Qonaq Kitabı
İkinci hissə

– Bəli, indi getməliyik.

– Elə isə on beş dəqiqəlik vaxt verin, – deyə ayağa qalxdı. Mən balkona çıxdım.

Şübhəsiz ki, o tualetini düzəltmək, paltarını dəyişdirmək istəyirdi. Səttar Zeynalabdinov özü dalımızca gəlmişdi. Biz dəhlizdə oturub miss Hannanı gözləyirdik, bir azdan sonra o, incə ipək yay paltarında çıxdı, onun saçlarından və gözlərindən başqa hər şey ağdı.

Qız Səttarla tanış olduqdan sonra qolumdan tutdu:

– İndi gedə bilərik, – dedi.

Səttarın evi uzaq deyil, Oriantın dalında idi. Biz onun balkonuna çıxdıqda süfrə başında Şeyxov, Əliqulu Qəmküsar, Ələkbər yoldaş, Ağa Məhəmməd Hüseyn, Baxşəli ağa, Nağı İsmayılovu gördük.

Qız birinci növbədə Səttara müraciətlə:

– Bəs xanımınız haradadır? – deyə soruşdu.

Səttar utandı, qıza cavab verə bilmədi.

Mən:

– Xanım içəridədir, qonaqlarını məmnun etmək üçün ziyafət hazırlığına özü nəzarət edir, – deyərək qadının örtülü olduğunu və kişilərlə bir süfrədə otura bilmədiyini gizlətmək istədim.

– Mən onunla tanış olmalıyam, – deyə qız israr etdi.

Səttar bundan məmnun qaldığını söylədi və:

– Buyurunuz, xanımla tanış olunuz, – deyə miss Hannanı xanımın odasına müşayiət etdi.

Yemək süfrəyə verilmişdi, biz miss Hannanı gözləyirdik. Bir azdan o çıxdı və:

– Siz məni gözləməyin, mən naharı xanımla birlikdə etmək istəyirəm, – deyə yenə də otağa qayıtdı.

Miss Hanna getdikdən sonra mənim pasport məsələmi müzakirə etdik. Şeyxovun nə vasitə ilə pasport alacağından xəbərim yoxdu. Bu məsələ məni çox narahat edirdi. Şeyxov məsələni aydınlaşdıraraq dedi:

– Burada dükan saxlayan Cəbrayıl bəyin qardaşı Əbülhəsən bəy bizim ən yaxın tanışlarımızdandır. Pasportu o öz adına alıb bizə verməyə söz vermişdir. Culfadakı İran konsulu çar casusu olduğundan və jandarm polkovniki Ştraube və pristav Yaşşoltla sıx əlaqədə bulunduğundan, yoldaşın öz adına pasport almaq qorxulu idi.

Şeyxov bu sözlərdən sonra pasportu cibindən çıxarıb masanın üzərinə qoydu.

Mən öz kiçik fotoşəklimi pasportun üzərinə yapışdırmalı idim, çünki onsuz pasportun etibarı yoxdu. Fotonun üzərinə də konsulun möhürü vurulmalı idi.

Şeyxov Səttarın qulluqçusunu çağırıb:

– Get konsulun katibi Həsəni tap, söylə ki, Şeyxov səni çağırır, – deyə tapşırdı. Biz hələ naharı bitirmədən Həsən gəldi, Şeyxov pasportu ona verib dedi:

– Konsulun möhürünü bu pasportdakı fotonun üzərinə vurub gətirərsən.

Gənc Həsən gülərək getdi və çox çəkmədi ki, hazırlanmış pasportu gətirdi. Bu gənc konsul katibinin Əbülhəsən bəyin qardaşı oğlu olduğunu sonra öyrəndim.

İndi Əbülhəsən bəy idim, özüm də Şəbüstər mahalından, 26 yaşım vardı, pasportumu da vaxtı bitmiş pasportumun əvəzində almışdım.

Nahar yeməyi bitdi, bir azdan sonra miss Hanna gülə-gülə otaqdan çıxıb yanımıza gəldi, onun boynunda bir maddə qiymətli inci gördüm. Şübhəsiz ki, onu amerikalı qıza Səttar yoldaşın xanımı bağışlamışdı. Qız Səttar yoldaşa razılıq etdi və bu görüşdən xeyli məmnun qaldığını izah etdi. Axşam saat beşdə Səttar yoldaşın evindən çıxdıq, qız onun xanımı ilə ikinci dəfə vidalaşdı.

Oriant otelinə qayıtdıq. Bir az istirahət etmək lazımdı, çünki axşam yeməyinə Hacıyev Məmmədhüseynin evinə dəvət olunmuşduq.

– Siz bir az istirahət edin, – deyə Hannanı odasına ötürmək istədim.

– Pasport məsələniz necə oldu? – deyə maraqla soruşdu.

Mən pasportu cibimdən çıxararaq ona göstərdim. Hanna şadlığından hoppanmağa başladı.

– Yarın gedəcəyikmi? – deyə əllərimdən tutub sıxdı və tuflisinin dabanları üzərində fırlanaraq məni də fırlatdı.

– Bəli, gedəcəyik, hazırlaş, – deyə onu tək buraxaraq çıxdım.

 

“Səyahətnameyi-İbrahim bəy”

Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən, onun bizi gözlədiyini gördük.

– Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum.

– Çox az. Sevindiyimdən yata bilmədim, sizinlə birlikdə edəcəyimiz səfərin ilk gününü gözləmək olduqca həyəcanlıdır, – deyə utandığından başını aşağı saldı, gözlərimə baxa bilmədi. Mən onu bir daha bu məzmun üzərində danışdırmaq istəməyərək dedim.

– Səfərimizə bu qədər qiymət verdiyinizi bilmirdim. Hər halda sizin Təbrizə qədər olan səfərinizdə rahatlığınızın təmini üçün çalışacağam. Lakin onu da demək istərdim ki, məndə bir fövqəladəlik yoxdur. Sizə qarşı olan hörmətim ancaq kişilik vəzifəsi daxilində olan xidmətlərdir, sizin tək olmanız, xüsusən uzaq bir ölkədən inqilab etmiş bir ölkəyə düşməyiniz də hər bir adamın sizə hörmət bəsləməsini tələb edir.

Qız mənim qolumdan tutub gedir və danışırdı. O, yenə də söhbəti mənim ona etdiyim hörmətlərin üzərinə gətirib dedi:

– Mən sizin fövqəladə və hörmətli bir müsafir olduğunuza inanıram. Lakin ona müəyyən bir şəkil verməkdən acizəm. Hörmətiniz hər kəsin yanında yüksəkdir. Lakin bu hörmət bir tacirə olan hörmətin fövqündədir. Doğrusu, sizing şəxsiyyətiniz məndə o qədər yüksək bir təsir buraxmışdır ki, onu idarə etmək, onu müəyyən bir qalıba salmaq imkanını əldə edə bilmirəm. Kim bilir, bəlkə mənim qadınlığımın da bu təsirin yüksəlməsi işində bir rolu var.

Miss Hanna sözünü bununla bitirdi. Mən onun utandığını, hətta titrədiyini hiss edirdim. Qolu qolumda idi, qızın bütün həyəcanlarını hiss edirdim. O, Hacıyevin qapısından içəri girincəyə qədər nə danışdı, nə də üzümə baxdı.

Biz içəri girdikdə orada tanış yoldaşlardan başqa bəzi tanış olmayan qonaqların da olduğunu gördük. Bunların İrandan gəlib Məkkəyə gedən hacılar olduğunu sonradan öyrəndik. Məhəmmədhüseyn Hacıyev yoldaş bizi onlarla tanış etdi.

Miss Hanna İsgəndər xanın və Məhəmməd Müctəhidzadənin əlini sıxıb tanış oldu. Növbə Nəsrulla Salam Müctəhidə gəldikdə qız tərəddüd göstərməyə başladı, utandı və ya cəsarət etmədi.

– İrəli gəlin, xanım qız, – deyə Nəsrulla Salam ona müraciət etdi. – İrəli təşrif gətirin. Mən avam və köhnəpərəst mollalardan deyiləm. – Nəsrulla Salam qıza əlini uzatdı, qız onun əlini sıxıb Ələkbər yoldaşla mənim aramda oturdu. Nəsrulla Salam, Məhəmmədhüseyn yoldaşa müraciətlə:

– Yəqin ki, ağanın xanımıdır, – deyə miss Hannaya və mənə işarə etdi.

Məhəmmədhüseyn yoldaş isə:

– Xeyr, müsafirdir. Yolda tanış olmuşlar, hər ikisi Təbrizə gedəcəklər, – dedikdə Nəsrulla Salam yenə də:

– Xeyli xob. Munis və məhcub xanımdır. Çox da baədəbdir, – dedi.

Nəsrulla Salam bu sözü deyərək qəlyanını çəkməyə başladı. Heç kəs danışmırdı, ancaq mən qızın qulağına:

– Bunun “avam və köhnəpərəst deyiləm” deməsinə inanmayın, o, yenə də molladır, ruhanidir, köhnəpərəstdir, – deyə pıçıldadıqda, qız gülümsəyərək:

– Dər an məsələ şübhə nədarəm.[13] – deyə cavab verdi.

Nəsrulla Salam onun gözəl farsca danışdığını gördükdə, qəlyanın qəmişini ağzından çıxarıb təəccüblə baxdı və dedi:

– Barəkallah xanım qız, maşallah xanım qız!

Söhbət başladı. Söhbətlərin hamısı farsca gedirdi. Mən miss Hannanın molla ilə danışmaq üçün məqam axtardığını hiss edirdim. Bu imkanı ona yenə də Nəsrulla Salamın özü verdi.

– Bən əvvəlcə elə bildim ki, siz bu cənabın hərəmisiniz. Lakin sonradan müsafir olduğunuzu cənab sərkər Ağa Məhəmmədhüseyn buyurdular, – dedikdə məclisdə oturanların hamısı Nəsrulla Salamın bu sözlərinə qarşı qızın nə cavab verəcəyindən maraqlandılar.

Qız gülümsəyərək mollanın üzünə baxdı:

– Siz nə üçün mənim bu cənabın hərəmi olduğumu zənn edirdiniz? – dedi.

Nəsrulla Salam udqundu, necə cavab verəcəyini bilməyərək dedi:

– Çünki sizin hər ikiniz cavansınız. Bir-birinizə layiqsiniz. Xüsusən, siz gözəl, ədəbli xanımsınız.

– Əcəba, siz mənim ədəbli və gözəl olduğumu haradan təyin edirsiniz? – deyə qız öz sualından məmnun vəziyyət aldı.

Nəsrulla Salam qəlyanına bir qullab vurub dedi:

– Siz açıqsınız, ədəbiniz və gözəlliyiniz də göz qabağındadır.

Nəsrulla Salam sözünü bitirərkən, miss Hanna Nəsrulla Salama hücum etmək üçün hazırladığı sözləri bir-bir yağdırmağa başladı:

– Madam ki, qadın açıq olduqda onun gözəlliyini və ədəbini daha tez təyin etmək olur, nə üçün cənab müctəhid qadınların açıq gəzməsinə icazə vermir?

Nəsrulla Salam gözlərini qırpırdı, çətinliyə düşmüşdü, məclisdə çıxılmaz bir sükut hökm sürürdü. Mən molladan icazə istədim:

– Hərgah cənab müctəhid icazə versəydi, mən xanımın cavabını verərdim, – dedim.

Müctəhidin dili açıldı:

– Buyurun, oğlum, – dedi, – barəkallah oğlum. Buyurun.

– Mən cənab Nəsrulla Salamın qadın açıqlığı barəsindəki fikrini bilmirəm, – dedim, – ancaq bunu deyə bilərəm ki, İranda qadın açıqlığı məsələsini qoymaqla bərabər, kişiləri də açıq qadınlara layiq bir kişi halına gətirməyə çalışmalıdır.

Mənim bu sözümdən sonra sanki Nəsrulla Salamın dili açıldı və:

– Əhsən, afərin, oğlum! Fərmayişiniz doğru fərmayişdir. Kişilərimiz qadınlarımızdan da cahildir, – dedi.

Şam süfrəsi İran evlərinə məxsus bir süfrə idi, Nəsrulla Salam və arkadaşları süfrəyə baxıb gülürdülər. Ağa Məhəmmədhüseyn Hacıyev bu gülüşün mənasını çox tez anlayaraq dedi:

– Ağaların Məkkə ziyarətinə getdiyinə ehtiram edilərək süfrəyə şərab verilməmişdir.

Nəsrulla Salam sözə başlayaraq dedi:

– Bəndə əvvəlcə ərz etdim ki, köhnəpərəst və avam mollalardan deyiləm. O ki, cənab Məhəmməd xan Müctəhidzadədir, o cənabın özü də şərab saxlayanlardandır. Zənnimcə cənab İsgəndər xan da təqliddən boyun qaçırmazlar. O ki, Məkkəyə getməkdir, Məkkə sahibi o qədər böyük və mərhəmətli bir kişidir ki, bu cür xırda işlərlə məşğul olmaz və xırda günahları da hesabımıza yazmaz.

Məclisdəkilərin hamısı güldü. Ağa Məhəmmədhüseynin işarəsi ilə süfrəyə hər cür şərab verildi.

Nəsrulla Salam yalnız konyak içirdi. Əmmaməsini götürüb yerə qoymuşdu. Başında ağ və nazik bir araqçın qalmışdı.

– Süfrə başında baş geyimini çıxarmaq lazımdır, mən avropalıların bu işlərini sevirəm. Bu hər bir ziyalı adamın vəzifəsidir.

Mən onun bu sözlərinə tamamilə başqa məna verirdim. Molla şərab məclisində əmmamə ilə oturmağı, əmmaməyə qarşı bir təhqir hesab edir və bunu da bizə hiss etdirməmək üçün başqa bir dona salmağa çalışırdı. Mollanın yoldaşları da başlarını açdılar. Başlarının ortası alınlarından boyunlarına qədər iranlıların çətmə birçək dedikləri üsulda qırxılmışdı.

Şam bitincəyə qədər Nəsrulla Salam amerikalı qızı məşğul etməyə çalışır və cürbəcür məsələlərə əl atırdı. O, gözəl və gənc qızla bir şəhvətpərəst şərqli kimi deyil, mədəni, ziyalı, ağıllı bir şərqli kimi danışırdı. İsgəndər xanla Məhəmməd xan Müctəhidzadəyə gəldikdə qızı nəzərdən keçirir, hətta onun saçının tellərini sayacaq qədər diqqət yetirirdilər. Nəsrulla Salam qəlyan istəmişdi, mən Müctəhidzadə Məhəmməd xanla salonda gəzişir və söhbət edirdik.

Mən Nəsrulla Salama işarətlə dedim:

– Doğrudan da fikri açıq molladır, qızla ən mədəni və ziyalı bir adam kimi danışır.

Müctəhidzadə Məhəmməd xan gülərək dedi:

– Rəfiqi-möhtərəm! Bizim naxoşluğumuz ölüm naxoşluğudur, bizim başımız xəstədir, bəibarət uxra pişvalarımız naxoşdur. Ağam, o naxoşluq ki, mən sizə ərz edirəm, onların kaffəsi haman xörək süfrəsinin üstünə qoyulan əmmamələrdən doğur, bəlamızın kaffəsi haman qırx-əlli arşın tənzifdən çıxır. Doğrudur, bu adam qızla çox ədəbli danışır, lakin bununla ona mədəni və ziyalı adam demək olmaz, çünki onun qadınları görəcək gözü yoxdur. Sanki qadınlar ona təbiətcə biganədir. Onun qadını vardır, lakin üzünə baxmaz, çünki o, qeyri-təbii şəhvətin əsiridir. Bunun üçün də onun cavan övrətləri bir dənə də olsa uşaq doğmamış.

– Nə üçün? – deyə soruşdum.

– Onun yanında dörd-beş gənc xidmətçi, hazırda bir nəfər gənci də özü ilə bərabər Məkkə ziyarətinə aparır, öz çirkin əməllərini ziyarətdə də təkrar etmək istəyir. Ağa, bunu sizə bir nəfər iranlı olduğunuz üçün ərz edirəm. Bu haramzada haman uşağı Kərbala və Xorasan ziyarətinə də aparmışdır, indi də Məkkə ziyarətinə aparır. Bizi də bu səfərə məcbur edən odur. “Gərək gedib tövbə edəsiniz” deyib bizi də öz dalınca Ərəbistan çöllərinə sürüyüb aparır.

Biz bu söhbətdə ikən, 18 yaşlarında gözəl bir gənc əlində qəlyan içəri girdi və qəlyanı Nəsrulla Salamın qabağına qoydu. Nəsrulla Salam isə:

– Barəkallah, Hacı! – deyə alqışladı.

Müctəhidzadə yenə də sözündə davam etdi:

– Budur, haman uşaq budur, indiyə qədər müctəhid bir neçə beləsini saxlayıb, böyüdüb buraxmışdır. Gənc hələ də Nəsrulla Salamın qarşısında durmuşdu, gözləri qandan dolmuş bir piyalə kimi qızaran Nəsrulla Salam iki gözünü uşağa dikərək baxırdı. Xeyli baxdıqdan sonra Nəsrulla Salam ona getməyə icazə verdi, Müctəhidzadə isə yenə də sözünə başlayaraq dedi:

– Rəfiq, siz bizim rəhbərlərimizi tanımayırsınız. Onların hamısı bu xəstəliyə mübtəladır.

Mən:

– Əcəba, bu bədbəxt uşaqların axırı necə olur? – soruşdum.

– Onlar öz gəncliyini bu əxlaqsızların qucağında keçirdikdən sonra, müctəhidin vasitəsilə hökumət işlərinə təyin olunur. Məsələn, Nəsrulla Salamın əmrinə görə Marağa hakimi Hacı Səməd xan kimi əxlaqsızlar bu uşaqları hökumət işlərinə düzəldir, çünki Səməd xanın özü də Nəsrulla Salamın atasının yanında böyümüş, sonra da hökumət işlərinə təyin olunmuşdur. Hazırda o, Şücaüddövlədir. Dövlətin şücaətidir. İndi isə bizim dövləti, onun müctəhidini və bizim hökumət adamlarımızın kim olduğunu, necə böyüdüyünü mülahizə buyura bilərsiniz. Bu kimi əxlaqsızlığa öyrənmiş və bu rəzalətin içərisində böyümüş cavanlar hökumət idarəsinə keçəndən sonra, öz başına gələnləri başqa cavanların başına gətirirlər, odur ki, ölkəmizi əxlaqsızlıq bürümüşdür.

Müctəhidzadənin sözləri mənə dərin bir tə'sir bağışladı.

– Siz bu hallarla mübarizə aparmalısınız, xalqa anlatmalısınız, bu həyasızlığın hamısını ifşa etməyə çalışmalısınız, – dedim.

Müctəhidzadə mənim qolumdan tutub həyətə çıxardı. Kiçik bağçada gəzişməyə başladıq. Müctəhidzadə yavaşca dedi:

– Təəssüf olsun ki, biz bu saatdan sonra sizinlə görüşməyəcəyik, çünki gedirik. Hərgah avam xalqın məzəmməti olmasaydı, mən buradan qayıdar və İrana gedərdim. Orada sizinlə bir az vaxt keçirərdim. Ağa, biz işləmişik, bizim gördüyümüz işi İranda heç kim görməmişdir. Biz nələr etmədik. Biz nə ölümdən, nə dar ağacından, nə “xəlili”dən[14] xof etmədik. Bizi Ağa Məhəmmədhüseyn çox yaxşı tanıyır. Bu namussuz Nəsrulla Salam da bizim səbəbimizə gəlib Ağanın evində mənzil edibdir. Biz “Səyahətnameyi-İbrahimbəy” kimi əsərlər yaratdıq, İrandakı həyasızlığı, əxlaqsızlığı başdan-ayağa kimi ifşa etdik, xalqımız isə buna bir məzhəkə məcmuəsi kimi baxdı, çünki onların siyasi ruhlarını Nəsrulla Salam kimi əxlaqsızlar öldürübdür.

Müctəhidzadənin bu sözləri sanki iynə olub ürəyimə batdı. Diksindim, onun əllərini tutub dodaqlarından öpdüm və dedim:

– Nə qədər xoş təsadüf. Nə qədər məsud səfər.

Çox sevdiyim və mühərrirlərini tanımadığım o böyük “Səyahətnamə”nin insanı güldürə-güldürə ağladan məzmununu dərhal xəyalımdan keçirdim və ixtiyarsız olaraq gözlərim yaşardı.

Müctəhidzadə özü də ağlamsındı.

– “Səyahətnamə”ni təlif edən mən, bir də Hacı Zeynalabdin Marağalı idi, onun Misirdə çap məsarifini də ikimiz cibimizdən verdik. Mirzə Əliməhəmməd xan Kaşanlı tərəfindən Misirdə çap olunan “Pərvəriş” qəzeti də bizim köməyimizlə çıxırdı. “Hacı Nəmməd bal”, “Madər-dövlət” məqalələrinin birisini mən, o birisini Hacı Zeynalabdin yazmışdır. Nəhayət Ətabek kimi ərzəllər qəzeti İrana buraxmadı. Əliməhəmməd Xanzadə cavan idi, bu zərbəyə dözmədi, özü də vərəmli idi, öldü, qəzet də bağlandı. Ağa, hər işimiz yarımçıq qaldı, indi isə özümüzü axmaqlığa vurub, bu lotunun dalısına düşüb Məkkəyə gedirik.

Biz çox danışdıq. Gecə keçirdi. Bizi salona dəvət etdilər. Miss Hanna darıxdığından mənə və Şeyxova getməyimizi təklif etdi.

– Hacılar da sabah getməlidirlər, qoy onlar da bir az rahat olsunlar, – dedi. İsgəndər xan Ağa Məhəmmədhüseyndən soruşdu:

– Biz sabah saat neçədə buradan rəfi-zəhmət etməliyik?

– Hər gün vağon vardır, ya yox?

– Cənab Hacı, səhər saat yeddidə vağona oturmalısınız, – deyə Ağa Məhəmmədhüseyn cavab verdi.

Cənab Ağa Məhəmmədhüseyn, sizə məlumdur ki, bəndələr ki, cənab Nəsrulla Salamın hüzurunda gedirik, bizim yanımızda on manat, yüz manat bir pul deyil. Bir yüz manat da artıq para verib vağunu qapıya gətirmək olmazmı? Çünki cənab Nəsrulla Salam üçün də vağzala getmək əziyyət olacaqdır.

Bu sözlərdən İsgəndər xanın vaqon görmədiyi bəlli oldu. Ağa Məhəmmədhüseyn isə onu sakit etmək məqsədi ilə dedi:

– Mümkün deyil, mümkün olsa idi, buyurduğunuz kimi edərdim.

Gecə saat on ikidə vidalaşıb çıxdıq. Müctəhidzadə bizi qapıya qədər ötürüb əlimi bir daha sıxdı.

 

İran Culfasında

Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib gedənlərə, nə gəlib gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsinin ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı.

Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.

Faytondan düşüb pilləkənlərdən yuxarı qalxdıq. Bizi aşağı rütbəli bir gömrük məmuru qarşıladı. O, yaltaqlandı, yarırus, yarıtürk, yarıfarsca:

– Ağa, buyurunuz. Biz sizin sərəncamınızdayıq, – dedi.

İçəri girdik, kiçik, yoxsul, kəsif bir otaq idi. Otağın bir küncündə qoyulmuş yazı masası ən sadə taxtadan qaba bir şəkildə qayrılmış, üstü isə Culfanın qəliz tozu ilə örtülmüşdü. Üstündəki şeylərə gəldikdə, bir qələm, bir qırıq mürəkkəb qabı, bir də İran hökumətinin vizə möhründən ibarətdi. Yazı masasının dalında oturan gənc pasport məmuru bizi görüb ayağa qalxdı və bizə yaltaqlanan gömrük məmuruna acıqlanaraq:

– Gədə məgər şuma heç şərəf və şərm nədarid?[15] – dedi.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-24 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info