Qonaq Kitabı
ÖLÜLƏR

C a m a a t içindən bir qoca kişi (ağlaya-ağlaya). Ay şeyx, belə qurban olsun sənə mənim canım. Mən pəhlivan oğlumu səndən istəyirəm ki, indi bir ay olar ölüb; mənim ciyərimi yandırıb. Qurban olum sənə, ay şeyx, mən yazığam.

 

Bir neçə adam istəyir belə təvəqqe eləsin.

 

Ş e y x  Ə h m ə d (ucadan). Səbr eləyin, hələ o söhbətlərin vaxtı deyil.

 

Camaat başlayır yenə ağlamağa, biri deyir: “atamı dirilt”, biri deyir: “anamı dirilt”, biri: “bacımı”, biri: “qardaşımı”.

 

Ş e y x   N ə s r u l l a h (çox ucadan). Sükut!

 

Hamı gözlərinin yaşını silə-silə səsini kəsir.

 

Şeyx Əhməd, götür kağız-qələmi, hər kəs öz qohum-əqrabasından ölənlərinin hamısının dirilməyini xahiş edir, yaz, ver mənə.

 

Adamlar hərəkətə gəlir, istəyirlər yavuqlaşsınlar Şeyx Əhmədin yanına, bir-birini basır. Bəzi ağlayır. Hər kəs istəyir qabağa keçə və axırda basa-bas düşür və qiylü-qal başlanır.

 

Ş e y x   N ə s r u l l a h (çox ucadan çığırır). Ədəb!

 

Hamı yavaş-yavaş çəkilib durur öz yerində.

 

Ş e y x  Ə h m ə d (kağızı və qələmi alır əlinə). Bismillahir-rəhmanir-rəhim. Hər kəs ölənlərinin ricətini, yəni dirilib bu dünyaya gəlməyini xahiş edir, bir-bir növbə ilə və qayda ilə və ədəb ilə desin, mən yazım bu kağıza və yetirim şeyx həzrətlərinin xidmətinə.

 

Yenə adamlar hərəkətə gəlib, istəyirlər basabas salsınlar.

 

Ş e y x   N ə s r u l l a h (çox ucadan). Əssəbr! Ya məşərəl-islam![xxiii]

 

Camaat qorxub, sakit olur.

 

Ş e y x   N ə s r u l l a h (Hacı Həsənə). Hacı Həsən ağa, ölənlərinin adlarını bir-bir söylə, Şeyx Əhməd yazsın.

H a c ı  H ə s ə n (ədəblə əllərini bir-birinin üstünə qoyub, qabağa gəlir və baş əyir). Atam Hacı Mehdi. Allah sizin də ölənlərinizə rəhmət eləsin.

C a m a a t (bir səslə). Allah rəhmət eləsin!

Ş e y x  Ə h m ə d (yazır). Atan Hacı Mehdi.

H a c ı  H ə s ə n. Anam Səkinə.

Ş e y x  Ə h m ə d (yazır). Anan Sükeynə.

H a c ı  H ə s ə n. Bir oğlum Cəfər (ağlayır).

Ş e y x  Ə h m ə d (yazır). Bir oğlun Cəfər.

H a c ı  H ə s ə n. Bir oğlum Heydər.

Ş e y x  Ə h m ə d (yazır). Bir oğlun Heydər.

H a c ı  H ə s ə n. Qızım Sara.

M i r  B a ğ ı r  a ğ a (birdən adamların içindən çığırır). Onu yazma! Onu yazma!

 

Hacı Həsən və adamlar təəccüblə baxırlar Mir Bağıra tərəf.

 

Ş e y x   N ə s r u l l a h (ucadan). O kimdir deyən yazma? Ona nə dəxli var?

M i r  B a ğ ı r  a ğ a (yeriyib qabağa). Şeyxəna, o qız, ayıb olmasın, mənim övrətimdir!

Ş e y x   N ə s r u l l a h. Xub, məgər əyalının dirilməyinə razı deyilsən?

M i r  B a ğ ı r  a ğ a (bir az duruxub). Cənab şeyx, sözüm orada deyil. Mənə bu acıq gəlir ki, həyə Hacı Həsən düz adamdır, niyə bəs qardaşı Hacı Rzanı yazdırmır?

 

Camaat diqqətlə baxır Hacı Həsənin üzünə.

 

H a c ı  H ə s ə n (Mir Bağıra hirsli). O sənə borc deyil! Öz qardaşımdır; istərəm yazdıraram, istəmənəm yazdırmanam. Sənə nə dəxli var?

M i r  B a ğ ı r  a ğ a (Hacı Həsənə hirsli). Çox əcəb, indi ki, (o) yekəlikdə kişini yazdırmırsan, bir balaca qızı bəs niyə yazdırırsan?

Ş e y x   N ə s r u l l a h (ucadan). Çox mübahisə lazım deyil! (Hacı Həsənə). Hacı Həsən ağa, nə səbəbə ölən qardaşın Hacı Rzanı yazdırmırsan?

H a c ı  H ə s ə n (başını aşağı salıb, fikir eləyir). Şeyxəna! Qardaşım Hacı Rza beş ildən artıqdır ölüb; indi çürüyüb gedib; dəxi o necə dirilib gəlibadam olacaq?

Ş e y x   N ə s r u l l a h (çox ucadan). Necə çürüyüb? Kimdir onu çürüdən? Ənzər-üllah-ül-izam keyfə nənşərəha. Yəni nigah kon bəsuyi istixanəha ki, günə xudavəndi-aləm onhara əz zəmin bülənd mikünəd və bəcayi-xud rədd mikunəd ki, cəsədi-işan başəd və mürəkkəb mikünəd bəzira bəbəzi bəd əz on güşt miruyanəd və mipuşanəd[xxiv]. Necə çürüyüb? Kimdir onu çürüdən?

Ş e y x  Ə h m ə d (Hacı Həsənə). Hacı Həsən ağa, sözü müxtəsər eləmək lazımdır. Şeyx həzrətlərinin övqatı çox bahadır. Qardaşın Hacı Rzanı da yazımmı kağıza ya yox? İxtiyar sizindir. Əgər dirilməyinə razı deyilsiz, o özgə mətləbdir.

H a c ı  H ə s ə n (Şeyx Nəsrullaha). Şeyxəna, mümkündürmü ki, mənə izin verəsiniz, gedim bir qədər fikirləşim?

Ş e y x   N ə s r u l l a h. Xub, get fikirləş.

 

Hacı Həsən başını salıb çıxır.

 

Ş e y x   N ə s r u l l a h (Hacı Bəxşəliyə). Hacı ağa, növbət sizindir. Ölənlərinizin adlarını bir-bir de, Şeyx Əhməd yazsın.

H a c ı  B ə x ş ə l i  (Əlini əlinin üstünə qoyub, yeriyir qabağa və başlayır ağlamağa). Atam-anam sənə fəda olsun. Əvvəl-axır, ayıb olmasın, bir qızım qalıb, oğul üzünə həsrət qalmışam. Bütün ömrümdə Allah-taala mənə iki oğul mərhəmət eləyib: amma ikisini də mən biçarənin Əlindən alıb. Birinin adı Cəlil, birinin adı Xəlil idi. Cəlil on yaşında idi, Xəlil səkkiz yaşında. İkisi də nişanlı idi. Elə Cəlilin toyunun tədarükündə idim ki, birdən ayınşayın gəzdiyi yerdə, bax, boynunun burasından (Əli  ilə öz boynunun dalını göstərir) bir yara çıxdı. Nə qədər Usta Cəfərə dava-dərman elətdirdim, başa gəlmədi (ağlayır). Ax, binəva Cəlil! Nə qədər nəzr elədim, neçə dəfə Qaradaş ocağına apardım, çıfayda. Deməyinən yazığın əcəli  tamam imiş.

Ş e y x   N ə s r u l l a h. Hacı Bəxşəliyə, mənim burada çox oturmağa vaxtım yoxdur.

Ş e y x  Ə h m ə d. Hacı Bəxşəli , sözü müxtəsər elə, kimi istəyirsən, de yazım.

H a c ı  B ə x ş ə l i  (Şeyx  Nəsrullaha). Cənab Şeyx, dəxi mənim sözüm yoxdur. Mən Cəlilimi və Xəlilimi səndən istəyirəm.

Ş e y x  Ə h m ə d (yazır). Demək ki, bir oğlun Cəlil və bir oğlun Xəlil. Bunları yazdım. Dəxi bunlardan savayı?

H a c ı  B ə x ş ə l i . Şeyx Əhməd ağa, dəxi bunlar kifayətdir.

Ş e y x  Ə h m ə d (təəccüblü). Xub, məgər atandan, anandan və qeyri əqrəbanızdan vəfat edən yoxdur?

H a c ı  B ə x ş ə l i. Bəli, atam da, anam da vəfat edib; amma biçarələr çox qocalmışdılar. O qədər qocalmışdılar, o qədər qocalmışdılar ki, özləri də təngə gəlmişdilər.

Ş e y x  Ə h m ə d. Demək, Cəlildən və Xəlildən savayı özgə bir kəsiniz yoxdur ki, yazım?

H a c ı  B ə x ş ə l i  (üzünü qəbiristana tərəf tutub). Ax, yazıq balalarım. Biçarə tifillərin qəbri elə buradan görsənir. İkisini də bir-birinin yanında dəfn eləmişəm. Çünki o yazıq Xəlil, doğrusu, çox nadinc idi, amma bir-birini çox istəyirdilər. Odur ki...

Ş e y x   N ə s r u l l a h (Hacı Bəxşəlinin sözünü kəsib hirslə). Hacı Bəxşəli, əgər dəxi öləniniz yoxdur, çəkil kənara!

H a c ı  B ə x ş ə l i . Xeyr, şeyxəna, dəxi yoxdur.

C a m a a t içindən birisi (ucadan). Necə yoxdur? Pəs övrətin Hürnisəni niyə yazdırmırsan?

 

Camaat təəccüblə baxır səs gələn tərəfə.

 

Ş e y x   N ə s r u l l a h. Kimdi o danışan? Gəlsin qabağa.

K ə r b ə l a y ı  V ə l i  (qabağa yeriyir). Şeyx, mənəm danışan. Bu hacıdan (Hacı Bəxşəlini göstərir) bir soruş görək, üç il bundan qabaq ölən arvadını niyə yazdırmır? Adı da Hürnisədi; özü də mənim doğma bacımdı.

H a c ı  B ə x ş ə l i  (Kərbəlayı Vəliyə). İtil cəhənnəmə, axmağın biri! Öz əyalımdı; kefim istər yazdıraram, istəməz yazdırmaram; sənə nə borcdu?

Ş e y x   N ə s r u l l a h (ucadan). Sükut! Mübahisə lazım deyil! Hacı Bəxşəli, qəti cavab lazımdır. Mənim vaxtım azdır; istəyirsiniz ki, övrətiniz dirilsin, yazdırın; istəmirsiniz, çəkilin kənara.

H a c ı  B ə x ş ə l i  (bir az fikir eləyib). Şeyxəna, təvəqqe edirəm bir az izin verəsiz, gedəm fikirləşəm.

Ş e y x   N ə s r u l l a h. Çox əcəb, get fikirləş. Şeyx Əhməd, gör dəxi kimdir, yaz qutar.

 

Hacı Bəxşəli  çıxır, adamlar başlayır yavaş-yavaş azalmağa.

 

K ə r b ə l a y ı  V ə l i  (qabağa gəlib). Cənab şeyx, belə o qədəmlərinə qurban olum. Mənim bacım Hürnisəni siyahıya yazdır, qoy yazıq arvad dirilsin və öz dili ilə cənabınıza ərz eləsin, görün bu Hacı Bəxşəli  onun başına nə toy tutub. Onda cənabınız görərsiniz ki, nə səbəbə Hacı  Bəxşəli  övrətinin dirilməyinə razı deyil.

H a c ı  B ə x ş ə l i  (adamların içindən dübarə qabağa gəlib, hirsli və ucadan). Ədə, hələ utanmırsan da danışırsan? Çox əcəb, Hürnisəni yazdır. Amma bu şərtlə ki, sən də ölənlərinin hamısını yazdır.

K ə r b ə l a y ı  V ə l i  (hirsli). Çox əcəb, yazdırram.

Ş e y x  Ə h m ə d. Uzun danışıq lazım deyil. Kərbəlayı Vəli, əgər deyəcəksən, ölənlərüvün adını de, çəkil kənara.

K ə r b ə l a y ı  V ə l i. Atam Məşədi Mustafa.

Ş e y x  Ə h m ə d (yazır). Atan Məşədi Mustafa.

H a c ı  B ə x ş ə l i. Çox əcəb.

K ə r b ə l a y ı  V ə l i. Bir oğlum Zeynal (istəyir ağlasın).

Ş e y x  Ə h m ə d (yazır). Bir oğlun Zeynal.

H a c ı  B ə x ş ə l i. Çox əcəb.

K ə r b ə l a y ı  V ə l i. Qızım Püstə.

Ş e y x  Ə h m ə d. Qızın Püstə.

H a c ı  B ə x ş ə l i . Çox əcəb.

K ə r b ə l a y ı  V ə l i   (bir az fikirləşib). Vəssalam.

H a c ı  B ə x ş ə l i  (hirsli qabağa yeriyib, Kərbəlayı Vəliyə). Necə vəssəlam? Bəs ananı niyə yazdırmırsan? Bəs anan ölmüyüb? Keçən il ağbirçək arvadı döyə-döyə öldürdün! Hə, niyə dinmirsən? Yoxsa qorxursan dirilə, gedə hökumətə şikayət edə, səni tutub qatalar dustaqxanaya? Hə... niyə yazdırmırsan? Niyə gözlərini bərəldirsən?

Ş e y x   N ə s r u l l a h (ucadan). Qeylüqal lazım deyil. Kərbəlayı Vəli, istəyirsən, ananı da Şeyx Əhməd yazsın; istəmirsən, çəkil kənara.

K ə r b ə l a y ı  V ə l i   (başını salıb aşağı). Cənab şeyx, qoy gedim fikirləşim.

Ş e y x   N ə s r u l l a h. Xub, sən də get, fikirləş.

 

Kərbəlayı Vəli və Hacı Bəxşəli bir-birinə acıqlı baxa-baxa çıxırlar. Cammat başlayır ağlamağa. Uzaqdan kefli İskəndərin səsi gəlir: “Xub, sən də get, fikirləş! Xub, sən də get, fikirləş!..” Bu sözləri deyə-deyə və cibindən çörək parçalarını çıxarıb yeyə-yeyə İskəndər qalan tək-tük adamların qolundan yapışıb, gülə-gülə baxır üzlərinə. Onlar da bir söz deməyib, başları aşağı, çıxıb gedirlər, Şeyx Nəsrullah daşın üstündən yenir aşağı və Şeyx Əhməd qələmdan-kağızı yığışdırır. Sonra İskəndər yenə öz-özünə bir-iki dəfə: “Xub, sən də get, fikirləş!” – deyib, şeyxi görən kimi durur və qah-qah çəkib, uğunub elə gülür ki, az qalır yıxılsın. Sonra sakit olub, bir qədər şeyxin üzünə baxandan sonra deyir:

 

İ s k ə n d ə r. Hamı getdi fikirləşsin. Bu meydanda qaldı bircə nəfər kefli İskəndər. Bu meydan pəhlivan meydanıdır. Hünər istər ki, İskəndər kimi bir igid gəlibşəstinən dursun bu meydanda və desin: (ucadan). Cənab şeyx, hər nə qədər ki, bu qəbiristanlıqda (əli  ilə göstərir) ölü basdırılıb, hamısını dirilt. Xa... xa... xa!.. (Çönüb baxır cammat dağılan tərəfə). Xa... xa... xa!.. hamı getdi fikirləşsin: (Şeyx  Nəsrullaha tərəf çönüb, gəlir onun qabağına və istəyir əl versin). Cənab şeyx, mən ölüm əl ver! Lotusan həyə, əl ver!

Ş e y x   N ə s r u l l a h (ucadan). Kənar ol! Mən sənə əl vermənəm. Sən şərab istemal eləyirsən.

İ s k ə n d ə r. Cənab şeyx, siz gərək şükr eləyəsiniz ki, mən şərab içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar; ağlım başımda olanda birdən gözümü açıb, görərəm ki, aha, bizim şəhərimizə bir müctəhid gəlib, adını qoyub ölü dirildən və mömin hacılarımızın başını ricət məsələsilə piyləyə-piyləyə hər gecə bir balaca qız alır. Xa... xa... xa!.. Mən ölüm əl ver! Lotusan, əl ver! Xa... xa... xa!..

Ş e y x   N ə s r u l l a h (çox hirsli). Cəhənnəm ol! Vallahı elə bəd dua elərəm ki, yer ilə yeksan olarsan! Mən Allahın əmri ilə hər gecə intəhasız səvaba nail oluram; dəxi sənin tək meyxanalarda övqatımı zaye eləmirəm (Şeyx Əhmədə). Şeyx Əhməd, gəl gedək, hələ bu babi çox söz danışacaq.

 

Şeyxlər uzaqlaşır. İskəndər dinməyib, baxır onların dalınca və şeyxlər gözdən itəndən sonra iki yumruğunu yuxarı qalxızıb, ucadan deyir.

 

İ s k ə n d ə r. Bu qollarda Rüstəm pəhlivan kimi qüvvətim olaydı, yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə, başaşağı gəlib, kal qarpız kimi paqq eləyib dağılaydınız... (və özüdə paqq eləyib atılır göyə). Tfu, şarlatanlar!.. (kefli kimi ufuldayır. Sonra diqqətlə öz-özünə baxıb, gülə-gülə). Buy! Ədə, vallah, dinmə, deyəsən elə lap pəhlivanam! Xa... xa... xa!.. (papirosu yandırıb, yavaş-yavaş gəlibdurur Şeyx Nəsrullah oturduğu daşın üstündə, ayaq üstə durur, baxır qəbiristanlığa. Bir qədər fikirli baxandan sonra heyifsilənib, əllərini dizlərinə vurub deyir:). Ax, Allahın altında Şeyx Nəsrullah kimi mənim də bir elə elmim olaydı ki, burada yatan ölülərnən danışa biləydim! Ax! Əgər olsa idi, üzümü tutardım bu qəbiristanlığa və çığırardım: (çox ucadan). Ölülər! (bir az alçaqdan). O vədə hamı yatmışlar başlarını qəbirdən çıxardıb, soruşacaq idilər ki, “nə deyirsən, a İskəndər bəy?” Onda mən bu rəhmətliklərə bir belə vəsiyyət elərdim; mən bunlara deyərdim: (üzünü qəbiristanlığa tutub çığırır). Ölülər! (yenə bir alçaqdan). Bir gün Şeyx Nəsrullah gəlibduracaq sizin başınızın üstündə və bir dua oxuyub, uca səslə çığıracaq: (ucadan). “Durun ayağa, ey Allahın mömin bəndələri!” (Bir az dayanıb, bir az alçaqdan). Ölülər! Mən sizə vəsiyyət eləyirəm ki, şeyxin sözünə əməl eləməyəsiz. Gəlin bu kefli İskəndərin sözünü bir yaxşıca düşünün və nəsihətini qəbul edin. Və əgər məndən soruşsanız ki, niyə? – Mən sizə cavab verməyə hazıram. (Bir az dayanıb, cibindən bir tikə çörək çıxardıb yeyir). Ay rəhmətliklər! İndi siz burada rahatca yatıbsınız; heç dünyadan xəbəriniz yoxdur. Amma, vallah, billah, and olsun sizin əziz canınıza elə ki, başınıxı qəbirdən çıxardıb durdunuz ayağa, lap peşiman olacaqsınız. Əgər məndən soruşsanız ki, niyə? – Mən sizə bu saat ərz elərəm. Belə tutaq ki, siz, məsələn, dirildiniz. Çox əcəb. Axı diriləndən sonra bu qəbiristanda ki, qalmayacaqsınız; istəyəcəksiniz ki, söz yox, dağılasınız evlərinizə. Çox əcəb, dağıldınız. İndi bir deyin görüm, sizi hələ evə qoyacaqlarmı? Vallah-billah, Şeyx Nəsrullahın başına and olsun, gedib görəcəksiniz ki, evlərinizin qapıları bağlıdır. Bəli, nə eybi var, yerdən bir daş götürüb, qapını döyəcəksiniz ki, gəlibaçsınlar. Onda qapının dalına bir adam gəlibsoruşacaq: (nazik səslə). Ey qapını döyən, sən kimsən? Bəli, siz cavab verəcəksiniz ki, tez ol, aç qapını, mənəm. (Nazik səslə). Axı sən kimsən? Adın nədi? – Aç qapını! Mən bu evin sahibiyəm. (Nazik səslə). – Cəhənnəm ol, qoy get! Biz səni tanımırıq. – A kişi, necə tanımırsınız? Mən Kərbəlayı Hüseynquluyam, bu ev mənimdi. Mənim burada arvadım var, uşağım var. (Nazik səslə). Çox danışma! İtil cəhənnəmə! Sənin burada heç bir zadın yoxdur! Qardaşın Hacı Fərəc arvadını da alıb, evinə də sahiblənib, uşaqlarını da göndərib naxıra. – A kişi, Allah xatirəsi üçün, aç qapını, mənim burada ərim var (yoğun səslə). Çox danışma! Çıx qoy get! Bizə arvad-zad lazım deyil! Dünya doludu 9 yaşında qıznan. Sənin kimi kaftarın yeri qəbirdi. İtil cəhənnəmə! Haradan gəlmisən, çıx qoy get ora!.. Bizə lazım deyilsən. Xa... xa... xa!.. Xa... xa... xa... (birdən sakit olub baxır qəbiristanlığa və ucadan çığırır). Ölülər! (bir az yavaş). Gəlin bu kefli İskəndərin sözünü eşidin və necə ki, yatıbsınız, yatın! Allah sizə rəhmət eləsin...

 

P ə r d ə

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info