Qonaq Kitabı
TAPDIQ DƏDƏ

Ada, hörmətə.

 

Yedim haqqını mən,

Həm vurdum yara.

Bu kirli əməldən

Üzümdür qara”.

 

Düşünüb beləcə

“Ədalət” – deyə

Məmiş bəy üz tudu

Güllü dərəyə.

 

Tapdığın hörmətlə

Kefini sordu.

Önündə şəfqətlə

Boynunu burdu.

 

Söylədi: “-Düşərkən

Elə ki dərdə,

Dadıma çatdın sən

A Tapdıq dədə.

 

Haqqını yedim mən,

Həm açdım yara,

Bu çirkin əməldən

Üzümdür qara.

 

Al bunu bir yolluq

Verirəm sənə.

Öz varım, o bolluq

Yetişər mənə.

 

Bağışla, ay dədə,

Haqsızlıq yapdım.

Cavandım, o yerdə

Yolumdan sapdım.

 

         VI

Baxdı ona gülərək

Tapdıq dedi: - Ay oğul,

Mənə qızıl nə gərək.

Sənin olsun, çox sağ ol!

 

Mən zamanın hökmünü

Öyrənmək istəyirdim,

Hər zamanın gününü

Bir sınayım deyirdim.

 

Doğru çıxdı sınağım,

Aldanmadım bu işdə.

Hər bir dövrü dimağım

Sınadı sən Məmişdə.

 

Uyurdun hər zamana,

Versəydi hər nə buyruq.

Baş əyirdin dövrana,

O baş idi, sən quyruq.

 

Qurd ilində bir qurda

Dönüb haqqımı yedin.

Yağı kəsildin yurda,

“Mal yeyənindir” – dedin.

 

Qılınc ilində kəsdin,

Doğradın bu ölkəni.

Acı yel kimi əsdin,

Yaraladın həm məni.

 

Indi qoyun ilidir,

Dönmüşsən bir qoyuna.

Bu dil qoyun dilidir,

Sən də girdin bu dona.

 

Bu qanundur, ay oğul.

Zaman hökmünü işlər.

Unutma, məhkum, yoxsul,

Xalq da fürsəti gözlər.

 

Yozulmasaydı yuxu

Qorxdum qəzəblənsin xan.

Düşsün canına qorxu,

Xalqa verdirsin ziyan.

 

Ona görə yozdum mən

Xan gördüyü yuxunu.

Yoxsa xan kimi, sən kimsən?

Xalqımçın etdim bunu.

 

Get, xor baxma elimə,

Elin gücsüz deyildir.

Məmişlərə, xanlara

Bil ki, öcsüz deyildir.

 

Elin öcü yamandır.

Qızdımı, qızar, sönməz!

El intiqam alandır,

Ölər, yolundan dönməz!

 

VII

 

Yurdumun vüqarlı qoca Tapdığı,

Dövranın içirdi sənə çox ağı.

Çalışdın, çırpışdın, çatmadı gücün.

Zalımı susdura bilmədi öcün.

Gömüldü torpağa zəkan, hünərin,

Qalmadı yurdunda bircə əsərin.

Öyrəndim adını mən bir nağıldan.

Bağladım adına kiçik bir dastan.

Tanısın hər yerdə həm dost, həm yağı,

Zəkalı, sınaqlı qoca Tapdığı...

Fəqət o zamandan əsrlər keçmiş.

Tarixim çox parlaq bir zaman seçmiş.

Dəyişmiş cəmiyyət, dəyişmiş büsat.

Yerində qurulmuş başqa kainat.

Qalmamış qılınc, qurd dövründən əsər,

O qoyun əsrindən verən yox xəbər.

Kəndlinin, fəhlənin əlində hər iş,

Nə bəydən qorxu var, nə xandan təşviş.

Zülümdən dərəyə sığınan Tapdıq,

Bu dövrü, bu əsri görmədi yazıq!..



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info