Qonaq Kitabı
ÖLÜLƏR

 

Adamlar təəccüblə gəlibdinmirlər. Şeyx Əhməd genə bir söz deməyib, durur ayağa və Hacı Həsənə işarə eləyib çıxır, Hacı Həsən Şeyx Əhmədin dalınca çıxandan sonra Şeyx Nəsrullah yenə başlayır moizəsini.

 

Çehl sual əz u nümayəd. Əz cümleyi on sual: yeki anəst ki, fərzəndi-alim, zahiri xudra balibashayi-kafiran zinət dadi və batini xudra ki, məhəlli-nəzəri-mən büvəd vagüzaşti. Nədanəm ki, dər cəvabi-in sual çe güyənd?[xv].

H e y d ə r  a ğ a. Bəli, cənab şeyx, biz hər halda Allah-taalanın günahkar bəndələrindənik. (Üzünü adamlara çöndərib bir az yavaş). Maşallah, cənab elm dəryasıdır; mən belə alim görməmişəm.

A d a m l a r ı n  b i r  n e ç ə s i. Maşallah, qəribə danışır, lap Allah vergisidir.

Ə l i q u l u  b ə y (adamlara). Maşallah olsun şeyxin elminə! “Malades!”.

Ş e y x   N ə s r u l l a h (Heydər ağaya). Ağayi-mən, bu şəhərdə sizdən savayı da əcnəbi dərsini oxuyan var, yainki siz iki nəfərsiniz?

H e y d ə r   a ğ a. Xeyr, şeyxəna, yoxdur. Ancaq bir neçə nəfərik. Doğrudur, Hacı Həsən ağanın oğlu da Firəngistanda oxuyub; amma çifayda ki, axırı peşimanlıq olub. Həqiqət, cənab şeyx, əcnəbi millətlərin dilini insan bir az öyrənsə, heç eyib deyil.

 

Şeyx Əhməd və Hacı  Həsən girirlər içəri.

 

Amma bir surətdə ki, müsəlman uşağı illərlə gedib kafirlər içində qaldı, əlbəttə, etiqadı dəyişiləcəkdi.

H a c ı  H ə s ə n. Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. Bir qələtdir eləmişəm.

Ş e y x   N ə s r u l l a h. Hacının oğlu da burada camaat içindədir?

H a c ı  H ə s ə n. Xeyr, cənab şeyx, xəcalətindən sizi görcək qaçıb gizlənib. Allah onun üzünü qara eləsin.

Ş e y x   N ə s r u l l a h. Əmr bəməruf hər müsəlmana vacibdir. Hacı Həsən ağa, çağırın oğlunuzu gəlsin; mən onu görmək istəyirəm.

 

Adamlar hərəkətə gəlir, Hacı Həsən qapıya tərəf gedir, bir övrət başlayır ucadan ağlamağa.

 

Nə istəyir övrət?

M ə ş ə d i  O r u c  (bir az qabağa yeriyib). Şeyxəna, bu mənim anamdı; oğlundan ötrü ağlayır. Oğlu haman Kərbəlayı Fətullahdır ki, sizin mərhəmətiniznən Xorasanda dirilib.

A ğ l a y a n  ö v r ə t (çadra başında, bir az ağlaya-ağlaya qabağa gəlir). Belə sənə qurban olum, ay şeyx! Mən oğlumu səndən istəyirəm.

Ş e y x   N ə s r u l l a h (çox ucadan). Hər süxən cayi, hər nüktə məqami darəd[xvi].

Ş e y x  Ə h m ə d (övrətə). Ay bacı, çəkil get, şeyxə başağrısı vermə; hələ o söhbətin vaxtı deyil.

 

Hacı Həsən yapışıb İskəndərin əlindən gətirir. İskəndər gəlib durur Şeyx Nəsrullahın qabağında və əllərini ciblərinə qoyub, baxır onun üzünə.

 

Ş e y x   N ə s r u l l a h. Bəyin ismi-şərifi nədir?

H a c ı  H ə s ə n. Nökərinizin adı İskəndərdir.

Ş e y x   N ə s r u l l a h. Pəh, pəh! İskəndər! İskəndər! İskəndəri-Rumi! İskəndəri-Zülqərneyn! Nə gözəl isimdir! İskəndər, İskəndər! Hiç yek əz ahadi-xəlqra təkmili-nəfsi

 

Hacı Həsən Hacı Bəxşəlini işarə ilə çağırır və hər ikisi çıxır eşiyə.

 

və təhzibixülq zəruritər əz mülki-səlatin nist ki, məmləkət səddi möhkəm bəstə kişvəri-xatir süknəra zi şəri-yəcuci təşvişi düşmənani şum eymən kərdanəd[xvii]

 

Əz əsəri söhbətəst,

Hər çi dər in aləməst.

Vərzi kuca yafti

Bid bəhayi-nəbat[xviii].

 

İ s k ə n d ə r. Bəli, cənab şeyx, başa düşdüm.

H e y d ə r  a ğ a (Əliqulu bəyə). Görürsən şutit eləyir.

Ş e y x   N ə s r u l l a h (İskəndərə). Cənabınız da bir mənsəb sahibisiniz  ya yox?

İ s k ə n d ə r. Xeyr, mən heç bir şey sahibi deyiləm. Mənsəb sahibi bu ağalardır. (Heydər ağanı və Əliqulu bəyi göstərir). Mən ancaq bu meyvələrin içində itburnu gülüyəm.

Ə l i q u l u  b ə y (Heydər ağaya). Yəqin genə keflidi.

Ş e y x   N ə s r u l l a h (İskəndərə). Belə məlum olur ki, sizin dərsiniz bu ağaların dərsindən azdır ki, bir mənsəbə çata bilməmisiniz.

İ s k ə n d ə r. Bəli, Bəli, bunlar elm dəryasıdırlar. İndi də ki, inşallah, siz cənabdan ölü diriltmək elmini öyrənərlər, onda daha lap alim olarlar, inşallah!

Ş e y x   N ə s r u l l a h (hacılara). Hacı Həsən ağa, təvəqqe edirəm bu biədəbi buradan kənar edəsiniz! Bu mürtəd Allah-taalanın hikmətinə istehza eləyir.

 

Hacı Həsən və qeyriləri İskəndəri hədələyib, salırlar eşiyə.

 

H e y d ə r  a ğ a. Şeyxəna, onun ağlı başında deyil, çünki gecə-gündüz keflidir.

M i r  B a ğ ı r  a ğ a. Hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr.

Ş e y x   N ə s r u l l a h (çox ucadan). Necə?

H a c ı  K ə r i m. Xeyr, Mir Bağır ağa, o qələti eləyə bilməz.

M i r  B a ğ ı r  a ğ a. Necə eləyə bilməz? Hazır dünən məgər doqquz yaşında bacısına deməyib ki, dur çıxaq küçəyə gedək, gəzək. Nə bilim, gün çıxıb, çiçəklər açıb. Mən öz qulağımnan eşidmişəm.

Ş e y x   N ə s r u l l a h (durur ayağa). Vaveyla, vaveyla! (Adamlar hərəkətə gəlir və hamı qalxır ayağa, Şeyx Nəsrullah qapıya tərəf hücum eləyir). Mən bu vilayətdə qala bilmənəm!

 

Adamlar qarışır bir-birinə. Hacı Həsən təşvişlə girir içəri və ağlaya-ağlaya gedib düşür şeyxin ayaqlarına.

 

H a c ı  H ə s ə n. Şeyxəna, mən yazığam, mənə rəhmin gəlsin. Nə tənbeh lazımdır, mən eləyim; kaş siz mənim evimdən narazı getməyin və məni bədbəxt eləməyin.

H a c ı l a r. Şeyxəna, siz sakit olun. Biz bu saat onu buradan qovarıq, itilib gedər cəhənnəmə!

 

Adamların bir neçəsi evdən çıxıb, İskəndərin dalınca deyinə-deyinə qaçırlar.

 

H a c ı  H ə s ə n (adamların dalınca). Yavaş! Yavaş! Səbr eləyin. Mən özüm onun tənbehini elərəm. Hacı Bəxşəli, Hacı Kərim, Hacı Kazım! Cahıl-cuhulu sakit eləyin, mən özüm o məlunun öhdəsindən gələrəm (çıxır otaqda qalır Şeyx   Nəsrullah və Şeyx Əhməd).

Ş e y x   N ə s r u l l a h. Şeyx Əhməd, mənim bu İskəndərdi-nədi, bundan gözüm su içmir.

Ş e y x  Ə h m ə d (bir az fikirdən sonra). Şeyxəna, heç narahat olma, onu buralarda heç adam yerinə qoyan yoxdur. Sən damağını pozma, işində ol.

Ş e y x   N ə s r u l l a h (bir az fikir eləyib). Şeyx Əhməd, əvvələn, çıx ev sahibinə xəlvətcə de ki, mənə bir tikə çörək gətirsinlər. Saniyən[xix], təvəqqe elə ki, gəlibmənə yer göstərsinlər, rahat olmaq istəyirəm. Və salisən[xx], (bir az dayanıb) dəxi özün bilirsən ki, söz yox ki, tədarük görübsən. Mən bu gecə tək burada qala bilmənəm, bədənim yekcə ağrıyır. Gərək ovduram... Allaha şükür, özün hamısını bilirsən. Dəxi dayanma, tez ol!

 

Şeyx Əhməd çıxır, hava başlayır qaranlıqlaşmağa.

 

(Şeyx   Nəsrullah gəliboturur döşəyin üstündə və bir qədər fikirdən sonra öz-özünə). Mən həmişə xalqa deyəndə ki, naxoşam, elə bilirlər ki, xalqı aldadıram; amma Allah şahiddir ki... (bir az dayanıb) mən heç kəsi aldatmıram; çünki həqiqətdə mən naxoşam. Camaatın qabağında mən özümü naxoşluğa vuranda, Şeyx Əhməd həmişə elə bilir ki, mən adamları ələ salıram; amma bu biçarənin heç xəyalına gələ bilməz ki, mənim mərəzim çox şiddətli mərəzdir. (Fikir eləyir). Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq və ağlayıb atamdan kişmiş istəyən kimi gündə bir dəfə utana-utana deyirəm: “Şeyx Əhməd, mənə kişmiş” (iki  əlilə üzünü örtüb, sakit oturur).

 

Hacı Həsənin nökəri Əli bir məcməyi içində plov və qeyri xörəklər gətirib qoyur ortalığa və çıxır. Şeyx Əhməd daxil olur və gəlibdurur bir tərəfdə. Bir qədər keçir, qapıda iki övrət görsənir. Pıçhapıç ilə övrətlər bir balaca övrətin Əlindən tutub, gətirirlər içəri və dururlar qapının yanında. Nökər girib çıraq yandırır. Hacı Həsən övrətlərin dalınca girir.

 

H a c ı  H ə s ə n (övrətlərə). Qızım, utanma, Allah əmridir. Niyə utanırsan?

Ş e y x   N ə s r u l l a h. Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə.

Ş e y x  Ə h m ə d. Baş üstə.

 

Hamı çıxır və balaca övrət qalır otaqda. Bu da istəyir adamların dalınca çıxsın; amma çıxanlar qapını örtüb, bunu qoyurlar içəridə. Şeyx  Nəsrullah durur ayağa və bir qədər fikirdən sonra tərpəşməyib, övrətə sarı bəlağətlə deyir.

 

Ş e y x   N ə s r u l l a h. O sənin öz ixtiyarındadır: istəyirsən get, istəyirsən qal. O sənin öz ixtiyarındadır ki, öləndə düşəsən bərzəx[xxi] aləminə. Ayaq tərəfindən baca açıla cəhənnəmə və qatır yekəlikdə əqrəblər gəlib yapışalar bədəninə. Bu da sənin öz ixtiyarındadır ki, səni qəbrə qoyanda baş tərəfindən bir dəriçə açıla və o dəriçədən bir nəfər qılman gəlib sənnən mazaqlaşa və bu əsnada qılmanın boynuna sapa düzülmüş zəbərcəd danələri qırılıb dağılalar və başlayasınız hərə bir tərəfdən zəbərcədi genə sapa düzməyə və bir də görəsiniz ki, yetmiş min dünya saatları gəlib dolanıb və indi qiyam-qiyamət olur. (Övrətə yavuqlaşır). O vədə qılman yapışar sənin əlindən (yapışır övrətin əlindən) və gülə-gülə sənə deyər: “Görəsən dünyada nə qədər savab işlər görübsən?”

 

 

P ə r d ə

 

 

 

Üçüncü məclis

 

Üçüncü məclis vaqe olur şəhərin kənarında, qəbiristanın yanında. Çox cəmiyyət ayaqyalın, şalvar və tumanlarını dizədək çırmayıb, əllərini əllərinin üstə qoyub, ayaq üstə durublar. Ortalıqda Şeyx Nəsrullah uca daşın üstünə çıxıb, oturub danışır. Sağ tərəfində Şeyx Əhməd, sol tərəfində Hacı Həsən və ətrafında biz gördüyümüz adamların hamısı, İskəndərdən və övrətlərdən savayı.

 

Ş e y x   N ə s r u l l a h (Əlində bir cildli yekə kitab, çox fəsahətlə danışır). Dər xəzaini-qüdrət cövhəri-şəriftər əz elm və nəfistər əz daniş nist (Şairanə).

 

Elm bəvəd zindəgiyi-canü dil,

Elm bəhəd tazəgiyi-abü gil.

Elm nəsimi-çəməni-can bəvəd,

Rayiheyi-rövzeyi-rizvan bəvəd.

Hər ki, bəsərçeşmeyi-daniş rəsid,

Abi-həyati-əbədira çəşid[xxii].

 

(Bir az dayanıb, kitabı iki əli ilə yuxarı qalxızıb, çox ucadan). Budur kitab! Budur elm! (Bir az dayanıb yavaşca). Ənvai-ülum və əsnafi-on dü qisməst: cəliyyə və xəfiyyə. Cəliyyə on ki, səmti-iştihar yaftə, əksəri-üləma bər qəvaid və qəvanini on müttəle mişəvənd və əhateyi-dəqayiqü rəqabiqi-külliyyat və cüziyyati-on minümayənd. Və xəfiyyə on ki, dər zəvayayi-ixtifa mandə hər kəsra vüquf bər həqayiqi əsrar və bədayei-asari-on müyəssər nəşəvəd. (Bir azca ucadan). Əz cümleyi-xəfiyyat: əvvəl, elmi-tilismatəst. Və lakin bunnan işimiz yoxdur. Dövvüm, elmi-təsxirat. Bunnan da işimiz yoxdur. Sevvüm, elmi-xəyalat. Bunnan da işimiz yoxdur. Cəharüm, elmi-şəbədə. Bunnan da işimiz yoxdur. Pəncüm (ayağa durub, üzünü qəbirstana çöndərib, bir qəbrə baxıb, çox ucadan). Ricəti-əmvat (bir az dayanıb, yavaşca), yəni ölülərin ricəti. (Bir az sakit olub oturur, yavaşca). Bina bər ümumi-fəvaid və şümuli-əvaidi-in kitab (kitabı yuxarı qalxızır) ki, lübbü lübab və məqbuli-ülül-əlbabəst. Misali bimisal, lazimül-imtisal, alicənab, niqabəti-intisab, dirayəti-nisab, vəlayəti-iktisab, Cəlalül-həşəmət vəddövlə, qəvimüd-din vəl-millət, sərirarayi-gah-Xösrövi əmiri-bahadir lazalə, müəyyədən min indillah binnəfsil-qüdsiyyə, siməti-südur yaft ki, in həqiri-fəqir Nəsrullah ibni-Cəfərül-vaizül-İsfəhani bətəlifi in kitab iştiğal künəd və in risaləra ki, bə “Kəşfül-kəşşafi-hikməti-ricət” gəştə bər pənc məqsəd məbni saxt. Əvvəl, elmi-simiya; dövvüm, elmi-rimiya; sevvüm, elmi-kimiya; çəharüm, elmi-limiya; pəncüm, elmi-himiya. Və lakin bunlarınan da işimiz yoxdur. (Bir az dayanıb). Ricət bəfəthra, bəməniyi-bərgəşt bədünyast bəd əz mürdən. (Bir az baxıb, çox ucadan) Oturun!

 

     Adamların hamı birdən çöküb, diz üstə otururlar. Şeyx bir az alçaqdan.

 

Bəzi münkirlər deyirlər ki, ricət bəd əz mərg münafiyi-təklifəst. Zira kəsi ki, mürdə, təklif əz u mürtəfe şüd. Dübarə amədəni u be in aləm çe səmər darəd? (Ucadan). Bəlkə sizin də içinizdə belə münkirlər var? Əgər var, gəlsin mənim bərabərimə. Mən bu kitab ilə onun cavabını verim. Kimdir deyən ki, ölülər dəxi bu dünyaya qayıtmayacaqlar?

Ş e y x  Ə h m ə d (yavaşca Şeyx Nəsrullaha). Ərəbcə de, ərəbcə de.

Ş e y x   N ə s r u l l a h (çox ucadan). Fəiza ərəftə haza və övzəhtü ləkə fil-qövli bir-ricətil-ləti ictəməətiş-şiətü əleyhima fi cəmiil-əqvam. Bunu inkar edən gərək elədə bu nu da inkar edə ki, dəsti mübarəkəşra bər püşti güsfəndi (başlayır ağlamağa), fürud avürdə düayi-bərəkət güft və bəqüdrəti bari-təala əz on ek güsfənd həftad güsfəndi digər mütəvəllid şüdənd. Bir qoyunu bir saniyədə yetmiş qoyun eləyən öz bəndələrini öldürə də bilər, dirildə də bilər. (Çox ucadan). Kimdir bunu danan? Qoy gəlsinlər bərabərimə, bu kitab ilə onların cavabını verim.

H a c ı  H ə s ə n (Əli əlinin üstündə, qorxa-qorxa başını aşağı əyib). Fəda olaq, sənə, allahın hökmünü danan kafirdir.

Ş e y x   N ə s r u l l a h (hirslə camaata, ucadan). Durun ayağa!

 

Hamı birdən qalxır ayağa.

 

Məgər eşitməyibsiniz ki, yetmiş min nəfər bir qövm taundan həlak olmuşdular. Ərz kərd, ilahi, əgər mixasti inhara zində gərdani ta biladi-türa abad nümayənd. Ondan ötrü ki, sən göndərdiyin bəladan qaçmayıb, şəhadətə yetişiblər. Qoy indi dirilsinlər. Qoy zində olub, sənə ibadət eləsinlər. Qoy bu dünyaya ricət edib, sənin şəhərlərini abad eləsinlər. Xudavəndi-aləmdən cavab gəldi ki: (ağlaya-ağlaya) aya, dust midari ki, işanra zində nümayəm, bəcəhəti xatiri qu? Ərz

 

Camaat başlayır ağlamağa.

 

kərd: Bəli! Pəs həqq-təala işanra zində gərdanid. Allah-taala onların hamısını diriltdi. Çinan ki, zikr şüd, mürdəənd və zində şüdənd və rücu nümudənd bəin dünya.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info