Qonaq Kitabı
AFƏT

Y a v u z. Sən Afəti eyicə tanıyormusun?

Ə r t o ğ r u l. O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa bir ailəyə mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, varyoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündəngünə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara ısınmağa məcbur olacaq...

Y a v u z. Ah, şu qadın öylə bir atəş ki, öylə bir alav ki, yalnız qocasını, qızını deyil, (kəndinə işarətlə) hətta bu talesiz Yavuzu da yaqıyor, bəni də qəhr edib bitiriyor.

Ə r t o ğ r u l. Pəki, səni niçin?

Y a v u z. Çünki Alagözü seviyorum, həm də həyatım qadar seviyorum. Halbuki anası bütün ümidlərimi qırıyor, bütün düşüncələrimi alt-üst ediyor.

Ə r t o ğ r u l. Bana qalırsa Afət ilə Alagöz, ana ilə qız olmaqdan ziyadə iki həmşirəyi andırıyor. Daha doğrusu həmşirə də deyillər... Çünki aralarındakı fərq yaşca nə qadar küçüksə, sima və təbiətcə bir o qadar böyükdür. Hər halda bu məsələdə anlaşılmaz bir nöqtə var.

Y a v u z (sağ qapıya baqar, təbəssümlə). Şimdilik bən çəkiləyim.

Ə r t o ğ r u l. Niçin, nə oldu?

Y a v u z. Çünki nişanlın gəliyor. Həm də nə qadar əzəmətli, nə qadar məğrur!..

Ə r t o ğ r u l (baqar). Altunsaçmı?.. Pəki, onun nişanlım olduğunu kimdən eşitdin?

Y a v u z. Səndən başqa hər kəsdən.

Ə r t o ğ r u l. Fəqət hənuz ortada rəsmi bir şey yoq.

Y a v u z. Bu gün olmasa da, yarın olur (Sol qapıdan çıqar).

A l t u n s a ç (gəlir). Ərtoğrul! Şimdiyə qadar nerdə idin?

Ə r t o ğ r u l. Bağçada səni arıyordum, bir kələbək kibi səni güllərə, çiçəklərə soruyordum.

A l t u n s a ç (incə qəhqəhələrlə). Xayır, sən bəni güllərə, çiçəklərə deyil, yalnız bitməz-tükənməz fəzalara, fəzalardakı yıldızlara sormalısın. Daha açıq söyləyimmi?.. (İstehzalı təbəssümlə). Sən bəni fəzalara sığmayan qəlbində aramalı; dəhalar izləyən ruhunda bulmalısın.

Ə r t o ğ r u l. Altunsaç, bən sənin hər sözünü yuqarıdan enən xitablar kibi müəmmalı deyil, yalnız çocuqca təbəssümlər kibi sadə və mə’sumanə görmək istərim.

A l t u n s a ç (yarım qəhqəhədən sonra sərt və qartalca bir baqışla). Sənin əlbisə və qiyafətin kibi sadə, deyilmi?

Ə r t o ğ r u l. Altunsaç, ah, Altunsaç! Sən bana gülüyorsun, bənim qiyafətimlə əyləniyorsun.

A l t u n s a ç. Xayır bən sana gülmək için deyil, yalnız gülməkdən zevq aldığım için gülüyorum.

Ə r t o ğ r u l. Fəqət sən bu gülüşlərdən zevq alırkən, başqalarını zəhərliyorsun.

A l t u n s a ç (şux qəhqəhələrlə). Açıq söyləyimmi, əzizim, sən... çocuqsun.

Ə r t o ğ r u l. Bu söz lətifə olsa belə bir həqiqətdir. Çünki çocuq olmasaydım, şu qiyafətlə sənin kibi bir əzəmət və ehtişam heykəlinə uymazdım.

A l t u n s a ç. Fəqət səndə, sənin alavlı gözlərində, kəskin baqışlarında öylə bir əzəmət var ki, yalnız bən deyil, hər kəs o qüvvətə qarşı kiçilir, kiçilməyə məcbur olur.

Ə r t o ğ r u l. Ah, sənin kiçilməndə də bir böyüklük var.

A l t u n s a ç. Əvət, böyüklər kiçikləri böyük görmək istər, kiçiklər isə böyükləri kiçiltməklə təsəlli bulur.

Q a p l a n (nəş’əli və yarımsərxoş bir halda sağ odadan çıqar). Dram, ram, ram... dara... dara, ra, ram, ram... (deyə əlindəki kamanın tellərini səsləndirir və Altunsaça təqdim edər). Müsaidənizlə, şu sarı tellər çırpınaraq, inliyərək, sızlayaraq sizə yalvarıyor... Pənbə, lətif barmaqlarınızı öpmək istiyor.

A l t u n s a ç (kamanı alıb bir tərəfə bıraqır). Bağışlarsınız, pək yorğunum.

Q a p l a n. İştə yorğunluğu çıqaran şeylərdən biri də musiqidir.

A l t u n s a ç. Fəqət o təsəlli çalanlar için deyil, dinləyənlər içindir.

Q a p l a n (kamanı alaraq). Aman, rica edərim.

A l t u n s a ç. Bir az sonra olmazmı?

Q a p l a n. Xayır, bəkləməyə imkan yoq... Of, bən musiqiyə pərəstiş edərim. (Altunsaçın barmaqlarını göstərir). Hələ şu sehirli barmaqların rəqsini seyrilə keçirdiyim dəmlər, ən xoş dəmlərdir. Xoş dəmlər isə bir an fevt edilməməlidir.

 

Bu sırada Yavuz da gəlir.

 

A l t u n s a ç. Fəqət sən də şərqi söyləmək şərtilə...

Q a p l a n (sağ qapıya doğru yürür). Pək gözəl, haydı, baqalım.

A l t u n s a ç. Xayır, bən qalabalıqdan xoşlanmam. Burası daha eyi deyilmi ya?

Ə r t o ğ r u l (kinayəli təbəssümlə). Bəncə bağça həpsindən şairanə və asudə bir yer. Həm də təbiət sizin musiqi və şərqilərinizi öpərək, siz də akasiya çiçəklərinin xəfif və gözəl qoqularını əmərsiniz.

A l t u n s a ç. Pək ə’la! (Yavuzla Ərtoğrula). Siz getmiyormusunuz?

Ə r t o ğ r u l. Xayır...

A l t u n s a ç. Bizi rədd ediyorsunuz, öyləmi?

Ə r t o ğ r u l. Buradan dinləriz, olmazmı?

Q a p l a n (məmnun bir tevrilə). Əvət, musiqi və şərqi uzaqdan daha xoş gəlir. (Altunsaç ilə bərabər bağçaya gedərlər).

Y a v u z (Ərtoğrula). Bana baq, sən Altunsaçla əyləniyorsun; fəqət bu xoş bir iş deyil, doğru gediş deyil və bu yolun sonu uçurumdur.

Ə r t o ğ r u l. Nə olursa-olsun, artıq usandım. Şu çocuqca nazlar, şu mə’nasız ədalar insanı bıqdırıyor.

Y a v u z. Iştə bu da aranızdakı sevginin böyüklük və kəskinliyinə bir əlamət!.. Sən pək qısqanc və sinirlisin; eyni zamanda pək soyuqqanlı görünürsün, yaxud öylə görünmək istiyorsun. Halbuki çoq sürməz də bir gün quşu uçurmuş, avı qaçırmış olursun. Əvət, arslanların saymazlığı şikarı tilkilərə qapdırır.

 

Bu sırada kamanın səsi, Qaplanın şərqisi ətrafa dalğınlıq saçar.

 

Şərqi:

Dün sıtmalı ruhum anıyorkən səni, birdən

Xülyalərə, sevdalərə daldım, gözəlim, bən;

Pürnəş’ə könül aləmi-lahutə uçarkən

Gördüm səni rö’yadə ipək tüllər içində...

 

Bir şe’ri-səmavi kibi ağuşuma gəldin,

Gülbusələr ithaf ediyordun bana... Lakin

Röya kibi nagah süzülüb cismi-lətifin

Qeyb oldu bəyaz, pənbə qızılgüllər içində...

 

Y a v u z. Dinliyormusun?

Ə r t o ğ r u l. Əvət, dinliyorum.

Y a v u z (istehzalı təbəssümlə). Iştə gülbusələr, ipəkli rö’yalər; xülyalər və sevdalərdən bəhs ediliyor.

Ə r t o ğ r u l (sinirli). Anlıyorum, əvət, anlıyorum.

Y a v u z. Yalnız anlamaq yetişməz, anlatmaq da lazım...

Ə r t o ğ r u l. Kimə anlatayım, kimə!? Qaplan sayğısız bir odun parçası, Altunsaç da məğrur bir qaraquş yavrusu...

Y a v u z. Pəki o halda?

Ə r t o ğ r u l (son dərəcə sinirli). Bıraq Allah eşqinə, yetişir...

 

Sükut... A l t u n s a ç l a Q a p l a n gəlir. 

 

X a n d ə m i r (çıqar, Altunsaça). Nerdəsin, qızım? Hiç bu olurmu ya? Alagöz sana misafir gəlmiş, halbuki sən onu yalnız bıraqıyorsun.

A l t u n s a ç (gülərək babasilə sağ odaya keçər). Bəndə qüsur yoq. Babaciyim, bu xüsusda Qaplan pək qəbahətli...

Q a p l a n (Yavuzla Ərtoğrula). Yenə nə olmuş? Pək qəsvətli görünüyorsunuz.

Ə r t o ğ r u l (sarsılmış bir halda). Bana baq, sən nə yapıyorsun? Nə yapmaq istiyorsun?

Q a p l a n. Sözlərini anlayamıyorum.

Ə r t o ğ r u l (acı təbəssümlə). Burada anlaşılmaz bir şey yoq...

Q a p l a n. Nə demək istədiyini bilsəydim...

Ə r t o ğ r u l (birdən-birə hiddətlə). Ah, sən; pək sapqın, pək azğın bir hərifsin, sən xain bir xırsızsın, sən cani və qatilsin...

Q a p l a n. Xırsızmı, qatilmi? (Istehzalı qəhqəhələrlə). Qaliba çıldırıyorsun.

Ə r t o ğ r u l (daha qızğın). Əvət, xırsız, həm də xain bir xırsızsın. Çünki bənim qayei-əməlimi, müqəddəs heykəlimi kirli əllərinlə qırıb parçalıyorsun, çünki Altunsaçın könlünü çalıyorsun. Əvət, sən qatil, həm də ən vəhşi bir qatilsin; çünki canavarca hərəkətlərinlə hər an qəlbimin birər parçasını gəmiriyorsun; beynimi yaqıb da köksümü didməyə çalışıyorsun.

 

Bu gurultuya içəridəkilər salona keçərlər.

 

Q a p l a n (istehzalı təbəssümlə). Bən yenə təkrar ediyorum, sən çıldırıyorsun. (Cibindən revolverini çıqarır, gurultulu bir ahənglə). İştə sana ən parlaq və kəskin bir cəvab!.. (Nişan almaq istər).

Y a v u z (silahı əlindən alır). Nə yapıyorsun?

Ə r t o ğ r u l. Bəni qorqutmaqmı? (Qızğın və acı qəhqəhəylə). Nə böyük cəsarət!

A l t u n s a ç. Nə var yenə, nə olmuş?

Ə r t o ğ r u l. Hiç, Altunsaç, hiç!..

A l t u n s a ç (şux qəhqəhələrlə). Fəqət bu nasıl hiç!..

Ə r t o ğ r u l. Ah, o öylə bir hiç ki, bənim bütün bənliyim, bütün səadət və dirliyim o hiçdən, o mövhum teldən asılıdır. İştə Qaplan o teli gəmiriyor, sən də qəhqəhələrlə seyr ediyorsun.

Q a p l a n (heyrətlə). Fahiş bir iftira, müdhiş bir iftira...

A l t u n s a ç. Ərtoğrul! Sən hər şeyi qüruni-vüstada yaşar kibi düşünüyorsun... Halbuki darülfünun gördün!

Ə r t o ğ r u l. Nə yapayım ki, bən darülfünundan yalnız bir qasırğa kibi geçdim. Onun için qüruni-vüstada yaşar kibi düşünüyorum. Hala əski qafa ilə düşünüyorum, hənuz bir dürlü yeniləşmədim.

Ö z d ə m i r (sərxoşca və istehzalı qəhqəhələrlə). Fəqət bən... bən isə yeniləşdim; əski qafamla bərabər yeniləşdim; daha doğrusu bəni yeniləşdirdilər. Sevgili rəfiqəm, şu gözəl Afət bəni yeniləşdirdi. İştə onu da şu doktor, doktor Qaratay yeniləşdirmiş!.. (Qəhqəhə). Əvət, o yeniləşdirmiş...

Ə r t o ğ r u l. Sən abdalsın.

Ö z d ə m i r. Fəqət sən!.. Sən də... dəlisin (qəhqəhə).

A f ə t. Özdəmir! Nə söylüyorsun?

İ l c a y. Oğlum, nə yapıyorsun?

X a n d ə m i r (Özdəmirə işarətlə, yarım sərxoş). Onda spirto sərsəmliyi, (Ərtoğrula) sən də gənclik sərxoşluğu var. O söylədiyini bilməz, səndə bilmədiyini söylərsin. Iştə Amerika şairlərindən məşhur Lev Tolstoy diyor ki: “Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz” (hər kəsdə qəhqəhə). Demək ki, Özdəmir Afətə, sən də Altunsaça o qadar vurulmuşsunuz ki, hər sözdən bir mə’na, hər hiçdən bir müəmma çıqarıyorsunuz.

Ö z d ə m i r (istehzalı və laübali qəhqəhələrlə). Pək doğru, əfəndim, pək doğru!.. (Qəhqəhə). Əvət, Amerika şairi Lev Tolstoy!.. Maarif müdiri Xandəmir!? (Qəhqəhə).

İ l c a y (Xandəmirə). Aman, qardaşım, sən söylə, yoqsa bunlar qızışsa keyfimizə su qatarlar.

X a n d ə m i r. Hətta məhəbbət öylə bir alav ki, bir kərə insanın qəlbini sardımı ölüncəyə qadar sızladıb durur... Fars tarixşünaslarından Əbu Əli Sina diyor ki: “Bən hər, hər dərdə ilac buldum da, yalnız eşqə, məhəbbətə bir çarə bulamadım”.

Ö z d ə m i r (kinayəli qəhqəhə ilə). Əvət, eşq, məhəbbət... Fars tarixşünaslarından Əbu Əli Sina!.. Maarif müdiri Xandəmir!.. (Qəhqəhə).

A l a g ö z (yarım səslə Afətə). Bən gediyorum, annəciyim!

A f ə t. Niçin, yavrum?

A l a g ö z. Hiç kəndim də bilmiyorum.

A f ə t. Azacıq bəklə, bərabər gedəlim.

A l a g ö z. Xayır, bəkləməm.

A f ə t. Pək gözəl, sən get, bən də şimdi gəlirim.

 

Alagöz məhzun adımlarla çıqar; Ərtoğrul da sinirli baqışlarla onu izləmək istər.

 

İ l c a y. Nerəyə, oğlum?

Ə r t o ğ r u l. Dəlixanəyə.

İ l c a y. Nə demək, dəlixanə buradan eyimi?

Ə r t o ğ r u l (İlcaya xüsusi). Əlbəttə... kəndiləri bilməsə belə ordakıları hər kəs dəli tanıyor. Fəqət bunlar, bu zəncirsiz divanələr isə, nə kəndiləri kim olduğunu biliyorlar, nə də ətrafdakılar.

İ l c a y. Bir az daha bəklə, nə olur. (Xandəmirə işarətlə). Başın için dayın darılır.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info