Qonaq Kitabı
ÖLÜLƏR

İ s k ə n d ər. Vallah, yalan demirəm. Nə qədər ki, sən burada durubsan, bir tikə də içmərəm, amma doğrudan doğrusu elə (ki) buradan gedibsən, içəcəyəm.

N a z l ı  (gəlib yapışır İskəndərin əlindən). Mən də sənin yanından getmənəm.

İ s k ə n d ə r (Nazlını qucaqlayır). Ey mənim gözəl bacım Nazlı. Səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həyətdə gün çıxıb; sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər? Sənin burnu fırtıqlı balaca qardaşların (Cəlal və Nazlı gülür) gedirlər arxların kənarında yonca yığıb yeyirlər, amma sən evdə oturub, saqqız çeynəyirsən. Evdə bitli bacılarınnan əl-ələ verib, atılıb düşürsən və deyirsən: haquşka ha haquşka! Bir yarım var haquşka, uzun ətək haquşka! Xa... xa... xa!.. (Cəlal və Nazlı gülürlər). Mənim istəkli Nazlı  bacım! Gəl yapışım əlindən, baş alıb bu vilayətdən çıxıb, qoyub gedək. Dəm qənimətəst Dəxi niyə durubsan?

 

Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?

  Bəsdir bu dayanmaq!

Allaha şükür, lalə yanağında eyib yox,

Qaşında, dəhanında, dodağında eyib yox,

Bir zərrəcə zülfündə, buxağında eyib yox,

Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?

               Bəsdir bu dayanmaq![ii]

 

 

Hacı  Həsən çox havalı və ləhləyə-ləhləyə girir içəri. Nazlı və Cəlal gedirlər.

 

İ s k ə n d ə r. Ata, nə xəbər?

H a c ı  H ə s ə n (bir az fikir eləyəndən sonra başını qalxızıb). Deyirlər Kərbəlayı Fətullah dirilib.

İ s k ə n d ə r (təəccüblə başını atasına tərəf əyib). Necə?

H a c ı  H ə s ə n. Deyirlər Kərbəlayı Fətullah dirilib.

İ s k ə n d ə r (təəccüblə). Necə Kərbəlayı Fətullah?

H a c ı  H ə s ə n. Hacı Rüstəm əmivin oğlu Kərbəlayı Fətullah.

İ s k ə n d ə r. O ki, Xorasanda ölmüşdü?

H a c ı  H ə s ə n. Hə, hə... haman Kərbəlayı Fətullah.

İ s k ə n d ə r. Yəni lap dirilib, qəbirdən çıxıb eşiyə?

H a c ı  H ə s ə n (hövsələsiz). Hə, hə, dirilib.  

 

 

İskəndər düzəlib, üzünü çöndərir kənara və istəyir gülməyin saxlasın, amma tab gətirə bilməyib, birdən qah-qah çəkib gülür və qaçır eşiyə.

 

 

H a c ı  H ə s ə n (təəccüblə onun dalınca baxa-baxa). Allah sənə lənət eləsin! Budu, bu da bizim oxumuşlarımız! Yəqin ki, genə keflidir. Yəni heç kefli də olmasa, belə şeylərə inanmaz. Heç bir şeyə inanan deyil; nə allahı tanıyır, nə peyğəmbəri tanıyır. Öz ağırlığı qədərincə oxumağına pul qoymuşam, on il gedib, nə bilim, hansı cəhənnəmin dərəsində dərs oxuyub; indi gör axırı nə günə qalıb? Hələ bir para namərdlər müsəlmanlara məzəmmət eləyirlər ki, uşaqlarını dərsə qoymurlar. Bu da sənə dərs! İndi qoy gəlib, dərs oxuyanları görsünlər. Allah mənə min dəfə lənət eləsin, əgər bir də mən uşaq göndərəm gedə uzaq yerdə kafirlər içində dərs oxumağa! Yəni (mən) başı küllü bilirdim ki, axırı belə olacaq. Amma qoymurlar; vallah, billah bu adamlar qoymurlar ki, xalq başını salsın aşağa, öz bildiyini eləsin. Yapışırlar yaxamdan ki, hacı, uşağına yazığın gəlsin, allaha şükür, məqdurun[iii] var, qoy getsin dərs oxusun, gəlib bir qulluq sahibi olsun; incinar olsun, həkim olsun, silitçi[iv] olsun, nə bilim nə zəhrimar olsun. Bəli , göndərdik. Maşallah, oxudu gəldi; indi gör nə olub; səhər kefli, axşam kefli. Divanxanalarda heç mirzəliyə də götürmürlər. Allah baisin evini yıxsın.

H a c ı  B ə x ş ə l i  (tövşüyə-tövşüyə girir içəri). Hacı, Kərbəlayı Fətullah dirilib?

H a c ı  H ə s ə n (durub ayağa). Bəli, Bəli, dirilib; hətta öz əliynən kağız da yazıb. Məəttəl qalmışam.

H a c ı  B ə x ş ə l i . Allahın qüdrətindən heç bir şey uzaq deyil və bir də, ay hacı, ölü öz başına dirilməz ki? Əlbəttə, onu bir dirildən var.

H a c ı  H ə s ə n. Yəni, ay hacı, bu bir qəribə iş deyil ki! Odu, keçən il Kabla Xəlilin arvadı, xəbər çıxdı ki, ölüb. Amma səhər dedilər ki, dirilib. İndi odura gəzir.

İ s k ə n d ə r (qapıdan başını içəri uzadıb). Əlbəttə, axşam elə biliblər ki, arvad ölüb, amma demə sən diri imiş! Xa... xa... xa!..

H a c ı  H ə s ə n (çox ucadan və hirsli İskəndərə tərəf). Cəhənnəm ol!

H a c ı  K ə r i m (tövşüyə-tövşüyə girir içəri). Hacı, deyirlər Kərbəlayı Fətullah dirilib?

H a c ı  H ə s ə n. Bəli, belədir, doğrudur. Hacı, əyləş. Hacı, əyləş.

 

Otururlar.

 

H a c ı  K a z ı m (tövşüyə-tövşüyə girir içəri). Hacı, Həsən ağa, deyirlər Hacı  Rüstəm dadaşın oğlu dirilib?

H a c ı  H ə s ə n (durur ayağa). Bəli, Hacı ağa, belədir, doğrudu.

 

 

Məşədi Oruc və onun dalınca bir dəstə adam tövşüyə-tövşüyə girirlər içəri.

 

 

M ə ş ə d i  O r u c  (bir əlində kağız, hər iki  əlini göyə qalxızıb, allahı çağırır). Barı Pərvərdigara, sənin qüdrətini tərif eləməyə dilim laldır. Min şükürlər olsun kərəminə, İlahi!

A d a m l a r ı n bir parası qabağa yeriyib, kağıza baxırlar və deyirlər: - Budurmu Kərbəlayı Fətullahın kağızı? Oxu görək nə yazıb?

H a c ı  H ə s ə n (Məşədi Oruca). Məşədi Oruc, yaxşısı budur ki, kağızı oxuyasan, camaatın hamısı eşidə; çünki çox qəribə işdir; insan məəttəl qalır.

M ə ş ə d i  O r u c  (yenə hər iki  əlini yuxarı qalxızıb, başlayır ağlamağa və gözünün yaşını arxalığının ətəyi ilə siləndən sonra başlayır kağızı oxumağa).

“Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Bu kağız sənə çatan kimi, əvvəl qabaqca Hacı Həsən əmimə müjdə ver.

 

Hacı Həsən ağlayır

 

Ondan sonra, həyə anam sağdır, get anamı bas bağrına və deginən: “Ay ana, yazıq ana, dəxi qüssə eləmə, oğlun Kərbəlayı Fətullah dirilib. Sonra mənim oğlum MəhəmmədH ə s ə ni al qucağına və deginən: “Ey yazıq bala, ürəyini sıxma, sən dəxi yetim deyilsən, atan dirilib və bir neçə gündən sonra sənə Xorasandan qırmızı başmaq gətirəcək”. Və ayıb olmasın MəhəmmədH ə s ə nin anası, - əlbəttə indi gedib ərə və işdi, əgər getməmiş olsa, - gƏlin bacımı göndər, ona xəbər versin (ağlayır). Ey mənim əziz və mehriban qardaşım Məşədi Oruc! Ola bilər ki, mənim dirilmək xəbərim sənə və bir para qəlbiqara adamlara təəccüblü görsənə. Min lənət olsun o kəslərə ki, xudavəndi-aləmin hikmətinə şəkk gətirələr!

A d a m l a r  h a m ı  b i r d ə n: Lənət!

M ə ş ə d i  O r u c  (oxuyur). Qardaşım Məşədi Oruc! Mən və məndən savayı yüz on dörd nəfər qədirdən ricət edib, dübarə bu dünyaya gələnlər, gərək bir həftə tamam ziyarətə məşğul olaq və inşallah bir həftədən sonra gələrəm vətənə. Ancaq indi müxtəsər surətdə bunu deyə bilərəm ki, Məşədi-müqəddəsdə bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrullahdır. Əyyədullah təala billütf![v]. Şeyx cənabları neçə illər ilə İsfahanda ülumi-xəfiyyatı təhsil edəndən sonra təşrif gətiriblər Xorasana və burada neçə ay riyazəti-tam və mücahideyi-lakəlamdan sonra, həmin elmin xəfayasının istinbatına və istixracına müttəle olub, axırda bu niyyətə düşüb ki, sübhanə və təalanın mərhəmətilə təsxiri-ərbahə iqdam eləsin. Ey mənim mehriban qardaşım Məşədi Oruc! Macəranın təfsilini, inşallah, gələndə özüm dil-cavabı nağıl elərəm və sən eşidib mat və heyran qalarsan. Ancaq bunu bil və eşit ki, cəmadiyəl-axirin on səkkizinci günü, qəmər süfla aləminə yavuqlaşan saatda, şeyx cənabları Məşhədi-müqəddəsdə qürəba qəbristanına əhli-qübur ziyarətinə gəlib, təsxirül-əmvat şəraitini əmələ gətirəndən sonra, əvvəl başlayıb bir dua oxumağa və sonra uca səslə deyib: Əzzəmtü əleyküm ya əhləl-qübur! Durun ayağa, ey allahın mömin bəndələri! Bu səsi eşitcək cəmi ölülər Allahın qüdrətilə bir hərəkətə gəldilər.

 

Adamlar başlayır ağlamağa.

 

Dəxi nə deyim, ay qardaş? Gördüm başımın üstündə bir şəxs durub, uca qamətli, qırx yaşında, abidi-seleh və rəhmdil, siyəhçeşm və rəngi-ruyi-möbarəkeş bəsəbzə mail və ismi-mübarəkəş Şeyx Nəsrullah İsfəhani[vi].

H a c ı l a r ı n  b i r i  d e y i r: Xudaya, şükür sənin cəlalına!

B i r i  d e y i r: Bari Pərvərdigara, rəhmin gəlsin yazıq bəndələrinə!

 

Hamı yenə ağlayır.

 

M ə ş ə d i  O r u c  (oxuyur). Ey mənim mömin qardaşım Məşədi Oruc! Bu kağızı sənə yazmaqda məqsədim səni xəbərdar eləməkdir ki, fazili-bimisl və abidi-müqəddəs Şeyx Nəsrullah rəcəb ayının qürrəsində Məşhədi-müqəddəsdən çıxacaq, Culfa yolu ilə Təbrizdən keçib, Nəcəfül-əşrəf şəhərinə azim olacaq. Şeyx cənablarının qəsdi bizim şəhərimizdə bir gün qalıb və əhli-qübur ziyarətinə müşərrəf olub, sonra yola düşüb getməkdir.

 

Adamlar ağlayır.

 

Bu kağız sənə yetişən kimi bu xəbəri vətən qardaşlarıma və xüsusən möhtərəm Hacı əmimə yetirəsən ki, ayın yeddisində ya səkkizində şeyx cənablarının pişvazına çıxıb, o pak vücuda layiqincə ehtiram göstərsinlər ki, bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar. Vəssalam. Kağıza qol qoyub əhli-vilayəti-filan Məşədi Fətullah Hacı Rüstəm oğlu, fi-tarix 19 cəmadiyəl-axir, şəhri. Məşhədi-müqəddəs. (Hər iki əlini göyə qalxızıb ağlayır. Adamlar da habelə ağlayırlar). Xudaya, şükür!

H a c ı  B ə x ş ə l i  (təəccüblü). Elədə şeyx cənabları bizim şəhərə də təşrif gətirəcək?

H a c ı  H ə s ə n. Bəli, Bəli. Kağızdan belə məlum olur ki, belə yazılıb. Adamlardan bir neçəsi gələcək; bizim şəhərə gələcək.

M ə ş ə d i  O r u c . Bəli, Bəli, bizim şəhərə gələcək; yəni gəlibburadan Təbrizə gedəcək.

H a c ı  K a z ı m. Nə vaxt təşrif gətirəcək? A kişi, nə deyirsən?

M ə ş ə d i  O r u c . Bəli, Bəli, belə yazılıb; rəcəb ayının yeddisində ya səkkizində təşrif gətirəcək.

H a c ı  K ə r i m. A kişi, nə danışırsan? Yəni neçə gündən sonra bizim şəhərə təşrif gətirəcək?

M ə ş ə d i  O r u c . Yəni iki-üç gündən sonra.

A d a m l a r ı n bir neçəsi. Yəni iki-üç gündən sonra şeyx cənabları bizim şəhərə təşrif gətirəcək?

M ə ş ə d i  O r u c . Bəli, Bəli, belədir.

 

Adamlar hərəkətə gəlir, bir-birinə deyir: “Dəxi niyə durmuşuq?” bir az hamı baxır bir-birinin üzünə.

 

H a c ı  H ə s ə n (üzünü hacılara tutub). Vallah, dünyanın işlərinə məəttəl qalmışam (bir az fikirdən sonra). Yəni həqiqətdə bu bir möcüzədir ki, insan öləndən sonra dirilə və bizim kimi ağıllı-başlı adam ola.

H a c ı  B ə x ş ə l i . Hacı Həsən ağa, sən elə sözləri gərək buyurmuyasan. Allahın hikmətinə əl aparmaq olmaz və bir də bu işlər gizlin bir iş ki, deyil: o dur ki, kişi öz əli ilə kağız yazıb. Xeyr, Hacı ağa, sən o sözləri buyurma.

B i r  n e ç ə  a d a m. Əlbəttə, əlbəttə, bunların hamısı hikmətdir. Bu sirlər hamısı Allah-taalanın yanındadır.

H a c ı  H ə s ən. Elədə dəxi niyə durmuşuq? Elədə indi şeyx cənabları yoldadır. Dəxi durmaq vaxtı deyil. Hacı Kazım, Hacı Kərim, Hacı Bəxşəli , Məşədi Oruc , dəxi kim var, hamınıza deyirəm:durmayın tədarük görün (ucadan). A gədə, Heydərəli , haradadır bizim gədələr?

 

Nökər Əli  qapıda adamların dalında görsənir.

 

A gədə, ata arpa verin, yəhər-əsbabını sazlayın. Siz də, hacılar, məşədilər, hazırlaşın; durmaq vaxtı deyil. Gərək yol tədarükü görək. Gərək qabağa gedək.

 

 

Hacılar, adamlar hərəkətə gəlirlər. Adamların bir neçəsi çıxır və bir-birinə deyir: “Gedək atları hazırlayaq”.

 

 

H a c ı  H ə s ə n. A gədə, Heydər! Durma, tez evə xəbər elə ki, otaqlara fərş salsınlar, qonaq gələcək.

 

Adamların içindən nökər Heydər çıxıb gedir.

 

H a c ı  K a z ı m (Hacı Həsənə). Hacı, qoy sizə zəhmət olmasın, şeyx cənablarının zəhmətini mən çəkim, qoy bizim qonağımız olsun; qorxuram sizə zəhmət ola.

H a c ı  H ə s ə n. Yox-yox, Hacı Kazım, sən Allah elə demə. Elə vücudun yolunda belə zəhmətlər xoşdur.

H a c ı  B ə x ş ə l i . Xeyr, Hacı Həsən ağa, qoy şeyx bizə qonaq olsun.

H a c ı  K ə r i m. Vallahı, razı olmanam, gərək şeyx cənablarının bəndəçiliyini özüm qəbul edəm. Vallah, olmaz.

H a c ı  H ə s ə n (Hacı Kərimə). Sənin başın üçün razı olmanam; çünki şeyx cənablarının boynumuzda haqqı yoxdur.

H a c ı  K a z ı m. Elədə, Hacı Həsən ağa, dəxi dayanmaq vaxtı deyil. Gedək hazır olaq. Hacılar, buyurun, gedək, yol tədarükü görək.

 

Hamı “buyur-buyur” – deyib çıxırlar. Otaqda bir Hacı Həsən qalır. Bu, tərəfdəki qapıdan K ə r b ə l a y ı   F a t m a  x a n ı m, başında çadra, qorxa-qorxa başını içəri uzadıb, sonra girir içəri.

 

K ə r b ə l a y ı  F a t m a  x a n ı m (Hacı Həsənə). Ay Hacı, bu nə xəbərdir? Deyirlər Kərbəlayı Fətullah dirilib gəlir?

H a c ı  H ə s ə n. Kabla Fatma, dəxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. Dünya və aləm bir-birinə dəyib; Xorasanda hər nə qədər adam ölmüşdü, hamısı dirilib. Kərbəlayı Fətullah da dirilib; odur, bu gün-sabah gəlir. Onu dirildən şeyx də gəlir; özü də düşəcək bizdə. Di sənə deyirəm durma get, ev-eşiyi səliqəyə sal (ucadan və hirsli). Di sənə deyirəm durma! (İstəyir çıxıb getsin).

K ə r b ə l a y ı  F a t m a  x a n ı m. Ay Hacı, Allah atana rəhmət eləsin, bir de görüm, bizim şəhərin ölülərini də dirildəcək?

H a c ı  H ə s ə n (qapıda). Ay arvad, sən allah, tez ol, durma! Bilmirəm dirildəcək ya diriltməyəcək. O bağlıdır Allahın iltifatına. Mənim özümün də ağlım çaşıb; heç bilmirəm nə cür diriləcək? Allahın iltifatı olsa, bu nə bir çətin işdir? (Çağırır). Arvad, sənə deyirəm durma get, tədarük gör! Mən gedirəm (çıxır).

K ə r b ə l a y ı  F a t m a  x a n ı m (hər iki əlini yuxarı qalxızıb ağlayır). Ey yeri-göyü yox yerdən yaradan Allah! Məni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı  əlimdən alıbsan, mənim ciyərimə dağ basıbsan! Ay rəhim Allah, mən səndən istəyirəm Saramı! Ay Kərbəlayı Fətullahı dirildən Allah, mənə də rəhmin gəlsin; mənim gülüzlü qızımı dirilt! Allah! Allah!.. (ağlayır, üzüqoylu döşənir yerə).

İ s k ə n d ə r (içəri girir, yavaş-yavaş gəlib durur anasının yanında və başını aşağı salıb qəmgin deyir). Yazıq ana!

 

P ə r d ə



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info