Qonaq Kitabı
ŞEYDA

Şeyda (şaşqın və sarsılmış bir halda). Roza, Roza! Ah, fəqət, heyhat!..

Roza. Məraq etmə, hiç məraq etmə!..

Qarageyimli mələk (gülü Şeydanın burnuna tutaraq). İştə baq, nə müəttər çiçək! Nə gözəl rayihə!

Şeyda (qoqladıqdan sonra, azacıq arqa tərəfə mail olaraq). Of... Əvət...

Qarageyimli mələk (bir az daha yaqlaşaraq). İştə görüyormusun? Nə qadar sevimli, nə qadar ruhaşina!..

Şeyda (bir daha qoqlar, dərəcə-dərəcə arqaya mail olaraq sönükvə titrək bir səslə). Əvət, pək lətif, pək gözəl... Lakin, lakin (müztərib və bitab). Roza!.. Roza!..

Rozaya doğru qollarını açmış olduğu halda, arqası üstü düşər, təslimi-ruh edər. Bu sırada həbsxanə saəti bir kilisə çanı kibi vurmağa başlar. Sabah olur.

Rəuf. Haydı, Məs’ud, qalq!

 

Hər ikisi əcələ geyinib hazırlanır.

 

Məsud. Artıq yatıb-qalqmaqdan usandıq, Allah Şeydayə insaf versin.

Rəuf. Mə’yus olma, əzizim, mə’yus şeytandır. Bir gün gəlir ki, şu qaranlıq pərdələr qalqar. Zalımlar, müstəbidlər xudkam sərmayədarlar, həp əkdiklərini biçərlər, həp intiqam şərbətini içərlər.

 

Bu sırada uzaqdan Marselyozu andırır gurultulu və həyəcanlı bir ahənglə

aşağıdakı marş eşidilir. Hər ikisi son dərəcə heyrətlə pəncərəyi açıb dinlərlər.

 

Marş

Arqadaş! Əlverir bunca zillət,

Bunca qəflət yetər, qalq, oyan!

Qəhr olub getdi zülmü fəlakət,

Artıq fürsət! Gözəl bir zaman...

 

Çoq əzildin yetər, haydı doğrul, ər ol!

Haq sənindir bu gün, arqadaş! Hazır ol!

Haq sənin, çünki zəhmət sənin...

Güc sənin, sə’yü qeyrət sənin...

 

Rəuf. İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi.

Məsud. Əvət, bu da başqa bir xülya, bu da başqa bir rö’ya!

Rəuf. Yahu! Çoq keçməz, sən günəşi də inkar edərsin, hətta öz varlığına da inanmazsın.

 

Dışarıda gurultulu səslər eşidilər.

 

Qara Musa (şiddətlə qapıyı açar). Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür (Şeydaya yaqlaşır). Şeyda!.. Şeyda!.. (Qolundan tutub qaldırmaq istər, hərəkətsiz bir halda yanına düşdüyünü görüncə heyrətlə). Ah, ölmüş... Şeyda... Şeyda... (deyə acı bir fəryad ilə qucaqlar).

 

Pərdə

 

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info