrafını çoxlu cavan oğlan və qız bürümüş gəlin görünür. Onun da sağ və solunda yengələr vardır. Adamlar Heydər bəyi durğuzurlar. O, gəlinin qarşısında üç dəfə baş əyir. Arasıkəsilməz zurna səsi altında hamı səhnəni dövr edir. Rəqs başlanır. Oğlanlar və qızlar rəqs edirlər. Sonra gəlini onun üçün ayrılmış otağa aparırlar. Rəqs qurtarır. Qonaqlar toy məclisini tərk edirlər. Heydər bəy gəlin otağına keçir.

 

Heydər bəy. Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaq-qabağa oturmuşam. Iki il çöllərdə dərdinlər gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükürün yerinə yetirə bilmənəm.

Sona xanım. Heydər bəy, səni Allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə getməyəsən! Vallah, dəxi mənim ayrılığa hərgiz tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra səni gün görməsəm, öləcəyəm!

Heydər bəy. Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. Inşallah, sən özün də ona mane olmazsan. Çenki bir artıq iş deyil.

Sona xanım. De görüm, necə işdir?

Heydər bəy. Özün bilmirsən, iyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan pul götürüb qaçaq mala gedirik? Onda razı olmurdun. Indi xeyrini gördünmü? Gedib gətirən kimi bir gündə Qarğabazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xərc çəkib, el adətincə toy edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, ya indiyədək hələ atan evində qalaydın.

Sona xanım. Bəs deyirlər ki, axır qadağandır, gedib-gələnlərə tənbih edirlər.

Heydər bəy. Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb, tənbih edirlər. Amma mənə kim yavuq gələr bilər!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info