Qonaq Kitabı
AFƏT

A f ə t. Çünki bən hər qanunun xilafında yaratılmış bir məxluqum. Bənim hər sevincimdə bir fəlakət, hər fəlakətimdə bir bəxtiyarlıq var. Bən düşmanıma məftun olurum, sevgilimi cəllad kibi boğazlarım. Əvət, bən ağlarkən gülərim, gülərkən ağlarım. (Təkrar şən və şatır qəhqəhələrlə gülməyə başlar).

Q a p l a n. Iştə, təbiətin də, gözəlliyin kibi müstəsna!..

A f ə t. Söylə, allah eşqinə, söylə! Altunsaç doktora nişanlandı, öyləmi?

Q a p l a n. Əvət.

A f ə t. Bir ay sonra dügün yapılacaqmış, deyilmi?

Q a p l a n. Əvət.

A f ə t. Bir ay sonra, otuz gün sonra, ah, nə qadar gec, nə qadar çabuq!.. (Qəhqəhə). Bir ay otuz yıldan daha uzun, otuz dəqiqədən daha qısadır. (Qəhqəhə).

Q a p l a n. Dəmin onunçinmi ağlıyordun?

A f ə t. Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq...

Q a p l a n. Nə isə keçmiş... İştə Qorqmaz da burada, bərabər gəzinəlimmi?

A f ə t. Xayır, pək yorğunum, azacıq oturalım (çardaqdakı sıraya otururlar).

Q o r q m a z (gəlir. Xəfif bir təmənnadan sonra). Müsaidə buyurulurmu?

A f ə t (məmnun). Hay-hay, gəl, baqalım.

 

Qorqmaz Afətin əlini öpər, Qaplan ilə də əl verib oturur. Bu sırada Afətin əlindəki şəmsiyə düşüverir, hər ikisi birdən almaq için əyilir. Qorqmaz daha əvvəl təqdim edər.

 

A f ə t. Təşəkkür edərim.

Q o r q m a z. Bir şey deyil.

A f ə t (Qaplana). Şuradakı bufet açıqmı?

Q a p l a n. Əvət, nə arzu edərsiniz?

A f ə t. Bir qədəh limonata olsaydı, məmnuniyyətlə içərdim.

Q a p l a n (qalqar). Bu saət söyləyim gətirsinlər (gedər).

A f ə t (Qorqmaza). Söylə baqalım, nerələrdəsin?

Q o r q m a z. Bir aydır ki, köydə idim, pək şairanə və gözəl günlər keçirdim.

A f ə t. Ah, bir ay, otuz gün!.. Otuz yıldan uzun, otuz dəqiqədən qısa... (Acı qəhqəhələrdən sonra). Əvət, ölmək istəyənlər için pək gec, uzun... Sevmək və yaşamaq istəyənlər için pək çabuq, pək qısa...

Q o r q m a z. Fəqət bu sözlər nə demək? Nerədən xatırınıza gəldi?

A f ə t. Sorma, gözəl çocuq, orasını hiç sorma!

Q o r q m a z. Afət! Niçin adımı söyləmiyorsunuz?

A f ə t. Çünki bana “siz” deyə xitab ediyorsun, çünki həm çocuqsun, həm də gözəl... Onunçün bu ad sana daha uyğun... (Yarım qəhqəhə ilə). Əvət, gözəl çocuq, bu da bəndən sana yadigar olsun.

Q o r q m a z. Pəki, sevgili Afət! Öylə olsun (Afətin əllərini yaqalar). Ah, səni nə qadar seviyorum, bilsən...

A f ə t (şux qəhqəhələrlə). Niçin!.. Pək gözəlmiyim?

Q o r q m a z. Bilməm, lakin hər səhər səni ağuşuna alan aynaya sor da baq, o nə diyor...

A f ə t (ufacıq bir ayna çıqarıb baqar). Əvət, yanılmıyorsun: hələ şu füsunkar gözləri, şu mini-mini dodaqları nə qadar seviyorum, aman, ya Rəbbi, nə qadar seviyorum. (Aynadakı rəsmini məftun bir tevr ilə öpər).

Q o r q m a z. Ah, şu duyğusuz ayna, şu mə’nasız şişə parçası bəxtiyar bir rəqib kibi ruhumu sarsıyor, sinirlərimə toqunuyor.

A f ə t. Niçin, gözəl çocuq, niçin?

Q o r q m a z. Səni qucaqladığı için, şu gözəl dodaqları öpdüyü için.

A f ə t. Fəqət unutma ki, şu duyğusuz ayna, bə’zi xain yürəklərə nisbətlə daha vəfalı, daha sədaqətli...

Q o r q m a z. O xain yürək kimdir əcəba, niçin açıq söyləmiyorsun?.. Xayır; sən bir ay əvvəlki Afət deyilsin.

A f ə t (mütəəssir təbəssümlərlə). Ah, bir ay!.. Otuz gün!.. İştə, ayrılıq çəkənlər için otuz yıldan daha uzun, qavuşub birləşənlər için otuz dəqiqədən daha qısa...

Q o r q m a z. Afət, səndə başqa hallar görüyorum; bu sözlər niçin? Bu kinayələr niçin?

A f ə t. Bir ay sonra dünya dağılacaq, ümidlər solacaq, ağlayanlar güləcək, gülənlər qəhr olacaq (həyəcandan yaşarmış gözlərini silərək, pək sinirli). Ah, bən niçin şu xain mühitə atıldım, niçin yaratıldım!? Niçin qatil oldum, niçin aldatıldım!? (Sıraya dayanır; əllərilə yüzünü qapar).

Q o r q m a z. Aman, nələr eşidiyorum. Afət!.. Bana baq, Afət! Niçin düşünmüyorsun, niçin üzülüyorsun?

A f ə t (yorğun və bayğın bir tevr ilə). Of, onu hiç kəndim də bilmiyorum (sükut).

Q o r q m a z (Afəti qolları arasına alır). Afət! Sevgili Afət! Burada kimsə yoq, qəlbində nə varsa aç, söylə, unutma ki, Qorqmaz sənin ən aciz pərəstişkarındır.

 

Bu sırada Qaplan əlində bir gül dəməti ilə bir şişə limonata gəlir. A l a g ö z l ə O q t a y da digər tərəfdən çıqar.

 

A l a g ö z (Qorqmazın Afətə sarıldığını görüncə sinirli və çılğınca bir fəryad ilə). Ah, aman, ya Rəbbi!.. (Deyə bayılır. Oqtayın qolları arasına düşər).

 

Pərdə

 

 

DÖRDÜNCÜ PƏRDƏ

 

Son dərəcə zərafət və nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər qapı... Sokağa baqar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıqarır, birər-birər yırtar və masa altındakı səbətə atar.

 

A f ə t (bənzi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapıyorsun, yavrum? Niçin şu məktubları yırtıb atıyorsun?

A l a g ö z. Çünki keçmişləri unutmaq istiyorum.

A f ə t. Yazıq deyilmi ya! Onlar həp əziz və qiymətli xatirələr...

A l a g ö z (birini daha yırtıb atar). Əvət, əziz və qiymətli xatirələr!.. Həp yalan pərəstiş və məhəbbətlər, həp yaltaqca nəzakətlər!..

A f ə t (təbəssümlə). Qadın ruhunu oqşayan bir şey varsa, o da yalnız məhəbbət və pərəstişdir.

A l a g ö z. Nə yapayım ki, yeni həyatə girmək için əskilərə vidaetməliyim.

A f ə t. Madam ki, əskilər səni sıqıyor, al, yenilərini oqu! (Məktubları verir).

A l a g ö z. Şübhəsiz, yenə əski təranə, yenə eyni əfsanə. (Birinci məktubu açıb baqar).

A f ə t. Fəqət bu anlaşılmaz hallarınla bəni xərab ediyorsun, xəstə vücudum gündəngünə məhv olub gediyor.

A l a g ö z (məktubu oquduqdan sonra sinirli). Ah, nə münasibətsiz hallar!..

A f ə t. Nə imiş, əcəba?..

A l a g ö z. Hiç... Öylə bir şey deyil... (İkinci məktuba baqar).

A f ə t. Alagöz, Alagöz! Niçin qəlbini bana açmıyorsun?

A l a g ö z (sarsılmış bir halda). Aman, ya Rəbbi! Bu da öylə... Bu da zəhərli bir oq, bu da kəskin bir xəncər!..

A f ə t. Nə yazıyorlar? Niçin söyləmiyorsun?

A l a g ö z (məktubları əlində bürüşdürüb səbətə atar və yerindən qalqıb qarşı qapıya doğru ilərilər, acı təbəssümlə). Bana tapınanlar şimdi sərzəniş yapıyorlar; bəni təqdis eyləyənlər şimdi təhqir ediyorlar.

 

Qapıyı qapayıb çıqar. Afət məktubları səbətdən alır, təlaş ilə baqar. Digər çəkməcəyi açıb bir ufaq revolver çıqarır, diqqətlə süzər, alnını nişan aldığı sırada, qarşıkı qapı parmaq ucilə vurulur. Silahı gizlədib qapıyı açar, doktor Q a r a t a y daxil olur.

 

A f ə t. Ah, sənmisin?.. Gəl, baqalım, səni bəkliyorum.

D o k t o r (onun əlini öpər). Afət! Sən xəstəmisin?

A f ə t. Əvət.

D o k t o r. Əfv edərsin, şimdiyə qadar bu xüsusda mə’lumatım olmamış...

A f ə t (acı təbəssümlə). Təbii, ağ günə çıqanlar qara günlüləri düşünəməzlər. Dügün hazırlığı yapanlar talesizlərin halını biləməzlər.

D o k t o r. Sən pək sinirləniyorsun, bu hal həm kəndini, həm Alagözü bədbaxt edər.

A f ə t. Alagöz bəxtiyar idi, əvət onu bən bədbaxt etdim. Fəqət bəni də məhv edən yalnız sən oldun, sən!..

D o k t o r. Xayır, bil’əkis, sən açıq-saçıq hallarında kəndinə qıydın, kəndi nəfsinə xəyanət eylədin.

A f ə t (acı qəhqəhə ilə). Halbuki tatlı dillərlə qandıran sən... Qoca qatili yapdıran sən... Çıqılmaz yollara sapdıran yenə sənsin (qızğın və sinirli). Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun.

D o k t o r. Afət! Bəni buraya niçin çağırdın?

A f ə t. Səni sevdiyim için, sana pərəstiş etdiyim için.

D o k t o r. Ah, nə yaldızlı yalan!..

A f ə t. Xayır, yalan söyləmiyorum, and olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, mə’sum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum

D o k t o r (bir şey sezmiş kibi qarşıki qapıya baqar). Gələn var, mən gedəyim.

A f ə t. Xayır getmə, sözüm, daha bitmədi; azacıq burda bəklə, sonra gedərsin.

D o k t o r (sağ tərəfdəki odaya keçər). Fəqət çoq gecikdirmə!

A f ə t. Bu saət, əzizim, bu saət (qapıyı açar, Qorqmaz əlində bir dəmət çiçək daxil olur). Sənmisin?.. Gəl!..

Q o r q m a z (əlin öpər, dəməti təqdim edər, heyrətlə). Aman, nə böyük təbəddülat; nə dəhşətli inqilab!..

A f ə t. Pək dəyişdim, deyilmi?..

Q o r q m a z. Əvət, pək... Az qaldı ki, tanımıyacaqdım.

A f ə t. Uf, kim bilir nə qadar çirkinləşdim; bir ay əvvəlki Afət nerdə? Bət-bənizim öylə solmuş ki, aynaya baqmağa cəsarət edəmiyorum.

Q o r q m a z. Ah, bən solğun çiçəkləri pək sevərim.

A f ə t. Solğun çiçək!.. Əvət solğun bir çiçək nasıl qurursa, nasıl qara topraqlara təslimi-nəfs edərsə, bən də... ah, bən də...

Q o r q m a z (tə’sir və təlaş ilə). Afət! Nə söylüyorsun? Nə demək istiyorsun?

A f ə t. Demək istiyorum ki, bənim gözəlliyim sönüyor. Çöhrəmdə incə bürüşüklər, ufaq cizgilər görülüyor; ah, bən ona əsla təhəmmül edəməm. Bəncə, gözəl bir qadın daima gözəl qalmalı... Gözəlliyə vida edərsə həyata da vida etməli... Dərəcə-dərəcə solmaq, hər gün bir az intihar etməkdir. Yıllar ilə yanıb qavrulmaqdansa, bir anda kül olub havaya savrulmaq daha xoşdur, daha gözəldir.

Q o r q m a z. Afət, bəni mə’yus ediyorsun.

A f ə t. Xayır, gözəl çocuq! Mə’yus olma! Gəl, gəl səni ilk və son dəfə olaraq öpəyim (məczub bir tevr ilə bir-birinə yaqlaşıb sarılmaq istərlər. Afət dərhal geri çəkilir və əlilə rədd edər). Ah, xayır, bıraq!.. Bıraq dursun. Çünki sənin atəşli dodaqların bəni yaqar, xəstə ruhumu yaqar... (Qarşıdakı qapıyı açar). Of, bana başqa bir hal gəliyor; get, çocuq, get!.. Saqın, bir daha gəlmə, bir daha bəni özləmə!..

Q o r q m a z. Niçin, sevgili Afət, niçin?..

A f ə t. Çünki bən qıvılcım kibi sönəcəyim, ıssız zülmətlərə, namütənahi bulutlara qavuşacayım.

Q o r q m a z. Afət! Bu sözləri hiç anlıyamıyorum. Ah, fəqət bir kərə, yalnız bir kərəcik özümü qolların arasında görmək istərdim.

A f ə t. Pək gözəl, əzizim, gəl!.. Gəl, səni bir kərəcik də olsa oqşayıb sevəyim (qucaqlaşıb öpüşmək istərlərkən Alagöz gəlir. Hər ikisi şaşırıb geri çəkilir. Sükut... Qorqmaz gedər, Afət Alagözün qollarına sarılaraq). Bağışla, bəni bağışla; artıq bənim cəsarətim cünuna varmış... bən əfvə layiq deyilim; fəqət yenə yalvarıyorum, bəni bağışla... (qucaqlayıb öpər).

A l a g ö z (məmnun və mütəbəssim). Hiç sıqılma, annəciyim! Sevmək və sevilmək bir haqdır. Sənin gönlün nə istərsə, bən də onu arzu edərim. Hətta səni böylə bəxtiyar gördükcə gönlüm açılıyor. Sanki hər zevqinə, hər səadətinə iştirak ediyorum.

A f ə t. Ah, sənin şu məhəbbət və nəzakətin intiqam qadar müdhişdir.

A l a g ö z. Hər halda bən səni pək seviyorum.

A f ə t. Kim bilir, bəlkə sevmədiyin için seviyorsun.

A l a g ö z. Xayır, yalnız səni deyil; şimdi bən hər kəsi, əvət, hər kəsi sevmək istərim (qarşıdakı qapı barmaq ucilə vurulur).

A f ə t. Kimdir əcəba?

A l a g ö z (açar). Oqtay!.. (Əl verir, Oqtay pək ciddi və soyuqqanlı görünür).

A f ə t. Buyurun, əzizim, oturun... Ancaq bəni bağışlarsınız... Mə’zurum... (sol qapıdan çıqar).

A l a g ö z. Nə düşünürsün, niçin oturmursun?

O q t a y. Çünki... getmək istiyorum.

A l a g ö z. O halda niçin gəldin?

O q t a y. Yadigar verdiyim rəsmimi almaq için, iştə bunu almaq için... (Divardakı rəsmlərdən birini alır)

A l a g ö z. Ah, həm qorqunc, həm gülünc bir hal!.. Yalnız səbəbini bilsəydim...

O q t a y. Səbəbi aydındır; qabalıq olsa da söyləyəcəyim (sol qapıya işarətlə). Öylə bir ananın qızilə görüşüb buluşmaq, təhlikəli uçurumlara atılmaqdır. (Sinirli adımlarla çıqar)



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info