Qonaq Kitabı
ÖLÜLƏR

 

 

İkinci məclis

 

Hacı Həsənin qonaq otağı. Kərbəlayı Fatma xanım və qulluqçusu Zeynəb evi səliqəyə salırlar. Nazlı  sevincək gəzir, oynayır, oxuyur.

 

N a z l ı  (sevincək anasına). Ana, başına dönüm, ana, o qadanı alım, ana, deyirlər bu gələn qonağımız ölüləri dirildir. Qadanı alım, ana, bir de görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Ay qız, mən nə bilim? Mən də sənin kimi. Deyirlər Xorasanda on yüz adam dirildib. Kərbəlayı Fətullah əmoğluvu da dirildib. Hələ məni ötür, indi qonaqların gəlmək vaxtıdır, qoy işimi görüm. Ay qız, Zeynəb, tez ol yastıqları gətir, bu tərəfdən qoy. Bu xalçanı bir az bu tərəfə çək. Tez ol! Bir az çəpik tərpəş!

N a z l ı. Ana, vallah, bilmirəm ağlayım, ya gülüm. Vallah, gör fikrimə nə gəlir. Ana, ürəyimdə bir söz var, qoy deyim (anası dinmir). Ana, vallah, qonağımıza yalvaracağam, onun ayağına düşəcəyəm (ağlaya-ağlaya) mənim Sara bacımı da diriltsin.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Ay qız, nə bilim (Yerə çöküb, üzünü çarqatının ucu ilə örtür və başlayır ağlamağa).

Z e y n ə b. Ay xanım, sən Allah, ürəyini sıxma, Allah kərimdir (Kərbəlayı  Fatma xanım gözlərini silib, üzünü açır). Ay xanım, sən Allah, o kişi necə adamdır ki, ölüləri dirildir? Yaxşı, bəlkə imamdı, seyiddi? Bay, Allah, kərəminə şükür. (Bir az dinməyib). Sən Allah, xanım, bircə bunu səndən soruşacaqdım ki, görəsən o kişi kasıbların da ölüsünü dirildir, ya bircə dövlətli adamlarınkını? Vallah, xanım, bu gün o qədər fikir eləmişəm heç bilmirəm nə qayırıram. Doğrusu (ağlaya-ağlaya) bizim balaca oğlan bu gün yadımdan çıxmır. Elə deyəsən tifil bu saat qabağımda can verir. Yazıq uşaq öləndə gözlərini elə dirəmişdi üzümə ki, deyəsən məndən bir zad istəyir. (Ağlaya-ağlaya çarqatı ilə gözünün yaşını silir).

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Ah, Vallah, heç özüm də bilmirəm. Allah rəhim Allahdı, əlbəttə bizə də yazığı gələr. Di durma, Zeynəb, get Əliyə de ki, su gətirsinlər. Sən də ocağın altına bax. (Zeynəb çıxır).

N a z l ı. Ana, ana, vallah, ürəyim bir tikə olub. (Gülə-gülə). Bircə dəfə Sara bacımı görsəydim, ölməzdim. Ana, axı, sən bilirsən mən Sara bacımı nə qədər istəyirdim. Bircə ölməyəydim, o günü görəydim Sara bu qapıdan girir içəri. Belə atılıb onun boynunu qucaqlayaydım deyərdim, ay torpaqların içində çürüyən bacı! Vallah, ana, istəyirəm dəli  olam. Bilmirəm gülüm, ya ağlayım. Mən and içirəm Allaha, peyğəmbərə; nəzir eləyirəm ki, hər nəyim var, paylayım fəqir-füqəraya, bax, paltarlarımı, qızıllarımı, bax, gedib hər nə var gətirəcəyəm. (İstəyir qaçıb gedə).

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Ay qız, hələ tələsmə. Qoy hələ görək. Gedib şey-şüyü gətirib bura tökmə. Qonaqların gəlmək vaxtıdı. Get Zeynəbə de tez olsun gəlsin.

İ s k ə n d ə r (oxuya-oxuya girir içəri). Hə... ana, kefin necədi?

K ə r b ə l a y ı   F a t m a   x a n ı m. Eh, zəhrimar olsun kefim! Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odu, hamısı ağıllı-başlı adam olublar; hamısı ayıx-şayıx, ağılları başlarında, hərəsi özünə görə bir qulluq sahibi olub. Amma sən gecə kefli, gündüz kefli... Vallah, el içində lap biabır olmuşuq. İçirsən o zəhrimarı, hər nə ağlına gəlir, danışırsan. Nə Allah tanıyırsan, nə böyük-kiçik tanıyırsan. Hələ o nə sözdü dünən Nazlıya demisən? “Gəl yapışım Əlindən gedək,  gəzək”. Yoxsa indi də bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gəzələr? Vallah, dünən bunu Cəlal mənə deyəndən az qalıram elə öz Ə l i mlə bir qəbir qazam, girəm içinə, yaxam qurtarsın.

İ s k ə n d ə r (qah-qah çəkib, yapışır anasının çiynindən). Daha bundan sonra ölsən də, yaxanı qurtara bilməyəcəksən. Odu, Şeyx Nəsrullahdı-nədi, bu gün gəlir. Sən ölərsən, genə səni dirildər. Xa... xa... xa!.. Daha bundan sonra ölməknən də yaxan qurtarmaz. Xa... xa... xa!..

 

Zeynəb və Nazlı  girirlər. İskəndər gedib oturur yastıqların üstündə, Zeynəb istəyir qoymasın.

 

Z e y n ə b. Oturub yastıqları əzmə! Səndən ötəri bunları bura qoymamışıq! Görmürsən ki, qonaq gəlir?

İ s k ə n d ə r (Zeynəbə). Hey, Zeynəb, vallah, fəndini duymuşam! (Durur). Qonağın yolunda, bu qədər çalışırsan ki, ərin Kərbəlayı Novruzu diriltsin? Vallahı, fəndini duymuşam. Xa... xa... xa!..

K ə r b ə l a y ı   F a t m a  x a n ı m (İskəndərə). Ay yazıq, ay başı daşlı! Sən nəyə inanırsan ki, buna da inanasan? Yazığım gününə! Yaxşısı budu çıx get, qoy işimizi görək. Ay qız, Zeynəb, gəl bu xalçanın ucunu düzəlt.

N a z l ı  (İskəndərə). Dadaş, sən Allah, barı bu gün özünü yaxşı saxla. Vallah, adam utanır, qonaq-zad gələcək.

M i r  B a ğ ı r  a ğ a (girib, başmaqlarını çıxardır). Salam əleyküm.

 

Nazlı  üzünü örtüb, qaçıb gedir.

 

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Əleykəssəlam. Ağa, buyur əyləş.

 

Mir  Bağır ağa oturur. İskəndər qaçır Nazlının dalınca.

 

İ s k ə n d ə r. Ay qız, Nazlı, muştuluğumu ver! Nişanlın gəldi.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m (İskəndərə acıqlı). Kəs səsini! Axmaq-axmaq danışma!

 

Mir Bağır ağa başını salır aşağı.

 

İ s k ə n d ə r (gəlibdurur Mir Bağırın qabağında). Mən ölüm, əl ver! Lotusan həyə, əl ver! Vallah, ruhun var; düz doqquz yaşında; gərək bircə tikə artıq olmasın. Quzu əti, şax, təzə-tər, lətif, balaca. Ağzından süd qoxusu gəlir. Ləzzət, ləzzət! vallah, ruhun var! Lotusan həyə, əl ver!

M i r  B a ğ ı r (İskəndərə). Ayıbdı, ayıbdı! Heç olmasa, anandan həya elə, o sözləri danışma.

K ə r b ə l a y ı   F a t m a   x a n ı m. Onun həyası olsa, niyə o sözləri danışır?

İ s k ə n d ə r (bir az durub, təəccüblü baxır özünə). Doğrudan, bəlkə məndə heç həya yoxdu. (İki Əlini ciblərinə salıb, bir şey axtaran kimi). Baxım görüm, bəlkə həya ciblərimdədi: yox, yoxdur. (Mir Bağır ağaya). Ağa, mən ölüm, sən də bir ciblərinə bax, bəlkə ciblərində ola.

 

Mir Bağır ağa istəyir dursun ayağa.

 

Xa... xa... xa!.. Mən ölüm incimə! Lotusan həyə, incimə! Əyləş, əyləş. Bu saat gedib nişanlını gətirəcəyəm yanına. (Çağırır) Nazlı, Nazlı! (Fatma xanım da durur ayağa).

M i r  B a ğ ı r  a ğ a (qeyzli çox ucadan). Kəs səsini, piyan! (istəyir getsin).

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Buy, ay uşaq, başıma xeyr! Bu gədə lap dəli  olub. (Ucadan) Adə, Əli , gəl bu səfehi çıxar sal eşiyə! (Mir Bağır ağa çıxıb gedir).

N a z l ı  (girir içəri). Dadaş, vallah, lap biabır olduq. O nə sözlərdi danışırdın? Ayıb deyil?

İ s k ə n d ə r (çırtıq çala-çala oxuyur və oynayır).

Bir qız sevmişəm doqquz yaşında...

                                         Sürmə gözündə, rasix qaşında.

                                         Ay can! Ay can! Ay can!..

 

(Kərbəlayı Fatma xanım ikiəlli İskəndərə boğma çıxardıb gedir).

 

N a z l ı  (ucadan). Dadaş, kəs səsini!

İ s k ə n d ə r (bir az fikir eləyəndən sonra gedib yapışır Nazlının əlindən və gətirir pəncərənin qabağına). Bax, bax, o kimdi?

N a z l ı. Nə bilim? Özün bilirsən kimdi.

İ sk ə n d ə r. Yaxşı bax! Bax, gör kimdi?

K ə r b ə l a y ı   F a t m a  x a n ı m (gəlibdurur qapıda). Ay balam, axı bir bəsdi! Utan, yorul! Axı bir özünə yazığın gəlsin. Axı bir həya elə. O sözləri ki, o kişiyə dedin, necə utanmadın? Yazıq kişi xəcalətindən dayana bilmədi, durub getdi. Necə olsa seyiddi, qohumdu. Məgər adamın ağzına nə gəlsə danışar? Axı o da yazıqdır, qəribdir; bizdən savayı onun bu şəhərdə kimi var?

İ s k ə n d ə r (çırtıq çalıb Nazlını göstərir). Belə bu şəhərdə onun Nazlı kimi nişanlısı var.

N a z l ı. Dadaş, and olsun Allaha, mən Mir Bağır ağaya getməyəcəyəm. Mən heç kəsə getməyəcəyəm.

İ s k ə n d ə r. Xa... xa... xa!.. (gedib yapışır Nazlının əlindən). Bacım, hələ sən uşaqsan. Get dolanginən, xamsən hənuz! Bir gün olar ki, gəlibgörərəm səni qabağına bir ayna tutub, çəkə-çəkə aparırlar. Onda tutaq ki, sən çəm-xəm elədin. (Özü də çəm-xəm eləyən kimi burulur). Tutaq ki, sən istəmədin gedəsən. O vaxt bir də görəcəksən ki, səni daldan itələyib deyirlər ki, “Dayanma, tez-tez get!” Çönüb baxıb görərsən ki, itələyən sənin atan Hacı Həsəndir. Bəli, sonra bəlkə gedə-gedə bir də istədin ki, dayanıb getməyəsən; bir də görəcəksən ki, daldan genə bir adam səni dürtmələyir ki: “Dayanma, yeyin yeri!” Çönüb baxıb görəcəksən ki, bu da sənin anan Kərbəlayı Fatma xanımdı. Əgər, işdi, çox hay-küy eləsən, yanındakı, ətrafındakı bibilərin, xalaların, əmilərin, seyidlər, mollalar, qonşular, cicilər, bacılar – hərə bir yandan səni mizləyəcəklər ki: “Dinmə, kəs səsini! Xortdan gələr səni aparar!” Bəli, halla-hallaynan səni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sən məni haradan tapacaqsan? (Çırtıq çalıb oxuyur).

 

  Bir gün olar sən də məni atarsan,

                                           Qurtlarınan aşnalığı qatarsan,

                                           Balam, qatarsan,

                                           Bacım, qatarsan!..

 

(Bir az dayanıb fikir eləyəndən sonra, baxır Nazlının və anasının üzünə). Ana, bəlkə mən kef havasına bu sözləri danışıram? (Kərbəlayı Fatma xanım dinmir. Nazlı  gəlir İskəndəri qucaqlayır).

N a z l ı. Dadaş, kefli də olsan, mən sənin sözündən çıxmanam.

N ö k ə r l ə r (tövşüyə-tövşüyə girib, xəbər verirlər). Xanım, çıxın eşiyə, qonaqlar gəlir.

 

Xanım və Nazlı  qaçırlar otaqdan.

 

H a c ı  H ə s ə n (üstü-başı tozlu, girib tövşüyə-tövşüyə otağın bu tərəfinə-bu tərəfinə baxır, uzaqdan salavat səsi gəldikcə ucalır). Allah-taalanın hər bir bəlası gərək bizim vilayətə nazil ola. Şeyx cənabları yolda bir az naxoş olub. Bari Allah şəfa versin ki, xəcalət olmayaq. (İskəndərə). İskəndər, bu gün qonaqların yanında özünü yaxşı saxla. Ayıbdı, dost-düşmən var.

İ s k ə n d ə r. Dadaş, bu haman ölü dirildən şeyxdir ki, gəlir?

H a c ı  H ə s ə n. Şeyx Nəsrullah cənablarıdır. Dəxi vaxtım yoxdur sənnən artıq danışmağa. (İstəyir çıxsın). Görüm evdə hər bir şeyi hazır eləyiblərmi?

İ s k ə n d ə r. Dadaş, elədə qonaqdan təvəqqe elə ki, əvvəl qabaqca məni diriltsin; çünki elə mən də ölü kimi bir şeyəm.

 

Hacı Həsən tez və dinməz gəlib yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə. Salavat səsi, adamların hay-küyü yaxınlaşır. Tarap-turup, at kişnəməsi və qiylü-qal gəldikcə ucalır. Hacı Həsən bir tərəfdən və Şeyx Əhməd bir tərəfdən, Şeyx Nəsrullahı qoltuqlayıb, gətirirlər içəri və otudurlar döşəyin üstündə və özləri çəkilib, ədəblə dururlar kənarda. Hacı Bəxşəli , Hacı Kərim, Hacı Kazım, Məşədi Oruc, Mir Bağır ağa və hacılar, otaq tutduqca, camaat üst-başları tozlu, tövşüyə-tövşüyə otağa girib, ədəblə dururlar kənarda. Şeyx Nəsrullah naxoş kimi heç kəsə baxmayıb, dayanır yastıqlara. İskəndər adamların içindən başını çıxardıb baxır. Hacı Həsən işarə eləyir ki, çıxıb getsin. İskəndər yox olur. Şeyx Əhməd yavaşca gəlir, çökür Şeyx Nəsrullahın qabağında və dizi üstə yavaşca soruşur.

 

Ş e y x  Ə h m ə d (Şeyx   Nəsrullaha). Şeyxəna, əhvalınız indi necədir?

 

Şeyx Nəsrullah bir söz deməyib, başını tərpədir.

 

H a c ı  H ə s ə n (qorxa-qorxa Şeyx Əhmədə yavıq gəlib). Şeyx cənabları izin versin çay gətirsinlər.

 

Şeyx Nəsrullah başı ilə yox işarəsi eləyir.

 

H a c ı  H ə s ə n (qorxa-qorxa). Bəlkə qəndab gətirsinlər?

 

Şeyx Nəsrullah yenə başı ilə işarə eləyir razı deyil.

 

H a c ı  H ə s ə n. Bəlkə şeyx cənabları təam buyuralar? Yaxşı cücə-plov bişiriblər.

Ş e y x   N ə s r u l l a h ( heç kəsin üzünə baxmayıb yavaşca). Adəmi dər vəqti-mərəz iştəhayi-təam nəmibaşəd. Dil niz də vəqti-ibtila bəilləti-həva və istilayi-mərəzi-hübbi dünya, rəğbət bəzikri-pərvərdigar nəmidarəd. Təam hərçənd ləziz başəd və lakin dər nəzəri-bimar ləzzət namidəhəd. Dil niz çün bəmərəz zatül-səfər vəsvəseyi-dünya mübtəla başəd, əz neməti-bəndəgiyi-xuda və təhsili-faydeyi-üqba mütələzziz nəmigərdəd. Bəqədri-matəhzünü lid-dünya yüxrücühümül-axirətül min qəlbikə və biqədri matəhzünü axirətin yüxrücü hümmüd dünya min qəlbikə[vii]. ( Bir az fikir eləyib, baxır Hacı Həsənin üzünə və birdən dikƏ l i b çığırır). Necə təam? Necə cücə-plov? (Şeyx Əhmədə). Şeyx Əhməd, məni hara gətirmisən? Bunlar necə müsəlmandırlar? Necə mömindilər? Bu nədir? (Otağın fərşlərini göstərir). Bu xalilər nədir? Necə təam, necə cücə-plov? Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır?!

 

Şeyx Əhməd və adamlar qorxub titrəyirlər,

 

Ş e y x  Ə h m ə d. Bəli, şeyxəna, demişəm.

Ş e y x   N ə s r u l l a h (üzünü adamlara tutub çığırır). Bu nədir, vələdüzzina? Nə uymusunuz bu dünyaya? İnnə dünyaküm indi lahövlə min vərəqətin fixümmi cəradətin. Bu nədir? Nə istəyirsiniz? Nə axtarırsınız? Öləcəksiniz, əgərçi şah olasız. Dünyayi-şüma dər nəzdi-mən hər ayinə biqədrtər əst əz bərgi ki, dər dəhəni-mələx başəd[viii]. Sizin dünyanız ibarətdir altı cür ləzzətdən: mətum, məşrub, məlbus, mənkum, mərkub və məşşum. Vəssəlam! Lakin ən ləzzətlisi baldır ki, arının tüpürcəyindən əmələ gəlir. İçdiyiniz suyun içində minlərcə heyvanat cəmdəyi üzür. Ətirlərinizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. Mərkubatın əşrəfi atdır ki, onu minən həmişə xətadadır. Libasların nəfistəri ipəkdir ki, qurdun üfunətli ağzından çıxır. O ki, qaldı mənkuhatın müəzzəm faydaları burada mətləb bir az tuldur (bir az sakit olub, yavaşca deyir). Sudməndtər daruyi ki, cərəb xarxari-şahidan gülüzarra füru minişanəd, əmritəzvic nigahi-mitəəst. Tədbirist mətin dər mühafizəti-şəhristani-iman əz taraci-türkan, qəmzəhayi canistan hisnisti-həsini dər təqlidi-xuni-fasid[ix]. (Çox ucadan). Mən təzəvvəcə əhrəzə nisfi dinihi. Yəni hər kəs ki, təzvic konəd nisfi-dini-xudra əz şərri-vəsvasi-şeytani və fəsadi və həvəshai-nəfsani eymən başəd[x]. (Bir az dayanıb yavaşca). Şeyx Əhməd, bu camaatın içində bacılardan heç gözümə dəymir? Deynən ki, o biçarələrə xəbər versinlər ki, onlar da buraya gəlibvə pərdə dalına cəm olub, Allah-taalanın hökmlərini eşitməkdən bibəhrə qalmasınlar.

 

Adamlar hərəkətə gəlir. Çadraya bürünmüş övrətlər tək-tək otağa girib, kişilərin dal tərəfinə düzülürlər.

 

Ş e y x   N ə s r u l l a h (ucadan). Əksərü əhlinnaril-əzzəb; biştərin əhli-cəhənnəm əzabanənd (yavaşca Şeyx Əhmədə). Şeyx Əhməd, mənim taqətim yoxdur, sən bunları başa sal.

Ş e y x  Ə h m ə d (camaata). Şeyx cənablarının fərmayişindən belə məlum olur ki, cəhənnəm əhlinin çoxsu siğeyi-mütədən məhrum olan kişi və övrətlərdir.

Ş e y x   N ə s r u l l a h (Şeyx Əhmədə). Ucadan de, ucadan de. (Çığıra-çığıra). Dü rükət nəmazi ki, mütəzəvvic güzarəd behtər əst əz həftad rükət nəmazi ki, əzəb migüzarəd[xi]. (Birdən ayağa qalxıb və sağ əlini camaata tutub, çox ucadan). Təzvic kop və gər nə əz cümleyi rəhbanani-nəsarayi və gər nə əz bəradərani-şeytani[xii].

H a c ı  H ə s ə n (qabağa yeriyib, düşür Şeyx Nəsrullahın qabağında səcədyə). Şeyxəna, bizə rəhmin gəlsin; biz yazığıq. Biz hər halda sizin əmrinizə itaət etməyə hazırıq. Bizə yazığın gəlsin.

Ş e y x   N ə s r u l l a h (bir qədər Hacı Həsənin üzünə baxandan sonra başlayır ağlamağa). Həzrət Davudra bə qəbristani güzar iftadə, mələki əzabra did ki, mürdəra əzab mikünəd. Həzrət fərmud[xiii]. (Dayanıb oturur yerə və camaat başlayır ağlamağa). Şeyx Əhməd, danışmağa taqətim yoxdur.

H a c ı  H ə s ə n. Allah şəfa versin!

A d a m l a r. Allah şəfa versin!

 

Adamların içindən “çəkil oyza yol ver” səsi gəlir. Heydər ağa, Əliəy və Müəllim Mirzə Hüseyn girirlər içəri. Şeyx Nəsrullah bunlara göstərilən hörməti görüb, durur ayağa.

 

Ş e y x   N ə s r u l l a h. Şeyx Əhməd, bu ağalar kimdirlər?

H a c ı  H ə s ə n. Şeyxəna! Bu Heydər ağadır, telğrafxanada sahibmənsəb və əhli-elm bir vücuddur. Bu ağa – Əliqulu bəydir. Məşhur Cahangir bəy mərhumun oğlu; özü də həkim yanında dilmancdır. Bu cənab – Molla Hüseyn müəllimdir.

Ş e y x   N ə s r u l l a h (Əli  ilə gələnlərə yer göstərir, onlar da otururlar). Məzaci-şərifiniz inşallah səlamətdir?

H e y d ə r  a ğ a. Allah-taala siz tək üləmanın sayəsini bizim üstümüzdən əskik eləməsin.

Ə l i q u l u  b ə y. Allah sizə ömür versin.

Ş e y x   N ə s r u l l a h. Çün adəmira bə cənazə güzarənd və raqimani-kitabxaneyi-qeybi ibrətxaneyi-kalbudi-insanra baxameyi-əcəl bər lövhi-təxteyi-tabut nigarənd həqq-təala...[xiv] (Şeyx Nəsrullah birdən “uy-uy” eləyib, üzünü qırışdırır və sol əlini qoyur böyrünə).



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info