Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS (Hacı Qara)

Sona xanım. Bəs sənin qabağına heç çıxan olmadı?

Heydər bəy. Niyə olmadı? Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi.

Sona xanım. Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna razı deyiləm! Hacı Qaraya sifariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasın. Vallah, bu işi də fikir edəndə ürəyim əsir!

Heydər bəy. A qız, nə var ki, ürəyin əsir?.. A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım?

Sona xanım(başlayır ağlamağa). Əl çək, bu işdən də əl çək! Mən atam evindən gətirdiyim cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil!

Heydər bəy. Bəs qoy bir-iki dəfə fə gedim, yoldaşlarımın borcunu verim, sonra deyərsən dəxi getmənəm.

Sona xanım(ağlaya-ağlaya). Heç bir dəfə də qoymanam! Yarım dəfə də qoymanam! Qoy yoldaşların gözləsinlər!

Heydər bəy. Axır şərtimiz belə idi. Getməsəm, pullarını istərlər, gözləməzlər.

Sona xanım. Sənin işin olmasın, anama sifariş edərəm, atama deyər, oları sakit edər.

Heydər bəy. Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən?

Sona xanım. Mən ondan ehtiyat edirəm ki, genə sənin adın çəkilə, işə düşəsən, mən günüqara olam.

Heydər bəy. Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz!

Sona xanım. Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirəm genə səni əlimdən alacaqlar.

 

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girir.

 

Tükəz. A başına dönüm, mənim ərimi neylədiniz? Mənim ərimin başına nə iş gəldi? Siz hamınız gəlibsiniz, onun nə özü var, nə nökəri var!

Heydər bəy. Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır?

Tükəz. Xeyr. Axır bu nə iş idi eylədiniz? Kişiciyi tovluyub, aparıb avara saldınız! Yoxsa ölümə verdiniz?

Heydər bəy. Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir eləmə!

Tükəz. Kəndlərdə əylənməz. Indiyədək başı əlində olsaydı, gələrdi. Mən ərimi sizdən istirəm! Gərək mənim ərimi necə ki aparıbsınız, elə də mənə tapşırasınız!

Heydər bəy. Bizə mühəssil vaqe oldun! Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovlayıb aparaydıq. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldu bizə getdi. Hər yerdə muğayat olub, qorxulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıxmayıbdır. Çıx get, başımı ağrıtma!

Tükəz. Gedirəm murova, naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz!

 

Bu halda qışqırıq qopur, murov və naçalnik adamları ilə alaçığı çevirirlər.

 

Murov. Naçalnikin buyruğudur ki, heç kəs yerindən tərpənməsin.

Heydər bəy(qabağa çıxıb). Murov, naçalnikin tərəzi nədir, buyursun görüm! Burada təqsirli yoxdur ki, ondan qaça.

Murov. Təqsirli var, ya yoxdur, ancaq naçalnik Heydər bəyi görmək istəyir.

Heydər bəy. Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun!

Naçalnik(irəli yeriyir). Heydər bəy, sən mənim nəsihətimi eşitməyib, genə yaman işə qoşuldun? İndi gərək mənim ilə Qalaya gedəsən!

 

Sona xanım başlayır titrəməyə, ağlamağa.

 

Heydər bəy. Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir.

Naçalnik. Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub, ipəklərini alıbsınız. Iş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver.

Heydər bəy. Naçalnik, buyuyrursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı soymamışam. Əgər bir kəs mənim üzümə durub bu sözü desə, mən qanımı sənə halal elədim.

Naçalnik. Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır!

 

Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir.

 

Naçalnik. Ohan yüzbaşı, bu idim sizə rast gələn?

Heydər bəy. Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin!

Ohan. Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. Iyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın bu kağızları bir oxuyun, görün! (Kağızları göstərir).

Naçalnik. Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə!

Ohan. Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun! (Şəhadətnaməsini cbindən çıxarıb uzadır naçalnikə).

Naçalnik. Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın!

Heydər bəy. Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırdarlar.

Ohan. Bu sözü naçalnik hüzurunda deməyib, bir özgə yerdə mənə desəydin, bu tüfəng ilə sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra naçalnikə mütəvəcceh olub). Başına dönüm, mən bu axırıncı nüfuz dəftərində bəy yazılmışam. Indi bu mənim bəyliyimi istir batırsın. Haqq elə, mən bədbəxt olmuyum.

Naçalnik. Bu saatda buyurram sənə əlli çubuq vurarlar. Bəyliyini lap unudarsan, əgər sualıma cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn?

Ohan. Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng bə qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin dövlətinizdən buları tutardıq. Elə ki bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar.

Heydər bəy. Naçalnik, tamam danışdığı sözlər böhtandır!

Naçalnik. Tara tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək müşküldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyləyib soyurmuş. Indi aşkara yalan deyir ki, guya ermənilər onu qoymaq istirlərmiş.

Heydər bəy. Mən bilirəm ki o, kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların tanıyıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki, həqiqətini ərz eylərəm!

Naçalnik. Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin!

 

Xəlil yüzbaşı gedib Qaranı hüzura gətirir.

 

Naçalnik. De görüm, bu kimdir, necə adamdır?

Heydər bəy. Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adamsoyan deyil, ermənilər xilaf ərz ediblər.

Naçalnik. Xəlil yüzbaşı, erməniləri gətir.

 

Xəlil yüzbaşı tuğluları gətirir.

 

Naçalnik. Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir eylə: bəs bu ermənilər adamsoyandırmı? Amma bu kişi deyir ki, guya bular onu soymaq istirmişlər!

Heydər bəy. Belə deyil, bu kişi də yalan danışır.

Naçalnik(acıqlanmış). Bəs necə olmaq gərə? Məlum ki, hamızın yalan danışırsınız! Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam!

Heydər bəy. İxtiyar sənindir.

 

Sona xanım başlayır titrəməyə.

 

Naçalnik(Hacı Qaraya). A kişi, sən axır bu erməniləri nə səbəbə əyləmişdin?

Hacı Qara. Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam. Heç vaxt yol kəsmək mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm.

Naçalnik. Padşaha sən nə qulluq etmisən, a kişi?

Hacı Qara. Başına dönüm, on beş ildir padşah gümrüyünə ildə əlli tümən xeyir verirəm.

Naçalnik. Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə layiq imişsən!

Hacı Qara. Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi, nəinki...

Naçalnik. Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları gərək verib qızıl medal qayırdaq, genə özünüzə dağıdaq. Cəfəngiyat danışma! De görüm, erməniləri niyə əyləmişdin?

Hacı Qara. Başına dönüm, olar məni əyləmişdilər.

 

Ermənilərin birisi, yəni Mkrtıç.

 

Mkrtıç. Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istirdi!

 

Bu halda Cavanşir murovunun yasavulu yetişib.

 

Yasavul(naçalnikə). Ağa, murovumuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı yazı ilə bildirəcək.

Murov. Yəqin ki, genə tatardırlar.

Yasavul. Bəli.

Naçalnik. Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər?

Ohan. Başına dönüm, quldur həmişə tatardan olur. Bizlərdən heç vaxt quldur olmaz!

Naçalnik. Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötrü ki, cürət edə bilmirsiniz və bacarmırsınız!

Yasavul. Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir.

 

Hacı Qaranın rəngi qaçır.

 

Naçalnik. Hardadır, hüzura gətir?!

 

Yasavul gedir.

 

Heydər bəy. Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm?

Ohan. Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar!

Naçalnik. Həqiqət olunar.

 

Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi “vay” edib özündən gedir.

 

Naçalnik(təəccüblə). Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək!

 

 

Murov su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, Hacı Qara gözün açır.

 

Naçalnik. A kişi, sənə nə gəldi özündən getdin?

 

Hacı Qaranın dili tutulur.

 

Naçalnik. A gədə, doğrusun de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi?

Kərəməli. Bilmirəm, başına dönüm.

Naçalnik. Sən kim ilə və haçan qaçaq mala getmişdin?

Kərəməli. Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim.

Naçalnik. Nə danışırsan?  Səni yükün üstündə tutublar, necə dana bilərsən?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info