Qonaq Kitabı
TAPDIQ DƏDƏ

Məmiş atı tez qaytardı,

Salam verdi Tapdığa.

Onu acı duyğu sardı,

Əl atdı bir budağa.

 

Tapdıq ona: - Qırma! – dedi, -

Qırmaq zalım işidir

Hər kim qansız çörək yedi.

Bax, o, igid kişidir!

 

Yolçulardan eşitdim mən

Yenə yuxu görmüş xan.

Görmüş qılınc yağır göydən.

Almış onu həyəcan.

 

Get yuxunu böylə yoz: xan,

Bu bir dövrandır keçər;

Yetişmiş öylə bir zaman,

Insanlar insan biçər.

 

Düşər vəhşi heyvan kimi

Bir-birinin canına;

Hamı bir ac pələng kimi

Susar insan qanına.

 

Sən ki, xansan, düşün çara,

Bir tədbir gör indidən.

Ta düşməsin ellər dara,

Bu xüsusda düşün sən.

 

Xan nə versə sənə, ancaq

Yarısını ver elə.

Öz sözündən dönmə, qoçaq,

Haqdı get, gülə-gülə!

 

Məmiş şərtə razı oldu,

Şəhərə getdi yenə;

Qəlbi sevinc ilə doldu,

Məhmiz vurdu köhlənə.

 

Qoca köhlən coşub-daşır

Dərələrdən sel kimi,

Köpüklənir, uçur, aşır

Təpələrdən yel kimi,

 

Sanki yeldən qanad almış,

Uçur, batıb qan-tərə.

Günortaya bir az qalmış

Çatdı haman şəhərə.

 

Məmiş gördü dolmuş meydan,

Xalq dəymiş bir-birinə.

Durdmuş taxtın üstündə xan,

Yuxu söyləyir yenə.

 

Hamı dəydi bir-birinə

Ki, bu yaman yuxudur.

Çıxmadı bir yozan yenə,

Xan fikirdən qan udur.

 

Məmiş çatdı tez haraya...

Köhlən atı mindilər.

Çatdılar onlar saraya,

Orda atdan endilər.

 

Tapdığın dediyi kimi

Məmiş yozdu yuxunu.

Xan sevindi, nəşələndi.

Bürüdü şadlıq onu.

 

Xan əmr etdi, Məmiş bəyə

Gətirdilər pay, xələt.

Bir qılınc asdı boynuna,

Bir kənd etdi mərhəmət.

 

- Bu da xərclik olsun, hələ...

Qızıl verdi bir çuval.

Apar kəndə bol-bol xərclə,

Sənə halaldır, halal.

 

Xələtini tez geyindi,

Qılınc asdı belinə.

Məmiş qızıla sevindi,

Üz qoydu öz evinə.

 

Qoca köhlən xırda-xırda

Qorğalanıb coşurdu;

Eniş-yoxuşlu yollarda

Dərə, təpə aşırdı.

 

Qarşısına çıxdı dərə,

Tapdıq düşdü yadına.

Duman çökdü o gözlərə,

Məhmiz vurdu atına,

 

Dedi: “Məndən nə istəyir,

Görüm, yox olsun onu!

Qızıldır bu, deyil dəmir,

Necə verim mən bunu?

 

Görməməkçin onu bir də

Birdəfəlik öldürüm

Məmiş dözməz belə dərdə.

Nə istəyir, bir görüm?..”

 

Qılıncını çəkdi qından.

Sürdü atı irəli.

Tapdıq çıxdı daxmasından,

Döndü geri şübhəli.

 

Məmiş atı bərk çaparaq,

Aldı onun üstünü.

Bağırdı: - Ey, qoca axmaq!

Çatmış ömrün son günü...

 

Tapdıq geri dönər-dönməz

Məmiş qılıncı endirdi.

Tapdıq ufuldadı, dinməz

Qaçdı daxmaya girdi.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info