Qonaq Kitabı
İkinci hissə

Yolumuz Xoy şəhərinədir, oradan Şahtaxtı kəndinə, buradan da Araz çayını keçib Bakıya və Tiflisə getməli idik.

Küçələrdə bir pişik belə yoxdur, ayrılmaz yoldaşlar qırılmaz zəncir halqaları kimi biri-digərinin dalınca düzülüb gedir.

Biz gedirdik, bir çox Qafqaz inqilabçılarının nişansız məzarı ilə vidalaşaraq gedirdik.

Bir neçə ay bundan əvvəl çox idik, çox iş gördük, çox da itirdik, bir çox çalışqan və qəhrəman yoldaşlarımızı sıramızda görmədən gedirik.

Mən küçənin bir tərəfində durub Təbrizdən gedən yoldaşlarımı gözdən keçirdim və saydım.

Vladimir Dumbadze yox, Valiko Baqradze yox, Sandro Veşaqori də cərgəmizdə deyil. Çıta Georgi Emoşvari, Petro Poçuvanaxvaladze, Puls da yoxdur.

Biz sanki yoldaşlarımızın qəbri üzərində durmuşduq, hamı papağını götürdü. Bir daha yoldaşların nişansız məzarları ilə vidalaşaraq yola düşdük.

Heç şübhə yoxdur ki, bütün yoldaşların qəmgin ürəyindən belə bir səs qalxmaq istəyirdi:

Təbriz! Qoynuna aldığın bu ölməz simalar, bizi birinci çağırışda yenə də sənin yardımına cəlb edəcəkdir, onları yaxşı saxla! Bunların Eynəli, Zeynəli dağlarına yağdırdığı bombaların səsi əbədi olaraq İran əksinqilabının qulağında cingildiyəcək, onların ürəklərini məhv oluncaya qədər yeyəcəkdir. Bunları yaxşı mühafizə et! Bunlar gənc Təbriz inqilabının qurbanlarıdır!

Təbriz yatıb, coşqun inqilab da müvəqqəti bir sükuta dalmışdı. İranın birinci pioneri Məcid də uyumuşdu. Lakin gözünə yuxu getməyənlər də yox deyildi. Bütün İranı yerindən oynadan Səttar xan da, çar xəfiyyələrinin gözündən gizlənməyə müvəffəq olan Nina da, gözlərini qapasa da uyumamışdı.

Son kərə dönüb Təbrizə baxdım, şəhər görünməyirdi. Təbriz yenə də qara bir xülya kimi qaranlıq və müəmmalı dumanların qoynuna girmişdi.

Qulağımız “urra” səsləri eşitdi. Bu səs, şahzadə bağına girən çar ordu hissələrinin səsi idi.

 

Ninaya əktub

“Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu.

Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik.

– Qafqaz mücahidləridir.

– İçlərində müsəlmanlar da var.

– Səttar xanın yoldaşlarıdır.

– Bunların da evləri, bunların da ana-bacıları var.

– Ağızlarına güllə vursan qayıtmazlar.

– Heydər Əmioğlu gələn yerlərdən gəlmişlər[7].

– Görəsən nə üçün gəliblər?

– Buranın mücahidləri ilə tanış olmağa gəliblər.

Gözəl Ninam! İndi bizim olduğumuz bu şəhərdə çar nüfuzu yoxdur. Burada Təbrizin, çar kazakları əlinə keçməsini bilmirlər. Ziyafətdən sonra şəhəri gəzməyə çıxdıq, əvvəlcə bizə qalanı göstərdilər. Qala palçıqdan qayrılmış cəsim bir qaladır, hər tərəfdən su içərisindədir. Şəhərə körpü ilə keçilir. Qalanın üstündə əski İran topları qoyulmuşdur. Cəbbəxanaya getdik. Yeni və köhnə bir çox topları, rus, alman, fransız və ingilis tüfəngləri vardır. Biz bu silahların gizlədilməsi üçün yerli sosial-demokratlara təlimat verdik.

Şəhər olduqca gözəl və səfalıdır. Qotur çayından çəkilmiş kanallar vasitəsi ilə şəhərin bütün küçələrindən sular axır; lakin bu qədər bol suya və yaşıllığa baxmayaraq, şəhər yenə də təmiz deyil, suların üstü açıqdır, hər kəs evindən süpürdüyü zibilləri evin qarşısından keçən suya tökür.

Şəhərin qalasından çıxaraq Urmu şəhəri tərəfinə gedən yolun başlanğıcı geniş və uzun bir xiyabandır, lakin xiyaban başlı-başına buraxıldığından dağılmışdır.

Şivən adlı məhəllə qaladan kənardadır. Buranın gözəl havası olduğuna baxmayaraq, məhəllədəki dabbaqxananın üfunəti burada yaşamağa deyil, səyyahların keçməsinə belə imkan vermir.

Burada da Təbrizdə olduğu kimi bəst[8] vardır. Burada da iflas etmiş tacirlərin, canilərin və zalımlardan qaçanların, hökumətdən qaçaq düşənlərin gizlənməsi adətdir. Bəsti ziyarət etdik, oranın mollaları bizə hörmət edərək içəri buraxdılar.

Bu kağızı sənə yazdıqdan sonra yola düşəcəyik, gedəcəyimiz yollar qorxuludur. Maku torpağından keçib Rusiya sahilində olan Şahtaxtı kəndinə getməliyik, orada Araz çayını gizlincə keçib dəmir yolla Bakıya, Tiflisə yola düşəcəyik.

Nina! Məşədi Kazım ağaya tapşırmışam, hərgah ehtiyacın olsa, ona müraciət et. Özünü konsulxanadakı haramzadalardan mühafizə etməyə çalış. Təhminə xanımı dinlə, Həsənağa və Tütünçüoğlunun paraya ehtiyacları olsa, onları təmin et.

Bacın İraidanın yolu ilə getmə və onun məsləhətlərinə də qulaq asma. Bacardıqca ona təsir et, çünki konsulxana ondan istifadə etməyə çalışır, onu bir rüsvayçılıq və fəlakət gözləyir, onu qurtarmaq sənə mümkün olmasa belə, özünü fəlakətdən qoru. Çar konsulu onu öz siyahısında olan qızların cərgəsinə salmağa çalışır. Hamınıza salam. Balaca Məcidi öpürəm.

4 may, 1909”.

 

Ərəblər xanı

Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.

Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xovək, Qıvraq kontrabandaçılarının vasitəsi ilə Şahtaxtı kəndinə keçəcək idik.

Şiddətli yağışlar davam edirdi. Araz çayı daşıb sahilləri basmışdı. Kontrabandaçılar bu gecəni və sabah gündüzü Ərəblər kəndində qalmağı bizə məsləhət gördülər. Biz isə hər birimiz bir çayçı dükanında düşməyi məsləhət görmüşdük, tutulsaq hamımız bir yerdə tutulmayaq, – deyə hərəmiz bir tərəfə dağılmışdıq.

Mən Qulaməli adlı bir kişinin dükanında mənzil etmişdim. Dükan olduqca hisli, kirli, kəsafətli idi, burada nəfəs almaq belə mümkün deyil. Palçıqdan qayrılmış və üstünə həsir salınmış dar bir səkidə oturmuşduq. Yanımda Müslüm adlı gənc bir kontrabandaçı vardı. O, mənə müraciətlə:

– Siz də qandrabandçımısınız? – deyə sordu.

– Xeyr, – deyə cavab verdim.

– Qorxmayın, buradakıların hamısı bir peşədədir.

– Olsun da, mənim heç bir şeyim yoxdur.

– Qəlbin sınmasın, nigaran da qalma, çünki mən səni ilk dəfədir ki, görürəm. Ona görə də səni xəbərdar etmək istəyirəm.

– Nədən?

– Bu kəndə qandraband mal aparmaq üçün gələnlər kəndin xanının yanına gedib ondan razılıq almalıdırlar, yoxsa çaydan mal keçirməyə və bu kəndə gəlməyə kimsənin ixtiyarı yoxdur.

– Xan kimdir? – deyə soruşduqda, gənc cavab verdi:

– Şükürpaşa xandır. Maku xanı Murtuzaqulu xan İqbalüssəltənənin əmisi oğlu.

– O, çox varlıdırmı?

– Varlıdır. Ərəblər kəndindən əlavə yenə də kəndləri var, qapısında donuzu əskikdir. Amma Murtuzaqulu xanla araları yoxdur, qanlı-bıçaqdırlar. Maku xanının adamları burada dolana bilməz.

Mən bu sözdən sonra bir az rahat olub çayı içməyə başladım. Hələ çayı içib qurtarmamışdım ki, yaşlı bir kişi içəri girərək soruşdu:

– Qulaməli dayı, təzə qonağın neçə nəfərdir?

– Bircə nəfərdir. Qalanlarını tanıyırsan.

– Qonağın kimdir? – deyərək bir də soruşdu.

Çayçı məni göstərərək:

– Budur bax, bu əmioğludur, – dedi.

Əlində ağac olan kişi mənə yanaşaraq:

– Buyurun, qardaşoğlu, sizi cənab xan hüzuruna çağırır, – dedikdə məni heyrət götürdü. Öz-özümə “əcəba, bu haramzada məndən nə istəyir?” – dedim.

Yanımdakı Müslüm qulağıma əyilib yavaşca dedi:

– Qorxma, başqa şey ola bilməz. Səni qandrabandçı bilərək çağırmış, bir şey olarsa biz buradayıq, xanın yanına gəlib danışarıx.

Mən heç bir söz demədən qoca kişinin qabağına düşüb xanın evinə yollandım, kişinin əlindəki fanarın işığı ilə ayağımızı daşların üstünə qoyub palçıqlardan və küçələrdən keçirdik.

Ara-sıra həmin kişi də:

– Qardaşoğlu, buradan buyurun, – deyə palçıqsız yerləri göstərirdi.

Xanın evinin ətrafındakı küçələr daşla döşənmişdi.

Xanın qapısında müxtəlif vəzifələr ifa edən qulluqçular qaynaşırdı. Həyətdən həyətə keçdik. Həyətlərin hamısında sısqa göz bəbəkləri kimi saralmış fənərlər yanırdı. Balkona oxşayan bir yerə çıxdıq. İşıqlı bir dəhlizin qapısında durmağı mənə əmr etdilər, məni gətirən kişi də qapıda duran tüfəngliyə müraciətlə:

– Bu qardaşoğlu xanın tələb etdiyi adamdır, – deyə məni ona təhvil verdi və qayıtdı.

Tüfəngli qapıdan içəri girməkdə olan bir gəncə müraciətlə:

– Xana ərz edərsiniz ki, buyurduğu adamı gətiriblər, – dedi və üzünü mənə tutub: – Deyəsən burada bir az gözləməli olacaqsınız, çünki bu gün xan keyf üstündədir. Bura xanın divanxanasıdır. Xan özü müqəssir olanların işinə baxır.

– Müqəssir kimlərdir? – deyə soruşduqda o cavab verdi:

– Xanın itinə haydı, toyuğuna kiş, pişiyinə piş deyənlərdir. Xanın rəiyyətləridir, – bu sözləri tüfənkli adam irəli gəlib qulağıma dedi.

Mən heç bir söz demədim.

İçəridən gənc xidmətçi çıxaraq:

– Ağa, buyurunuz. Xan sizi hüzura istəyir.

Xalçalarla döşənmiş bir dəhlizə girdik. Orada çıxarılmış ayaqqabıları görürkən, mən də batinkalarımı çıxardım. Böyük bir salona girdik. Pəncərənin qabağındakı döşəyin üstündə oturan xan özü idi. Salonun aşağı başında əlləri döşlərində olaraq bir neçə xidmətçi durmuşdu. Xanın bərabərində salınmış bir döşəyin üstündə də nazik qara əbaya bürünmüş bir zat oturmuşdu. Mən bunun xanın vəziri olduğunu sonradan öyrəndim.

Xan ayağımdan başıma qədər məni süzdü və təxir göstərmədən: – əyləşiniz, – dedi.

Xanın bərabərində, pəncərənin o biri tərəfində salınmış bir döşək üstündə oturdum.

Xan, vəziri və bir də iki nəfər silahlı xidmətçisindən başqa hamının getməsinə icazə verdi.

– Səfa gətirmisiniz. Müzəyyən buyurmusunuz. Buyurun, görək haradan təşrif gətiribsiniz?

– Cənab xan, Xoy şəhərindən gəlirəm, – deyə tez cavab verdim.

– Şübhəsiz ki, ora da siz Təbrizdən təşrif aparmışdınız?

Xanın bu sualından şübhələndim, onun bizi tanıdığını zənn etdim, gizlətməyərək doğrusunu söylədim.

– Bəli, Təbrizdən Xoy şəhərinə, oradan da Ərəblər kəndinə gəlmişəm.

– Xeyli xob! – dedi, – sizin daha Təbrizdə nə iş görüb, nə sənət sahibi olduğunuzu soruşmağa lüzum yoxdur. Bir məcburiyyət olmasaydı, siz yolunuzu bu qədər dəyişdirməz və uzaq salmazdınız, hər halda Təbrizlə Culfa arası bir o qədər də uzaq yol deyildir.

Öz ayağımızla tələyə düşdüyümüzü hiss edir və təəccüblə xanın üzünə baxırdım.

Xan da məni gözdən keçirirdi.

Xan nazikbığlı, saralmış sısqa çöhrəli, saqqalı qırxılmış, 30-35 yaşlarında gödək bir adamdır.

Xan müvəqqəti sükutu pozaraq dedi:

– Mən qafqazlılara düşmən deyiləm. Qorxmayın, kimliyiniz mənə bəllidir. Mənim qayınatam Xoy şəhərinin sabiq hakimi və məşhur inqilab düşməni sayılan Əmirtumandır. Mən özüm şəxsən sizin hərəkətinizdən narazı deyiləm, çünki sizin hərəkətiniz mənim qanlı düşmənlərimin əleyhinədir.

Mən bir söz demirdim, ancaq bir kərə:

– Cənab xan ixtiyar sahibidir, – dedim.

– Qorxmayın, burada sizə qorxu yoxdur. Maku xanının quldurları da bura gələ bilməz, özünüz də, yoldaşlarınız da xatircəm ola bilərsiniz. Lakin bu gecələr özünüzü Araz çayına vurub getməyinizə razı deyiləm, çünki su çox qorxuludur. Xeyli xob, indi buyurunuz şam süfrəsinə.

Şam yeməyindən sonra xan qolunun altındakı yumşaq balışa söykənərək oturmuşdu.

Bu halda iki manqal gətirildi. Manqalları gətirən iki gözəl uşaq bu dəfə iki padnosda firuzə başlı hoqqa və maşa gətirdilər.

Xan:

– Nəşələri hazırlayın! – dedi.

Uşaqlar əvvəlcə tiryəkləri gümüş və firuzə düzülmüş maşaların ucu ilə qızarmış közə tutub yumşaltdılar, sonra hoqqaların deşiklərinə yapışdırdılar və hoqqanın yanından asılan gümüş iynə ilə tiryəkin üstündən basaraq, hoqqanın içərisinə kiçik bir deşik açdılar.

Hoqqaların birisini Şükürpaşa xana, digərini isə onun vəziri Mirzə Cavad xana verdilər.

Uşaqlar qızarmış odu maşa ilə götürüb tiryəkin üstünə tutdular. Onlar isə tüstünü sümürüb udmağa və burunlarının deşiyindən dışarı buraxmağa başladılar.

Hər ikisinin tiryək dumanları arxasından işaran gözləri, gözəl uşaqların qırmızı oddan qızarmış çöhrəsinə dikilmişdi.

Mən bir onlara, bir də uşaqlara baxırdım, onların böyüdülmüş fotolarının xanın odasında vurulduğunu xatırladım və bunların Şərq saraylarına məxsus sevimli uşaqlar olduğunu yəqin etdim. Birisinin adı Qüdrətulla xan, digərinin adı isə Nəsrulla xan idi. Xan tiryəki çəkməmişdən sərxoş idi, uşaqlar bir əlləri ilə hoqqalara od tutur, digər əlləri ilə isə ara-sıra süfrədəki şirnilərdən götürüb onların ağzına qoyurdular.

Mənə də tiryək təklif etdilər. Adət etmədiyimi söylədim. Bir azdan sonra qapı açılıb üçüncü uşaq içəri girdi, əlində bir tar vardı.

Xan:

– Hüseynqulu xan, bir şey başla görək! – deyə əmr etdi.

Hüseynqulu xan tarı kökləmədən və bir şey çalmazdan əvvəl xan üzünü yanındakı Qüdrətulla xana tutaraq oxumağa başladı:

Aşiqi-ruyi-cəvani-xoşu nov xastəəm.

Vəz xuda söhbəti-ura bedua xastəəm.

Aşiqi-rindü nəzərbazəmü miquyəm faş:

Ta budani ki beçəndin hünər arəstəəm.

 

Daha sonra xan barmağı ilə avizədəki şamlara xitabla oxudu:

Xoş büsuz əz qəməş ey şəm ki imşəb mən həm

Be həmin kar kəmər bəstəvü bərxastəəm.

 

Xan farsca oxuduqdan sonra oxuduğunu tərcümə etdi:

“Yeni böyüməyə başlayan gözəl cavanın çöhrəsinin aşiqiyəm.

Mən onun söhbətinə, Allaha etdiyim dualar nəticəsində nail olmuşam.

Rindəm və yalnız bir gözəlin üzünə baxmağa aşiq olduğumu gizlətməyirəm.

Bununla da sən mənim nə qədər hünərlərə malik olduğumu bilməlisən.

Ey şam, sən də öz qəmindən yandığın zaman, yaxşı yanmalısan, çünki mən də bu gecə yanmaq məqsədi ilə işə başlamışam”.

Hüseynqulu xan həm çalır, həm də oxuyurdu. İstər xan, istərsə onun vəziri Mirzə Cavad Hüseynqulu xana əmr verməklə müəyyən qəzəllər oxumasını və müəyyən musiqiləri çalmasını tövsiyə edirdilər.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-24 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info