Qonaq Kitabı
ÖLÜLƏR

M ə ş ə d i  O r u c  (Əlində teleqraf kağızı, kəhildəyə-kəhildəyə girir içəri və ucadan soruşur). Hanı Hacı  əmi?

 

Onun dalınca anası yenə ağlaya-ağlaya girir içəri. Nazlı  yox olur. Sonra kəhildəyə-kəhildəyə içəri girirlər.  Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım, Mir Bağır ağa və biz gördüyümüz adamların çoxu. Çox adam da otağa sığışmayıb durur qapıda. Adamlar kəhildəyə-kəhildəyə bir-birinin üzünə baxıb, bilmirlər nə qayırsınlar. Hacı Həsən içəri girib, çox təəccüb eləyib, mat qalır və adamlara üzünü tutub soruşur.

 

H a c ı  H ə s ə n. Camaat, xeyir ola? Nə xəbərdi, nə var?

M ə ş ə d i  O r u c  (ağlaya-ağlaya). Hacı, Kərbəlayı Fətullah dirilməyib.

İ s k ə n d ə r. Xa... xa... xa!.. çəkib gülür və adamların içinə girib yox olur.

H a c ı  H ə s ə n (Məşədi Oruca). Nə danışırsan, necə dirilməyib?

A d a m l a r ı n çoxu birdən. Bəli, Bəli, dirilməyib.

H a c ı  H ə s ə n. A kişi, Allah rizasına, elə söz danışmayın, elə şey olmaz və ola da bilməz.

M ə ş ə d i  O r u c . H a c ı  əmi, vallah, belədi. Bu da teleqraf, al, oxut, gör nə yazılıb. (Ətəyi ilə gözünün yaşını silir və kağızı uzadır Hacı Həsənə). Hacı əmi, axı Kərbəlayı Fətullahdan kağız gəlmişdi ki, guya bu şeyx onu dirildib və özü də çıxıb gəlir. Mən də, özün bilirsən ki, Xorasana teleqraf eləmişdim ki, görüm Kərbəlayı Fətullah niyə yubandı. Teleqrafı da Hacı Məmmədəlinin üstünə göndərmişdim. Çünki dadaşım dirilsəydi, Hacı Məmmədəli gildən savayı özgə yana getməzdi. İndi Hacı Məmmədəli yazır ki, siz dəli-divanə olmusunuz. Adam da məgər öləndən sonra dirilər?

H a c ı  H ə s ə n (teli ala-ala). Necə?

 

İskəndər adamların içindən xa... xa!.. çəkib gülür.

 

H a c ı  H ə s ə n (Heydər ağaya). Ay Heydər ağa, Allah atana rəhmət eləsin, bir bizi başa sal görək, bu necə teleqrafdı? Axı ağıl kəsmir ki, gözümüz ilə gördüyümüz işlərin hamısı yalan çıxsın. Biz ki, Allaha şükür, uşaq deyilik, dəli  deyilik. Allaha şükür, şeyx cənablarının möcüzələrini burada olan adamların hamısı gördü. Bəlkə teleqrafda səhv-zad var?

H a m ı  b i r-b i r i n ə  d e y i r: “Vallah, belə zad olmaz”, “Xeyir, belə deyil”. “Vallah, başa düşə bilmirəm”.

H e y d ə r  a ğ a.  Hacı Həsən ağa, mən teleqrafı diqqətlə oxumuşam. Teleqrafda səhv yoxdur. Mən belə məsləhət görürəm, genə şeyxin özünə bu əhvalatı bildirəsiniz ki, görək sözü nədi və bu teli kim vura bilər və belə yalanı kim düzəldə bilər?

H a m ı  b i r d ə n. Bəli, Bəli, yaxşı buyurur; şeyxin özünə demək lazımdır. (Hamı sakit olur).

H a c ı  H ə s ə n. Vallah, doğrusu, adam utanır da şeyxə belə sözləri deməyə. Doğrusu, mən bir az xəcalət çəkirəm. A kişi, Vallah, ola bilməz. Burada bir özgə əməl var. Qərəz ki, Vallah mən utanıram. Belə xəbəri mən şeyxə verə bilmənəm.

H a c ı  B ə x ş ə l i  (Hacı Kərimə). Hacı Kərim ağa, sən yaxşısan, sən özün şeyxnən danış.

H a c ı  K ə r i m. Xeyr, xeyr, mən o qələti eləyə bilmənəm! (Hacı Kazıma). Hacı Kazım ağa, sən özün yaxşısan.

H a c ı  K a z ı m. Doğrusu, mən şeyx cənablarından qorxuram. Qardaş, görmürsünüz ki, necə hirslidir? Elə çığırır ki, dam-daş titrəyir.

M i r  B a ğ ı r  a ğ a (qabağa yeriyib). A kişi, burada, mən bilmirəm, nə çətin iş var? Şeyx Nəsrullah adamyeyən deyil ki! İstəyirsiniz mən bu saat gedim, hər nə sözünüz var deyim. (Yavuqlaşır şeyxin qapısına).

H a m ı. Çox əcəb! Çox əcəb! Allah atana rəhmət eləsin!

H a c ı  H ə s ə n (yeriyib Mir Bağır ağanın qabağına). Ay ağa, sən Allah barı bir az ehtiyatlı ol. Genə hər nə deyəcəksən, bir az ədəbli de ki, yazıq şeyxi özümüzdən incitməyək.

M i r  B a ğ ı r  a ğ a (Əli  ilə şeyxin qapısını taqqıldadır, hamı qorxub çəkilir kənara. Çoxları otaqdan çıxır. Mir Bağır ağa yenə qapını döyə-döyə çağırır). Cənab şeyx!

H a c ı  H ə s ə n (kənardan qorxa-qorxa). Mir Bağır ağa, gəl bir istixarə eləyək; bəlkə, heç şeyxi narahat eləməyimiz məsləhət deyil?

 

Mir Bağır ağa qulaq asmayıb, qapını dəxi də bərk döyür. Hamı sakit olub, mat qalır. İskəndər adamların içindən çıxıb, birdən gəlir və qapını təpiyilə bərk vurur. Qapı açılır, adamlar qorxularından qaçırlar eşiyə və şeyxin otağının tamaşaçılara tərəf pərdəsi qalxır.

 

 

 

İKİNCİ PƏRDƏ

 

Şeyxin otağında bir kəs görsənmir. İskəndər otağa girib, təəccüblü o tərəf-bu tərəfə baxıb, yavuqlaşır küncdə asılan pərdənin yanına və pərdənin kənarını qalxızıb baxan kimi, pərdə dalında olan dörd nəfər qız başlayır birdən ağlamağa.

 

İ s k ə n d ə r (qızlardan soruşur). Hanı şeyx? (Qızlar cavab verməyib ağlayırlar).

İ s k ə n d ə r (Şeyxi axtarmaq qəsdilə yenə o tərəf-bu tərəfə baxıb və sonra pərdənin dalındakı qızlara baxıb, yenə soruşur). Bəs qonaqlar hara gediblər?

Q ı z l a r d a n  b i r i s i (pərdənin dalından). Gecəynən şeylərini yığışdırıb dedilər: “gedirik hamama”.

 

İskəndər bir söz deməyib, qızların pərdəsini salıb, başını aşağa salıb, bir qədər fikirli durur. Bu heyində eşikdə qiylü-qal və qaçhaqaç qopur. Bir az da keçir, üç nəfər adam, müsafir paltarında, silahlı və toz-torpaqlı, çox hirsli girirlər qabaq otağa və ucadan soruşurlar. “Hanı o ölü dirildənlər?” Sonra müsafirlər və onların dalınca camaat girir şeyxin otağına. Müsafir və camaatdan bir neçəsi  İskəndərdən soruşurlar: “hanı Şeyx  Nəsrullah?” İskəndər cavab verir ki, “qaçıblar”. Müsafirlər və camaat ucadan soruşur: “Necə qaçıblar, hara qaçıblar?”. Otağa böyük mərəkə düşür. Pərdə dalından qızlar başlayır ağlamağa. Adamların biri soruşur: “Hara qaçıblar?”, biri: “Necə qaçıblar?”. Biri deyir: “Nə vaxt qaçıblar?” Bir-iki kişi gəlibpərdənin dalından qızlardan soruşur: “Bala, niyə ağlayırsan?” Bala qorxma!” Adamlar qarışıb bir-birinə. Müsafirlərin biri üzünü camaata tutub deyir.

 

M ü s a f i r. Ey müsəlman qardaşlar! Bir sakit olun; iki kəlmə sözümüzü eşidin; sonra siz də təklifinizi bilin; bizə də kömək eləyin. Biz İrəvan vilayətindənik və indi elə başa düşürük İsfahan lotuları bizim başımıza gətirəni, sizin də başınıza gətirib. Belə ki, bu haramzadalar yalandan adlarını müctəhid qoyub, gəlibbizim şəhərdə dörd gün qalıblar və min hiylə ilə gecədə bir qız alıb, kəbin altında qoyub, çıxıb qaçıblar. Aman günüdür, onlar qaçan yolu bizə nişan verin, tutaq və onların divanını eləyək.

 

Pərdə dalında qızlar yenə ağlaşırlar. Adamların bir neçəsi müsafirlərin qabağına düşüb və çoxusu onların dalınca tez qaçırlar və qaça-qaça çığırırlar.

 

Durmayın, durmayın! Qaçaq Culfa yoluna! Kərbəlayı Həsən! Məşədi Cəfər! Əli! Həsənqulu! Atları minin, durmayın, gedək o lotuları tapaq!

 

Adamların çoxu və müsafirlər qaçıb, çıxıb gedirlər.

 

İ s k ə n d ə r (Şeyxin otağının ortasında durub, müsafirlərin sözlərini təkrar eləyib, öz-özünə deyir). Gecədə bir qız alıb, axırda qoyub qaçıblar! Xa... xa... xa!.. (Qah-qah çəkib gülür; sonra sakit olub fikirli, qızlara tərəf üzünü çöndərib və yenə bir az fikirdən sonra qalan adamları eşik otaqdan bir-bir çağırır içəri). (Adamlara). Gəlin içəri, gəlin bura! Gəl, gəl! Yavuq gəl!? Gəl, keç içəri. Sən də gəl. Hacı Kazım, sən də buyur içəri. Hamınız gəlin içəri! Mən ölüm hamınız gəlin! Bax, belə! Keç! Keç! Sən də keç içəri! Sən də gəl. Gəlin, gəlin (Bu sözləri deyə-deyə İskəndər adamları, yığır şeyxin otağına). Di indi növbət mənimdir, qulaq asın; mən də bir-iki kəlmə söz danışım. (Hamı büzülüb və sakit dururlar və İskəndər “sus” eləyib, gedir qızların pərdəsini çəkib qopardır, atır kənara. Camaat utandığından başını salır aşağı. Qızlar da utanıb, üzlərini əlləri ilə tuturlar və başlayırlar ağlamağa. İskəndər üzünü tutur camaata).

 

İskəndərin nitqi

 

Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər, bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək: (ucadan) “Tfu sizin üzünüzə!” (Tüpürür camaata tərəf. Hamı başını aşağı salıb dinmir). Bağışlayın, kefli İskəndər bir az biədəblik eləyir. Amma indi də növbət mənimdir. Mən demirəm ki, siz niyə bu balaca uşaqları (qızları göstərir) zornan gətirib qatdız bu fahişəxanaya. Söz yox, bunlara deyəndə ki, səni verirəm bu şeyxə, bu biçarələr çığırıb bağırırdılar və sizin çirkli ayaqlarınızı öpə-öpə yalvarırdılar: “Ata, aman günüdür, məni anamdan ayırma!” (Üzünü qızlara tutub). Elədirmi? Doğrumu deyirəm?

 

Qızlar ağlaya-ağlaya baş yendirirlər.

 

Yox, mən ondan ötrü incimirəm. Çünki siz qızlarınızı bura çəkə-çəkə elə xəyal edirdiniz ki, bunları behiştə çəkirsiniz və İsfahan şeyxləri sizi inandırmışdılar ki, hər kəs bu mübarək otağa qədəm qoysa, öləndən sonra qiyamətədək qəbrin dəriçəsindən məlakələrlə söhbət edəcək. Amma zəmani ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz, dəriçədən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın və övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: “Tfu sizin üzünüzə!” (Bərk tüpürür).

 

Camaat hamısı başını salır aşağı.

 

Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (Əlini uzadıb cibindən araq şüşəsini çıxardıb) bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim Ə l i mdən elə şeylər gəlməz. Bu araq şüşəsidir və Şeyx  Nəsrullah burada gecələr bu balaca uşaqları boğanda, mən bu şüşədən araq içərdim.

 

Qızlar başlayırlar ağlamağa.

 

Yox, yox, o mənim işim deyil. O, igid işidir. Siz tək camaatın da igidi mənim tək olar. Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım kefli İskəndərdir; bə sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: “Ö l ü l ə r”. Mən cəmi millətləri bura yığıb təvəqqe edərəm ki, Şeyx Nəsrullahın hərəmxanasına tamaşa eləsinlər; o vədə bütün yer üzünün tayfaları sizi bir səslə adlandırırlar: “Ö l ü l ə r!” Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər. “Ö l ü l ə r”...

 

Musiqi.

 

Dəxi bəsdi. Di gəlin qızlarınızı aparın analarının yanına. (Yapışır qızın Əlindən). Bu kimin qızıdı?

 

Camaat içindən bir kişi yeriyib qabağa.

 

Sənin qızındı? Di gəl apar.

 

Kişi gəlib, yapışır qızının əlindən.

 

İ s k ə n d ə r (o biri qızın əlindən yapışıb, yenə soruşur). Bu kimin qızıdır?

 

Yenə bir kişi gəlibyapışır qızın əlindən və aparır. Bu minvalla üçüncü və dördüncü qızı İskəndər yola salır. Qızlar başlarını aşağı salıb, alçaqdan ağlaya-ağlaya musiqinin səsilə çıxıb gedirlər. Camaat da başını aşağı salıb, məyus durur. Axırıncı qız yola düşəndə İskəndər araq şüşəsini çəkir başına və boş şüşəni vurur yerə. Yavaş-yavaş pərdə yenir və musiqi çalır.

 

Axırı

 

12 iyun 1909, Tiflis.



[i] Sədi Şirazinin məşhur “Gülüstan” əsərindəndir. Mənası: Padşaha onun nəsihəti xoş gəldi və onun qanından keçdi.

[ii] Şeir Molla Pənah Vaqifindir (M.P.Vaqif, Əsərləri, 1954, səh. 196).

[iii] Qüvvən; burada: pulun, imkanın.

[iv] Rusca следователь (müstəntiq) sözünün o zaman el arasında işlənən şəklidir.

[v] Allah-taala öz lütfü ilə kömək eləsin.

[vi] Qaragözlü, mübarək üzünün rəngi yaşıla çalır və mübarək adı Şeyx Nəsrullah İsfəhani.

[vii] Xəstəlik zamanı insanın xörək yeməyə meyli olmaz. Ürək dünyanın həvavü həvəs mərəzinə mübtəla olan vaxt allahı yada salmağa rəğbət etməz; yemək nə qədər ləzzətli olur-olsun xəstənin nəzərində ləzzətli görünməz və axirət faydasını ələ keçirmək də ona ləzzət verməz. (Səndə) axirət eşqi olsa, dünya üçün gözəl hesab etdiyin şeylərin hamısını axirət sənin ürəyindən çıxardar və axirətdə görmək istədiyin şeylər dünyanı sənin ürəyindən çıxardar.

[viii] Sizin dünyanız mənim yanımda çiyirtkə ağzında olan yarpaqdan da alçaqdır.

[ix] Gözlərin xəyalı ilə tərpənən çox qaşıntılı qoturluğun ən faydalı dərmanı – evlənmək məsələsi, yəni siğə eləməkdir. İman məmləkətini canalıcı naz-qəmzə gözəllərinin qarətindən mühafizə etmək üçün siğə möhkəm bir tədbirdir.

[x] Hər kəs evlənsə, evlənmək onun dinini saxlar. Vələdüzzina, yəni hər kəs evlənsə, öz dininin yarısını şeytanın şərindən və nəfsani həvavü həvəsdən qorumuş olar.

[xi] Evlinin qıldığı iki rükət namaz subayın qıldığı yetmiş rükət namazdan yaxşıdır.

[xii] Evlən, əks təqdirdə nəsara rəhbanlarından və şeytan qardaşlarından olarsan.

[xiii] Davudun bir qəbiristana yolu düşdü, gördü ki, əzab mələyi bir ölüyə əzab verir. Həzrət buyurdu.

[xiv] Elə ki, insanı qəbrə qoydular, qeyb kitabxanasının katibləri insan bədəninin ibrətxanasını əcəl qələmilə tabut taxtasının üstünə yazarlar... Allah-taala...

[xv] Ona 40 sual verər. O suallardan biri odur ki, ey alim oğlum, sən öz zahirini kafirlərin paltarları ilə bəzədin, amma mənim nəzərimi cəlb edən batinini yaddan çıxartdın. Bilmirəm bu suala necə cavab verəcəklər.

[xvi] Hər sözün bir yeri, hər nüktənin bir məqamı var.

[xvii] Xalqın heç bir nəfərinə öz nəfsini və əxlaqını təmizləmək padşahlara və sultanlara zəruri olan qədər zəruri deyildir ki, məmləkətə möhkəm bir İskəndər səddi çəkib, qəlb ölkəsini, Yəcucun şərri kimi pis olan düşmən təşvişindən əmin eləsin.

[xviii] Bu dünyada hər nə varsa, hamısı yoldaşlıq əsəridir, yoxsa söyüd ağacı nəbatat baharını haradan tapacaqdı?

[xix] İkincisi.

[xx] Üçüncüsü.

[xxi] Cəhənnəm.

[xxii] Qüdrət xəzinələrində elmdən daha əziz və daha qiymətli bir cıvahir yoxdur. Qəlbin və ruhun yaşayışı elmə bağlıdır. Elm suya və palçığa təzəlik verər. Elm can çəməninin nəsimidir. Elm behişt bağının ətridir. Elm sərçeşməsinə çatan adam həmişəlik abi-həyat daddı. 

[xxiii] Ey müsəlmanlar! Səbr edin.

[xxiv] Bax gör sümükləri necə dirildirik. Yəni sümüklərə sarı bax gör Xudavəndi-aləm onları yerdən necə qaldırır və öz yerlərinə qaytarır ki, onların bəzisini o birilə birləşdirir, ondan sonra da ət əmələ gətirib, onların üzərini örtür.




 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info