Qonaq Kitabı
İkinci hissə

Mən ona çar təbəəsi və çar məmuru olmadığımızı bildirərək:

– Mən iranlıyam, xanım qız da amerikalıdır, pasportlarımızı viza etdirmək üçün cənabınıza müraciət etdik, – dedim.

Onun rəngi açıldı, yerində oturdu, pasportları gözdən keçirərək bir ah çəkdi, vizasını qoydu və bizə qaytarırkən:

– Bu imza ilə hər yerə gedə bilərsiniz, bizim imzamızın o qədər də əhəmiyyəti yoxdur, yalnız bu imza kifayətdir, – dedi.

O, bu sözləri deyərkən barmağını çar jandarmının imzası üzərinə qoymuşdu.

Oradan çıxdıq. Yolun kənarı ilə gedən İran tacirlərinin çöhrəsində daha başqa hal var idi. Onlar hərbi nəğmə oxuyaraq keçən bir çar məfrəzəsini fərəhlə dinləyərək danışırdılar:

– Çar hökuməti olmasaydı bizim dərimizi çoxdan soymuşdular.

– Ticarət yavaş-yavaş dirçəlir.

– Belə də olmalıdır, bizimkilərdən fayda yoxdur.

– Baba, nə vətən? Baba, nə istiqbal? Bunlar bizə çörək verməz.

Bu cür sözlərdən çox eşidirdik. Fikir və əqidə etibarı ilə ruslaşan və istilanın qoynuna girən xırda kapitalistlər, qiyafə etibarı ilə də dəyişmişdilər. Yayın istisinə

baxmayaraq yaxalıq bağlamış, kostyum geymiş və paltolarını qolları üzərinə salmışdılar.

Miss Hannanın kiçik bloknotuna qeyd etdiyini görərkən onun üç gün əvvəl “İranda xeyriyyə işləri ilə məşğul olacağız, siyasətlə heç bir işimiz yoxdur” sözlərini xatırladım. Amerikalıların İrandakı çar siyasəti ilə maraqlandığını yəqin etdim.

Rus istiqraz bankının maddi himayəsi altına girən və çar jandarmına arxalanaraq İran kəndlisini rahatca soyanların bayram etdiyini, hər bir addımda görmək olurdu.

Şose yolunda bir rus onbaşısı ilə bir İran tacirinin söhbətini dinləyirdim. O, rusca danışa bilməsə də mən onun nə demək istədiyini anlayırdım. Onbaşı çox sağlam bir gənc idi. Tacirin kim olduğunu faytonçudan soruşdum. Daran kənd tacirlərindən Hacı Salman ağa olduğunu söylədi.

Söhbətləri çox maraqlı idi:

– Vaşi patişax oçen bolşoy patişax. Ya tebe skazal ki mne tibe uvajat. Tı xoroşi çeloveka.

Bunu söyləyərək Hacı Salman soldatın üzünü və çənəsini oxşadı və yenə də sözünə davam etdi:

– Vaşi naroda sifilizovannı naroda.

Bu sözü eşidər-eşitməz soldatın tacirə bir şillə vurduğunu gördüm. Onun papağı da yerə düşmüşdü. O, yalvarırdı və tez-tez deyirdi:

– Mne tibe ploxi ni iskazal. Zaçem tibe mne bibiyot?

Saldat onun yaxasından yapışıb:

– Sifilitik tvoi oted, sukin sın! – deyə onu hara isə sürüyüb aparmaq istəyirdi. Çox adam yığışmışdı, hamı da bilər-bilməz Hacı Salmanı söyür və onbaşını sakit etməyə çalışırdı.

Biz orada durmadıq, faytona oturduq, gördüyüm səhnə qanımı qaraltmışdı. Heç bir söz danışmırdım. Nəhayət, miss Hanna:

– Biz harada düşəcəyik? – deyə sükutu pozdu.

– Burada istirahət ediləcək otel yoxdur, Culfa qərargah şəklini almışdır, – deyə cavab verdim.

– Bəs nə edək?

– Tanış bir adamın evində düşməliyik, – dedim.

– Əlbəttə, bu ancaq sizin üçün mümkündür. Mən isə tanış olmadığım bir adamın evinə necə gedə bilərəm? – deyə qız yenə mənim onu təmin edəcək bir cavab verəcəyimi gözləyirdi.

– Siz onların yaxından tanış olduğu bir adamla tanışsınız, bu da kifayətdir, – dedim.

Faytonumuz poçt-teleqraf müdirinin qapısında durdu. Xanın xidmətçiləri və oğlanları qapıya çıxdı, məni görüncə sevindilər, şeyləri faytondan götürdülər. Uşaqlar analarına xəbər vermək üçün pilləkənlərdən yuxarı qaçdılar.

Burada daha bir təsadüf baş verdi ki, o da xanın ovdan müvəffəqiyyətlə qayıtmasından və bizimlə qapıda təsadüf etməsindən ibarətdir.

Pilləkənlərdən yuxarı qalxarkən, onunla görüşdük. Miss Hannanı onunla tanış edib birlikdə yuxarı çıxdıq. Xanın xanımı məni amerikalı qızla görərək güldü və qızı hörmətlə qəbul edərək yıxanmaq və tualetini düzəltmək üçün öz otağına apardı.

Mən xanımın nə üçün güldüyünü anladım və xana müraciətlə:

– “Tanışımız hər səfərində bir qızla gəlir” deyə xanımınız güldü, – dedim, bu sözümü xan da təsdiq etdi və:

– Xanım Ninaya böyük hörmət bəslədiyindən, sizi başqa bir qadınla görürkən gülməyə və şübhələnməyə haqlıdır, çünki onun bizim nə iş gördüyümüzdən və nə məqsəd daşıdığımızdan xəbəri yoxdur, – dedi.

* * *

Çağırılan qonaqların hamısı ov kababı yeməyin intizarında idi. Qonaqlar qruplara ayrılaraq, müxtəlif məsələ-lər üzərində mübahisələr aparırdılar. Siyasi söhbətlər əsas yer tuturdu.

– “Mançester Qardian” qəzeti yanımdadır, qəzet Rusiya və İngiltərənin İranın daxili işlərinə qarışmasını yeddinci il müqaviləsinə zidd hesab edərək, onların istilaçılıq hərəkətinə qarşı protesto edir, – deyə birisi rus istilasının müvəqqəti bir şey olduğunu irəli sürürdü.

İranın tezliklə çar Rusiyasından qurtaracağına şadlanan Mirzə Həsən xan idi[16].

– “Deyli Nyus” və bundan başqa bir neçə sosialist qəzetləri də rusların İrana soxulmalarına qarşı ciddi bir surətdə protesto etmişdilər, nicat ümidləri getdikcə artır, azadlıq yolunu tanımış bir xalqı əsir etmək mümkün deyildir. Bir də rus səfiri cənab Sabin və İngiltərə səfiri ser Breqli Məhəmmədəli şaha bu barədə qəti söz vermişlər: ölkəmizdə sakitlik olan kimi, çar ordusu çıxmağa məcburdur.

Rusiya və İngiltərə səfirlərinin verdiyi vədlərə inanan bu gənc də Rüstəm xan idi[17].

Qaraşın bir kişi bunların hamısına etiraz edirdi. Bu da Araz körpüsündə oturan Mirzə Mahmud xan idi.

– Biz heç vaxt azadlıq qazanmaq üçün başqalarının yardımına inanmamalıyıq. Bizə tərəfdar çıxan hər bir dövlətin müəyyən bir məqsədi var, bu məqsəd isə bizim faydamıza ola bilməz. Biz öz qüvvəmizi hazırlamalı, nicatı özümüzdə aramalıyıq. Kapitalist dövlətlərinin biri digəri ilə düşmən olduğuna baxmayaraq, yenə də onlar İran kimi yağlı bir tikəni bölüşməkdə sazişə girə bilərlər. İngiltərə və Rusiyanın İran işlərindəki sazişi də bəndənin sözlərini isbat etmiş olur.

Mirzə Məhəmməd xanın sözlərindən sonra söhbət yenə də Təbriz üzərində dayandı.

– Qafqazlılar çəkilib gediblər.

– Bizimkilərdən xəbərim yoxdur.

– Bağır xan, Səttar xan, Tağızadə, Hüseyn Bağban da osmanlı konsulxanasındadırlar.

– Azadlıqdan dəm vuran ingilislər, Təbrizdə heç kəsi öz himayələrinə qəbul etməmişlər, qapılarını inqilabçıların üzünə bağlamışlar.

Bu söhbətlərdən mən Səttar xanın himayədə olduğunu yəqin etdim. Lakin bu məni təskin etməyirdi, çünki osmanlılar nüfuzsuz, qüvvətsiz olduğundan ingilislərin və rusların tələbi üzərinə Səttar xanı verməyə məcbur ola bilərdilər və ya ruslar həyasızcasına konsulxanaya soxulub Səttar xanı çəkib aparardılar.

Hələ sözarası çar soldat və zabitlərinin evlərə girib silah almaq bəhanəsilə həyasızlıq yapdıqları da danışılırdı. Ayrı-ayrı qrupların uzun söhbətlərini dinləməyə macal yoxdu. Çünki biz də kiçik bir qrup təşkil edirdik. Bizim qrupdakılar: Əmir Həşəmət, onun qardaşı Mirzə Əbülqasım xan, Mirzə Məhəmməd xan və bir də poçt-teleqraf müdiri idi.

– Bunların başqa fikri, başqa söhbəti yox idi. Qarabəniz, arıq üzlü, alnının yoğun damarları görünən və göz bəbəkləri titrəyən Əmir Həşəmət:

– Xarici düşməni əzmək və həyasız siyasətindən daşındırmaq üçün xalq üsyanı lazımdır, müsəlləh qiyam lazımdır, – deyirdi.

Nahar süfrəsi hazır oldu, qonaqlar süfrə başına dəvət olundu. Söhbətlər kəsildi.

Xanın qadını, miss Hanna ilə bərabər süfrədə iştirak edirdi.

Süfrə başında eşitdiyimiz yeni xəbər məndən artıq miss Hannanı təşvişə saldı.

Xanın xidmətçiləri istila ordusunun baş komandanı general Snarskinin verdiyi əmrnamənin surətini gətirdilər. Əmrnamənin surəti bundan ibarətdi:

“Təbriz və Təbriz yolu üzərində vaqe Azərbaycan şəhərləri hərbi vəziyyətdədir.

Buralarda əhali siyahıya alınmağa başlandığı üçün müsafirlər hərəkatı müvəqqəti olaraq dayandırılır.

Xüsusi əmrim çıxıncaya qədər Təbrizə və başqa şəhərlərə heç kəs buraxılmayacaqdır.

Azərbaycan döyüşən ordusunun baş komandanı

Snarski.

14 iyul, 1909-cu il”.

Bu yaxşı xəbər deyildi. Əhalini siyahıya almaqdan çar jandarmalığının başqa məqsədi vardı. İnqilabda iştirak edən və çar siyasətinə qarşı işləyənlərin siyahısı Snarskinin əlində idi. Əhalini siyahıya almaq bəhanəsilə Snarski siyahıda olanların hamısını əldə etməyə çalışırdı. Bizə gəldikdə, iki çarəmiz vardı: ya İran Culfasında istidə, tozda qapanıb qalmaq, ya da Rusiya sahilinə qayıtmaq. Mən Rusiya sahilinə qayıtmaq fikrində deyildim, çünki pasport işində yeni əngəl doğa bilərdi. Qızın məsələsi də çətinləşirdi.

Mən bu barədə düşünməyi sonraya qoymaq tövsiyyəsində bulunsam da, amerikalı qız sakit olmayaraq:

– Mən başsız, avara qaldım, məhv olacağam, – deyə ağlamaq istəyirdi.

– Siz başsız və yardımsız deyilsiniz, mən sizin rahatlığınız üçün hər bir imkanı yarada bilərəm, – deyə qızı sakit etməyə çalışdım. Qız nicat tələbedici gözlərilə mənə baxırdı.

Ələkbər yoldaş da:

– Qorxmayın, xanım, kəndimiz yaxındır, yaxşı otaqlarımız, təmiz havamız və rahat olmaq üçün də imkanımız vardır, – deyə onu ovundururdu. Qız isə sakit olmaq istəməyirdi:

– Ekspedisiya üzvləri Təbrizdə, mən isə burada qaldım. Onların nə dərdinədir, əllərində para var, konsulxanadan da hər yardım ala bilərlər, mənim işim isə fənadır, maddi vəsaitim bitəcək, özüm də çöllərdə qalacağam, necə olsun? Nə edim? – deyə qız yol çəkən gözlərilə əlindəki çəngəl-bıçağa baxırdı.

– Bu sözlərin hamısı lüzumsuzdur. Əvvələn bu hadisə bizdən asılı deyildir. Çar işğal ordusunun tələbidir, ikincisi isə para və vəsait barəsində heç də düşünməməlisiniz, zəngin bir tacir olmasam da, zəngin bir nüfuzum vardır. O nüfuz sizi və elə də mənim özümü illərcə yaşatmağa müqtədirdir. Biz harada olursa-olsun tanışlarımızın, rəfiqlərimizin hörmətli qonağı kimi yaşayacağıq, üçüncüsü isə, yanımızda aylarca sizi təmin edə biləcək para vardır, öz paramızla da yaşaya bilərik. Heç düşünməyin, rahatınız, əmniyyətiniz, siz düşünməsəniz də təmin ediləcəkdir.

Mənim bu inandırıcı və cəsarətli sözlərim Hannaya təsir etdi, onun tutulmuş üzü açılmağa başladı.

 

Livarcan yaylasına doğru

Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən, bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.

Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.

O:

– Mən orada sizsiz qala bilmərəm, – dedi.

– Mən də sizinlə bərabər gedəcəyəm, xanın ailəsi və Ələkbər yoldaş da orada qalacaqdır. Salamat yaşayaraq razı qalacağınıza söz verirəm, – deyə fikrimi qıza daha ətraflı bir şəkildə anlatdım. Qızın titrək və mavi göz bəbəklərindən birər qətrə yaş düşərək, abı ipək donunun ətəklərində parçalandı.

– Sizə inanıram. İradəli adamsınız. Özünüzdən də artıq mənim qeydimə qalacağınızı bilirəm. Lakin mən öz haqqımda göstərilən hörmətin səlahiyyətini qazanmadığım üçün utanıram, çünki bu yaxşılığın əvəzini gələcəkdə də verə bilməyəcəyəm; ancaq mənim həqiqi, bir düşüncəm varsa, o da mənim sizinlə daimi tanışlıq etmək arzularımdan ibarətdir.

Qız bunu dedikdən sonra mənim əllərimi sıxdı, onun qızğın əlləri mənə dillə söylənilməyən bir çox sözlər oxudu.

Mən miss Hannanın bu səfərdən razı qaldığını, Livarcan yaylasına köçmək istədiyini xana və onun xanımına xəbər verdikdə, onlar da xeyli məmnun qaldılar Başqa hazırlıq lazım deyildi; xanın bir faytonu vardı, iki fayton da kirayə etməli idik. Fayton üçün karvansaraya girdikdə, Hicaz havasında ucadan Quran oxuyan bir adamın səsini eşitdim, təəccüb etdim. Atların kişnəməsi, eşşəklərin anqırması, arabaçılar və faytonçuların səsləri bir-birinə qarışdığı bir yerdə Quran oxuyanın kim olduğunu bilmək üçün yaxınlaşdıqda, dünən rus soldatının döydüyü Hacı Salmanı gördüm. Dünən bu Hacının başına gələn əhvalatı xana söylədim. O, gülərək dedi:

– Bu Hacı Salman Culfanın yaxınlığında olan Daran kəndindəndir. Özü də çar casusudur. Ələmdar şəhərinin çar təbəəsi olan mülkədarlar tərəfindən qəsb olunmasına xidmət edən bu məlundur. Hər namazdan sonra bir cüz Quran oxumalı və əhalinin başını ağrıtmalıdır. Mömin və müsəlman çar casuslarına hər addımbaşında təsadüf edə bilərsən. Hazırda başlarında furajka, əynində kostyum və

yaxalıq gördüyün bu adamların hamısı iyirmi gün əvvəl əba və don geyən, saqqalını rəngləyən, barmağında əqiq üzük, təsbeh olan tacirlərdir. Bir neçə gündən sonra ingilislər gəlsə, başlarına ingilis qalpağı taxıb ağızlarına trubka almağa hazırdırlar.

– Yaltaq, meymun kimi təqlidçi bir xalqdırlar. Təqlidi bunlara öz din rəhbərləri öyrətmişdir.

Faytonları danışdıq. Günəş qalxmamış, hava qızmamış Culfadan çıxmalı idik.

Faytonların birinə xanla qadını, digərinə uşaqları ilə xidmətçisi, üçüncüsünə isə mən, miss Hanna oturub yola düşdük. Ələkbər yoldaş səhər tezdən Şüca kəndinə getmişdi, kənd yolumuzun üzərində olduğundan, günorta Ələkbər yoldaşa qonaq olmalı idik.

Faytonumuz qabaqda gedirdi. Qız zərif əllərinə baxaraq:

– Bəlkə mən sizə rast gəlməyəydim, onda necə olardı? – dedi. – Təsəvvürə gətirə bilmirəm, mən İran səfərini bu qədər əngəlli bilməzdim.

Hər kəsə təsadüf etsəydiniz, mədəni bir qıza qarşı hörmətdən başqa bir hərəkətdə bulunmazdı zənnindəyəm.

Qız:

– Doğrudur, elə adam tapılardı, lakin o sizin kimi olmazdı, – dedi.

– Nə üçün olmazdı?

– Çünki siz başqa, başqası isə başqadır. Sizi hamı sevir, hörmət bəsləyir, mən birinci gündən buna inandım, bunun üçün də sizə hörmət bəsləyirəm. Mən bu hörməti indiyə qədər heç kəsə etməmişdim, gələcəkdə də etməyəcəyimə and içirəm. Təəssüf olsun ki, mən şərqli, siz isə amerikalı deyilsiniz, – qız bu sözləri deyərək, yenə də düşünməyə başladı.

– Təəssüfə lüzum yoxdur, – deyə güldüm, – indi hər ikimiz şərqdəyik.

O, utanaraq:

– Zənnimcə yaşımızda da fərq azdır, – deyə əlavə etdi.

– Bəli, burada da bir təsadüf mövcuddur, – deyərək fikrə getdim.

Mən bu yolları bir neçə ay əvvəl Nina ilə getmişdim, indi o nə vəziyyətdə idi, necə yaşayırdı? Başına bir fəlakət gəlməmişdi ki? Ona bir bədbəxt hadisə üz vermiş olsa onun səbəbi mən özüməm. Daha sonra, mənə bağlanmaq istəyən amerikalı qız haqqında düşünürdüm. Bunun fəlakətinə və yollarda qalmasına səbəb yenə mən idim. Bu amerikalı qızdan Təbrizdə təqib etmək istədiyim məqsəd üçün istifadə xəyalına düşməsə idim, bunu Culfada iki gün ləngitməsə idim, indi bu qız uzun yolların əziyyətindən uzaqda, Təbrizdə olardı.

Miss Hanna mənim dərin düşüncəyə daldığımdan şübhələndi və mənə müraciət ilə:

– Siz mənim sözümdən incidinizmi? – dedi.

– Hansı sözünüzdən?

– Bəlkə də özüm hiss etmədən sizin kədərinizə bais olacaq bir söz danışdım?

– Xeyr, sizdən səmimiyyətdən başqa bir şey görməmişəm, onlar adi söhbətlərdir.

– Yox, – qız etiraz etdi, – söhbətlərimizdə adilik yoxdur. Bu sözlər mənim qəlbimdən, qanımdan çıxan söhbətlərdir. Bu sözlərin xatirəsi, məndə üzük qaşında yazılan və silinməsi mümkün olmayan nəqşə qədər davam edəcəkdir. Heyf ki, siz amerikalı deyilsiniz... – deyə yenə də qız təkrar etdi.

Mən onun bu sözlərini eşitməməzliyə vurdum. Yenə də Nina yadıma düşdü. Mən Ninanın Təbrizdə dinc oturmayacağını, siyasi işlərlə məşğul olacağını bilir və nəticədə də bir fəlakət qarşısında qalacağından qorxurdum. Lakin faytonda davam edən sükutu uzatmaq doğru deyildi. Miss Hannanın titrədiyini, mənim sükutumun etinasızlıq kimi təbir olunduğunu hiss edirdim, buna görə də ondan soruşdum:

– Atanız sağdırmı?

– Bəli, sağdır, şərqşünasdır.

– Ananız da sağdırmı?

– Bəli, sağdır. O, hələ gəncdir. Birinci cocuğuyam, ona görə də məni həddindən artıq sevir.

– Hərgah onlar sizi çox sevirlərsə, nə üçün uzaq səfərlərə buraxırlar?

Qız təəccüblə üzümə baxaraq, cavab verdi:

– Çünki məni sevirlər, səyahətimin, təcrübəmin müsbət nəticələr verməsinə çalışırlar. Mən şərqşünaslıq fakültəsini bitirdim. Təcrübə səyahətləri keçirmək üçün Şərq ölkələrini intixab etdim.

– Sizin, – deyə qızdan soruşdum, – bu səyahətinizin Amerika üçün bir əhəmiyyəti vardırmı?

Qız mənə əyri-əyri baxaraq:

– Nə demək istədiyinizi bilirəm, fikriniz doğrudur. Lakin o, İngiltərə-Rusiya müstəmləkəçiləri üçün nə qədər doğru isə, Amerika haqqında doğru deyildir.

– Nə üçün doğru deyildir? – deyə soruşdum.

Qız əlini əlimin üstünə qoyaraq davam etdi:

– Müstəmləkə ediləcək bir ölkənin əvvəlcə adəti, ənənəsi, dini, məfkurəsi, təriqəti öyrənilir, xalqının əhvali-ruhiyyəsi yoxlanılır, əqidələrin kütlə üzərindəki təsiri tədqiq edilir, bunlara əsasən də həmin ölkənin müstəmləkə planları tərtib edilir. Lakin bu üsul hər bir dövlət və hər bir müstəmləkəçi üçün əlverişli deyildir. Müstəmləkəçilik, yalnız bir ölkəni, bir xalqı tamamilə öyrənməklə tamamlanmayır. Coğrafi və etnoqrafik cəhətlər də müstəmləkəçilik işində mühüm rol oynamaqdadır. İranda müstəmləkəçilik siyasəti aparmaq üçün Amerika hökuməti son iki cəhətdən məhrumdur.

– Elə isə, sizin İrandakı səyahətinizin nə kimi bir əhəmiyyəti ola bilər?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-24 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info