Qonaq Kitabı
İkinci hissə

Nəşə son nöqtəsinə varırdı, xanın gözləri nə açıq, nə də qapalı idi, o, yatmaqla ayıqlıq arasındakı aləmlərdə dolaşırdı, gözlərini yenə də yarımçıq açdı, barmağı ilə otağın tavanına işarə edib oxudu:

Çərx bərhəm zənəm ər qeyri-müradəm kərdəd

Mən nə anəm ki zəbuni kəşəm əz çərxi-fələk.

 

“Əgər dünyanın çarxı mənim kefimcə hərəkət etməzsə onu tərsinə çevirərəm. Mən fələyin cövründən qorxan adamlardan deyiləm.”

Onların hər ikisi danışırdı, lakin sözlərinin nə əvvəli vardı, nə də axırı.

Xan gözünü açaraq:

– Ağa bəlkə yatmaq istəyir? – dedi.

Tiryək daha çəkilmirdi, indi yalnız onun nəşəsilə əylənirdilər. Gözəl uşaqlar da oturub onların əmrini gözləyirdi. Nəfəsim tiryəkin tüstüsündən darılırdı, dışarı çıxmaq istəyirdim. Tar da çalınmayırdı, çünki ən kiçik bir hərəkət onların nəşəsini pozacaq və tiryək çəkmək üçün sərf edilən zəhmət hədərə gedəcəkdi.

Saatlarca oturdum. Mirzə Cavad, xandan əvvəl ayıldı, vidalaşıb getdi, süfrə və sair şeylər də manqallar və hoqqalarla bərabər aparıldı.

Qüdrətulla xan nəşələr içində üzməkdə olan xanın yanından qalxıb mənim yanıma gəldi və:

– Ağa, buyura bilərsiniz, – deyərək qabağıma düşüb məni zəngin çarpayı qoyulmuş gözəl bir otağa gətirdi. Mən burada yatmalı idim.

Oğlan:

– Bəndəyə nisbət başqa bir əmriniz olsa, buyurunuz, – deyə məni rahatladıqdan sonra çıxıb getdi.

Səhər tezdən qalxdıq. Yağış dayanmışdı, göy üzü aydın və safdı. Xanın xidmətçiləri Araz çayının da sakitləşdiyi xəbərini verdilər.

Xan yuxudan çox tez durmuşdu. O, bu gün divanxanada işlərə baxacağını söylədi. Çayı içdik, xanla bərabər qalxdıq, xanın divanxanası ilə maraqlanırdım, divanxanada iştirak etmək üçün müsaidə istədim.

– Buyurunuz, məhkəmə işlərimizlə tanış olmağınız yaxşıdır, – deyə xan icazə verdi.

Divanxana həyətinə çıxdıq. Balkonda bir çox kəndli durmuşdu; hamısı birdən xana baş əydi. Xan içəri girib döşəyinin üstündə əyləşdi. Vəziri Mirzə Cavad da dünən oturduğu yerdə oturub yeşikdən bir çox kağız çıxardı.

Mən pəncərənin digər tərəfində əyləşdim.

– Qafar Dursun oğlu! – deyə Mirzə Cavad səsləndi.

Gənc bir kürdü içəri gətirdilər. Mirzə Cavad onun kağız üzərində yazılmış təqsirini oxuyur, xan sakitcəsinə dinləyirdi.

“Qafar Dursun oğlu, Dizəcik sakini, Dudarlı kəndindən Cəfər ağanın qızını götürüb qaçmışdır. Atışmada Cəfər ağanın nökərlərindən Osmana güllə atıb öldürmüşdür”.

– Bu sözlərin hamısı doğrudurmu? – deyə xan Qafardan soruşdu.

– Doğrudur, malım xanın canına qurban olsun!

– Bunun nəyi vardır? – deyə xan Mirzə Cavada müraciət etdi.

Mirzə Cavad yenə də kağıza baxdı.

– Beş yüz qoyunu, səkkiz inəyi, dörd atı, on bir baş öküzü və bir qədər də xırda heyvanı vardır.

Xan heç düşünmədən dedi:

– 20 baş qoyun, bir inək güllədən ölmüş Osmanın uşaqlarına verməlidir. Əlli baş qoyun, bir at, iki inək də cəriməsidir. Aparın anbara salın və xanın qərarını adamlarına xəbər verin.

Qafar qapıdan çıxdıqda ancaq bu sözləri dedi:

– Canımız xanın yolunda qurbandır.

İkinci müqəssir xanın rəiyyətlərindən Lelov adlı kürd idi. Mirzə Cavad bunun da təqsirnaməsini oxudu.

“Çərşənbə axşamı mal naxırdan qayıtdıqda xanın qaşqa danası naxırdan ayrılıb Lelovun bostanına girmiş, o, qaşqa dananı ağacla vurub öldürmüş, dana bıçağa da gəlməmişdir”.

Mirzə Cavadın bu sözlərindən sonra xanın pozulmadığını görüb bir danadan ötrü qoca kəndlini cəzalandırmayacağına inandım. Bu halda xan danışdı.

– Dananın əvəzinə bir öküzünü gətirin. Həyasızlığının cəzası da yüz çubuqdur.

Cəza qərarını verdikdən sonra xan ayağa qalxdı və Mirzə Cavad xanla dışarı çıxdı, mən də onlarla çıxdım. Həyətdə kəndlini üzü üstündə yerə uzatmışdılar. Tumanını sıyırıb qıçalarına salmış və köynəyini də tamamilə çıxarmışdılar. Bir nəfər onun başı, bir nəfər də ayaqları üstündə oturmuşdu.

Çubuqlar işə düşdü.

Kəndlinin bədəni bu çubuqlara davam gətirmədi, hələ ilk çubuqlardan sonra zolların yerində qan görünməyə başladı. Kəndli hərəkət edə bilməyir, yalnız yandırıcı bir səslə yalvarır və fəryad edirdi. Mən bu vəhşi mənzərəyə dözə bilmədim, əvvəlcə üzümü kənara tutdum; lakin dayana bilmədiyimi hiss etdikdə, xandan icazə alıb dışarı çıxdım.

 

Rusiya sahilində

Araz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən ,səmimi yoldaşları xatırladırdı.

Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmir yol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şahtaxtı mövqifində gecə saat 3-də olacaqdı.

Biz Şahtaxtıda ikən Snarskinin Təbrizə gedən son əsgəri eşelonu gəlib Culfaya getdi. Çay içdik, yemək yedik, eyni zamanda da dükanda danışılan söhbətlərlə də maraqlanırdıq. Onlar Səttar xandan, Təbriz inqilabından danışırdılar.

Usta Baxşəli adlı birisi:

– Bu gün eşitdim ki, Məhəmmədəli şahın ölüsünü dalına sarıyıblar, – dedikdə marağım artdı və ixtiyarsız olaraq:

– Haradan eşitdin? – deyə sordum.

– Məşədi Əli bəyə Bakıdan qəzet gəlibdir, – dedi. Göndərib qəzeti gətirdilər.

“Kaspi qəzeti idi. Oxudum:

“Tehran. 13 iyul. Röyter agentliyinin verdiyi xəbərlərə görə Rusiya səfarətinə girmiş Məhəmmədəli şah özünü çox rahat hiss edir. Bəxtiyarilər bütün hökumət idarələrini əllərinə almışlar”.

Mən qəzeti oxuduqdan sonra fikrimi dəyişdim. Artıq Rəştə getmək, inqilab dəstələrinə qoşulub Tehran üzərinə yürüməyin vaxtı keçmişdi.

Yoldaşlarla məsləhət etdikdən sonra mən Təbrizə qayıtmalı oldum.

Yoldaşlarla vidalaşdım, çünki onlar saat üçdə Tiflisə yola düşəcəkdi, mən isə axşam saat yeddi qatarı ilə Naxçıvana, oradan da Culfaya gedəcəkdim.

* * *

Qatarımız Şahtaxtı stansiyasından şərqə doğru hərəkət etdikdə, günəş Maku

dağlarının arxasından aşıb qərbə doğru enməkdə idi.

Yumurta kimi ağaran Ararat dağını arxada buraxdıqca əski Naxçıvanın qara heykəli kimi duran İlanlı dağa yaxınlaşırdıq. Teymurləng cahangirliyinin yadigarı olan palçıq qalalar və onların içərisindən başını çıxarıb keçmişinə dalısını çevirən qırıq minarələr də batmaqda olan günəşin sarı pərdələrinə bürünərək qatarımızı qarşılayırdı.

Ruzigar əsir və təpələrin qumlarını ölümə məhkum olmuş cahangirlik kitabının son vərəqləri kimi çevirirdi. Qırıq qala divarları, sınıq minarələr, təpənin üzərindən şimal yollarına gözünü dikən və şimaldan mərhəmətlər, medallar gözləyən xan evləri də vaqonun pəncərəsindən baxanlara Naxçıvanın Ehsan xan dövrünə aid dastanını oxuyurdu.

Naxçıvanda çox durmadıq, düşənlər düşdü, Culfaya gedənlər isə mindi. Yenə də qatar hərəkət edərək, on dəqiqə keçmədən Araz çayı sahillərinə düşdü. Qatar beli qırılmış ilan kimi burulur, torpağın üstünə döşənmiş rayları[9] qucaqlayaraq keçir və yoxuşlara dırmanarkən dərin nəfəs alırdı.

Keçmişin minillik tarixini öz çürük gövdəsində daşıyan Vanqın kilsəsinin yanından keçib bütün varlığı ilə uyumaqda olan şəhərin xarabaları qarşısına yetişirdik.

Sağımızda Araz çayının İran sahilində daş yığınlarının içərisindəki katolik münzəvilərinə məxsus əski monastır çürük kəllələrin gözünə bənzəyən bacaları ilə qatarımıza baxırdı.

Qatarımız Culfaya gecə saat on birdə yetişdi. Stansiya qələbəlik idi. Gündüzləri isti və toz əlindən bayıra çıxa bilməyən Culfa xalqı gecələri stansiyaya toplaşıb dincəlir və sərinlənirdi.

Mehmanxana işçiləri vağzalda müsafirləri qarşılayır və öz təmiz odalarını təklif edirdilər.

Mən “Fransa” otelinə getdim. Bura Culfada birinci otel sayılmaqdadır, təmiz və mədənidir. Oteldə böyük qələbəlik nəzərə çarpırdı. Odaların bir çoxu Snarski ordusunun zabitləri tərəfindən işğal edilmişdi. Kiçik bir odada yer verdilər, üst paltarımı dəyişib yemək üçün otelin yay salonu olan balkona çıxdım. Masalar tutulmuşdu, zabitlər, müsafirlər, yerli tacirlər, İran Culfasından keçən hökumət məmurlarının hamısı şam yeməyində idi. Mən öz odamın pəncərəsi qarşısında qoyulan kiçik masanın başında oturdum. Gödəkboylu, sallaqbığlı, üzü qırxılmış dolu bir erməni mənə yanaşaraq:

– Nə buyuracaqsınız? – deyə soruşdu.

Türkcə danışırdı. Mən yemək sifariş etdim, sonar onun otel sahibi Qriqor ağa olduğunu bildim.

Birdən dəhlizdə səs-küy qopdu. Bir nəfər farsla mehmanxana xidmətçisi savaşırdı. Sonradan məlum oldu ki, fars Ələmdar hakimi İqbal Nizamdır. O, əxlaqsız qadınların sərxoş olaraq haqq-hesabını verməkdən boyun qaçırmış və əlavə olaraq bilməyərəkdən üz dəsmalını şalvarı ilə bərabər əyninə geymişdir. Xidmətçi üz dəsmalını onun şalvarından çıxarıb təhqir etdiyi üçün hakim acıqlanmışdır.

Mən oturan masa ilə yanaşı qoyulan masada dörd nəfər oturmuşdu. Etdikləri söhbətdən tacir olduqları görünürdü. Bunların kim olduqları ilə maraqlanırdım. Mən adlarını eşidib uzaqdan tanış olduğum bir neçə adamı da Culfada tapmalı idim, çünki bunları tapmadan və İran pasportu düzəltmədən İrana getmək mümkün olmayacaqdı. Nə yediyimi, nə də içdiyimi bilmirdim. Bu adamlar sanki mənim axtardığım adamlar idi.

Masanı taqqıldatdım, yenə də otel sahibi yanaşdı, təzə xiyar istədim, eyni zamanda qonşu masada oturanları soruşdum.

– Şeyxov Nəsrulla, Baxşəli ağa Şahtaxtlı, Ağa Məhəmmədhüseyn Hacıyev, bir də Səttar Zeynalabdinovdur. Culfa tacirləridir, – deyə cavab verdi.

Mən sevindim, bu təsadüfün qayət əlverişli bir təsadüf olduğuna inandım və nə danışdıqlarını bilmək üçün onları dinlədim.

– Biz nə edə bilərdik? Vaxta ki, Təbrizdə pozğunluq üz verirdi, bir halətdə ki, camaat sel kimi axıb rus himayəsinə gedirdi, bir zamanda ki, inqilabçı Təbriz öz mücahidlərini, öz rəhbərlərini, hətta bir ovuc Qafqaz inqilabçılarını müdafiədən aciz idi, onda biz nə kimi yardım verə bilərdik?

Bunun Şeyxov olduğuna şübhə yox idi, Nina da vaxtilə bununla görüşüb onun qarabəniz, yoğun bir adam olduğunu mənə söyləmişdi. Arıq, beli bükülmüş, fəqət olduqca sevincli bir simaya malik ikincisi əlindəki şərabı içib yerə qoyduqda:

“Ey əcəl, mənim fəryadıma yetiş, bu dirilik məni həlak etmək istəyir” – məzmunlu bir şeir oxudu.

Bu da, şübhəsiz ki, qoca inqilabçı Hacıyev idi.

Üçüncüsü ucaboylu, qırmızıüzlü, olduqca görkəmli bir zat idi. Bu da Baxşəli ağa Şahtaxtlı olacaq idi. Bu adam içməyirdi, daima papiros çəkir və dişini sümürürdü, bunun üçün şərab yerinə buzlu ayran hazırlamışdılar.

Dördüncüsü arıq, uzun, xırdagözlü bir kişi idi. Bu da Səttar Zeynalabdinov idi. Təbrizin Qafqazdan gözlədiyi yardım, ancaq bunların vasitəsilə mümkün olur və bunlar Culfa inqilabçılarının qabaqda gedənləri idi. Görünür ki, onlar çoxdan oturmuşdu, gedəcəkdilər, sonra onları tapmaq mümkün olmayacaqdı.

Kiçik bir məktub yazıb Şeyxova göndərdim.

 

“Cümşüd cənabları ilə görüşmək istərdim”.

 

Şeyxov “Cümşüd” kəlməsini oxuduqda təəccüb etdi, çünki bu ad onun inqilabi hərəkatda daşıdığı gizlin ad idi. O, mütəfəkkir və qara gözlərini mənə çevirdi və heç bir söz söyləmədən məktubun cavabını yazdı.

 

“Evimiz klubun dalısındadır. Klubu soruşsanız nişan verərlər. Sabah saat ikidə gözləyəcəyəm”.

 

Mən ancaq bu məktubu aldıqdan sonra rahat yeməyə başladım. Onların da asta və gizlin söhbətləri başladı. Heç şübhə yoxdur ki, mənim barəmdə danışırdılar.

Onlar başları ilə vidalaşaraq getdilər. Mənim üçün yeni çıxmış Ələmdar qovunu gətirmişdilər. Hələ qovundan yeməmişdim, saat ikiyə işləyirdi, birdən uzun dəhlizdə çar zabitlərinin hay-küyü başlandı. Bir çox iranlı və yerli tacirlər qaçıb getdi, qadınlar da həyət qapısından çıxıb başqa mehmanxanalara qaçırdılar. Zabitlərdən bir neçəsi xidmətçiləri döyüb, qadın tələb etmişdilər. Qadın gətirilmişdi, lakin zabitlərin hamısına qadın yetişmədiyindən dalaşmağa başlamışdılar.

Culfanın hər tərəfindən toplanmış 15 nəfərə qədər əxlaqsız qadın dəhlizin bir başında saxlanmışdı, zabitlər isə qılınclarını çəkib yenə də qadın tələb edirdilər.

– “Day babu!” – deyərək xidmətçiləri hədələyirdilər. Qadınlar qorxularından nə edəcəklərini bilmirdilər.

Otel sahibi qadınını götürüb qaçmışdı.

Zabitlərdən birisi dördüncü otağın qapısına qılıncla vurub:

– Burada qadın var, – deyə qışqırırdı.

Xidmətçi:

– Buradakı qız, Amerika Xeyriyyə Cəmiyyətinin üzvlərindəndir, o Təbrizə gedir, – dedikdə zabit qüvvətli bir təkanla qapını açdı.

Otaqdan dəhşətli bir qışqırıq eşidildi, bir azdan sonra gecə paltarında olan gənc bir qızı dəhlizə çəkdilər. Saçları dağınıq qız qorxusundan tir-tir titrəyirdi. O, gah almanca, gah ingiliscə yalvarırdısa da, sözünü eşidən yoxdu. Çar zabitlərinin qafasında iki şey hökm sürürdü: şəhvət və şərab.

Zabitin birisi, namusu vəhşilər əlində olan amerikalı qızı arası kəsilmədən nitq söyləyir və deyirdi:

– Biz çarın yolunda Şərqə gedirik. Kim bilir, bəlkə salamat qayıtmadıq. Xanım qız, siz mədəni bir qızsınız, bilirsiniz ki, sizi özümüzə həmişəlik mal etmirik, bir gecə qalıb gedənlərdənik. Siz heç də təlaş etməyin, biz mədəni və ziyalı adamlarıq, çar zabitləriyik.

Qıza yardım etmək lazımdı, lakin müdaxilayə cəsarət etmirdim. Pasportum vardı, canımdan qorxurdum, çünki qılınclar və boş butulkalar kəsməyə və əzməyə baş arayırdı. Onların sırasında ayıq olanları da vardı, lakin onlar da – qadın ver, – deyə qışqıranların səsinə səs verirdi.

Mən yüksək rütbəli 40-45 yaşlarında bir zabitə yanaşdım. O məni başdan-ayağa qədər gözdən keçirdi və yanında bir avropalı durduğunu hiss edincə:

– Nə istəyirsiniz? – dedi.

Mən:

– Sizə bir neçə söz demək istərdim, – dedim.

– Buyurun, – deyə cavab verdi.

– Siz Şərqə gedirsiniz, bura da Şərqin girəcəyidir. Siz İrana böyük Rusiya mədəniyyəti aparmaq və orada sülh səlaməti bərpa etmək üçün gedirsiniz, siz bu iddia ilə də başqa bir hökumətin torpağına daxil olmaqdasınız. Əlbəttə, sizin bu rəftarınız, imperator hökumətinin təqib etdiyi sülh siyasətinin əleyhinədir, əcəba, siz bunu nəzərə almırsınızmı?

Yüksək rütbəli zabit sözlərimdən ayılan kimi oldu.

– Siz iranlımısınız? – deyə soruşdu.

– Xeyr, qafqazlıyam, çar təbəəsiyəm, bunun üçün də ordumuzun əsgəri namusunu ləkələyəcək hərəkətləri gördükdə utanıram, – dedikdə, o, əllərini çiynimə qoyaraq dedi:

– Elədir! Namusunuzu təqdir edirəm, fəqət qız da gəncdir, gözəldir, onlar bunu buraxmaq istəməyəcəkdir. Mən bunların qarşısına keçəcəyəm, siz qızı buradan rədd ediniz, sizdən çox razıyam.

Qız mənim zabitlə danışdığımı görərək ağladı və anlamadığım bir dildə danışmağa başladı. Mən onun sözlərini anlamasam da, hər halda mənə yalvardığını və yardım istədiyini hiss edirdim. Qızın qolundan tutub odama çəkdim, kiçik əl çamadanımı alaraq qızla bərabər pəncərədən balkona düşərək dal qapıdan küçəyə çıxdıq. Qapıda duran faytona oturub birbaş Oriant otelinə hərəkət etdik. Burada Ələkbər yoldaşa təsadüf etdikdə çox sevindim, o da mənim və yoldaşlarımın Təbrizdən salamat qurtardığımızı və rusların əlinə düşmədiyimizi eşitdikdə şad oldu.

Qız gecə paltarında idi, tez bir adam göndərib qızın şeylərini Fransa otelindən gətirtdim.

Qızı danışdırmağı, onu təskin etməyi bacarmırdım. Qızın müxtəlif Avropa dillərində mənə təşəkkür etdiyini hiss edirdim, lakin nə bir şey anlayır və nə də anlada bilirdim. Nəhayət o:

– Zəbani farsira midanid? – deyə farsca danışmağa başladı.

Mən təəccüblə ona baxdım və:

– Kəm-kəm hərf mizənəm, – deyə cavab verdim.

Məni heyrət bürümüşdü. Əcəba, bu gənc qız farscanı harada öyrənmişdi, kim idi və haraya gedəcəkdi? Anladığım bir dildə danışması məni çıxılmaz vəziyyətdən qurtardı.

– Farsca harada öyrəndiniz? – deyə sordum.

– Nyu-Yorkda Şərq lisanları fakültəsi bitirmişəm atam da şərqşünasdır.

– İngilismisiniz?

– Xeyr, Amerika almanlarındanam.

– İrana nə üçün gedirsiniz?

– Bizim xeyriyyə və elmi-tədqiqat işlərində çalışan heyətimiz Cənubi İrandan Təbrizə gəlmişdir. Mən də heyətin sədri sifətilə Amerikadan gəlib Təbrizə getməliyəm.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-24 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info