Qonaq Kitabı
ŞEYDA

Rəuf. Vaqt keçiyor, artıq gedəlim.

Şeyda. Xayır, siz gediniz, bəncə burası daha eyi... (Məzarlara işarətlə). Çünki bunlar, bu cansız cəsədlər, bu duyğusuz biçarələr sizə nisbətlə daha səmimi, daha munis. Həm də bunlar sizlər kibi yalançı, xain deyillər; hiylə və şeytənət bilməzlər.

Rəuf (mütəəssir və mərhəmətli). Şeyda! Şeyda!

Məsud (gələrək). Daha nə bəkliyorsunuz? Haydı, gedəlim.

 

Bu sırada Rozanın xəyalı təkrar Şeydaya görünür.

 

Şeyda. Ah, gediyor. Roza gediyor, İştə sizin ölmüş bildiyiniz afət məzarları dolaşıyor, sevgilisini arıyor, Əşrəfi arıyor.

 

Rəuf ilə Məs’ud şaşqın və mütəəssir bir tevrilə baqışırlar. Rozanın xəyalı, gözləri yerə dikilmiş olduğu halda, bir qaç adım yürür, sonra birdən-birə dönərək əzici və kəskin bir baqışla Şeydayı süzməyə başlar.

 

Roza! Roza! Allah eşqinə! Bəni rahət bıraq!

Rəuf. Şeyda! Niçin kəndinə acımıyorsun? Niçin kəndini üzüyorsun? Rozanın xəyalı, munis və əfsunkar bir təbəssümlə çəkilib gedər.

Şeyda (səbirsiz). Ah! Bana darıldınmı? Aman, nerəyə gediyorsun? (Yaralı bir fəryadla). Roza! Roza! Roza!

 

Sür’ətli adımlarla xəyala doğru ilərilər, arqadaşları da kəndini izlər, bu sırada iki polis əllərində silah olaraq qoşub gəlirlər.

 

Bi r i n c i p o l i s . Ey, nə qaçıyorsunuz?

İ k i n c i p o l i s . Qımıldanma, dur!

Hər üçü durduğu yerdə dona qalır, polislər dərhal üçünün də əllərini kələpçə ilə bağlar.

B i r i n c i p o l i s (barmağilə işarət edərək, amiranə). Haydı, buyurun!

İ k i n c i p o l i s . Doğru qaraqola!

Rəuf. Əfəndim, bizdə silah yoq..

Məsud (ciblərini, qoltuqlarını göstərərək). İştə baqa bilirsiniz.

Bi r i n c i p o l i s . Söylənib durmaq fəzlə...

İ k i n c i p o l i s . Haydı, qaraqola!

 

Musa ilə məzarçı da əli bağlı olaraq, digər tərəfdən iki polislə bərabər gəlir, həpsi bir yerdə çəkilib gedərlər.

 

Pərdə

 

 

BEŞİNCİ PƏRDƏ

 

Üst qatda həbsxanəyə məxsus büyücək bir oda... Odanın bir qapısı, üç-dört ufaq pəncərəsi var. Rəuf ilə Məs’ud bir tərəfdə yatıyor, Şeyda isə digər tərəfdə, pəncərə önündə, öksürüb inildiyor, hər üçü dutsaq qiyafətindədir. Lampanın donuq və qəsvətli işığı mart sabahına qarşı getdikcə sönük və ölgün bir tevr alır. Şeydanın solğun çöhrəsi, dağınıq saçları acınacaq bir levhə ərz edər.

 

Şeyda (sayıqlar). Bıraqınız, bıraqınız!.. Ah, bəndən nə istiyorsunuz? (Çevrilərək). Of... (Sinirli və darğın). Xayır, xayır, heyhat! Heyhat!..

Rəuf. Zavallı, zavallı çocuq!

Məsud. Ya, ya... məhəbbət fəlakətdir.

Rəuf (qalqıb oturur). Əvət, fəlakət, həm də ən dəhşətli bir fəlakət!..

Məsud (qalqar, bir-iki yutum su içərək). Allah həbsxanə müdirinin bəlasını versin. Bən böylə qaba ruhlu, mərhəmətsiz hərif görmədim. Bir dutsaq bu gün xəstələndimi, yarın onu xəstəxanəyə alırlar. Halbuki Şeyda bir aydır can çəkişiyor  da kimsənin umurunda deyil.

Rəuf. Məraq etmə, bu gün şübhəsiz alıb götürəcəklər, çünki doctor söz vermiş.

Məsud. Eşit, inanma!.. Öylə tatlı sözlər pək çoq, fəqət əməl yoq, nəticə yoq; hanya? Bir zaman sən də kahinlik ediyordun, “bizi dört günlüyə həbs etmişlər” diyordun, nə oldu? O sözlər nə oldu? Şimdi doquz aydır burada yatıyoruz da hənuz qurtuluş ümidi yoq.

Rəuf. Hiç təlaş etmə! Hər nasıl olsa, iki-üç gün sonra çıqarız.

Məsud (istehzalı qəhqəhələrlə). Əvət, iki-üç gün sonra!?

Rəuf. Yahu! Bir düşünməli ki, işin əvvəlində məzarçı ilə Musayı bizdən ayırdılar, həm də aşağı qatda qəsvətli və qaranlıq bir bodruma yerləşdirdilər. Demək ki, biz cinayətdə pək də müttəhim deyiliz.

Məsud. Həp xülya, əfəndim, həp xülya!..

Rəuf. Əvət, xülya, sağlıq olsa, iki gün sonra anlarsın.

Məsud (e’timadsız). Baqalım!

Rəuf. Hələ tuhaf bir xəbər var ki, sən deyil, hətta bən kəndim də inanamıyorum. Söylənən sözlər doğru çıqarsa, yalnız biz deyil, bütün millət, bütün məmləkət qurtulmuş olur.

Məsud (mütəbəssim). O nə imiş, əcəba!?

Rəuf. Böyük və dəhşətli bir inqilab, müstəbid Rusiyayı alt-üst edəcək bir inqilab.

Məsud. Əvət! Rö’yan fəna rö’ya deyil (Yorğun bir halda yatağına uzanır).

Rəuf (sevinclə). Aman, rö’ya dedin də, eyi xatirimə gəldi. Şimdicə gözlərimi qapamışdım, bir də gördüm damın üstü yarıldı, göydən nurani bir zat endi. Onun küçük bir işarəti ilə, şu böyük divar havaya qalqdı; dərhal üçümüz də quş kibi qanatlanıb uçmağa başladıq. Fəqət biz ikimiz yuca bir dağ üzərinə endik; Şeyda isə uçduqca uçdu, yüksəldikcə yüksəldi. Nihayət bulutlara qavuşaraq büsbütün qeyb oldu.

(Məsudun yanı başında uzanıverir).

Məsud (usanmış bir halda). Allahını sevərsən, şu rö’yaları bıraq da azacıq rahatlanayım, bu gecə gözümə uyqu girdiyi yoq... (Bu zaman Şeydanın yanındakı pəncərəyə parmaq ucu ilə vurularaq “Şeyda! Şeyda!..” deyə Rozanın səsi eşidilir).

Şeyda. Xayır, xayır, gəlməm. Get, Allah eşqinə, get!

 

Təkrar pəncərəyə vurularaq “Şeyda! Şeyda!” deyə əvvəlki səs eşidilir.

 

Şeyda. Nə istiyorsun? Ah, bəndən nə istiyorsun? (Üzgün bir halda qalqıb oturur. Pəncərəyi açaraq bir qadar alıq-alıq dışarıya baqdıqdan sonra). Roza! Roza! Nerəyə getdin? Niçin gəldin də, niçin getdin? Ah, niçin bana rahət vermiyorsun? Qəhr olmuş bir zavallıdan nə istiyorsun?

 

Rozanın xəyalı yaldızlı nurlar içində, mələk qiyafətində olaraq görünür. Süzgün və munis baqışlarla Şeydaya doğru ilərilər.

 

Şeyda (dönüb baqınca). Ah, rö’yamı görüyorum?

Roza (nəvazişlə). Şeyda!

Şeyda (heyrətlə). Aman, yarəbbi!

Roza (həsrətlə). Şeyda!

Şeyda. Ah, nə istiyorsun?

Roza (təbəssümlə). Şeyda!

Şeyda (darğın). Roza, Roza! Allah eşqinə, get!

 

Bu halda qəhrəman simalı, durğun baqışlı, qara geyimli bir mələk gəlir. Şeyda durmaz.

 

Roza. Şeyda! Bəni unutdunmu?

Şeyda (göküs keçirərək, sinirli). Xayır, xayır, sana pərəstiş etdiyim günləri, sana sarıldığım dəqiqələri hənuz unutmadım. İlk eşqimizlə süzülən baqışlarını, o mə’sumanə təbəssümlərini hala xatırlıyorum. Lakin, uf!.. Bəni atmış olan vəfasız Rozayı, o mərhəmətsiz afəti bir daha xatırlamam, bir daha görmək istəməm.

Qarageyimli mələk (yarınəvazişkar, yarı-amiranə bir tevrlə). Nə söylüyorsun, Şeyda, nə söylüyorsun!? O sənin məftununsa, sən də onun məcnunusun.

Şeyda (müztərib). Ah, sən kimsin?

Qarageyimli mələk. Bən bənim, müstərih ol!.. Bən oyam ki, bütün ağlar gözlər, yaralı könüllər, bütün iztirablar və həyəcanlar həp bənim sayəmdə rahət bulur, həp bənimlə mütəsəlli olur.

Şeyda (onun durğun və mə’nalı baqışlarından sarsılaraq). Uf, aman, yarəbbi!

Qarageyimli mələk (mütəbəssim). Şeyda! Sən bəxtiyarsın. Əvət, şimdi, bəxtiyarsın.

Şeyda. Xayır... xayır... Bən hiç bir təsəlli istəməm (təlaşla). Ah, o munis çöhrən nə qadar nəvazişkar isə, dərin və durğun baqışların da bir o qadar qorquncdur.

Qarageyimli mələk. Qorqma, hiç qorqma! Bən səni sıqmaq için deyil, yalnız könlünü almaq, acılarını unutdurmaq için gəldim. (Parmaqları arasında parlamaqda olan yüzüyü göstərir). İştə bu elmas yüzüyü görüyormusun? Əbədi bir nişan olmaq üzrə Rozaya təqdim ediyorum, sənin tərəfindən təqdim ediyorum. İştə, bu, qırıq könüllərinizi birləşdirir, küskün ruhlarınızı barışdırır.

Şeyda (Rozaya işarətlə). Xayır, bən ona inanmıyorum, ah, inanmaq istəmiyorum.

Qarageyimli mələk. Əmin ol, Şeyda, əmin ol! Bundan sonar hiç bir maneə, hiç bir qüvvət sizi bir-birinizdən ayıramaz. (Açıq pəncərəyə işarətlə). Baqsana! İştə bu ilahi eşqi yıldızlar da alqışlıyor, mələklər də təqdis ediyor.

Şeyda (baqar, son dərəcə heyrət və sevinclə). Aman, yarəbbi! O incə bulutların toqquşması, şu parlaq yıldızların aqışması nə gözəl!.. Ah, o rəngarəng quşlar, şu al qanatlı mələklər nasıl da oynaşıyor, necə də uçuşuyor!..

 

Bu sırada Rozanın xəyalı ilə qara geyimli mələk haman qeyb olurlar.

 

Rəuf (gözlərini ovuşdurub yerindən qalqar. Şeydayı bu halda görüncə təlaş və mərhəmətlə). Aman, nə yapıyorsun?

Şeyda (mültəfit olmayaraq). Of.. şu behişti mənzərə nə qadar lətif, nə qadar ülvi... (Dönüb Rəufu yanında görüncə). Ah, onlar nə oldu? Onlar nerəyə getdi?

Rəuf (heyrətlə). Kimi arıyorsun?

Şeyda (səbirsizliklə). Allah eşqinə, onlar nə oldu?

Rəuf. Kimi soruyorsun?

Şeyda (sinirli). Roza!.. Ah, mərhəmətsiz mələk!..

Rəuf (Şeydanın açmış olduğu pəncərəni qapayaraq). Hiç bu olur şeymi ya!? Sən nihayət, kəndini xərab edəcəksin.

 

Yatar. Bu sırada qomşu odadan yaralı bir ahənglə dəşti məqamı üzərinə söylənən aşağıdakı şərqi eşidilər.

 

İlahi, biqərarım, biqərarım,

Yanar ruhum, dəmadəm əşkbarım;

Vuruldum bir vəfasız işvəkarə,

Əsirim bən, əsiri-eşqi-yarım.

 

Bu sırada qara geyimli mələk təkrar görünür.

 

Şeyda. Uf, bu səs sanki bənim ruhumu tərənnüm ediyor (onu görüncə). Ah, yenəmi gəldin?

Qarageyimli mələk. Əvət, gəldim də bərabər gedəlim.

Şeyda. Pəki, nerəyə, nerəyə gedəcəyiz?

Qarageyimli mələk. Başqa aləmlərə, daha yüksəklərə.

Şeyda. Xayır, bən yalnız, yalnız Rozayı istərim.

Qarageyimli mələk (Rozanın görünməkdə olan duvaqlı xəyalına işarətlə). İştə, gəliyor, həm də gəlin duvağında...

Şeyda. Of, gəl, gəl də bərabər gedəlim.

Qarageyimli mələk (Rozanın göksünü süsləməkdə olan pənbə gülü Şeydaya uzataraq). İştə cənnət fidanlarından dərilmiş bir qönçə... Al, al da qoqla, baq, nə qadar gözəl qoquyor.

Şeyda (mütərəddid). Ah, xayır... xayır...

Roza. Rədd etmə, al!

Şeyda. Roza, Roza! Şu munis çöhrə könlümə dəhşət veriyor.

Onun gözlərinə əsla inanamıyorum, sanki o bəni səndən ayırmaq istiyor.

Qarageyimli mələk (mə’nalı bir təbəssümdən sonra). Əvət, bən çoq anaları yavrusuz, çoq yavruları anasız qoydum. Bir düyün, yas olursa bənim əlimlə olur. Bir məmləkət padşahsız qalırsa, yenə səbəb bənim. Əvət, bir çoqlarını eşindən ayırdım. Çoq aşiqləri sevgilisinə həsrət qoydum. Lakin, lakin sizi ayırmaq deyil, bil’əks əbədi bir eşqlə, sönməz bir məhəbbətlə qavuşturmaq istərim.

Roza. Şeyda! Bütün səadət və fəlakətlər onun əlində... O, lətifə bilməz, həm də hər sözü dəyişməz bir qanundur.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info