Qonaq Kitabı
AFƏT

ÜÇÜNCÜ PƏRDƏ

 

Bir yıl sonra dəniz kənarında, bağçada bir xiyaban... Xiyaban ilə dəniz arasında ortası açıq, otlar sarmaşıqlarla örtülü bir çardaq... Xiyaban və çardaq içində sağda, solda sıralar... Qürubə qarşı... mayıs...

 

Pərdə açıldıqda yanıq və yaralı bir səslə aşağıdakı türkü eşidilir:

 

Bən aşiqim, bəlalar var başımda,

Durmuş qorqunc uçurumlar qarşımda.

Yaralandım, vuruldum gənc yaşımda,

Sağalmaz yarası coşqun gönlümün.

 

Cihan cənnət olsa, insanlar mələk,

Dağlar inci saçsa, dənizlər çiçək,

Güldürsə həp ağlar gözləri fələk,

Sağalmaz yarası məhzun gönlümün.

 

Bu sırada Ə r t o ğ r u l Y a v u z l a bərabər gəlir. O, şimdi büsbütün dəyişmiş. Sağlam və gürbüzdür.

 

Y a v u z. Baqsana!.. Şu türkü sanki sənin halını təsvir ediyor.

Ə r t o ğ r u l. Söylənmə, baq nə diyor.

 

(Türkü dəvam edər)

 

Sərxoşum, keçmədim meyxanələrdən,

Aqilim, dərs aldım divanələrdən,

Dün gecə öyrəndim pərvanələrdən:

Sağalmaz yarası məcnun gönlümün.

 

Yer yüzünü sarsa dilbər mələklər,

Bənim gözüm yalnız birini bəklər,

Əflatunlar gəlsə boşdur əməklər,

Sağalmaz yarası vurğun gönlümün.

 

Y a v u z. Əvət, sanki tamamilə sənin qəlbini oquyor; sanki Altunsaçın ayrılığında çəkdiyin qayğıları tərənnüm ediyor.

Ə r t o ğ r u l (istehzalı qəhqəhə ilə). Gerçəkdən yanılmıyorsun; çünki əriyib bitdiyimdən bəlli...

Y a v u z. Demək, Altunsaçı daha sevmiyorsun, öyləmi?

Ə r t o ğ r u l. Yalnız onu sevmək deyil, hətta məhəbbət sözünə belə güləcəyim gəlir. Şimdi bənim sevəcəyim bir qız bulunursa, o da mütləq insanlardan qaçmalı və kimsəyi sevməməlidir.

Y a v u z. Bu halda Alagözün gönlünü qazanmalısın, çünki o da tamamilə bu fikirdədir.

Ə r t o ğ r u l. Nə isə...

Y a v u z. Fəqət Altunsaç!? Ondakı qürur və əzəmət bulunur şeymi?

Ə r t o ğ r u l. Rica edərim, Altunsaçı bıraq, daha ondan bəhs etmə.

Y a v u z. Zatən bu gündən sonra lüzumu da yoq... Çünki doktora nişanlandı, hər iş bitdi, getdi.

Ə r t o ğ r u l. Nasıl, doktor Qaratayamı?

Y a v u z. Əvət, bir ay sonra dügün yapılacaqmış...

Ə r t o ğ r u l. Tamam, iştə bu xəbərdən pək məmnun oldum. Qəlbimdə ona aid bir kölgə, bir duyğu, sönük bir xatirə vardısa, o da şimdi silinmiş oldu. (Sükut...). Əcəba doktorun məşuqəsi nə oldu? Afət, o gözəl Afət nə yapıyor?

Y a v u z. Nə yapacaq; şəhərin bütün gəncləri, ən gözəl dəliqanlıları kəndisi için çıldırıyor. Yalnız erkəklər deyil, qadınlar da ondakı gözəlliyə heyran, hətta, əvət, hətta kəndisi belə kəndi hüsnünə, kəndi gözlərinə, kəndi dodaqlarına məftundur. Tualet yaparkən, dəfələrlə aynadakı rəsmini öpdüyünü görmüşlər... Əvət, o, daima məğrur və bəxtiyardır. (Məhzun bir sükutdan sonra). Bən yalnız bəxti dönmüşləri, talesizləri düşünüyorum; bən yalnız Alagözə, o mə’sum qızcığaza acıyorum. Çünki o, hənuz açılmadan solmuş pənbə gülü andırıyor.

Ə r t o ğ r u l. Sən onu bihudə gülə bənzətiyorsun... Bəncə Alagöz boynu bükük bir mənəkşə, Afət bəyaz bir zanbaq, Altunsaç isə dikənli bir güldür. Əvət, bir gül!..

Y a v u z (ətrafa baqaraq). İştə ana ilə qız gəliyorlar.

Ə r t o ğ r u l. Bana qalırsa onlara ana ilə qız deyil, Afət ilə Alagöz demək daha doğrudur.

Y a v u z. Pək tuhaf, bu gün nədənsə bərabər gəziyorlar, halbuki Alagöz daima təklikdən xoşlanır və əlindən gəldiyi qadar Afətdən qaçar.

Ə r t o ğ r u l. Çünki onun bir atəş olduğunu bilir. Yanmayım deyə çəkinir.

Y a v u z. Əvət, bir atəş, həm də qorqunc və sevimli bir atəş!..

 

Gedərlər, A l a g ö z ilə A f ə t gəlir.

 

A f ə t (şux qəhqəhələrlə). Demək sən kimsəyi sevmiyorsun, öyləmi? Doğrusu, pək xariqüladə bir təbiət!.. (Təbdili-tevr ilə). Görünüyor ki, sən təbiətə qarşı qoymaq istiyorsun. Halbuki dünyadakı otları, çiçəkləri, quşları, kələbəkləri, insanları və heyvanları həp birər-birər gözdən keçirsə, sevgidən məhrum hiç bir məxluqə, hiç bir zihəyatə rast gəlməzsin. Hətta günəşlər, aylar və yıldızlar arasında belə sıqı bir rabitə var, sarsılmaz bir cazibə qanunu var.

A l a g ö z. Təbii hər kəsdə olduğu kibi, bəndə də gönül var. Bəndə də duyğu var. Fəqət nə çarə ki, şimdilik sevəmiyorum, seviləmiyorum. Şübhə yoq ki, sevsəm

seviləcəyimə də əminim; əfsus ki, nə sevmək istiyorum nə də sevilmək; çünki nə bu mümkündür, nə o...

A f ə t. Niçin, Alagöz, niçin?.. (Sıraya oturur).

A l a g ö z (sarsılmış bir halda). Çünki... qorqunc bir kabus ümidlərimi boğuyor, çünki... bədbaxtım (sükut).

A f ə t. Xayır, sən bəxtiyarsın və bəxtiyar olacaqsın. Çünki gözəlsin, mə’sumsun; hər kəs seviyor, hər kəs pərəstiş ediyor. Fəqət sən hər kəsi sevməməli... hər dəliqanlıya gönül verməməlisin. Bildiklərimdən yalnız iki gənc səni məs’ud edə bilir; onlardan biri: Ərtoğrul, biri də Oqtaydır.

A l a g ö z (şaşqın bir halda yerindən qalqır). Hankı Oqtay?

A f ə t. Sənin xəstəxanə arqadaşın, gənc operator.

A l a g ö z. Sən onu nerdən tanıyorsun?

A f ə t (yarım qəhqəhə ilə). Bənim gözlərim pək uzaq görür, qəlbim ən gizli məhəbbətləri duyar; sana aid nə varsa həpsini anlar, həpsini bilirim; hətta rö’yadə belə səndən ayrılmam. Gecə-gündüz sənin gələcəyini, sənin səadətini düşünürüm.

A l a g ö z (göküs keçirər). Heyhat! Keçmişim qaranlıq bir gecə, gələcəyim də aldadıcı bir sərabdır.

A f ə t (qalqar, mütəəssir). Ah, sən daima qorqunc xəyallar, gülünc iztirablar içində çırıpınıb duruyorsun... Baq, iştə Oqtay da gəliyor... Sən onunla bir qadar qonuşub gəzərsin, bən də tək başıma dəniz qürubunu tamaşayə dalarım. (Uzaqlaşır, Oqtay gəlir).

O q t a y (əl verir). Qüsurə baqma, Alagöz, səni çoq bəklətdim, deyilmi?

A l a g ö z. Zərər yoq.

O q t a y. Şu qadın kim?

A l a g ö z. Ona Afət derlər.

O q t a y. Niçin ayrıldınız, manemi oldum?

A l a g ö z. Xayır.

O q t a y. Kimlərdəndir əcəba?

A l a g ö z (qızarmış və sarsılmış bir halda). Sonra anlatırım, hələ gəl, bir qürub levhəsini seyr edəlim. (Dənizə baqar, məczub bir halda). Aman, ya Rəbbi, nə qadar gözəl!.. Günəşin böylə dilbər qızıllığını, rəngarəng buludlar arasında batışını hiç xatırlayamıyorum.

O q t a y. Gerçəkdən batı tərəfi bir cənnət bağçası... Günəş isə utandığından qızarıb çiçəklər içinə gömülən bir köylü qıza bənziyor.

 

(Digər tərəfə baqaraq). Hələ şu qarşıya baq! Yeni çıqmaqda olan şu solğun aya, şu vərəmli çöhrəyə baq!.. Sanki bənzi uçmuş, əriyib bitmiş bir aşiq kibi kəndi sevgilisini izliyor.

 

A l a g ö z (şux təbəssümlə). Ah, şu erkəklər pək tuhaf; həpsi bir xəstəliyə mübtəla... həpsinin özü, sözü, dərdi, düşüncəsi həp eşq, daima eşqdir. Hər nə görsələr onda bir gözəllik, bir məhəbbət bulurlar.

O q t a y. Pəki, dünyadə gözəllik və məhəbbətdən tatlı nə ola bilir!?

A l a g ö z (müstəhzi). Əvət, gözəllik və məhəbbət?!

O q t a y. Bəncə, bütün cihanı xilas edəcək iki qüvvət var, yalnız iki böyük qüvvət var; o da: gözəllik və məhəbbətdən ibarətdir.

A l a g ö z (sıraya oturur, istehzalı təbəssümlə Oqtayın əlindəki kitabları göstərir). Qaliba şu fikri əlindəki kitablardan almışsın?

O q t a y (əlindəki üç cild kitabı təqdim ilə). Əvət, mütaliə buyurulsa, şübhəsiz ki, haqsız olmadığım meydana çıqar.

 

Bu sırada Y a v u z l a Ə r t o ğ r u l gəlir.

 

Ə r t o ğ r u l. Mərhəba...

O q t a y. Buyurun, baqalım. (Hamısı yüngül təmənna edərlər).

A l a g ö z (kitabları birər-birər açar). Bu şe’r divanı, şu musiqi parçaları, bu da din fəlsəfələri?.. Həpsinin də ruhu, məalı, qayəsi, yalnız-yalnız məhəbbətdən ibarətdir. (Oqtaya) Bunlar iki gün bəndə qalsın, olurmu?

O q t a y. Pək gözəl, niçin olmaz.

Ə r t o ğ r u l. Baqalım nasıl şeylər... (Kitabları alıb baqar, e’tinasız və laübali bir tevr ilə sıra üzərinə bıraqır; şiddətli və müstəhzi qəhqəhələrlə). Şe’r!.. Musiqi!.. Din!.. (Təbdil-tevr ilə). Allah eşqinə, şu kitablardan, şu mütaliələrdən vaz keç! Şu çərçivəyə alınmış şe’rlərdən, notaya girmiş musiqilərdən qaç! Şu kitabları qaralayan dinlərdən, məzhəblərdən uzaqlaş! Dünyada yalnız bir şe’r, bir musiqi, bir din mənbəyi var ki, o da təbiətdir, şe’rmi istərsin? İştə aşiqlərin iztirabı, filosofların düşüncəsi, öksüzlərin göküs keçirməsi, kimsəsizlərin göz yaşı, yıldızların səfvəti, qürubun məhzunluğu, gecənin sükutu, fəzanın dərinliyi həp birər şe’rdir. Əvət, hər ah, təbəssüm, hər inilti, hər fəryad; hər fırtına, hər girdab, birər şe’rdir. Musiqimi istərsin? Çayların, ırmaqların ninnisi, dənizlərin, çağlayanların vəlvələsi; arslanların, yıldırımların gurlaması; xəfif rüzgarların zümzüməsi; yapraqların, çiçəklərin öpüşməsi; bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir. Vurğun gönüllərin acı təranəsi; minimini çocuqların tatlı qəhqəhəsi, körpə quzuların mələməsi həp birər musiqidir. Dinmi istərsin? İştə hər yıldızun incə təbəssümləri, hər günəşin yıldızlı baqışları, hər gün yeni bir din, yeni bir məzhəb doğurur. Hər qürubun ölgün nəfəsi, hər gecənin səssiz qaranlığı, o günkü günəşlə bərabər o günkü dinin məzari-ədəmə gömüldüyünü e’lan edər. Hətta hər mevsimin, hər ayın, hər həftənin, hər günün allahları da, peyğəmbərləri də, dinləri də, kitabları da bir-birindən ayrı, bir-birinə düşmandır.

O q t a y. Demək ki, sən hər şeyi təbiətdə görüyorsun, öyləmi?

Ə r t o ğ r u l. Əvət, təbiət hər şeydir.

A l a g ö z (ətrafa baqar, Oqtaya). Getmiyəlimmi?

O q t a y (kitabları alıb). Hənuz xəstəxanəyə gediləcək vaqt deyil, azacıq gəzinəlim də sonra...

A l a g ö z. Pək gözəl (Yavuzla Ərtoğrula). Bizə arqadaşlıq etsəniz məmnun oluruz.

Ə r t o ğ r u l. Yalnız gönlümüzü sizə arqadaş verə biləriz.

A l a g ö z. Demək, bəndən qaçıyorsun, öyləmi?

Ə r t o ğ r u l. Biz yarasamıyız ki, günəşdən qaçalım.

A l a g ö z (mütəbəssim). Təşəkkür edərim, amma yenə bir gül aqıtdınız.

 

Gedərlər.

 

Y a v u z (Ərtoğrula). Niçin getmədin?

Ə r t o ğ r u l. Bəlkə yalnız gəzinmək istiyorlar.

Y a v u z. Halbuki kəndisi arzu etdi.

Ə r t o ğ r u l. O fəqət bir lütf və nəzakətdi.

Y a v u z. Ah, sənin şu istiğnalı halların!..

Ə r t o ğ r u l. Bilirmisin, əzizim, Alagöz gəzinmək için qalqmadı: uzaqdan Afəti gördü də çəkilmək istədi.

Y a v u z. Hanı ya, nerdə?

Ə r t o ğ r u l. Iştə, Qaplan bəylə bərabər gəliyor, gedəlim artıq...

 

Bir tərəfə çəkilirlər. A f ə t l ə Q a p l a n gəlir.

 

A f ə t (çılğınca qəhqəhələrdən sonra). Ah, gənclik, gözəllik, nə böyük səadət!.. (Gözləri yaşarır, məndil ilə silər).

Q a p l a n (şaşqın). Afət! Bu nə hal! Sən gülüyormusun, yoqsa ağlıyormusun?

A f ə t. Əvət, gülüyorum, fəqət göz yaşlarilə bərabər; ağlıyorum, fəqət qəhqəhələrlə bərabər...

Q a p l a n. Niçin, ah niçin?



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info