Qonaq Kitabı
İkinci hissə

– Heyətinizin əsas vəzifəsi nə olacaqdır?

– Təriqət və adətləri öyrənmək, xəstələrə, zərərdidələrə yardım etmək, insaniyyətə xidmət göstərmək kimi işlər üçün gedirik.

– Əqidə və təriqətləri öyrəndikdə siyasi məsələləri də öyrənəcəkmisiniz?

– Xeyr, siyasi məsələlərə qarışmaq vəzifəmizə daxil deyildir. Səyahətimiz elmi və xeyriyyə məqsədlərini daşıyır.

– Çox gözəl, indi siz özünüzü bir az rahat hiss edirsinizmi? Çox təəssüf edirəm ki, əxlaqsız zabitlər sizi narahat etdi.

– Doğrudur, bu gecə onların qorxusundan mən dışarı belə çıxa bilməmişdim. Mən sizin bu gecəki xidmətinizin əvəzində şübhəsiz ki, sizə dəyərli bir xidmətdə buluna bilməyəcəyəm, lakin əmin ola bilərsiniz ki, bunu ölüncəyə qədər unutmayacağam.

– Elə mühüm bir xidmətdə bulunmadım. Bu xidməti hər bir vicdanlı kişi yerinə yetirməli idi. Köməksiz və yardımsız bir qızı sərxoş və vəhşi zabitlərin əlindən xilas etmək vəzifəm idi, – dedim.

Qız bu sözlərimə qarşı bir daha təşəkkür etdi.

Əsəblərim qarışdığından yata bilməyəcəkdim. Ələkbər yoldaş yemək sifariş vermiş və kiçik balkonda süfrə açdırmışdı. Qıza da yemək təklif etdik:

– Buyurun, siz də bizimlə süfrədə iştirak edin.

– Məmnuniyyətlə iştirak edərəm. Doğrusu, qorxumdan odanın qapısını açıb şam yeməyinə çıxa bilməmişdim, – deyə qız süfrəyə oturdu. Yemək yeyərkən məndən soruşdu:

– Siz qafqazlımısınız?

– Xeyr, iranlıyam, — deyə özümü tanıtmaq istəmədim.

– Nə iş görürsünüz?

– Xəsarətə uğramış bir tacirəm. Nə etməli, inqilab baş vermiş bir ölkədə zərər çəkməmək mümkün deyildir.

– Təbrizəmi gedirsiniz?

– Təbrizə gedirəm.

– Yenə də qazanarsınız. Mən sizi Amerika ticarət müəssisələri ilə tanış edərəm, bu mümkündür, lakin biz bir süfrə başında oturduğumuza baxmayaraq, tanış olmağı unutmuşuq.

Bu sözdən sonra mən əlimi qıza uzatdım, o da nazik əlini mənə uzadaraq sıxdı və dedi:

– Miss Hanna.

Qızın həyəcanı hələ də sakit olmamışdı, əlini əlimə aldıqda, barmaqlarının hələ də xəfif-xəfif titrədiyini hiss etdim. O, həyatını təhlükədən qurtardığım üçün bir daha təşəkkür etdi. Söhbətimiz səhər saat dördə qədər uzandı. Saat dörddə qız öz odasına, Ələkbər yoldaşla mən də, öz odamıza çəkildik.

Səhər saat doqquzda yenə də çığırtı eşitdik, səs yenə də zabit səsi idi, yata bilmədik, bütün müsafirlərlə bərabər biz də geyinib dəhlizə çıxdıq. Zabitin biri gecə paltarında idi, başqa zabitlər də onun ətrafına toplanıb nə hadisə üz verdiyi barəsində soruşurdular. Gecə paltarında olan zabit haraya gəlmiş otel sahibinin yaxasından tutub:

– Qadın məni soymuşdur, onu bu saatda mənə verməlisən! – deyə onu silkələyir və söyürdü. Otel sahibi, gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, zabit dar dəhlizin divarına dəyib doğruldu. Zabitlər isə hər tərəfdən:

– Ey, əllərini yerində saxla! – deyərək gürcünü hədələdilər.

Dmitri həmin zabitə yanaşaraq dedi:

– Mən sənə dedim ki, mehmanxanaya dışarıdan naməlum qadınları gətirmək yaramaz. Onlar sizin kimi axmaqları soymaq üçün Culfaya toplanmışlar. Amma sən, “mən özüm məsulam”, deyə qulaq asmadın. İndi isə qadını məndən istəyirsən, mən səhərə qədər onu güdəcəkmi idim?

Zabit onu vurdu, Dmitri orada toplanmış gürcü xidmətçilərə və dəmir yol işçilərinə işarə elədi. Gürcülər orada olan dörd çar zabitini yalvarıncaya qədər döydülər. Zabitləri onların əlindən aldıqdan sonra oğurlanan şeyləri axtarmaq qərara alındı. Otaqların çoxunda qadın olduğu üçün odaları axtarmaq lazım gəldi.

Növbə yenə də amerikalı qızın odasına yetişdi, qız qorxusundan qapını açmayırdı. Mən onu səsləyərək:

– Miss, qorxmayın. Qapını açın, mən burdayam, – dedikdən sonra qız qapını açdı. Zabit ona baxdıqda o yenə titrəyir və axşamkı hadisəni xatırlayırdı. Sərxoşluqdan ayılmamış, sifəti boş tuluq şəkli almış, gözləri şişmiş zabit, başı titrəyə-titrəyə qıza baxaraq:

– Net, ne ona, – deyə geri qayıtdı.

Mən isə qıza müraciətlə:

– Qorxulu bir şey yoxdur. Rahat olunuz, – dedim.

– Daha yatmaq istəməyirəm, tez bircə, İrana gedə bilsəydim, bu qorxudan xilas olardım, – deyə qız narahatlığını bildirdi.

– Heç bir qorxu yoxdur. Əmin olunuz, biz var ikən sizə heç bir hadisə üz verə bilməz. Bu kimi hadisələrə gəldikdə, İran sahilində daha artıqdır. Çar zabitləri İranda da azad hərəkət edirlər.

Yıxandıq, geyindik. Qız isə odasında zərif və ağ ipəkdən qayət nəfis və incə bir paltar geydikdən sonra çay masasının başında oturdu.

Otel sahibi bizə yanaşaraq, dedi:

– Sizin rahatsız olmağınıza razı olmazdım, lakin nə etməli. Bir neçə gündən bəri bütün Culfa bu vəziyyətdədir. Bizim otel hər yerdən salamatdır. Bizdən qorxurlar. Məhz onları döymək və qorxutmaq üçün dəmir yolunda işləyən qüvvətli gürcüləri burada yedirib saxlayıram. Başqa otellərdə belə deyildir. İngilis otelinin qabyuyan qadınını, otel sahibinin qadınını zorlamışlar. Mıqri oteli müdirinin baş-gözünü dağıtmışlar. Fransa otelnin sahibi Qriqor ağa Franqulov da axşamdan öz arvadını götürüb bura qaçmışdır. Bunların öhdəsindən ancaq elə qadınlar gələ bilər. Üç min manat pulla bir qızıl saatını çalıb getmişdir. Belə qadınlar rus və İran Culfasında yüzlərcədir. Axşamdan ona xəbər vermişdim, mənə qulaq asmadı. Yanında olan qiymətli şeylərini də kassaya qoymaq üçün isədikdə, “heç bir şeyim yoxdur” deyə acıqlı cavab vermişdi, indi isə cavabını aldı.

Çay və səhər yeməyimiz bitdi. Mən saat ikidə Şeyxovla görüşmək üçün gedəcəkdim. Bunu Ələkbər yoldaşa da bildirdim, bir yerdə getməli olduq.

Qızı otel müdiri Dmitriyə tapşırdım. Qız özü belə bir təkliflə bulunmuşdu. Saat üçdə, yenə burada görüşəcəyimizi qərara aldıq. O, odasına qapandı, mən də Ələkbər yoldaşla oteldən çıxdım.

* * *

Şeyxovun evinə girərkən axşam oteldə təsadüf etdiyim dörd nəfəri orada gördüm. Görüşüb tanış olduq.

Nahardan sonra söhbətə başladıq, onlar mənim Təbrizə qayıtmağımı, qorxulu bir iş olsa da, məsləhət gördülər, çünki Təbrizdə ruh düşgünlüyü gündən-günə artırdı. Şeyxov Hacı Əli Davafruşdan aldığı məktubu oxumağa başladı:

“Ruslar öz işlərinə başladılar. Bu gün qafqazlılardan “Molla Nəsrəddin” məcmuəsi redaktorunun qardaşı Mirzə Ələkbər Məmmədquluzadəni, bir də Hacı Mirzə Ələsgər Qarabağlını həbs etdilər. Ruh düşgünlüyü başlayır, heç olmazsa mütərəddidləri qorxuzmaq, çar himayəsini qəbul edənlərin qarşısını almaq üçün gizli bir cəmiyyət düzəldilməlidir”.

Hacı Əlinin uzun məktubu başdan-başa bu kimi sözlərdən ibarət idi. Buna görə də mənim Təbrizə getməyimi və orada gizli cəmiyyətin fəaliyyətini canlandırmağı lazım gördülər. Mənim pasport məsələm də müzakirə edildi. Rus pasportu ilə İranda yaşamağın mümkün olmadığını təsdiq etdikdən sonra, Şeyxov, pasport məsələsini özü həll edəcəyini söylədi və:

– Sabah siz hazırlanmış İran pasportunu məndən alacaqsınız, – deyə söz verdi.

Ələkbər yoldaş da mənimlə bərabər Təbrizə getməli oldu. Culfada bir çoxları ilə tanış olmaq üçün Şeyxovla bərabər çıxdıq. Tanış olduğum adamların hamısı tacir və ziyalılardı: Nağı İsmayılov, Ələsgər Həsənzadə, Əsgər Nağızadə, Mirzə İbrahim Əkbərov, Seyid Məhəmməd Bərar, Mirzə Əli Məhəmmədzadə (keçəl), Ağarza Mahmudov, Hacı Abbas Hacı Fərzəli oğlu, Molla Həsən Məhəmmədov (İran inqilabçılarından), Məhəmməd Axundov, Ağahüseyn Rəhimov, Abbas Tağıyev, Abbas Fəratov və sairələri idi.

Şeyxov məni bunlarla tanış etdikdə:

– Rəhmətlik qardaşım Fərəcullanın məktəb yoldaşıdır, – deyə təqdim edirdi.

Bir neçə erməni ilə, o cümlədən neft taciri Aleksan ağa Şamxalov, daşnaqlardan culfalı Arsen Artarov və sairələri ilə də tanış oldum.

Ermənilər çox mehribanlıq göstərir və bəziləri öz xidmətlərini təklif edirdi.

Biz küçəyə çıxdıqda, Snarski ordusunun araba karvanları Araz körpüsünə doğru irəliləyirdi, bunları gördükdə Şeyxov dedi:

– Hələ İrana girdikləri dünəndir, gömrük rüsumatını tamamilə ləğv etmişlər. Ticarət malları hərbi arabalara qoşulub İrana aparılır, kimsənin də dinməyə haqqı yoxdur.

Ələkbər yoldaş da cavab verdi:

– Məktubların üzərində də “Təbriz, İran quberniyası” yazılır.

Çox dolaşdıq. Miss Hannaya vəd verdiyim vaxtdan bir az keçmişdi. Oriant otelinə qayıtdıq. Dmitri bizi qarşılayıb:

– Qız qorxusundan qapıları qapayıb indiyə qədər dışarıya belə çıxmamışdır, – dedi.

– Haqqı da var. Çar zabiti ilə zarafat olmaz, – deyə cavab verdim.

Qapını tıqqıldatdım. O, içəridən ingiliscə cavab verdi. Mən onu farsca səslədim. Qapını tələsik açdı. O, çoxdan arzuladığı bir şeyi əldə etmiş kimi sevindi. O, zəngin paltarlar geymiş, saçlarını səliqə ilə daramış, qiymətli ətirlər səpmiş, gecənin qorxusundan silkinmiş və sanki bütün gözəlliyi ilə bir ziyafətə getməyə hazırlanmışdı.

Onu Şeyxovla tanış etdim. Şeyxov mənimlə əylənərək:

– Bu qız sizə Ninanı unutduracaq, – deyə güldü.

Qız nahar etməmişdi, buna görə də biz Şeyxovun evində nahar yediyimizi gizləyərək, nahar sifariş verdik. Günəş qərbə doğru əyildiyindən, həyətə baxan balkon çox sərin idi. Nahar masasını burada düzəltdilər.

Heç gözlənilmədən Əmir Həşmət, İran inqilabçılarından Əndəlib Qəmküsar təxəllüslü şair Mirzə Əliqulu və sairələri gəldi. Nahar süfrəsi böyüdü. Amerikalı qızı heyrət götürmüşdü. Şübhəsiz ki, bu ağır məsarifdən öz hissəsinə düşəcək para haqqında düşünürdü. Bir azdan sonra qulağıma yavaşcadan dedi:

– Ma hər do, müsafirim, israfra imkan nə bayəd dad.[10]

Mən isə ona belə cavab verdim:

– Ni israf, dərəcəyi hörmət mara, dər nəzdi rəfiqan bamərhəmət ma nişan midəhəd[11].

Miss Hanna heç bir söz demədi, yeməyə başladı, verilən sulların cavabını bir fars qızından daha aydın bir dil ilə deyirdi. Süfrə başında farsca bilməyən yoxdu, şeirlər, lətifələr və məzhəkələr də farsca söylənirdi.

Şərab çox az içilirdi. Miss Hanna bir çay stəkanının yarısına qədər şərab töküb, yarısını da su ilə doldurmuşdu. Hər tostdan sonra haman şərabı az-az içirdi. Buna baxmayaraq onun rəngi qızarmaqda idi. Mirzə Əliqulu Qəmküsar söz istədi və:

Mən təbrizli Saibin bir şeirini oxuyacağam. Miss Hannadan icazə istəyirəm, – dedi.

Qız isə:

– Rəca edirəm, rəca edirəm, – deyə cavab verdi.

Mirzə Əliqulu, Saibin şeirini oxudu, doğrudan da sanki şeir bu süfrə üçün yazılmışdı.

Zi hüsni-nimrəngi-yar, bərmən roşənəst imşəb,

Əgər Məcnnun şəvəm, mənəm məkon həq bamənəst imşəb.

Qədəh ləbriz, mey gülgun, qəzəlxan yarii həmzanu,

İyalə dəmbədəm dər gərdişü gərdidənəet imşəb.

Mis Hanna şeirdən çox məmnun qaldı və oxuyanın böyük sənətkarlıqla oxuduğunu qeyd etdi.

Əndəlib də şeir oxumaq üçün söz istədi. Biz ona da söz verdik. Zatən çar casuslarını şübhəyə salmamaq üçün süfrəni bu şəkildə aparmaq lazım gəlirdi. Əndəlib Vəzir adlı şairdən Saibə bir nəzirə oxudu:

Şikəstəm zöhdü təqvara bəyadi-ləli-meygunət

To həm tərfi guləh beşkən ki, beşkən-beşkən əst imşəb.

Mirzə Əliqulu buna Əda adlı şairin sözləri ilə cavab verdi.

Yenə də Əndəlib Məyus adlı şairdən bir nəzirə oxudu.

Nəzirələr çox uzun çəkdi. Əndəlib ilə Qəmküsar, Əmir Ömər xan, Dəbir, Atif, Nüsrət, Əclət, Rind, Gülxani, Bəhcət Fəzli kimi bir çox şairlərin təbrizli Saibə yazdıqları nəzirələri oxudular.

Nəhayət, Qəmküsar miss Hannaya ithaf etdiyi azərbaycanca qəzəlini oxudu. Qəmküsar həmin qəzəlini oradaca, süfrə başında yazmışdı, ondan ancaq iki misrası xatırımda qalmışdır:

Süzgün baxışlarında bir ahəngi-dilnəvaz.

Zülfün səhab qəmzədir, ey asimani-naz.

Bunu da miss Hannaya tərcümə etdik, o gülümsədi və düşünərək:

– Doğrudur, almanlarda da belə təşbehlər vardır, lakin Şərqdəki bu təşbehlər olduqca incədir. Lakin mən bir söz də soruşmaq istərdim. Əcəba, təbrizlilər türk[12] deyildirmi?

– Türkdür. İranda dörd milyona qədər türk vardır, – deyə cavab verdim.

Qız yenə də:

– Elə isə onların ədəbiyyatı nə üçün türkcə deyildir? – deyə sordu.

Qız bu sualı ilə ortaya olduqca mühüm və çətin bir məsələ atdı. Hətta Şeyxov da:

– Xanım məsələni dərindən başlamışdır, – deyə güldü.

Mən isə qızın sualını cavabsız buraxmaq istəmədim.

– Yaxın Şərqdə iki dövlət vardır: Türkiyə və İran. Bu hökumətlərin başında duranlar türklərdir, lakin hər ikisi milli tərəqqinin və mədəniyyətin düşmənidir. Birincisi yunanları, ərəbləri, boşnaqları, kürdləri, erməniləri, serbləri, bolqarları və başqalarını türkləşdirmək və türk adət və ənənəsinə tabe etmək istədiyi kimi, ikincisi də türk olduğuna baxmayaraq, türkləri farslaşdırmaq siyasətini daşıyır. İran şahı türkdür, lakin o öz dili, öz qövmü, öz mədəniyyəti əleyhinə olmalıdır. Bunu da onun siyasi düşüncəsi tələb edir. Bu padşahların ailə lisanları da farscadır, hətta Xaqan təxəllüsü ilə şeir yazan Fətəli şah, Nəsrəddin şah da öz şeirlərini farsca yazmışlar. Hazırda rus səfarətində oturan Məhəmmədəli şahın əsərləri də farscadır.

Qız:

– Bunun səbəbi nədir, deyə bilməzmisiniz? – deyə soruşduqda, mən:

– Bunu bir çoxları belə izah edir: guya fars dili ədəbiyyat və şeir dili olduğu üçün yazıçıların özü farsca yazmaq istəmişdir, lakin bu qətiyyən doğru deyildir. Fars dili şeir və ədəbiyyat dili olsa da, yenə də farslar üçündür, çünki türklərin geniş kütləsi bu ədəbiyyatı öz ədəbiyyatı kimi mənimsəyə bilməyir. Bir tərəfdən türk məktəbi olmayan və farslaşma siyasəti aparılan bir ölkədə türk ədəbiyyatına qiymət verilməməsi, digər tərəfdən türk ədib və şairlərinin saray içərisinə buraxılmaması, hətta türkcə yazılan əsərlərin təb edilməməsi İrandakı türklərin farsca yazmasına səbəb olmuşdur. Buna görə İranda daim farslaşdırma, hətta fars-türk mübarizəsi yaratmaq siyasəti aparılırdı. Bunun nəticəsində də türk ədibləri, türk şairləri öz milli dil, milli ədəbiyyat və milli mədəniyyətinin düşməni kəsildi, hətta türk olan padşahın gözü qarşısında fars mütəəssübləri “türk xərə”, yəni türksən, eşşəksən məsəlini yaratdılar. Türk yazıçılarından “Atəşgədə” əsərini yazan Azər təxəllüslü zatın özü də türk olduğuna baxmayaraq, şairlərin tərcümeyi-halını topladıqda şairlərin ancaq farsca şeirlərini toplamışdır. Farsca şeiri olmayan şairlərin birisinin də adını çəkməmişdir. Xanım qız! Farslaşdırma siyasətinin başlıca səbəbləri bundan ibarətdir. Qacar xanədanı yüz əlli ilə qədər İranı idarə etdisə də, bu müddətdə ancaq bir neçə türkcə əsər çap elədi. Onlar da “Hüseyn Kürd” hekayəsi, “Sələbiyyə” adlı tülkü nağılı və sairlərindən ibarətdir. Mərsiyə kitablarına gəldikdə, burada məsələ dəyişir. Çünki camaatın dini mövhumatla məşğul olması hökumətin işinə yarayırdı. Qonşu olan Anadolu xalqı başlanmış düşmənçilikdə böyük rol oynadı. Nəhayət, Müzəffərəddin şah vəliəhd olduğu zaman “Hüseyn Kürd” və “Sələbiyyə” kitabının da oxunmasını qadağan etdi. Bunların hamısının əvəzində, Qacar xanədanı “Vahid vətən”, “İrançılıq”, “İran dostluğu” şüarları irəli sürdü. “Millət– Azərbaycan İranist” və ya “Əhalii-İran dust Azərbaycan” kimi sözlər hər bir azərbaycanlının qəlbində nəqş bağladı. Əlbəttə, belə bir siyasət nəticəsində ancaq farsca ədəbiyyat doğa bilərdi.

Mənim sözlərim miss Hannanı xeyli düşündürdü.

Mən qızdan:

– Cavabım sizi qane etdimi? – deyə soruşdum.

Qız:

– Bəli, qane etdi, – dedi.

Süfrəmiz gecə saat on ikiyə qədər davam etdi. Qonaqlar getdikdən sonra mən, Ələkbər yoldaş və miss Hanna oturub İran sahilinə nə vaxt keçəcəyimiz və Təbrizə nə cür gedəcəyimiz üzərində düşünürdük. Amerikalı qız mənimlə olduqca səmimi davranırdı, sanki o, mənim ruhumu oxşamaq üçün vasitələr arayırdı. Bu gecəki böyük ziyafətin mənə aid olması onda olduqca müsbət bir təsir buraxmışdı. O mənim, onu həqarət və hücumdan müdafiə edən adamın adi bir iranlı deyil, mədəni və tərəqqipərvər bir iranlı olduğuma inanmışdı.

* * *

Miss Hannanın pasportunu Culfa jandarm polkovniki Ştraube vizə etmişdi. O, bu gün İran sahilinə keçə bilərdi, mən onun odasına girərkən, o:

– Pasportum gəlmişdir. İndi biz İran sahilinə keçə bilərik, – deyə sevindi.

Mən isə:

– Təəssüf olsun ki, mən yarın gedə bilməyəcəyəm, – dedim.

– Nə üçün?

– Pasportumun vaxtı keçmişdir. Yeni pasport isə hələlik düzəlməmişdir.

– Çoxmu gözləmək lazım gəlir?

– Bir-iki gün. Mənim arkadaşlığımı qəbul etsəniz qalınız, yenə də xidmətinizdə bulunaram, – dedim.

Qız tərəddüd göstərmədən dedi:

– Sizə zəhmət olmazsa, məmnuniyyətlə qalaram, çünki bu səfərimdə sizdən ayrılmaq istəmirəm.

Qız əlimi səmimiyyətlə sıxdı və pasportum hazır oluncaya qədər gözləyəcəyini bildirdi. Bu gün mən Səttar Zeynalabdinovun evinə, nahar etməyə dəvət olunmuşdum. Səttar Zeynalabdinovun İran inqilabındakı rolu böyük idi. Maddi yardım cəhətdən heç vaxt geridə qalmazdı. Onun düzəltdiyi bu ziyafətə qızı da aparmaq və onun gənc qadını ilə tanış etmək, Culfada qaldığı günlərini onunla keçirməsini istəyirdim, lakin mən qızın o ziyafətə getməkdən boyun qaçıracağından qorxurdum. Hər halda ona təklif etməli idim, çünki onu oteldə yalnız buraxıb getmək uyğunsuz olardı. Ehtiyatla yanaşaraq:

– Xanım qız! Sizə bir söz demək istərdim. Bilmirəm, sözümü qəbul edəcəkmisiniz? – dedim.

– Sizin hər bir təklifinizi bir dost məsləhəti kimi qəbul etməyə hazıram, – deyə qız cavab verdi.

– Məni yaxın dostlarımdan birisi nahara dəvət etmişdir. Mən sizin də o ziyafətdə iştirak edib, onun yeni evləndiyi iranlı xanımı ilə tanış olmanızı arzu edirəm.

Qız heç düşünmədən dedi:

– Belə təkliflərdə siz “Hanna qalx, filan yerə gedəcəyiz” deyə bilərsiniz. Bu sözümü yalnız bu gün üçün deyil, tanışlığımızın davam etdiyi bütün müddət üçün deyirəm. Çünki mən artıq sizinlə tanış olmaqla, şərəfdən, qorxusuzluqdan başqa bir şey görmədim. İndimi getmək istəyirsiniz?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-24 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info