Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS (Hacı Qara)

Sona xanım. Dəxi burda durma, get! Anam indicə bu tərəfə gəlir!

Heydər bəy. Ha vaxt bəs gəlim?

Sona xanım. Heç vaxt, get, dəxi məni görməzsən!

Heydər bəy. Sona, sözünü dəyiş, yoxsa, bu xəncəri çaxaram ürəyimin başına, özümü öldürrəm!

Sona xanım. Yox, yox, Allahı sevirsən! Get qaçaq mala, sonra gəl, toyunu elə! Get, get, anam səni görməsin!

Heydər bəy. ... Bu saatda gedirəm, qadan alım, dərd eləmə...

Teyyibə xanım. A qız, Sona, hardasan?

 

Heydər bəy tez atı minib tələsik uzaqlaşır.

 

Sona xanım. Ay ana, burdayam, gəlirəm.

Teyyibə xanım(yaxınlaşıb). A qız, çöldə nə qayırırsan bu qədər vaxt?

Sona xanım. Ay ana, gündüz burda xalça salıb oturmuşdum. Gecə yadıma düşdü ki, xalça burda qalıbdır. Yerdən qalxıb gəldim götürüm ki, tezdən sığırçıya, buzovçuya rast gəlib aparmasın. Xalçanı götürüb gəlirdim, başmağımın tayı ayağımdan sürüşüb çıxdı, qaranlıqda axtarıram, tapmıram (əyilib başmağın axtarır).

Teyyibə xanım. Ayağını düz yerə basa bilmirsən? Hansı tərəfdə düşdü?

Sona xanım. Elə burdaca düşdü ey! (Əlin yerə sürtür).

Teyyibə xanım(yerə əyilib). Bəs hanı, əgər burda düşübdür?

Sona xanım. Ax, budur, tapdım (başmağın tayını əlində göstərir).

Teyyibə xanım. Di, gey ayağına, gedək!

 

Sona xanım başmağı geyib anası ilə gedir.

 

Pərdə  salınır.

 

 

 

İKİNCİ  MƏCLİS

 

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.

 

Hacı Qara. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlmiyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğuruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, zalım, yüz yol Qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərdə məni şəksiz öldürəcək.

 

Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.

 

Xudaverdi. Səlam-əleyk! Hacı, atanızın ismi-şərifi nədir?

Hacı Qara. Əleykəssəlam! Naşurun topu neçiyədir?

Xudaverdi. Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir?

Hacı Qara. Nəyinə lazımdır, əzizim?

Xudaverdi. Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına tapşırım.

Hacı Qara. Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardn sizin xəyali-şərəfinizə düşdü?

Xudaverdi. Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün bir cüməsurəsi mənim atama oxusun, gəlsin, bir abbası verim?

Hacı Qara. Mən? Necə? Nə danışırsan, dəli olubsan?

Xudaverdi. Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam.

Hacı Qara. Kişi, özbaşına sənə nə lazım olmuşdu, mənim atama Quran oxuyursan?

Xudaverdi. Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam.

Hacı Qara. Mən heç vaxtda belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama Quran oxuyuram. Pul ilə mən ömrümdə Quran oxutduğum yoxdur!

Xudaverdi. Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmişəm olsan da, bir abbası şəfəqqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi.

Hacı Qara. Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola, get, axtar tap, abbasını al. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir.

 

Xudaverdi gedir. Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər.

 

Əsgər bəy. Səlam-əleyküm, Hacı!

Hacı Qara(başın yuxarı götürüb). Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın! Buyurun içəri,əyləşin! (Bəylər dükana girib otururlar). Xoş gəldiniz, ağrınızı alım, səfa gətirdiniz! Bu dükan sizə peşkəşdir! Çubuqumu çəkirsiniz, qəlyanmı istirsiniz?

Əsgər bəy. Qəlyan çəkirik.

Hacı Qara. Bu saatda, qadanız mənə gəlsin! (Tez qəlyanı doldurur).

Əsgər bəy. Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdırmı?

Hacı Qara. Allah bərəkət versin! Ağrın alım, mal ki yaxşı oldu, bazar heç vaxt kasad olmaz. ÖZün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. (Qəlyanı verib, əlin uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına). Hacı qadanızı alsın, hər nə qədər istərsiniz seçin. Getdiyim Kəbeyi-beytüllah haqqı, Qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim yalan deyirəmsə, tamam Ağcabədidə bundan yaxşı qədək və çit kimdə heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, bunların birin də dükanda görməzsiniz. Alın aparın!

Əsgər bəy. Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma!

Hacı Qara(təəccüb və məlal ilə). Necə nəyinizə gərəkdir! Bəs sövdə eləməyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi?

Əsgər bəy. Xeyr, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var.

Hacı Qara. Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövdə edərəm. Bəşərti ki, xalis inək yağı ola.

Heydər bəy. A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı var, nə qoyun yağı. Qulaq as, gör Əsgər bəy nə deyir.

Hacı Qara(qaşqabaq ilə). Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt gələrsiniz danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz!

Əsgər bəy. Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı biz səni deyib gəlmişik!

Hacı Qara. Vallah, indi macalım yoxdur. Sonra danışarıq. Hələ zəhmət çəkin, gedin!

Heydər bəy. A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan!

Hacı Qara. A başına dönüm, mən ki qovmuram. Təvəqqe edirəm. Axır kasıb adamam, siz mənim zərərimə razı gərək olmayasınız! Indiyədək siz gəlməsəydiniz, beş-on top çit, qədək satmışdım.

Heydər bəy. Yaxşı Əsgər bəy əcəb adam yanına gətirdi bizi! Durun gedək, bundan fayda yoxdur.

Əsgər bəy. Heydər bəy, sən Allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver, çəkək, bu saatda gedərik.

Hacı Qara. Oğlum ölsün ki, dəxi kisədə tənbəki, yoxdur. Elə axırı idi ki, silkələdim, doldurdum. Xoş gəldiniz!

Əsgər bəy. Hacı, doğru deyirmişlər ki, bir adamdan Allah alsa, bəndə vermək ilə dövlət olmaz. Mən ki bilirəm sən Ağcabədidə üç aydır üş top çit, qədək satmayıbsan, dərya zərərin vardır. Biz gəlmişdik ki, on beş günün içində sənə yüz manat xeyir yetirək; çifayda bəxtin işləmədi, xudahafiz!

 

Ayağa durub çevrilirlər getməyə.

 

Hacı Qara. Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz manat?

Əsgər bəy. Dəxi nə deyək? Sən ki qulaq asmadın, bizi aşkara qovdun.

Hacı Qara. A kişi, nə vaxt mən sizi qovdum? Oturun, oturun aşağı, Allahı sevirsiniz, cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcəksiniz, yoxsa yüz tümən zərərə düşsəydim də, sizə get deməzdim. Məndən bir kimsənə güldən ağır söz eşitdiyi yoxdur!

Əsgər bəy. İndi ki, belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir.

 

Hamı təzədən otururlar.

 

Hacı Qara. Di, söyləyin, görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir?

Əsgər bəy. Bu xeyri yetirən Heydər bəydir. (İşarə edir Heydər bəyə).

Hacı Qara. Hardan yetirəcək? Bay sənin qadan alım, Heydər bəy! Qəlyan doldurummu, ağrın mənə gəlsin?

Heydər bəy. Tənbəki yoxdur, nədən dolduracaqsan?

Hacı Qara. Torbada var. Sən təki qəlyan çək. (Tez əlin uzadıb, torbadan tənbəki çıxarıb, qəlyanı doldurub Heydər bəyə təvazə edir, üzün çevirir Əsgər bəyə). Di, söylə görüm, necə yetirəcək?

Əsgər bəy. Hacı, bu qədər mal ki bura tökübsən, heç bir quruş bundan qazanc varmı?

Hacı Qara. Nə bilim varmı, yoxmu, sözünü de!

Əsgər bəy. Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi?

Hacı Qara. Bəli, deyirlər ki, qoçaq adamdır!

Əsgər bəy. Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxusundan qanad salır!

Hacı Qara. Bu zəmanədə çox qoçaqlıqdan isə, ağrın alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır.

Əsgər bəy. Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! Indi firəng malı görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit, burda altı şahıya satılır. Girvəngəsi bir manata alınan şay, burda manat yarıma göydə gedir. Heç bilirsənmi bunun səbəbi nədir?

Hacı Qara. Xeyr, bilmirəm!

Əsgər bəy. Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrükxana qaravullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir.

Hacı Qara. Yaxşı, siz istirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz?

Əsgər bəy. Əlbəttə, bizim Araz aşağımızdandır; Kür topuğumuzdan! Heydər bəy ki, bizim yanımızda ola, qaravul bizə nə eyliyə bilər!

Hacı Qara. Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar olmasa, vallah, ayda iki yol Təbrizə gedib qayıdaram. Qaravul, yasavul mənə nə eləyəcək? Mən Allahın lütfü ilə yalqız oların iyirmisinin öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrım yarılır. Oların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. Doğrusu, kazaklardan çox xəta var!

Əsgər bəy. Eh, biz əlli yolun bilirik. Kazakları aldadıb elə yerdən keçirik ki, izimizi-tozumuzu görməzlər.

Hacı Qara. Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir?

Əsgər bəy. Qərəzimiz odur ki, milçək gözünə qona-qona sən burda nə qazanacaqsan? Dur, çoxlu pul götür, bizə də ver, özün də saxla, gedək. Təbrizə sən bizə də, özünə də xirid elə. Biz də səni sağ-salamat malın ilə gətirək bura çıxardaq. Bizə verdiyin pulun qazancın bizə ver, öz pulunun qazancın özün götür.

Hacı Qara. Yaxşı, sizə verdiyim pulun faydası necə olsun?

Əsgər bəy. Axır faydasının əvəzində biz də sənə yaxşılıq edirik; səni quldurdan ötürürük, qazanc yetiririk, dəxi artıq nə istirsən? On beş günə bizdən puluna fayda istəmək sənə ayıb deyilmi? Bizsiz ki sən nə gedə bilərsən, nə mal gətirə bilərsən!

Hacı Qara. Niyə gedə bilmirəm? İstəsəm bu gün gedərəm. Heç kəs də məndən bir çöp ala bilməz! Mən özüm neçə yol quldura rast gəlmişəm, dava eləmişəm.

Əsgər bəy. A canım, yüz əjdaha olasan, bu yola yalqız gedib-gələ bilməzsən! Biz ki sənin rəşidliyini danmırıq.

Hacı Qara. Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm. Əgər pulumun faydasın çıxarsanız, sözünüzə qulaq asaram.

Əsgər bəy. Adama yüz qızıl versən, on beş günə nə qədər fayda istəyəcəksən?

Hacı Qara. Beş qızıl yüz qızıla fayda götürrəm. Artıq hər nə qazansanız sizin olsun.

Əsgər bəy(Heydər bəyə, Səfər bəyə üzün çevirib). Yoldaşlar, nə deyirsiniz, razısınızmı?

Heydər bəy   Səfər bəy. Dəxi, nə eyləyək, razıyıq!

Əsgər bəy. Hacı, di, pul hazır elə!

Hacı Qara. Ha vaxt gedirsiniz?

Əsgər bəy. Bu axşam gərək yola düşək!

Hacı Qara. Çox yaxşı, pul hazırdır. Gedin, geyinin, axşam çağı gəlin bizim evə. Mən də atımı, əsbabımı tədarük edim, yola düşək.

Bəylər(ayağa durub). Xudahafiz, Hacı!

 

Gedirlər.

Hacı Qara(dallarınca). Xoş gəldiniz, axşam vaxtı qayıdın!

Bəylər. Xatircəm ol.

 

Uzaqlaşırlar.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info