Qonaq Kitabı
ŞEYDA

Şeyda. Canım sıqılıyor.

Məsud. Fəqət niçin?

Şeyda. Hiç kəndim də bilmiyorum.

Məsud (yerindən qalqaraq arqadaşlarına). Haydı, gedəlim, rahatsız etmiyəlim. Yarın bağçada uzun-uzadıya qonuşuruz.

B i r i n c i m ü r ə t t i b . Azacıq otursana, nə əcələ ediyorsun?

Şeyda. Otur, otur, baqalım nə yapıyorsunuz. Işlər nə yolda?

Məsud (arqadaşlarına işarətlə). Onu inqilabçılara sormalı...

B i r i n c i m ü r ə t t i b (Şeydayə). Mə’lum ya, siz Məcid əfəndiyi daha eyi tanıyorsunuz. Bu hərif bizə göz veriyor da, işıq vermir. Birisi xəstə, ya səqət oldumu, əsla umurunda deyil; maaşlar həp əski halda, bir quruş artdığı yoq, lakin iş, vəzifə qucaq-qucaq... Həm də gündən-günə üstünə gəliyor da, əksilmiyor. Artıq bu rəzalət çəkilməz, bu istibdada təhəmmül edilməz.

Şeyda. Pəki, çarə?

B i r i n c i m ü r ə t t i b . Çarəsi pək qolay... (Kəskin bir ahənglə). İşdən çəkilmək, haqqımızı tələb etmək, iştə bu qadar!..

Şeyda. Pək gözəl... Tələbnamə yazılmışmı?

B i r i n c i m ü r ə t t i b . Əvət, baqa bilərsin... (Qoltuq cibindən böyük qit’ədə bir kağız çıqarar).

Şeyda (alıb baqaraq). Hər halda əl birliyi, dil birliyi ən böyük şərt. Həm də son dərəcə diqqət və ehtiyat lazımdır.

İ k i n c i m ü r ə t t i b . Əmin ol, bəyim! Həpsi öncə düşünülmüş...

Məsud. Fəqət şu tələblər son dərəcə ağır və kəskin... Bana qalırsa, azacıq yüngül və mülayim yazılmalıydı.

B i r i n c i m ü r ə t t i b . Yanılıyorsun, Məs’ud, pək yanılıyorsun. Bir kərə düşün ki, biz tələb edəcəyiz; boyun büküb yalvarmıyacağız.

Şeyda. Əvət, haqq alınır, verilməz.

Məsud. Lakin o güclü, biz aciz... O halda nə yapa biliriz?

Şeyda. Fir’onu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi. Zöhhakı məhv edən Gavə yoqsul, arqasız bir dəmirçi idi. Fəqət atəşli bir qəlblə inqilaba başladı, öylə xunxar, məğrur bir hökmdarın taxtını başına çevirdi. Məcid əfəndi kimdir?... Yalnız o deyil, hətta onu qudurtan qocaman rus çarlığı belə bu günyarın yerin dibinə batır.

Məsud. Pək ə’la, nasıl istərsəniz, öylə yaparız. (Saatına baqaraq). Getmiyəlimmi? Vaqt pək gec...

B i r i n c i m ü r ə t t i b . Əvət, artıq mane olmayalım.

Şeyda. Xayır, mane deyilsiniz... fəqət şu kağız bəndə qalsın, eyicə oqur, düşünürüm də, yarın kəndi fikrimi söylərim.

İk i n c i m ü r ə t t i b . Daha eyi, daha eyi...

Məsud. Haydı, gedəlim.

B i r i n c i və i k i n c i m ü r ə t t i b . Allaha ısmarladıq...

Şeyda. İzzət və səadətlə...

 

Onlar təmənna edib çıqdığı sırada Şeyda bağça tərəfə olan pəncərəyi açır. Əllərini göksündə çapraz edərək dalğın və düşüncəli bir halda bağçaya baqar.

 

Roza (gələrək). Şeyda! Niçin gəlmiyorsun? Babam səni bəkliyor.

Şeyda (həzin bir ah çəkərək cəvab verməz).

Roza. Əcəba, nə var, nə olmuş?.. Bu gecə səndə ağlar gözlü bir öksüz ruhu, pürşikəstə bir şair iztirabı var.

Şeyda (ona yaqlaşaraq). Xayır, xayır... Olsa-olsa, bəndə ancaq sərsəri bir məcnun qəlbi, fələkzədə bir aşiq hissi ola bilir. Fəqət o qəlbi avutacaq bir nəzəri-şəfqət istər ki, o da yalnız sənin mə’sumanə baqışlarındır. O, hissi oqşayacaq bir şəhpəri-təsliyət istər ki, o da yalnız sənin nurdan dökülmüş əllərindir.

Roza. Şeyda! Pək fəna hissiyyata qapılmışsın, həm də nafilə yerə üzülüyorsun.

Şeyda (Rozanın əlini yaqalar, sinirli və həyəcanlı). Əvət... Lakin bir düşün ki, sən xırçın bir çocuq kibi şu müztərib qəlbimlə oynadın, həm də aylarca əlində atıb-tutdun, adəta onu bir çocuq oyuncağı zənn etdin... Ah, fəqət, nihayət, nihayət birdən-birə qırıb parçaladın, birdənbirə ayaqlar altında çignəməyə başladın.

Roza (əlini çəkərək). Salonda bəkliyorlar, şimdi gedəlim də, sonra...

Əşrəf (gəlir. Əvvəl Rozanın, sonra Şeydanın əlini sıqaraq). Müsaidənizlə, bən gediyorum.

Roza. Niçin? Əcələ bir işinizmi var?

Əşrəf. Əvət, babam uşaq göndərmiş. Bir məsələ için bəni görmək istiyormuş.

Roza. Hiç bu oldumu ya!? Həftədə bir gəlirsiniz, o da böylə...

Əşrəf. İştə talesizlik, bənim için böyük talesizlik. (Şeydayə) Sağlıqla, əzizim, yarın təkrar görüşürüz. (Təmənna edərək çıqar, Roza da kəndisini izlər).

Maks Müller (dəxi çıqar, Əşrəfə). Əşrəf bəy! Evimizi tanıdınız, şübhəsiz tez-tez gəlirsiniz. (Şeydayə) Şeyda! Buyurun, qəhvə içəlim.

(İçəri girər).

Şeyda. Təşəkkür edərim.

Mariyanın səsi (dışarıdan). Əşrəf bəy! Yarın aqşamlayın yenə bəkləriz.

R o z a n ı n  s ə s i . Saqın, unutma, gəl ha!..

Ə ş r ə f i n s ə s i . Pəki, əfəndim, pəki.

 

Şeyda qapıyı qapar. “Ah” deyə qısqanc və mə’yus bir tevr ilə əli alnında olaraq iskəmləyə oturur.

 

Pərdə

 

 

ÜÇÜNCÜ PƏRDƏ

 

Bağçada ətrafı yeşilliklər, güllər və çiçəklərlə süslənmiş fəvvarəli bir havuz... Kənarda çinarlar, sərvlər... oturmağa məxsus uzun sıralar... Ta uzaqlarda gözəl və şairanə mənzərələr... Mayıs, ikindi çağı. Açıq hava... Pərdə açıldıqda Şeyda yeşil çəmən üzərində, yanüstü olaraq uzanmış görünür. Cığarasını dumanlataraq, düşüncəli bir baqışla ətrafı seyrə dalar. Bu sırada Qara Musa sür’ətli adımlarla

qarşı tərəfdən keçib gedər.

 

Şeyda (həmən yerindən qalqaraq). Musa əfəndi, Musa!..

Musa (istehzalı təbəssümlə). Xayır, əzizim, bən artıq bildiyin Musa deyilim. Şimdi bana səfillər kralı, sərsərilər sultanı derlər. (Yoluna dəvam etmək istər).

Şeyda (bıraqmayaraq). Yahu, nerəyə? Bu sürətlə nerəyə?

Musa. Gedəcək bir yerim yoq... Yalnız bir şikar izliyorum. Boğub parçalamaq için bir tilki arıyorum.

Şeyda. Musa! Şu müəmmaları bıraq da, gəl azacıq qonuşalım.

Musa. Şübhəmi ediyorsun?.. İştə isbat! (Yamaqlı paltosunun cibindən böyücək bir tabança çıqarır).

Şeyda. Allah eşqinə, hiç tabança ilə şikar edilirmi ya?

Musa. Zatən bənim avlayacağım şikarları bu daha gözəl nişanlaya bilir.

Şeyda (onun sarıqlı əlinə işarətlə). Əlin nasıl? Hənuz sağalıb bitmədimi?

Musa (acı-acı gülərək). Mətbəə yadigarı olan şu barmaqlara yürək qanı sürülmədikcə mümkün deyil, sağalmaz, həm də o qan yalnız zəngin, pək zəngin bir insan qanı olmalı, anlıyormusun?

Şeyda (mütəəssir və mərhəmətli). Anlıyorum, əvət, anlıyorum.

Musa. İştə bu qadar! (Uzaqlaşmaq istər).

Şeyda. Musa, Musa!

Musa (əli ilə rədd edərək). Daha vaqtım yoq. Haman sür’ətli adımlarla çəkilib gedər. Şeyda onun arqasınca bir qadar şaşqın nəzərlərlə baqmaqda dəvam edər. Bu sırada mürəttiblərin çalğı ilə həmahəng olduqları halda, marş söyləyərək yaqlaşdıqları eşidilir. Şeyda eyni tərəfə doğru ilərlər. Mürəttiblər tə’til günlərinə məxsus əlbisədə, əllərində birər qızılgül olaraq gəlirlər. Fəqət Şeyda onların arasında görülməz.

M ü r ə t t i b l ə r i n  s ö y l ə d i y i  m a r ş :

Yaş zindanlar yuvamız,

Fəlakət aşinamız,

Ordular yıqan qurşun

Olmuş bizim qidamız.

 

Arqadaş, göz aç, aman!

Qalq ölüm uyqusundan!

Zülmə çoq əydin boyun,

Çok əzildin, qalq, oyan!

 

Gözlərdə qalmamış nur,

Könüllərdə yoq sürur;

Qanı bitmiş cəsədlər

Er-gec sönər, məhv olur.

 

Arqadaş, ayıl bir an!

Haqsızca olma qurban!

Yetər, miskinlik yetər,

Qalq! Oyan, oyan, oyan!

 

Marş bitdiyi sırada mürəttiblər iki-bir, üç-bir sıralara otururlar. Bir qaçı da gəlişi gözəl ot üzərinə uzanıverir. Xanəndə və sazəndələr isə çalğı taqımını bıraqıb bir tərəfə gedərlər.

 

B i r i n c i m ü r ə t t i b (arqadaşlarına). Yahu, Şeyda nə oldu?

Rəuf. Nə olacaq?! Rozayı görməyincə mə’yus olub da bağçayı tərk etdi.

Məsud. Doğrusu məhəbbət çəkilməz bir bəladır.

Rəuf. Əvət, bəla... Fəqət ən sevimli bir bəla...

B i r i n c i m ü r ə t t i b . Xayır, məhəbbət bulunmaz bir səadətdir.

İ k i n c i m ü r ə t t i b . Əvət, səadət... Fəqət ən fəlakətli bir səadət!

 

Bu sırada mürəttiblərdən bir qaçı sağ tərəfdə, pək uzaqda məraqlı bir şey görmüş kibi baqışırlar. Haman sevinc və təlaş ilə arası kəsilməksizin ıslıq çalmağa başlarlar.

 

Məsud. Kim o? Yenə kimi çağırıyorsunuz?

B i r i n c i m ü r ə t t i b . Musayı, Qara Musayı...

Rəuf. Gerçəkdən omu?

İ k i n c I m ü r ə t t i b . Əvət!

Rəuf (diqqətlə baqaraq). Əvət, tam kəndisi...

Məsud (mürəttiblərdən birinə). Haydı, onu buraya çağır.

Bir mürəttib dərhal qoşub gedər.

B i r i n c i m ü r ə t t i b . Fəqət tuhaf adam, bir kərə olsa da dönüb baqmaq istəmiyor.

İ k i n c i m ü r ə t t i b . Bəlkə burada bulunduğumuzu bilmiyor.

Rəuf. Kim bilir; zavallının başında yenə nə fəlakət var.

Məsud. Allah etməsin, canım, yazıqdır. İki ay yoq ki, həm qardaşı Yusifi, həm də bir danəcik oğlunu qara topraqlara gömmüş.

Rəuf. Fəlakət birmi ya! Var-yoq bir evi vardı, dün Məcid əfəndi onu da əlindən aldı. Həm də zorla, hökumət əli ilə...

Məsud. Ah, insafsız, mərhəmətsiz!..

Rəuf. Hələ Əşrəf, hələ Əşrəf!

Məsud. Pəki, o nə yapmış?

Rəuf. Evi günündə boşaltmadığı için biçarəyi alçaqcasına təhqir etmiş, ağzına gələni savurmuş.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info