Qonaq Kitabı
AFƏT

İ l c a y. Nerdə qaldınız?

Y a v u z. Sizi bəkliyoruz.

Ə r t o ğ r u l. Gəliyoruz.

İ l c a y. Nə oldu? Barışa bildinizmi, qavuşa bildinizmi?

A l t u n s a ç (istehzalı təbəssümlə). Əvət, barışdıq, fəqət atəşlə pambığın barışması kibi...

Ə r t o ğ r u l. Əvət, qavuşduq, fəqət kürreyi-ərzlə püsküllü yıldızın qavuşması kibi...

İ l c a y (Altunsaçın əlindən tutar). Gəl, baqalım, niçin bizdən qaçıyorsun?

A l t u n s a ç (Ərtoğrula baqar, acı təbəssümlə). Bən qaçmıyorum, qaçırıyorlar (Içəri girərlər).

Y a v u z (Ərtoğrula). Bana baq. Altunsaç bir gövərçindir, əfsus ki, onu uçurmaq istiyorsun.

Ə r t o ğ r u l. Məraq etmə, uçurmam.

Y a v u z. Düşün ki, o bir afətdir, halbuki atəşlə lətifə edilməz.

Ə r t o ğ r u l (müstəhzi qəhqəhə ilə). Görünür ki, Qaplandan ehtiyat ediyorsun.

Y a v u z. Xayır, o sərsəmdir, əlindən bir iş gəlməz; fəqət doktor Qaratay, sənin o yeni rəqibin daha qorqunc və daha təhlikəlidir.

Ə r t o ğ r u l. Demək şimdi Afəti bıraqıb da Altunsaçımı izliyor.

Y a v u z. Həm də nasıl izləmək! Bir an belə kölgəsindən ayrıldığı yoq. Babası Xandəmir isə doktora qarşı pək lütfkar... Çünki o da kəndisi kibi macəracu, olduqca sərvət və şöhrət düşkünü...

 

A l a g ö z qara geyinmiş olduğu halda əlində iki kitab gəlir.

 

Ə r t o ğ r u l. Buyursunlar, əfəndim (Əl verdikdən sonra). Eyi ki, bizi də xatırlaya bildiniz.

A l a g ö z. Inanız ki, hiç vaqtım yoq, yalnız xəstə olduğunuzu eşitdim də onunçin gəldim.

Ə r t o ğ r u l. Təşəkkür edərim.

Y a v u z. Lakin nədənsə əsla evinizdə bulunmuyorsunuz.

Ə r t o ğ r u l. Əvət, bana da xidmətçi öylə söylədi.

A l a g ö z. Çünki hər gün xəstəxanəyə gediyorum da...

Ə r t o ğ r u l. Niçin? Xəstəmisiniz?

A l a g ö z. Xayır, yaralı əskərlərə baqıyorum.

Ə r t o ğ r u l. Hanki xəstəxanədə?

A l a g ö z. “Turan” cadəsində, “İbn Sina” xəstəxanəsində...

Ə r t o ğ r u l (mə’nalı və məhzun). Əvət, pək gözəl...

Y a v u z. Bu kitablar nə?

A l a g ö z. Romandır, Ərtoğruldan aldım.

Ə r t o ğ r u l. Nasıl, mütaliə buyuruldumu?

A l a g ö z (məhcub və mütəbəssim). Əvət, təşəkkür edərim, sanki hər ikisi bənim ruhumu, bənim həyatımı təsvir edən birər aynadır. Görünüryor ki, bunları seçib verdikdə hər şeydən əvvəl bəni düşünmüşsünüz.

Ə r t o ğ r u l. Təbii deyilmi ya...

Y a v u z (mütəbəssim). Zatən ruhşünaslıq da bir nev peyğəmbərlikdir.

Ə r t o ğ r u l. Daha doğrusu, peyğəmbərlik də bir nev ruhşünaslıqdır. Pəki, bu kitabların məalı nədir?

A l a g ö z. Nurani bir təsəlli: səadət məhəbbətdir.

Ə r t o ğ r u l. Təbii, məhəbbət səadətdir.

A l a g ö z (məhzun bir təbəssümlə). Demək ki, bən məs’ud olamam.

Y a v u z. Niçin?

A l a g ö z. Çünki sevəmiyorum.

Y a v u z. Xayır, bil’əkis, səadət sizi daima izliyor, bir kölgə kibi peşinizdən ayrılmıyor; lakin bir mane, qorqunc bir kabus sizi mə’yus ediyor.

A l a g ö z (azacıq sinirli). Açıq söyləyin, anlamıyorum.

Y a v u z. Düşünsəniz, anlarsınız... Fəqət anlamasanız daha məs’ud olursunuz.

A l a g ö z (sarsılmış bir halda ətrafa). Ah, nələr eşidiyorum! Bu müəmmalı sözlər bir oq kibi qəlbimi parçalıyor.

Ə r t o ğ r u l. Aman, rica edərim, şu sərsəmə qulaq verməyin, Altunsaç da burada. Buyurun, bir qadar görüşüb qonuşursunuz.

A l a g ö z məhzun və düşüncəli adımlarla içəri girər.

Y a v u z (tatsız qəhqəhə ilə). Bən Alagözü bunca sinirli bilməzdim.

Ə r t o ğ r u l (darğın). Sən bir odunsun, həm də yonulmamış meşə odunusun.

Y a v u z. Hiç darılma, girər, üzr istərim.

Ə r t o ğ r u l. Üzrün qəbahətindən daha betər...

Y a v u z (yarım qəhqəhə ilə). Bilirmisin nə var, bən bu qıza məftunum. Fəqət sana qarşı o qadar lütfkar göründü ki, sinirlərimə toqundu.

Ə r t o ğ r u l. Pəki, oqu atıb yayı gizlətməkdə nə mə’na var? Söylə, baqalım. O hanki mane, o nasıl kabus imiş?

Y a v u z. Kabus iştə onun annəsi... O, bu şəhərdə durduqca Alagöz məs’ud olamaz.

Ə r t o ğ r u l. Haydı, gəl baqalım, sən daima saçma söyləməkdən zevq alırsın. (Təbdil tevr ilə). Lakin sana bir ricam var; saqın, bir daha gönlünə toqunmayasan.

Y a v u z. Pəki, sənin xatirin için dilsiz və sağır olarum.

 

İçəri girirlər, bu sırada Afət ilə Qaplan gəlir. Afətin şıq və siyah əsvabı, mükəmməl tualeti, sərbəst tevr və hərəkəti kəndini daha şux, daha füsunkar göstərir.

 

Q a p l a n. Bən geri dönmək istiyorum, təbii qüsura baqmazsınız.

A f ə t. Niçin? Ərtoğrulu görmiyəcəkmisin?

Q a p l a n. Xayır, onu sevindirməkdən ziyadə gücəndirmiş olarum.

A f ə t. Pəki, o halda buraya qadar niçin gəldin?

Q a p l a n. Orasını kəndim də bilməm. (Onu məczub bir baqışla süzərək). Müsaidənizlə... (Əlini öpər).

 

Ayrıldığı sırada Q a r a t a y gəlir.

 

D o k t o r (istehzalı təbəssümlə uzaqlaşan Qaplanı göstərir). Yeni eşqinizi təbrik edərim.

A f ə t (eyni tərzdə). Əskik olmayın.

D o k t o r. Fəqət, gönül bir olduğu kibi, məhəbbət də bir olmalıdır.

A f ə t (müstəhzi). Sizdə olduğu kibi deyilmi? (Sinirli). Ah! Insafsız, mərhəmətsiz!.. Sən bəni atıb da Altunsaça uyarsın, saətlərcə peşindən ayrılmazsın, məhtablı gecələrdə əcnəbi kokotlarla qayıq gəzintisi yaparsın, həpsi keçər, gedər. Fəqət bən... bən isə yalnız əlimi öpdürməklə böyük bir günah işləmiş olurum, öyləmi?..

D o k t o r. Çünki sən qadınsın, anlıyormusun?

A f ə t (müstəhzi qəhqəhələrdən sonra, ciddi). Ah, zavallı qadınlar!.. Bütün mühit və qanunlar onlara düşman, bütün din və adətlər düşman; bütün təbiət və kainat düşman!.. Çünki zəifdirlər, onunçin də haqsızdırlar. Fəqət erkəklər həp mə’sum! Bütün sapqınlıqlarilə mə’sum, bütün azğınlıqlarilə mə’sumdurlar... Çünki bütün qanunları yapan onlar!.. Onunçin də haqsız deyillər... Haqsız olsalar belə haqlı görünürlər.

D o k t o r. Afət! Sən erkəkləri deyil, yalnız bəni təhqir ediyorsun.

A f ə t (son dərəcə qızğın). Sus, artıq çıldırıyorum. Ah, sən təhqirə belə layiq deyilsin. Sən, sönük bir arzun için bəni qatil etdin, kəndi əlimlə qocamı zəhərlətdin; əməyilə bəsləndiyim bir biçarəyi məhv etdin. Ah, şimdi isə...

D o k t o r (təlaş ilə). Aman, rica edərim, sus!

A f ə t (acı bir təbəssümlə). Heyhat! Bən sussam da həqiqət susmaz. (Içəri girər, Xandəmir gəlir).

X a n d ə m i r. Niçin içəri girmiyorsun? Ərtoğrulu görə bildinmi?

D o k t o r. Xayır, bən də şimdi gəldim.

Ə r t o ğ r u l sərv ağaclarının arasında görünür, onları dinlər.

X a n d ə m i r. Yahu, iki günün biri, xəstəlik, dəlilik!.. Bu çocuq başımıza bir bəla kəsildi. Zavallı Altunsaç!.. Ortada rəsmi bir şey yoqsa da, yenə hər kəs bu ikisini nişanlı biliyor. Ah, qızımı, qızımın istiqbalını məhv etdim.

D o k t o r. Əvət, Altunsaç bir elmasdır. Siz onu qeyb etmiş kibisiniz, fəqət bən o elması təkrar özünüzə iadə edərsəm, mükafat olaraq nə verirsiniz?

X a n d ə m i r (tə’kidlə). Nə istərsən, hər nə istərsən...

D o k t o r. Əgər istəyəcəyim məzkur elmas kəndisi olursa?..

X a n d ə m i r (bir qadar sükutdan sonra). Lakin Altunsaçın könlünü almaq şərtilə...

D o k t o r. İştə o bənim vəzifəm... (Ətrafa). Özdəmiri zəhərlətdiyim kibi, Ərtoğrula da bir çarə düşünərüm.

Ə r t o ğ r u l (ətrafa). Ah, insan qılıqlı canavarlar!

İ l c a y (təlaş ilə çıqar). Siz buradamısınız? Ərtoğrul nə oldu, nerəyə getdi?

X a n d ə m i r. Biz yeni gəldik, bir şeydən xəbərimiz yoq.

İ l c a y. Ah, şimdi yenə əhvalı qarışdı. Sinirlənib də dışarı fırladı.

D o k t o r. Hər halda onu yalnız bıraqmamalı, bir gün öncə bu şəhərdən uzaqlaşdırmalı, təbdili-hava için ətraf köylərə göndərməli.

İ l c a y. Aman, doktor, bir çarə?

D o k t o r. Artıq başqa çarə yoq, onun yalnız vücudu deyil, beyni də xəstələnmiş... Diqqət edilməzsə azacıq sonra dəli olur.

Ə r t o ğ r u l. Dəlimi?.. (Qəhqəhə). Pəki, dəlinin nəyi dəli olacaq!..

İ l c a y (niyazkar). Ərtoğrul!..

Ə r t o ğ r u l. Rica edərim, sən sus!

X a n d ə m i r (yaltaqca təbəssümlə). Doktor səni sevdiyi için öylə söylüyor.

D o k t o r. Əvət, yalnız səni, sənin səhhətini düşünüyoruz.

Ə r t o ğ r u l (sinirli və qızğın). Ah, tilkilər, çaqqallar!..

 

Bu sırada Altunsaç da çıqar.

 

İ l c a y. Aman, nə söylüyorsun, düşün ki, onlar misafir... halbuki misafirə ehtiram lazım...

Ə r t o ğ r u l. Xayır, onlar bu evə misafir kibi deyil, bənim məhvimi arzu edən iki cəllad kibi gəlmişlər.

İ l c a y. Üzr istə, oğlum, ah, hər ikisindən üzr istə!..

Ə r t o ğ r u l. Əfv edərsin, doktor, bən sana tilki dedim, halbuki sən insanları boğazlıyan diplomalı bir makinasın; canlı, fəqət duyğusuz bir sallaqxanə makinasısın. (Xandəmirə) Sana da çaqqal dedim, möhtərəm dayı! Halbuki sən də maarif süpürgəsisin, əqli topuğunda bir qazsın, qaz... Anladınmı? (Acı və sərsəmcə qəhqəhələr...).

A l t u n s a ç (sinirli). Fəqət bu nəzakətlə sən nə olursun, sən!?

Ə r t o ğ r u l (qəhqəhə). Bən də düşkün bir mühitdə çırpınan bir zavallı!.. Sönük varlıqları yaqmaq istəyən bir qıvılcım... Pəncətırnaqlarla qəlbi gəmirilən bir bədbaxt, bir biçarə... Mə’nasız saylar ətrafında dolaşan bir sıfır, bir hiç...

X a n d ə m i r (Doktora). Görünür ki, söylədiklərimizi eşitmiş. (Ərtoğrula). Ərtoğrul! Bir düşün ki, nə bütün qırıyorsun.

Ə r t o ğ r u l. Bütpərəstliyi çoqdan bıraqdım. Onunçün də büt qırmaqdan pək zevq alıyorum.

A l t u n s a ç. Ah, sən getdikcə, çıldırıyorsun.

Ə r t o ğ r u l. Əvət, çıldırıyorum, dəmin doktor da söylə söylədi. Deyilmi, əfəndim!.. (Doktora baqıb acı qəhqəhələrlə gülər).

A l t u n s a ç. Rica edərim, bizi yalnız bıraq!

Ə r t o ğ r u l (istehzalı təbəssümlə). Xayır, rica ilə getməm.

A l t u n s a ç (qızğın). O halda əmr ediyorum.

Ə r t o ğ r u l (istehzalı qəhqəhə ilə). Madam ki, əmr ediyorsun gedərim (Qəhqəhə). Çünki sən, qürur və əzəmət sultanısın. Çünki sənin əmrinə qarşı əyilməmək haqsızlıqdır. Çünki sənin hər sözün şimşəkdən parlaq, qılıcdan kəskindir. (İki-üç adım bağçaya doğru yürür, təkrar dönər). Baq, iştə gediyorum... (Acı və istehzalı qəhqəhələrlə çəkilir).

 

Pərdə

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info