Qonaq Kitabı
TAPDIQ DƏDƏ

Dilər ona yaxşı gün.

Kimə bir dərd üz vermiş,

Tapdıq çarə göstərmiş.

 

Görmüş hələ ölkədə

Zülmün odu sönməmiş.

O vaxtdan Tapdıq dədə

Öz kəndinə dönməmiş.

Lənət etmiş hər şeyə,

Sığınmış bu dərəyə.

 

 

III

 

Dərənin arxasında köy[i] varmış,

Onu çoxdan kədər, zülüm sarmış.

Gücə-gündüz əkir, biçir yoxsul

Yenə görməz evində bir məhsul.

Daşıyır molla, kəndxuda, bəy, xan,

Qan udur kəndli qanlı dövrandan.

Göz yaşıyla becərdiyi tarla,

Qoparır öz başından vaveyla.

Kənddə ən yoxsul, ən təpərli Məmiş,

Bu gedişdən daha cana gəlmiş.

Bükmüş aclıq və ehtiyac belini...

Atdı bir gün Məmiş gözəl elini,

“Fəhləlik eylərəm şəhərdə” – deyə

Endi Tapdıq dədə olan dərəyə...

Qanad açmışdı göylərin tavusu,

Başlamış quşların səhər borusu.

Ötüşür hər budaqda şən, şaqraq,

Səsinə səs verir qaya, irmaq.

Dərə başqa lətafət almışdı,

O, sədalar içində dalmışdı...

Bir daş üstündə Tapdıq əyləşmiş,

Üstünə bir ağac qanad gərmiş.

Gözü yollarda, hey baxar, inlər,

Irmağı, quşları birər dinlər.

Ona yalqızlıq açmış idi yara,

Neyləsin, tapmayırdı başqa çara.

Məmiş isə addımlayırdı yolu,

Ürəyi fırtına, kədərlə dolu...

Xeyli yol getdi, bir təpə aşdı,

Tapdığa hörmət ilə yaxlaşdı.

“Uğur olsun” – deyə yaxın gəldi,

Oturub bir qədər də dincəldi.

Söz alıb verdilər, işi artıq

Anlayınca ona dedi Tapdıq:

“ – Burda hər yer zülmlə həp dolmuş,

Şəhəri, kəndi qanla yoğrulmuş,

Hara gülşən deyə ayaq bassan,

Yoxsul olsan, sənə olar zindan.

Bu göy altında fitnələr vardır,

Bilsən ey-vah, bir nələr vardır...

O şəhər də səni əzib, yeyəcək,

Bir quduz qurd dişiylə çeynəyəcək...”

 

*                   *       

*

Anladırkən bu sözləri Məmişə,

Gəldi Tapdıqla bir kişi görüşə,

Dedi – Tapdıq, uğurlar olsun, sən

Büsbütün bixəbərsən aləmdən.

Şəhəri almış iztirab, qorxu,

Bu gecə xan görüb qəribə yuxu.

Görmüş o, qurd yağır yerə göydən,

Ona zindan olub saray, gülşən.

Carçı altında xalqa bu yuxunu,

Dedi: “ – Hər kimsə doğru yozsa bunu,

Xan ona xələt iltifat edəcək.

Yazanın bəxti burda işləyəcək”.

Tapdığın gözləri dikildi yerə,

Dedi: “ – Dönsün görüm aşı zəhərə!

Nə qədər ölkədə o Qurd xan var,

Ona göydən donuz da, qurd da yağar.

Qurdumuz azmıdır, nədir qorxu?

Bizi qorxutmasın gərək bu yuxu”.

Kişi bir az sözə davam etdi:

“ – Yolçu yolda gərək”, - deyə getdi.

O gedincə, Məmiş də tez durdu,

Tapdıq ondan gülə-gülə sordu:

“ – Yozmaq istəmirsən xana yuxunu?”

“ – İstərəm, istərəm, tez anlat onu”.

“ – Yuxunu get şəhərdə yoz o xana,

Əvəzində əgər nə versə sana,

Yarısı yoxsula, dula çatacaq.

Kəndə döndükdə haqqı ver ancaq!”

Razı oldu Məmiş onun sözünə,

Gözünü dikdi Tapdığın gözünə.

Dedi Tapdıq: “ – Şəhərdə meydana get!

Toplanış orda olmasa, xana get

Söylə ki, gəlmişəm yozam yuxunu.

Yozmağa razılıq verərsə, onu

Al sarayındakı çiçəkli bağa,

Bax göyə, bax suya, boranlı dağa,

Yuxunu sonra böylə yoz: - Ay xan!

Yetişib çox qəribə bir dövran.

Hamı dönmüş quduz və ac qurda,

Düşəcək qanlı fitnə bu yurda

Kimsə haqqı, nahaqqı bilməyəcək,

Özgənin haqqını alıb yeyəcək,

Sən ki xansan, düşün bu dərdə çara,

Düşməsin ölkə, el düyümlü dara...”

Elə ki, eşitdi Məmiş bu sözü,

Sevincdən heyrətlə açıldı gözü.

Tez qalxıb ayrıldı qoca Tapdıqdan,

Düşündü: “Dərdimə tapmışam dərman.

Həm bəxşiş alaram, daşar dövlətim,

Həm də xalq içində artar hörmətim”.

Dağlardan enərək iti addımla

Məmiş üzün tutdu geniş bir yola.

Uzaqdan çən kimi göründü şəhər.

Məmişin fikrində kim bilir nələr? –

Tələsik şəhərə girdiyi zaman

Gördü ki, dolmuşdur xalq ilə meydan,

Xan kürsü başında ayaqda durmuş,

Xalq isə meydanda boynunu burmuş,

Diqqətlə, heyrətlə xanı dinləyir.

Xan xalqa üzünü tutaraq deyir:

- Bir yuxu görmüşəm, olduqca ağır...



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info