Qonaq Kitabı
TAPDIQ DƏDƏ

Gördüm ki, göylərdən yerə qurd yağır,

Kim yozsa yuxunu alacaq xələt,

Başından aşacaq onun var, dövlət.

Çıxmadı yuxunu yozan bir nəfər,

Xanın üz-gözünü bürüdü kədər.

Çırpındı Məmişin birdən ürəyi,

Gözündə parladı bütün diləyi,

Yerindən bağırdı: - Xan, yozaram mən.

Yalnız bir şərtim var, ricam var səndən:

Yuxunu, təklikdə gərəkdir yozmaq;

Bir sən ol o yerdə, bir də mən ancaq...

Xan ilə mindilər köhlən atlara,

Yerlərin bağrını hey yara-yara,

Uçdular... qarşıda göründü saray.

Qapıda əsgərlər vurmuşdu alay.

Saraya çatınca endilər atdan,

Girdilər bir bağa, yaşıldı hər yan.

Gül gülü çağırır, bülbül bülbülü.

Görsə bu büsatı dirilər ölü.

Qərənfil qolunu atmış nərgisə,

Bağçada bülbüllər vermiş səs-səsə.

Sularda yuyunur yaşılbaş sona,

Onlara keçikçi kəsilmiş durna.

Hər yandan açılmış yaşıl xiyaban.

Yanından çay axır, şırıltısından

Partlayır qönçənin incə ürəyi,

Köməyə çağırır o kəpənəyi.

Çiçəklər sığınır incə yarpağa,

Sərinlik yayılır bu gözəl bağa.

Məmiş bu lövhəni görüncə daldı,

Heyrətdən ağzı da açıla qaldı.

Xan dedi: - Durma sən, güclüdür dərdim,

Bilsən bu yuxudan mən nələr dərdim?!

Gecələr gözümə girməyir yuxu,

Qəlbimə soxulmuş həyəcan, qorxu!

Yoz görüm, bu qurdun mənası nədir?

Andıqca, vücudum zağ-zağ titrəyir

Məmiş tez dönərək baxdı sol-sağa.

Göz dikdi qarşıda ucalan dağa,

Dedi: - Xan, bu yuxun doğru yuxudur,

Gələcək məni də yaman qorxudur.

Dəyişmiş insanlar, dəyişmiş zaman,

Ac qurda dönmüşdür bir para insan,

Əlinə zor ilə keçirir sərvət,

Talayır, gücsüzdə qalmayır taqət.

Haqq, nahaq tanımaz bir para insan,

Yetişmiş yuxuda gördüyün dövran.

Indidən bir çarə düşün sən buna.

Məmişin sözləri xoş gəldi xana.

Adını, sanını, kəndini sordu,

Dağıldı kədəri, yerindən durdu,

Məmişə verdi bir at ilə xələt,

Yedirtdi, içirtdi; göstərdi hörmət.

Bir kisə qızıl da uzatdı ona,

Dedi: - Al, götür get, dua et xana.

Xələti geyindi, sıçradı ata,

Atıldı Məmiş bir başqa həyata.

Atının ayağı dəymirdi yerə,

Oradan çaparaq gəldi şəhərə.

Qiymətli bəxşişlər aldı evinə,

Sevinclər içində döndü kəndinə.

Dərədən keçərkən Tapdığı andı,

Tamahkar gözləri məşəl tək yandı.

Dedi: “Bu Tapdıq da dərd oldu mənə,

Mən qızıl qanadım, bundan ona nə?

Taleyim günlərdən bir gündür seçmiş,

Əlimə bir kisə qızıldır keçmiş,

Üstümə qurd deyil, od yağsa, yenə

Qızıldan vermərəm bu kənd əhlinə”.

Dərədən ötüşdü. Tapdıq görmədən,

Kəndinə çatınca oldu üzü şən.

Kəndə tez səs düşdü: “Ac, yoxsul Məmiş,

Şəhərdən başqa bir büsatla gəlmiş,

Xan ona göstərmiş hörmət və şəfqət,

Həm qızıl vermişdir, həm at, həm xələt”.

Varlandı, Məmişin iti uladı,

Döndü bir ac qurda, xalqı daladı

 

IV

 

Bir neçə il keçdi bundan,

Yenə gördü xan yuxu.

Qalxdı sərsəm tək yuxudan.

Qəlbinə girdi qorxu.

 

Car çəkdirdi küçələrdə,

Xəbər getdi Məmişə.

Xalq yenidən düşdü dərdə,

Heyrət etdi bu işə.

 

Köhlən ata mindi Məmiş,

Şəhər deyə yol aldı.

Dedi: “Yaman oldu bu iş,

Ağ günüm nə qaraldı!

 

Məmiş hara, yuxu hara?

Bunu bilməz bir insan!

Yaman gündə düşdüm dara,

Yozmasam, öldürər xan.

 

Tapdığı da küsdürdüm, bax,

Boş yerə mən özümdən.

Vəd eylədim vermədim haqq,

Döndüm mən öz sözümdən.

 

O da mənə oldu düşmən,

Daha yozmaz yuxunu.

Qorxusundan ölsəydi xan,

Atardım bu qorxunu”.

 

Bu fikirlə çapdı atı,

Endi sulu dərəyə...

Qırıldı sanki qanadı,

Tapdıq görməsin deyə,

 

Sovuşub getmək istərkən,

Tapdıq onu çağırdı:

- Görüşməmiş bu dərədən

Keçmə! – deyə bağırdı.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info