Qonaq Kitabı
AFƏT

A f ə t (gəlir). Getdimi?

A l a g ö z. Əvət, getdi.

A f ə t. Nə söylüyordu?

A l a g ö z. Hiç...

A f ə t. Eşitdim, həpsini eşitdim, Rəsmini geri aldı, səndən ülfətini kəsmək istiyor. Yalnız o deyil, sana qarşı əyilən bütün gənclər, kiçik bir nəvazişinlə öyünən dəliqanlılar; şimdi həp səndən qaçıyor, həp sana xor baqıyorlar. Halbuki həpsinə səbəb yalnız şu qarşıda duran talesizdir (məndil ilə göz yaşını silər).

A l a g ö z. Ah, annəciyim! Sevgili annəciyim!.. (Afətə sarılıb öpər). Məraq etmə, bu təhqirlərin hiç bir tə’siri yoqdur... Çünki bən kimsəyi sevmədim... Onünçin də mütəəssir deyilim (soldakı odaya doğru ilərilər, təkrar dönər, Afətə qapalı bir məktub verir). Mümkün olsa bunu Ərtoğrula göndər. Bən yorğunum. Azacıq uzanmaq istiyorum (sol qapıyı qapayıb çıqar).

A f ə t (məktubun zərfini havaya tutub baqar, heyrətlə). Bu saçlar nə?.. Xayır, bu məktubda bir sirr var, baqayım nə yazıyor (zərfi açar, dürlü vəziyyətlərlə oqur). “Ərtoğrul, anam xəstədir, qəribdir, onu unutma!.. Mümkün olsa, əski yurduna, əqrəbasına göndər. Bir saət sonra bəni görməyəcəksin. Əlvida!.. Səni bütün ruhilə sevən və həsrətini məzarə götürən Alagöz” (sarsılmış bir halda). Ah, aman, ya Rəbbi!..

Ə r t o ğ r u l (daxil olur, təlaş ilə). Alagöz nerdə?

A f ə t. Nə var, nə olmuş?

Ə r t o ğ r u l. Əczaxanədən zəhər almış şimdicə bana söylədilər.

A f ə t. Ah, dəminki məhəbbət və nəzakətlərin səbəbini anladım (Alagözün girdiyi qapıyı açmaq istər). Eyvah, qapıyı qapamış... (Qapını çalar). Alagöz!.. Ah, səs yoq, cavab yoq...

Ə r t o ğ r u l. Bən şimdi yan pəncərədən girərim. (Dışarı fırlar).

A f ə t. Alagöz!.. Aç qapıyı... Aman, qapıyı aç, yavrum! (Dışarıdan pəncərənin vurulduğu və cam qırıldığı eşidilir. Afət təkrar çağırır). Alagöz!.. Ah, nə dəhşətli hal, nə qorqunc fəlakət!..

Ə r t o ğ r u l (bir əlində zəhər şişəsi, bir əlində Alagözün əli olaraq qapıyı açıb çıqar, pərişan bir qəhqəhə ilə Afətə). Ərtoğrul ölümdən dah bəxtiyar imiş, əvət, bən Əzraildən daha çabuq davranmış oldum.

A f ə t (şişəyi Ərtoğrulun əlindən alır, acı bir təbəssümlə Alagözə). Haqlısın, mələk yavrum, bütün bu fəlakətlərə səbəb bənim, lakin bundan sonra cəllad olmaq istəməm, bu saət yol tədarükünə başlarım; çünki sən bu gün bəxtiyarsın. Ərtoğrulun təlaşı (əlindəki məktubu göstərir) və sənin məktubun hər ikinizi birləşdirdi. Bən yalnız bunu arzu edərim.

A l a g ö z. Bir məktub ki, ölüm pəncəsində yazılmış, onun nə əhəmiyyəti ola bilir?

Ə r t o ğ r u l (mə’nalı bir təbəssümlə). Ölüm bütün əsrarın anasıdır.

A f ə t (Alagözə). Yavrum, əminim ki, sən Ərtoğrulu seviyorsun, fəqət onun tərəfindən seviləcəyinə şübhə ediyorsun.

Ə r t o ğ r u l. Halbuki Ərtoğrul kəndisinə pərəstiş edər.

A l a g ö z. Xayır... xayır... bən əsla sevilməyə layiq deyilim.

A f ə t. Nasıl!.. Sənmi, sənmi layiq deyilsin? (Şux bir təbəssümlə). Halbuki sən bütün qızlar içində parlaq bir elmas, dilbər bir çiçək, mə’sum bir mələksin.

A l a g ö z (sinirli və titrək səslə). Əvət elmas! Fəqət ləkəli bir elmas!.. Çiçək! Fəqət çamurlu bir çiçək... Mələk! Fəqət qəhr olmuş bir mələk...

A f ə t. Niçin, ah niçin?..

A l a g ö z. Çünki... ləkəli bir ananın evladıyım (çocuqca bir hönkürtü ilə aqlar, Afətin qolları arasına sıqılır).

A f ə t (acı qəhqəhə ilə). Xayır, bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş.

A l a g ö z. Ah, aman, ya Rəbbi!.. Nələr eşidiyorum.

A f ə t. Əvət, baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, mə’sum bir mələk kibi böyütdüm (sinirli və həyəcanlı). Ah, bən əxlaqsız deyildim, fəqət Özdəmirin sərxoşluğu, sayğısızlığı bəni məhv etdi... Sonra doktor Qaratay sapdırdı; ona vuruldum, qatil oldum, babanı zəhərlədim.

A l a g ö z. Ah, sus!.. Allahını sevərsin, sus!..

A f ə t. Əvət, bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım (cibindən iki-üç parça kağız çıqarır, Alagözə verir). İştə bu kağızları diqqətlə oqu, kim olduğunu çabuq öyrənirsin, bən gediyorum, artıq bəni unut!.. Səni ona... (Ərtoğrulu göstərir) ısmarladım. (Doktorun girdiyi odaya keçər).

Ə r t o ğ r u l. Baq, görüyormusun ölüm başqalarını ayırırkən, bizi birləşdirmiş oldu.

A l a g ö z (kağızlara baqaraq məhzun təbəssümlə). Ah, demək bənim anam ləkəli deyilmiş...

Ə r t o ğ r u l. Bütün dünya ləkəli olsa belə, yenə sənin ismətindən bir şey əksilməz (Algözün yüzünü oqşayaraq). Fəqət Afətə acımalı... Ah, niçin qəlbini qırdın? Get, yalvarıb yaqar da, gönlünü al!.. Dün səfil idisə, bu gün mə’sum ola bilir, Aman, rica edərim, get!

A l a g ö z. Pəki, Ərtoğrul, pəki. (Qapıya yaqlaşdığı sırada içəridə silah patlar).

D o k t o r. Ah, qəddar, xain, cəllad! (deyə qapıyı açar, yaralanmış olduğu halda Alagözün önündə düşüverir).

A l a g ö z. Aman, ya Rəbbi!..

Ə r t o ğ r u l. Nə yapdın. Afət, ah, nə yapdın?

A f ə t (əlində silah, acı qəhqəhələrlə). Özdəmirin intiqamını aldım, öz intiqamımı aldım (cənazəyə). Sən bəni unutdun, gözəlliyimi təhqir etdin; iştə gözəlliyin intiqamını aldım. Ah, intiqam vəhşətlərin ən alçağıdır, lakin kəndimi almadım, əfv et!.. (müstəhzi qəhqəhə ilə). Ah, sən bu aqşam dügün yapacaqdın Altunsaça qavuşacaqdın... Halbuki bən buna razı olamam, çünki... səni pək seviyorum (masa üzərindəki çiçək dəmətini çözərək cənazəyi süslər). Ah, əvət, səndən ayrılmaq istəməm, bu dodaqlar bəndən başqasını öpməməlidir (cənazəyi qucaqlayıb öpər, fevqəladə bir həyəcan ilə qalqar və əlindəki revolveri şakağına tutar). Şimdi isə sıra bana gəliyor.

Ə r t o ğ r u l (dərhal silahı yaqalayıb alır). Nə yapmaq istiyorsun? İşlədiyin kafi deyilmi?

A f ə t (acı təbəssümlə). Bana mərhəmətmi ediyorsun? (Sinirli və şaşqın). Aman, ya Rəbbi! Ah, çıldırıyorum.

A l a g ö z (mütəəssir). Annəciyim!.. Sevgili annəciyim! (Yaqlaşıb qucaqlamaq istər).

A f ə t (geri çəkilərək bir tevr ilə). Çəkil, yaqlaşma... Bəni yalnız bıraq!.. (Sağ tərəfdəki odaya keçər).

A l a g ö z. Az, zavallı qadın!..

Ə r t o ğ r u l. Xayır, o yalnız bıraqılmaz, sən də get!.. (Həyəcan və təlaş ilə). Ah, o kəndini həlak edəcək... (Dərhal içəri girmək istər).

A f ə t. Ax!.. (Deyə əlində tutduğu şişədəki zəhərin son damlasını içdiyi halda qarşısına çıqar və şişəyi yerə atar).

A l a g ö z. Aman, nə yapdın?! (Qucaqlar).

A f ə t. Ona... Ah, yalnız ona qavuşmaq... (Bitab olaraq cənazə üzərinə düşüverir).

A l a g ö z. Uf annəciyim!.. (Qucaqlayıb yaralı bir səslə ağlar).

A f ə t. Ah! (Deyə zəif bir hərəkətlə təslimi-ruh edər).

Ə r t o ğ r u l (acı və mə’nalı bir ahənglə əlini masa üzərinə vuraraq). Afət!.. Afət!..

 

Pərdə

 

SON

 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info