Qonaq Kitabı
ÖLÜLƏR

Dördüncü məclis

 

ƏVVƏLİNCİ PƏRDƏ

 

Hacı Həsənin evi, İskəndərin otağı, Hacı Həsən və övrəti. Kərbəlayı Fatma xanım fikirli oturublar.

 

H a c ı  H ə s ə n. Ay qız, Fatma, Nazlının əl-ayağını hazırla, bu gün gərək köçürək şeyxin otağına.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Ay hacı, elə bu tezlikdə?

H a c ı  H ə s ə n. Bəli, elə bu tezlikdə...

K ə r b ə l a y ı   F a t m a  x a n ı m (bir az fikir eləyəndən sonra). Ay Hacı, vallah, bilmirəm nə eləyim? Lap məəttəl qalmışam: bilmirəm şeyx bu qədər arvadı nə eləyir? Elə gündə birini alır. İndi də bizim qızı istəyir.

H a c ı  H ə s ə n. Yəni gündə birini alanda bir xilafi-şər iş görmür ki? Allahın əmridi, alır.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Hacı, yaxşı deyirsən, amma qorxuram Nazlı  atılıb-düşə. Bir də, vallah, hacı, doğrudan, Nazlı  hələ lap uşaqdı.

H a c ı  H ə s ə n (hirsli). Axmaq-axmaq danışma! Uşaq olmağını ya olmamağını mən səndən yaxşı bilirəm. Zilhəccə ayının 18-də doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. Dəxi bilmirəm uşaq nəyə deyirsən? Sözü oyza-buyza atmaq lazım deyil. Bir yolluq aşkar de ki, Nazlını da verəcəyəm Mir Bağır ağaya.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Yox, vallah, Mir Bağır ağaya verməkdən ötrü demirəm! Özün bil, öz qızındır. Hər kəsə istəyirsən ver. Ancaq bilirəm ki, Nazlı  atılıb-düşəcək.

H a c ı  H ə s ə n. Cəhənnəmə-gora atılıb-düşəcək! Qız tayfası axmaq şeydi; xeyrini-şərini nə anlayır?! Kefli İskəndərin bacısı ondan artıq olmayacaq ki! Hələ o gərək Allahına şükür eləsin ki, Şeyx Nəsrullah kimi bir vücuda ərə gedir. Bir belə müqəddəs şəxslə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. Bu bir mərhəmətdi ki, Xudayi-taala bizə göndərir və bunların hamısı keçəndən sonra, sən özün gərək biləsən ki... (yavaşca) şeyxi incitmək olmaz. Axı gərək başa düşəsən nə deyirəm.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m (yavaşca). Başa düşürəm.

H a c ı  H ə s ə n. Doğrusu, Fatma, mən bu iki gündür, deyəsən, elə bir təhər olmuşam: gözlərim qaralır, hərdən bir başım da gicəlir.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Ay hacı, Allah kərimdi, heç zad olmaz.

H a c ı  H ə s ə n (fikirli). Nə bilim? (Bir az dayanıb). Di durma, Fatma, get. Nazlıya nə lazımdı de (övrət çıxır, Hacı  başını aşağı salıb fikrə gedir. Bir az keçib, qapıya tərəf baxır, guya bir şey görür və hövlnak ayağa durub soruşur). Nə istəyirsən? (cavab gəlmir. Tez-tez özünə deyir). Əstəğfürullah rəbbi və tuba ileyh, bismillahür-rəhmanür-rəhim, (sonra ucadan çağırır). Fatma, Fatma.

 

İskəndər girir içəri və təəccüblə soruşur.

 

İ s k ə n d ə r. Ata, nə istəyirsən?

H a c ı  H ə s ə n (İskəndərə). Bura gəl, bura gəl. Gəl yapışım əlindən, dizlərim titrəyir (oturur, İskəndər yapışır atasının əlindən). Bismillahür-rəhmanür-rəhim. Deginən mənə bir stəkan su gətirsinlər.

İ s k ə n d ə r. Ata, qorxma, heç zad yoxdur, ancaq bir az ağlın qaçıb.

H a c ı  H ə s ə n (yapışıb İskəndərin əlindən). Yox, İskəndər, ağlım başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq gözlərim qaralır.

İ s k ə n d ə r. Qorxma, heç bir şey deyil, ancaq adam dəli  olanda elə bir azca gözləri qaralır. Dəxi bundan başqa bir şey yoxdu. Qorxma, bircə bu var ki, sənin başına hava gəlib.

H a c ı  H ə s ə n. Yox, yox, inşallah, heç zad olmaz. Deginən bir stəkan su gətirsinlər.

İ s k ə n d ə r. Su gətirsinlər; amma dəli  olana su xeyir eləməz. (Ucadan). Əli, Əli!

 

Əli  girir içəri.

 

Bir stəkan su gətir. (Əli  çıxır).

H a c ı  H ə s ə n. İskəndər, sən məni lap qorxudursan. Axı mən özüm bilirəm ki, ağlım başımdadı. Ancaq deyəsən ki, gözümə bir şey görsəndi. Elə kəfənli adam kimi bir şey idi. Gəlibdurmuşdu qapıda. Bəlkə sənin də sənin gözünə bir elə şey sataşıb?

İ s k ə n d ə r. Yox, ata, mənim gözümə bir şey sataşmayıb. Dəli adamın gözünə elə şeylər görsənər.

 

Əli su gətirir, Hacı Həsən alıb içir və deyir:

 

Allah Yezidə lənət eləsin!

H a c ı  H ə s ə n (İskəndərə). İskəndər, vallah, deyəsən mənnən zarafat eləyirsən. Mən burada hər bir zadı ayın-şayın görürəm. Nədən deyirsən ki, mənim başıma hava gəlib?

İ s k ə n d ə r. Ondan ötrü ki, Şeyx Nəsrullah sizə tələ qurmaqdan ötrü beyninizi doldurub ki, ölüləri dirildə bilər, sən də inanıb var-yoxunu istəyirsən verəsən İsfahan lotusuna!

H a c ı  H ə s ə n (bir qədər fikir eləyib). Yaxşı, bir saatlığa, tutaq ki, mən dəli  olmuşam; bəs Mir Bağır ağa ki, alim adamdır, o niyə bəs ölülərin dirilməyinə inanır? Elədə o da dəli di?

İ s k ə n d ə r. Yox, Mir Bağır ağa dəli  deyil, ancaq eşşəkdi.

H a c ı  H ə s ə n (dikəlib hirsli, ucadan). Kəs səsini, namərbut! (Bir az baxıb). Bəs teleqrafçı Heydər ağa niyə inanır, elədə o da dəli  olub?

İ s k ə n d ə r. Yox, dəli  olmayıb. O da o səbəbə inanır ki, qulaqları çox uzundur.

H a c ı  H ə s ə n. Hə, elə də, dünyada səndən savayı hamı dəli di, hamı eşşəkdi, bircə sən ağıllısan. Elədə Hacı Bəxşəli də dəli di, Hacı Kazım da axmaqdı, H a c ı  K ə r i m də səfehdi. Hamı dəli di, bircə İskəndər ağıllıdı.

İ s k ə n d ə r. Dünyada uzunqulaq məgər azdı? Nuhun gəmisində hər heyvandan hərəsindən bircə dənə var idi, amma indi gör bircə Həmədanda nə qədər eşşək var?

H a c ı  H ə s ə n (hirsli). Axmaq, axmaq danışma!

K ə r b ə l a y ı   F a t m a  x a n ı m (girir içəri və durur bir tərəfdə). Hacı, mən sənin qızının öhdəsindən gələ bilmirəm; sən özün bəlkə onu dilə tutasan.

H a c ı  H ə s ə n (bir az fikirdən sonra). Arvad, Fatma, sən məni, Allaha şükür, tanıyırsan; bilirsən ki, hirsim tutanda gözümə heç zad görsənmir. Get dinməz-söyləməz qızının əl-ayağını qayır. Axşam gərək köçürək. (Fatma xanım çıxır. Hacı Həsən onun dalınca). Dayan, dayan! (arvad dayanır). Qızına de ki, razı olmasın gəlim onun qabırğalarını sındırım! (Fatma xanım çıxır; İskəndər bir az atasına baxandan sonra “tfu” eləyib çıxır).

H a c ı  H ə s ə n (hirsli onun dalınca ucadan). A səni əkib-doğan tünbətün düşsün! Axırda işi bu yerə yetirdin? (İskəndərin dalınca hirsli çıxıb, yenə qayıdıb gəlir yerinə).

Ə v v ə l i n c i  a z a r l ı (“ay, vay” eləyə-eləyə və öskürə-öskürə, rəngi qaçmış bir kişi Əlindəki ağaca söykənə-söykənə girir içəri). Salam əleyküm. Ax! Vay! Vay! Heç ayaq üstə durmağa taqətim yoxdu. Hacı ağa, Allah oğlanlarını saxlasın, mənə bir əlac. İndi az qalır bir il tamam olsun ki, bu zəhrimar naxoşluq yapışıb yaxamdan, əl çəkmək bilmir. Ay, ay, vay! Ay, vay! (öskürür). Bax, hərdənbir döşümün burasından ki, bir ağrı tutmur, dəxi qoymur nəfəsimi alım. Gecə səhərə kimi öskürmə qoymur yatım. Dua yazdırmaqdan yoruldum. Dəllək usta Cəfərə yol döyməkdən dəxi yorulmuşam. Aman günüdür, ay Hacı  (öskürür). Mənə əlac. Allah sizə ömür versin. Dəxi sizin qapınıza pənah gətirmişəm: ya gərək şeyx cənabları bu saat mənim canımı ala ki, bir yolluq (“uy, uy” eləyib Əlini qoyur döşünə, öskürür) dincələm, ya gərək mənə bir əlac eləyə. Şeyxin qədəmlərinə fəda olum. Heç zad istəmirəm, elə bircə mənə mərhəmət nəzərilə baxsa, yaxşı olaram; yoxsa heç bir şeyim yoxdur. Elə Allah-taalanın mənə mərhəməti bəsdi. Ax... ay... vay! Nəfəsim kəsildi.

H a c ı  H ə s ə n. Çox əcəb, baş üstə, məşədi. Ancaq indi şeyx cənabları ibadətə məşğuldur. Baş üstə, fariğ olan kimi, mən ərz elərəm ki, yazıqsan, sənə bir əlac eləsin. Baş üstə.

Ə v v ə l i n c i  a z a r l ı. Ax! (öskürür). Ax!.. Vallah-bilmirəm ki, bu nə dərddi gəlibyapışıb yaxamdan. Bir-iki ay bundan irəli, yəni deyəsən bir az yaxşı idi. Öskürməm azalmışdı, iştəham da...

İ k i n c i  a z a r l ı (başı dəsmal ilə bağlı, qaşqabaqlı girib, əvvƏlinci azarlının sözünü kəsir). Salam əleyküm. (Əvvəlinci azrlıya). Məşədi Hüseynqulu, sən də buradasan? Yaxşı eləyib gə l i bsən; biz yazıqlara nicat yolu elə bu qapıda olacaq. Allah H a c ı  əminin kölgəsini bizim başımızın üstündən əskik eləməsin öz birliyi xatirinə! (Hacı Həsənə). Hacı əmi, başağrısı məni həlak eləyibdir; nə qoyur gecə rahat olam, nə qoyur gündüz rahat olam. Gedirəm usta Cəfərin yanına, deyir: qanın çoxalır, gərək səndən qan alam. Gedirəm Mir Bağır ağanın yanına, deyir: qanın azalıb, gərək bal halvasından savayı özgə şey yeməyəsən. Hacı əmi, məni çövür balalarıvın başına, şeyx cənablarından iltimas elə, mənə bir barmaq yekəlikdə (Əlinin şəhadət barmağını göstərir) dua yazsın ki, bu başağrısı məndən rəf olsun. Hacı  əmi, nə qədər canım sağdır...

 

Qucağında uşaq bir kişi, uşaq ağlayır və ikinci azarlının sözünü kəsir. Sonra yenə azarlılar başlayırlar bir-bir  içəri girməyə. Kimi başını, kimi boynunu, kimi qolunu bağlayıb “ax, vay” ilə girib düzülürlər. Və bərk azarlılar girən kimi çöküb otururlar yerə. Bunların bir neçəsi başlayırlar, Hacı Həsəndən bu tövr təvəqqe eləməyə.

 

A z a r l ı l a r. Hacı  əmi! Qapına dəxil düşmüşük, şeyx cənablarından bizə bir çarə. Aman günüdü, bizə yazığınız gəlsin gəlsin.

H a c ı  H ə s ə n (gəlibdurur azarlıların qabağında). Baş üstə, mən əlimdən gələni sizdən əsirgəmənəm; ancaq indi görürsünüz, şeyxəna hələ heç kəsə içəri girməyə izin vermir. Siz zəhmət (çəkin) həyətdə oturun ağacın kölgəsində, gözlüyün. Baş üstə, elə ki, şeyx cənabları izin verdi, mən sizə xəbər verərəm, hamınız dərd-dilinizi ərz edərsiniz və inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız.

A z a r l ı l a r (Hacı Həsənə dua edə-edə, yavaş-yavaş çıxırlar). Allah Hacı əmiyə ömür versin! Allah H a c ı  ağanın atasına rəhmət eləsin! Allah onu bizə çox görməsin öz birliyi xatirinə!

H a c ı  H ə s ə n (qapıda nökəri Əlini görüb deyir). Əli, şeyx cənablarına çay-çörək aparıbsan?

Ə l i. Xeyr, Hacı ağa, hələ şeyx yuxudan durmuyub; qapısı indiyə kimi bağlıdır.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m (girir içəri, Əli  çıxır). Hacı, Nazlını bir fəndlə dilə tutdum, razı elədim. Amma, Vallah, bir sözüm var, deməyə də qorxuram.

H a c ı  H ə s ə n. De, sözün nədi, de.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Hacı, sən bilirsən yazıq Saranı ərə verəndə mən nə qədər niskil elədim ki, yazıq qıza toy çaldırmadıq. Sən dedin günahdı – mən də bir söz demədim. Allaha qurban olum, biz elə həmişə günahdan qoxmuşuq, ancaq...

H a c ı  H ə s ə n (arvadının sözünü kəsib). Hə, sözünü de görüm. İndi elə o qalıb ki, şeyxin hüzurunda evimizə bir toyçu da gətirək.

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Vallah, mənim işim yoxdu, mən heç zad demirəm. Odu, öz qardaşın qızları, Fizzə xanım, Gülçöhrə xanım, Ümmigülsüm xanım – hamısı tökülüb gəlib, yapışıblar yaxamdan ki, gərək oxuyub-çalan gələ.

H a c ı  H ə s ə n. Sənə deyirəm axmaq-axmaq danışma. Hələ şeyx qalsın kənarda, kim görübdür ki, H a c ı  evində toy çalına?

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Sən elə barı insafnan danış: məgər Hacı  Ələsgərin qızını ərə verəndə toy çaldırmadılar? Bə Hacı Mirtağıya nə deyirsən? Hazır toya çağırmışdılar. Toy səsindən məhəllə köçürdü. Elə bircə sənin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Bəxşəli  oğlunu evləndirdi; indi bir soruş gör oxuyub-çalan gətirmişdilər ya yox? Elə dünyada bədbəxt bircə bizik? Nə zəhmətnən uşaq böyüdürük, amma evdən köçürdəndə elə köçürdürük ki, deyəsən oğurluq maldı; nə qonum bilir, nə qonşu bilir. Mən demirəm adam çağır, demirəm qonaqlıq elə, demirəm batman qazanlarını as; ancaq deyirəm ki, yasa yas deyiblər, toya da toy. O yazıq qohum-qardaşlarımız da tökülüb gəliblər. Nə olu ki, heç olmasa, bircə saat çəpik çalalar, yazıq Nazlının da ürəyi açıla. Vallah, səhərdən indiyədək ağlayır. Yad ki, deyil, sənin öz qızındı; gərək sənin də qızına yazığın gəlsin.

H a c ı  H ə s ə n (bir az fikirdən sonra yavaş səslə). Yox, qızıma degilən ki, ağlamasın. Mən razı olmanam ki, o ağlasın. Dur gedək, mən də onu dilə tutum. (Dur ayağa). Yox, yox, Nazlı  qızım ağlamasın, dur gedək (çıxırlar).

 

Nökər Əli  girir içəri və onun dalınca iki qoca övrət. sonra yenə ikisi-üçü və bu cür on beş-iyirmiyədək çarşovlu övrət, çoxu qoca,  pıçıldaşa-pıçıldaşa gəlibçökürlər bir tərəfdə. Əli çıxır. Cəlal ağzında konfet, gəlibdurur qapıda, övrətlərə baxır. Övrətlərin heç biri dinmir və heç biri üzünü açmır. Cəlal bir az baxandan sonra soruşur:

 

C ə l a l. Siz də toya gəlmisiniz?

 

Arvadlar dinməyib baxırlar Cəlala.

 

(Cəlal bir az baxıb deyir). Həyə toya gəlibsinizsə, toy otağı bura deyil.

 

Arvadlar dinmirlər, ancaq başlarını bulayırlar. Sonra bir övrət alçaq səslə Cəlala deyir: “Gəlmişik şeyxə siğə olaq”.

 

C ə l a l (soruşur). Siğə olaq nədir?

 

Övrətlər yavaşca gülüşürlər. Bir övrət cavab verir: “Gəlmişik şeyxə ərə gedək”. Cəlal başlayır gülməyə və deyir.

 

C ə l a l. Buy, bu qədər də arvad bir kişiyə ərə gedər? (Gülüb qaçır eşiyə);

 

Övrətlərin bir neçəsi də gülür. Mir Bağır ağa qapıdan içəri girib, övrətləri görüb, diksinən kimi qayıdır. Sonra Fatma xanım başında çarşov; dalınca Mir Bağır ağa, girirlər içəri.

 

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Ağa, buyur gəl, get əyləş o tərəfdə.

 

Mir Bağır ağa dalını övrətlərə çöndərib, gəlibəyləşir qabaqda, dalı övrətlərə tərəf. Kərbəlayı   Fatma xanım gedib övrətlərə pıçıldaşandan sonra Mir Bağır ağaya.

 

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Ağa, bu bacılar səndən təvəqqe eləyirlər, zəhmət çəkib şeyxə deyəsən ki, Allah rizası üçün adını qoysun bu biçarələrin üstünə ki, yazıqlar Allahın savabından binəsib olmasınlar.

M i r  B a ğ ı r  a ğ a (başıaşağı). Baş üstə, baş üstə. Deyərəm, əlbəttə, deyərəm. Çox gözəl işdir. Allah-taala həmişə belə bəndələrini dost tutar. Allah əcri-xeyir versin. Maşallah, maşallah, bacılar!

 

Çıtmıq səsi gəlir və sazəndə çalıb oxumağı eşidilir.

 

M i r  B a ğ ı r  a ğ a (təəccüblü başını qalxızıb, Fatma xanıma). Əmidostu, bu nə xəbərdi?

K ə r b ə l a y ı   F a t m a  x a n ı m  (arvadlara). Bir də, Vallah-billah, hər kəs hər nə desə, yalandı. Hər kəsin alnına nə yazılıbsa, elə də olacaq. Yoxsa kimin ağlına gələrdi bizim N a z l ı  şeyx kimi adama qismət olacaq.

M i r  B a ğ ı r  a ğ a (çox təəccüblü). Necə Nazlı, sizin Nazlı?

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Nə bilim, ay ağa, bu gün Hacı Nazlını verir qonağımıza.

M i r  B a ğ ı r  a ğ a (təəccüblü). Şeyx Nəsrullaha?

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Bəli, cənab şeyxə.

M i r  B a ğ ı r  a ğ a (bir az fikir eləyib). Elə bu gün?

K ə r b ə l a y ı   F a t m a  x a n ı m. Yəni, Vallah, ağa, mən hacının öhdəsindən gələ bilmirəm; deyirəm axı bu tələsikdə iş olmaz. Nə bilim, Vallah, özüm də məəttəl qalmışam.

 

Mir Bağır ağa başını salıb aşağı, cibindən qırmızı güllü dəsmalını çıxarıb, basır üzünə və başını aşağı əyib, başlayır ağlamağa.

 

H a c ı  H ə s ə n (qapıda görsənir). Fatma, bacıları apar o biri otağa; bura adam gələcək.

 

Kərbəlayı Fatma xanım və övrətlər durub gedirlər. Hacı Həsən və İskəndər girirlər içəri. Hacı Həsən oturur və İskəndər durur ayaq üstə.

 

H a c ı  H ə s ə n (oğluna). İskəndər, qulaq as, gör nə deyirəm. Mir Bağır ağa da özgəsi deyil. Sən bilirsən ki, bacın Nazlı səni nə qədər istəyir. Bugünkü gündə razı olma ki, mənim evimdə göz yaşı tökülsün. Şeyx cənablarına getməyə mən onu razı eləmişəm; amma bayaqdan ağlamaqdan sakit olmur, deyir ki, nə bilim, gərək İskəndər razı olsun. Bunu da sənə xəbər verirəm ki, razı oldun, olmadın, mənə heç təfavütü yoxdu. Məni sən o qədər incitmisən ki, mən səni daha adam yerinə qoymuram. İndi özün bil: əgər istəyirsən ki, uşağın qəlbi sıxılmasın, onu çağır bura və xoş dilnən onu danışdır. Qərəz özün bil.

 

Mir Bağır  ağa ağlaya-ağlaya Hacı Həsənlə çıxıb gedirlər. Sazəndənin çalıb-oxumaq səsi gəlir. İskəndər fikir eləyir. Nazlı  qapıda görsənib, durub və dinmir.

 

N a z l ı. Dadaş, qoy gəlim üzündən öpüm. (İstəyir gəlsin irəli. İskəndər tez çəkilib, durur kənarda və dinməyib, baxır Nazlının üzünə). Dadaş, sən Allah, məndən incimə!

İ s k ə n d ə r. Həyə istəyirsən mən səndən inciməyim, dur orada və yerindən tərpənmə. (Bir qədər Nazlıya baxandan sonra Əlini salıb, cibindən araq şüşəsini çıxardıb, istəyirbaşına çəkib içə. Nazlı  onun yanına yeriyib, istəyir qoymaya. İskəndər çox ucadan və hirsli “çəkil!” – deyib Nazlını elə bərk itələyir ki, qız dalı üstə yıxılır yerə. İskəndər başlayır arağı içməyə və Nazlı  ağlaya-ağlaya durur ayağa və qapıya tərəf gedir. İskəndər: “puf” eləyib üzünü turşudur və Nazlıya deyir). Dayan, dayan! Getmə! Sənə söz deyəcəyəm. (İkinci dəfə şüşəni başına çəkib içir və şüşəni qoyur cibinə. Sazəndənin çalıb oxumaq səsi gəlir. İskəndər haman səsi eşidib, başlayır yavaş-yavaş alçaqdan oxumağa. Sazəndə oynamaq havası çalır və İskəndər düşür oynamağa; sonra dayanıb Nazlıya): Nazlı, mən ölüm bura gəl; gəl bura, gəl barışaq. İndi hər nə sözün var de. İndi mən sənə nökərəm, mən sənə qulam. Gəl, gəl barışaq. (Gedib Nazlını qucaqlayır).



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info