Qonaq Kitabı
ŞEYDA

B i r i n c i m ü r ə t t i b . İştə son mükafat!

İ k i n c i m ü r ə t t i b . İştə bizim kibi səfillərin cəzası!

Məsud. Əvət, bu gedişlə ki, biz gediyoruz, daima önümüz uçurumdur. Həm də öylə fəlakətli uçurum ki, əsla qurtuluş yoq, əsla çarə yoq...

B i r i n c i m ü r ə t t i b (qoltuğundakı tələbnaməyi çıqarıb silkərək). İştə çarəsi pək qolay!.. Yalnız həmiyyət, qeyrət lazım... Yalnız erkəkcə mətanət lazım... Yoqsa, həşərat kibi yüzüstü süründükcə, əsla ağ gün görmiyəcəyiz. Həm də gündən-günə əzilib məhv olacağız.

İ k i n c i m ü r ə t t i b . Daha düşünmək lazım deyil, yarın tələbnaməyi verməli, hüququmuzu tələb etməli!

B i r i n c i m ü r ə t t i b . Əvət, ya dediyimizi yürütməli, ya mətbəəyi tərk etməli!

İ k i n c i m ü r ə t t i b (yerindən qalqaraq). Həm də başqa söz istəməz. Ya əvət, ya xayır.

Məsud. Bana qalırsa, bir az mülayim olmalı; hər işdə hiddətdən ziyadə mühakimə aramalı.

B i r i n c i m ü r ə t t i b (hiddət və həyəcan ilə). Xayır, başqa laf istəməz. Ya əvət, ya xayır.

 

Bu sırada Musayı çağırmaq için gedən mürəttib gəlir.

 

Məsud. Nə oldu? Gəlmədimi?

M ü r ə t t i b . Xayır, sür’ətli adımlarla aşağıki qapıdan çıqıb getdi.

Rəuf. Eyi ki, gəlməmiş, Əşrəfi gördüyü kibi qanı xarab olacaqdı.

B i r i n c i m ü r ə t t i b (ətrafa baqaraq). İştə gəliyorlar. Məsud. Haydı, əfəndilər! Keyf vaqtında keyf, iş vaqtında iş, anlaşıldımı?

B i r i n c i m ü r ə t t i b (kağızı cibinə qoyaraq). Əvət, sözümüz sözdür.

İ k i n c i m ü r ə t t i b . Öldü var, döndü yoq!

Məsud (gələn çalğıçılara). Haydı, başlayın, baqalım, çoqdan bəri ruhumuza qida verilmədi.

 

Onlar hazırlandığı sırada Roza ilə Əşrəf gələr.

 

Rəuf. Maşallah, buyursunlar əfəndim.

 

Hər kəs yerindən qalqar, təmənna edər.

 

Əşrəf. Aman, rica edərim, oturunuz, biz bir qadar gəzinmək istiyoruz.

Roza. Şu tərəf daha gözəl deyilmi?

Əşrəf. Əvət (mürəttiblərə). Lakin bizi burada bəkləməyin, doğru çinar altına gedərsiniz, biz də şimdi oraya gəliriz.

Rəuf (çalğıçılara). Haydı, bir segah çal, baqalım.

 

Çalğı başlar.

 

Əşrəf (Roza ilə bərabər uzaqlaşaraq). Çalın, oquyun! Biz də uzaqdan zevqinizə iştirak edəriz.

Xanəndə (aydın bir ahənglə başlar).

 

Yad eylədikcə vəslini, ey mahi-təl’ətim!

Ağlar gözümdə qanə dönər əşki-həsrətim,

Sənsiz füzun olur gecə-gündüz fəlakətim,

Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim,

Gəl, gəl! Bənim gözəl mələyim, nazlı afətim.

 

Rö’yada bən keçən gecə eylərkən ahü zar,

Sən vermədinmi bir əbədi vəsl için qərar!?

İnsafə gəl, aman! Bəni məhv etdi intizar,

Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim,

Gəl, gəl! Bənim gözəl mələyim, nazlı afətim.

 

Ruhum! Səadətim sana vabəstə hər zaman,

Sənsiz cihanda bən yaşamaq istəməm, inan!

Artıq bıraq sitəmləri, gəl, bağrım oldu qan,

Səbrim tükəndi, yoq qəmi-hicranə taqətim.

Gəl, gəl! Bənim gözəl mələyim, nazlı afətim.

 

Bu sırada, mürəttiblər həpsi xanəndə ilə həmavaz olaraq, xüsusi ahənglə.

 

Gəl, sevgili yarım, gözəlim, qönçə dəhanım!

Gəl, ruhi-rəvanım!

Vazehdir, əminim, sana hər razi-nihanım,

Ey afəti-canım!

Sən bir güli-xəndan, bən bülbüli-nalan,

Biz hər ikimiz bir çəmənistanə şitaban.

 

Məsudun işarətilə hər kəs yerindən qalqaraq, oquya-oquya gedərlər.

 

Sənsiz bana zindan görünür sanki bu aləm,

Hiç könlüm açılmaz.

Sarmış bütün ətrafımı qəm-qüssə, nə etsəm,

Bir yanə qaçılmaz.

Gəl, dönmə vəfadan! Vaz keç bu ədadan!

Gəl, gəl, mələyim! Gəl, bəni qurtar bu bəladan.

 

Onlar çəkildikdən sonra, Roza ilə Əşrəf qol-qola gəlirlər.

 

Əşrəf. Ah, şu gözəl mənzərələri seyrə daldıqca, insan cənnətin xəyaldan ziyadə həqiqət olduğuna inanmaq istiyor.

Roza. Əvət, gerçəkdən bahar aləmi, başqa bir aləm...

 

Bu sırada Şeyda, arqa tərəfdə, ağaclar arasında görünür. Mütəcəssis və qısqanc bir tevrilə onları dinlər.

 

Əşrəf (Rozayı məftunanə bir baqışla süzərək). Roza, Roza, Allah eşqinə, baqmıyormusun!? Aman, yarəbbi! Şu bulutların bir-birinə sarılması, ta ötədə iki quşcuğazın baş-başa verib də həsb-hal etməsi, ətrafımızdakı çiçəklərin dodaq-dodağa öpüşməsi nə qadar munis, nə qadar şairanə!?

 

Küçük bir tərəddüd və sükutdan sonra hər ikisi aşiqanə bir nəzərlə baqışar və iki dodaq biixtiyar bir-birinə yaqlaşar, fəqət öpüşməzlər.

 

Şeyda (məcnunanə bir fəryad ilə). Roza! Ah Roza!

 

– deyə ilk öncə hücum etmək istər. Fəqət nifrət və hiddətlə geri çəkilir. Haman sür’ətli adımlarla uzaqlaşıb gedər. Roza ilə Əşrəf şaşırıb da nə yapacaqlarını bilməzlər. Şeyda çəkildiyi sırada qarşı tərəfdən qaba və qorqunc bir qəhqəhə eşidilir. Bu qəhqəhədən onlara daha böyük bir şaşqınlıq gəlir.

 

Roza (müztərib). Əşrəf, Əşrəf! Artıq gedəlim.

Musa (əlində tabança olduğu halda qarşıdan çıqar, amiranə bir tevrlə). Xayır, gedəmiyəcəksiniz.

Əşrəf (şaşqın). Ah, Musa!

Musa (zəhrxəndlə). Əfv edərsiniz, rahatsız etdim.

Roza. Gedəlim, Əşrəf, gedəlim.

Musa (tabançayı əlində sallayaraq). Dedim ya, gedəmiyəcəksiniz.

Əşrəf. Musa! Aqlını başına topla, yoqsa...

Musa. Ya! Yoqsa... (Istehzalı qəhqəhələr ilə gülər.)

Əşrəf (əlini sür’ətlə cibinə soqaraq təhdidamiz). Musa!

Musa. Bəni təhdid ha!? (Qəhqəhə ilə tabançasını göstərir.) Hiç məraq etmə, əzizim! Bunda yalnız üç danəcik qurşun var. Onların ikisi Məcid əfəndiylə sana, biri də yalnız, yalnız kəndimə məxsusdur. (Müstəhzi.) Əvət, bən sizin kibi insafsız deyilim. Sizə rəva gördüyümü əsla kəndimdən əsirgəməm.

Əşrəf (yanında silah olmadığı anlaşılır bir tərzdə, əlini cibindən çıqarır, yarıkinli, yarımülayim). Musa! Musa!

Musa (sarılı əli ilə sağ əlini göstərir). Baq, bu tək əli görüyormusun? İştə, səni təlaşa düşürən də yalnız budur, bu! (Təbdili tevrlə). Tək əl işə yaramazmış, tək əldən səs çıqmazmış; öyləmi!? (Acı və şiddətli qəhqəhələrlə gülər).

Əşrəf (müztərib). Musa!

Musa. Tək əl işə yaramazmış, deyilmi? Tək əldən səs çıqmazmış, öyləmi!? (Məcnunanə qəhqəhə ilə). Halbuki bir danəcik yavrumu, vərəmli qardaşımı bununla, iştə bu tək əlimlə qara topraqlara gömdüm. Hətta bu gün səni də, kəndimi də, o vicdansız babanı da, yenə bu tək əlimlə rahatlandıracağım; həm də bu gün, anlıyormusun?

 

Bu sırada hava tutulur. Ara-sıra göy gürləməsi dəvam edər.

 

Roza (qorqu və iztirabla). Ah, aman, yarəbbi!

Əşrəf (para çantasını çıqarıb açar, Musaya doğru bir-iki adım iləriləyərək). Musa! Bu işin sonu xeyirli olmaz. Al, nə qadar para istiyorsun, al! Lakin...

Musa (zəhrxənd ilə). Xayır! Xayır. O paralara bir az sonra nə sənin ehtiyacın olur, nə bənim. Həm də bu gün sizə öylə bir cəza verməliyim ki, bundan sonra hər kəsə ibrət olsun (qəhramiz) və siz ruhda olan zənginlər, o vicdansız haydutlar, o e’tibarlı xırsızlar bir daha bənim kibilərin qanını içməsinlər. Bir daha gücsüzləri çegnəyib əzməsinlər, artıq anlasınlar ki, yalnız yaşamaq deyil, yaşatmaq da lazımmış! (Vəhşicə bir baqışdan sonra haman nişan alır.)

Roza. Ah!

Ə ş r ə f . Musa!

Musa. Sus, daha kafi!

Tabança patlar, Əşrəfin sol qolu yaralanır.

Əşrəf (sağ əli ilə yaralı qolunu tutaraq). Ah!..

Sıraya oturur.

Roza (Əşrəfə sarılaraq). Aman, yarəbbi! (Musaya). Cəllad!

Musa. Xayır, bu olmadı.

Roza (niyazkar). Musa!

Musa (son dərəcə kinli və qızğın). Çəkil!

Roza. Allah eşqinə...

Musa. Çəkil, diyorum, sana!

 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info