Qonaq Kitabı
İkinci hissə

Təbriz çar kazakları əlində

Mən Səttar xanın qərargahı olan Əmrəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.

Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.

Qulağım olduqca müxtəlif, lakin eyni zamanda olduqca yekrəng sözlər eşidirdi:

– Allah imperatorun qılıncını kəskin eləsin.

– Allah onun bircə oğlunu bizə çox görməsin. Bu əlvatın əlindən yaxamız qurtardı.

– Biz bu cür deməmişdik, bu cür məşrutə bizə lazım deyildi.

– Hamısı babi, hamısı Qafqazın əcamir, ovbaşı, lotu-potularıdır.

– Ağa, qafqazlı hara, təbrizliyə köməyə gəldi hara?!.

– Başınıza and içirəm, inanın, bunların hamısı fal-şivədir. Bunların hamısı urusları məmləkətə gətirməkdən ötrü idi.

Qaranlıq düşməyinə baxmayaraq, küçələrdə əcnəbi qadınları da görünürdü. Nazik əlbəsələr geyib gəlin kimi bəzənmiş qadınlar, yəqin ki, çar ordusunu qarşılamağa gedirdilər.

Yolda Tütünçüoğluna rast gəldim və:

– Hara getmişdin? – soruşdum.

Onun gözləri yaşardı.

– Rus konsulxanasının yanına getmişdim, oradakı qiyamətə tamaşa edirdim.

– Nəyə tamaşa edirdin?

– Konsulxanaya gedib-gələnlərə.

– Kimləri gördün?

– İslamiyyədə oturanları, əksinqilabın əmmaməli rəhbərlərini, Təbrizdə oturub Peterburqa qulluq edən casus seyidləri. Bizimlə çiyin-çiyinə durub “yaşasın məşrutə!” deyənləri də gördüm. Məni yandıran da axırıncı vicdansızlardır.

Mənim yolum konsulxana qarşısından idi, Tütünçüoğlunu da əldən buraxmadım, bir saat da olsa onunla danışmağı, inqilabın ən inadkar bir qəhrəmanı olan bu vüqarlı gənci eşitməyi qənimət bildim.

– Gəl, gəl son saatımızı bir yerdə keçirək, – deyə Tütünçüoğlunun qolundan tutdum, sizi İranın inqilab tarixi də xatırlayacaqdır. Ancaq mənim bir arzum vardır ki, o da sizin əksinqilaba atdığınız bombaların səsini bir daha eşitməkdən ibarətdir.

Bu sözdən sonra Tütünçüoğlu məni qucaqladı, öpüşdük, ikimiz də ağladıq.

Konsulxana qarşısına getməyimiz o qədər də qorxulu deyildi, çünki həm paltarımızı dəyişib ingilis konsulxanası işçilərinə məxsus paltarlar geymişdik, həm də hava qaranlıqlaşırdı.

Konsulxanaya yaxın küçələrdə gediş-gəliş qeyri-adi bir şəkil almışdı. Burada çar bayrağı satmaq üçün kiçik bir dükan da açılmışdı. Bayraq almaq istəyənlər növbəyə durmuşdular. Bayraq satan uca səslə oxuyur:

– Gəl başıva dönüm, – deyirdi, – al başıva dönüm. İmperator bayrağıdır, qapının zinətidir, kişinin qeyrətidir, qurtarır, sabaha bir dənə də qalmayacaqdır.

Bu adam mənim diqqətimi cəlb etdi. Tütünçüoğlu bunu mənə tanıtmaq üçün dedi:

– Bu haramzadanın misgər bazarı ağzında gəlin bəzəyi, cığ-cığa və başqa şeylər satan dükanı vardır, özü də mücahidlər siyahısındadır.

Buradan keçdik, konsulxana qapısında doğrudan da bir qiyamət qopmuşdu. Bütün əksinqilab rəhbərləri, casuslar, ikiüzlülər, çar himayəsinə keçib iranlıları qarət edənlər, seyidlər və mollalar hamısı burada idi.

Buraya toplaşanlar bir neçə dəstəyə ayrılmışdılar. Hər dəstənin arasında bir nəfər durub əlindəki kağıza bir şey yazırdı. Bu adamın yanında böyük bir fənər qoyulmuşdu.

Hər kəs irəli soxulub adını həmin kağıza yazdırmağa tələsirdi.

– Ağa, bəndəni də yaz, – deyənlər həddindən artıqdı.

Siyahını yazan məşhur əksinqilabçı, çar konsulxanası casuslarından Hacı Mirməhəmməd gəcpəz[1] idi.

Seyid tərlədiyindən onun əmmaməsini başqa birisi əlində saxlamışdı. Qardaşı Mirqurban da o biri dəstənin arasında durub rus himayəsinə keçmək istəyənlərin siyahısını tuturdu.

Yenə də müxtəlif səslər eşidilirdi:

– Ağa, cəddinə qurban olum, məni də o kağızcığaza qeyd elə.

– Sən hələ səbr elə!

– Nə üçün? Belə sənin ayağın altında ölüm, özün bilirsən, biz dədə-babadan konsulxanaya nökərçilik eləmişik.

– Ağam, məşədi Nemət Qəzvinini də yazın.

– Yazmışam.

– İsfəhançıları da yazın.

– Kiçik qardaşları yazılmayacaq.

– Nə üçün? Qadanı alım, Ağa!

– Əncümən həyətində sinə vuranların adı bu siyahıya düşməz.

– Ağa, bu nə iftiradır, sən bilirsən ki, mən də öz başıma ora getməmişəm, məni göndəriblər getmişəm.

– Sonra danışarıq.

– Vasminci cənablarını da yazın.

– Bu saat!

– Hacı Səttar ağa Xamənəyi...

– Yazılıb.

– Gevgani.

– Bu saat.

– Xəyabani və əxəviləri[2].

– O da gözüm üstə.

– Fişəngçilər.

– Olmaz!

– Nə üçün?

– Məşrutəyə fişəng satanlar islamın düşmənidir.

– Yalançının cəddi özünə qənim olsun!

– Kəs səsini cakəş![3]

– Cakəşin səsi gəlir.

– Dalı çəkil lifgirin![4]

– Gedə, kimə lifgir deyirsən?

– Sənə!

– Mənə?

– Bənəmənə!

Adlarını çar himayəsi cədvəlinə yazdıranlar möhürlərini də çıxardıb adlarının altına basırdılar.

Bir çoxları yan və qoltuq ciblərini axtarıb möhürünü tapmadıqda, böyük bir həyəcanla oğlunu və qardaşını səsləyərək deyirdi:

– Məhməd ağa! Gedə, qaçaraq yüyür evə, möhürüm qələmdandadır, qələmdan da camaxatandadır. Orada olmasa rəfdədir, rəfdə də olmasa urusunun[5] yanındakı taxcadakı mücrünün dalısındadır, tez ol, yüyür qoççum.[6] Daha yubanma, o vaxt deyil, özünü öldür, məni qurtar!

Buradan keçib başqa bir dəstəyə də rast gəldik. Bunu da Hacı Fərəc Sərrafın oğlu Mirzağa idarə edirdi.

Biz artıq konsulun qapısına yaxınlaşmışdıq. Burada əksinqilab rəhbərlərinin konsulxanaya toplandığını aydınca göstərən yüzlərcə məxmər palanlı eşşək saxlanmışdı. Bir azdan sonra əksinqilabın ştabı olan “İslamiyyə” “qəhrəmanları” dışarı çıxdılar.

Mollalar ağ əmmamələrini düzəldib ağ eşşəklərə səvar oldular.

Dəvəçi məhəlləsi lotularından kababçı Həsən, Kazım Davatgəroğlu, qulağıkəsik Ələsgər və sairləri də ağaların üzəngilərini tutub uzunqulaqlara mindirirdilər. Ağalar yola düşdü, onların dalınca da qaragüruh salavat çəkib hərəkət etdi.

Bunlar çar qoşununun istiqbalına gedirdilər. İnqilabçı Təbrizin müqəddəratını çar generalı Snarskinin əlinə tapşırmağa tələsirdilər. Biz durub baxırdıq, salavat səsi hələ eşidilməkdə idi. Biz qayıtdıqda bir piyada dəstə də Acı körpüsünə tərəf gedirdi.

Qayıtmışdıq. İkimiz də düşünürdük. Mən birdən-birə Tütünçüoğluna müraciətlə Təbrizlə vidalaşacağımı söylədim.

– Gəl bir də öpüşək, əziz yoldaş, bəlkə bir daha görüşmək mümkün olmadı. Biz Təbrizi tərk edirik. Təbriz indi bizim deyil, əksinqilab əlindədir. İndi gərək bütün qüvvəmizi Tehranın alınmasına sərf edək.

Öpüşdük, ayrıldıq.

Küçəmizi dəyişdik. Mən gedirəm, fəqət Tütünçüoğlunun inqilab günlərindəki qəhrəmanlıqlarını nəzərimdə canlandıraraq gedirəm.

Gecədir. Sakit küçələrlə gedirəm. Səs yox, səmir yox, inqilab günlərində qarışqa yuvası kimi qaynaşan küçələr indi zəlzələdən batmış kimi susub durmuşdur. Topların, bombaların yaylım atəşlərinin ninnisinə adət etmiş bu şəhər indi uyumaqdadır. Səs yoxdur; lakin döngədən-döngəyə keçdikcə xəfif xışıltılar eşidirdim. Ucan yaylasından əsən sərin külək söyüd ağaclarının boynunu qucaqlayıb yeni göyərmiş incə yarpaqların dodaqlarından öpür, onu nazlandırır, təbiətin ipək köynəyinin ruh oxşayıcı xışıltısını küçələrə dağıdırdı.

Bu gecə Təbriz olduqca əsrarəngiz və qorxulu idi. Siyasi dumanların kəsif kürkünə girib bir tiryəki kimi nəşələr dünyasında üzən bu şəhər, minlərcə çar casuslarının, yerli xəfiyyələrin əlində idi. Tacir casus, mülkədar casus, molla casus, seyidlər casus.

Casus olmayan yoxsul təbəqəyə gəldikdə, o da mədəniyyətsiz, düşüncəsiz dinçilərdən ibarət idi.

Bu düşüncələr içərisində gəlib Ninanın evinə girdim. Ev sahibi Minasyan məni qarşıladı. O, Ninanın xəstələndiyini söylədi. Məni şiddətli bir həyəcan bürüdü, çünki mən yol üstündə idim, onun xəstələnməsi və mənim onu xəstə ikən buraxıb getməyim olduqca uyğunsuz bir vəziyyət törədəcəkdi. Minasyan qorxusundan dışarı çıxa bilmədiyini, daşnakların Xey və Urmi şəhərinə çəkildiklərini, orada olan erməni kəndlərində yaşamaq istədiklərini söylədi.

O, erməni ruhanilərinin ermənilərə dəvətnamə göndərdiyini və onları general Snarskinin istiqbalına getməyə məcbur etmək istədiklərini də xəbər verdi.

Otağa girərkən, Ninanın yatdığını gördüm. Balaca Məcid dəsmal isladıb Ninanın başına qoymaq istəyirdi.

– İndi mənim bütün ümidim o uşağadır, – deyə Nina qalxıb oturdu.

Vaxt keçirdi, mən heç bir müqəddiməyə başlamadan Təbrizi buraxdığımızı Ninaya xəbər verməli idim.

– Nina, inqilabın birinci dövrü bitdi, – deyə əlimi onun alnına qoyub hərarətini yoxladım. – Müvəqqəti olaraq dayanmış inqilabın hərəkat məntəqəsi indi mərkəzə köçür, hərbi inqilab Şurası buraxıldı. Gizlin hərəkət üsuluna keçilməsi qərara alındı.

Nina dərin bir sükuta daldı; o, yenə hər zaman təkrar etdiyi kimi:

– Bilmirəm, axırımız necə olacaqdır, – deyib ağladı və başını çiynimə qoydu.

Mən isə:

– Səbr et, – dedim. – Ürəyin inqilabçı ürəyi olsun. Sən bir çox təhlükəli vəzifələr ifa edən, heç bir təhlükədən çəkinməyən Ninasan, bu müvəqqəti haldan da qorxmamalı, öz vüqarını pozmamalısan. Bu saat son görüş saatımız olsa da, zənnimcə inqilab bizi yenə də görüşdürəcəkdir.

Qız böyük bir heyrətlə:

– Əcəba, biz yarın bir daha görüşməyəcəyizmi? – deyə dəlicəsinə soruşdu.

– Son görüş üçün gəldim, Nina! – dedim.

O, yenə də:

– Sən Təbrizdə olmayacaqsanmı? – deyə soruşdu.

– Xeyr, bu gün getməliyik. Yoldaşların hamısı gedir.

– Hara?

– İnqilabın tələb etdiyi yerə gələcəyəm. Gəlmədən əvvəl sənə məktub göndərəcəyəm, Rəştə getməli, oradan da Tehran üzərinə hücum edən dəstələrə qoşulmalıyıq.

– Sən firqəçimisən? – deyə soruşduqda, mən:

– Firqəçiyəm, – dedim.

Bu sözlərdən sonra Nina boynuma sarıldı, dodaqlarım unudulmaz bir istilik hiss etdi.

Ninanın evindən necə çıxdığımı bilmədim. Ancaq qoynumda olan bir dəstə rus parasını Məcidə verib qapıya doğru döndüyümü xatırlayıram.

Bu gecə Səttar xan bir vida ziyafəti vermişdi. Ziyafətdə qafqazlılar və İran sosial-demokrat təşkilatının üzvləri iştirak edirdi.

Səttar xan olduqca düşüncəli və kədərli idi. Qəlyanı-qəlyandan ayırmayırdı. Qəhrəmanın alnındakı dərin qırışlar çıxılmaz bir vəziyyət qarşısında qalan qəlbini

ziyafətdəkilərə oxudurdu.

Onun əymə və qövsi qaşları tez-tez qalxır, alnının biri digəri üzərindəki qırışıqları da kaman şəklini alaraq, qəhrəmanın intiqam hissləri bəslədiyini andırırdı, bütün çətinlikləri su kimi içən qəhrəman indi hər bir hərəkətində böyük çətinliklərə təsadüf etdiyini anladırdı. Məclisi sükut bürümüşdü, yalnız qəlyan tüstülərinə qoşulub, dərin ürəklərdən çıxan ahlar eşidilirdi. Heç kəs danışmırdı. Hamı Səttar xanı dinləmək istəyirdi. Qəhrəman danışdı, lakin çox az danışdı:

– Bizim rusların qarşısına çıxmağımız, Təbrizi onlardan müdafiə etməyimiz çox da çətin deyil, hərgah mən bilsəydim ki, bizim çar ordusu ilə vuruşmağımız inqilabı müdafiə edəcək, hərgah ki, “İslamiyyə”də oturan namüctəhid, naseyidlər bizim ruslarla çıxaracağımız ixtilafdan qazanmayacaq, yenə də vuruşardım. Rəfiqlərim! Əziz silah yoldaşlarım! Bizim vuruşmağımız faydasızdır, çünki ixtilafdan əksinqilab rəhbərləri fayda götürəcəkdir. Buna görə də biz inqilabda qalib gələn Təbrizi çar ordusuna tapşırmağa məcburuq. Lakin bununla bizim inqilabda qazandığımız qələbənin qiyməti azalmır. Biz, qafqazlı yoldaşların inqilaba olan xidmətlərini, xüsusən Bakı işçilərinin köməyini, heç vaxt unuda bilməyəcəyik. Qafqazlı yoldaşlar, Bakı və Tiflis işçilərinə mənim salamımı aparın! Biz beşinci il inqilabının oğlunu böyüdəcəyik! Siz mənim dilimdən onlara söyləyin, Səttarın inqilaba xəyanət etmədiyini, yenə də öz yolunda durduğunu onlara xəbər verin!

Səttar xanın bugünkü çıxışı və qısa nitqi olduqca böyük təsir bağışladı. Uzun danışmağa vaxt olmadığından, Sərdarın cavabını qısa cümlələrlə verdim:

– Biz Təbrizdən unudulmaz xatirələrlə ayrılırıq, bu xatirəni, xüsusən Sərdarın qəhrəmanlığından aldığımız təsirləri bütün Qafqaz işçiləri arasında yaymağa söz veririk. Bunsuz da Qafqaz işçiləri, xüsusən Bakı işçiləri İran inqilabına, cənab Sərdarın şəxsində olaraq tükənməz bir məhəbbət bəsləməkdədir. Bizim və bizi cənab Sərdarın mübarizləri cərgəsinə göndərənlərin İran kəndlisi və İran yoxsulları ilə olan qardaşlıq əlaqəsi daimi olaraq davam edəcəkdir, inqilab ordusunun dahisi və bütün İran yoxsullarının sevimlisi Səttar xanı inqilab dünyası durduqca unutmayacaqdır.

Mənim sözlərimdən sonra Sərdar süfrə başında oturanları bir daha gözdən keçirərək dedi:

– Burada oturan rəfiqlər inqilabın sınanmış üzvləridir. Yalançılar gəlməmişdir. Səttarın qapısının torpağından öpməyi özlərinə şərəf bilən yaltaqlar bu gün başqa qapıları döyməyə getmişlər.

Ziyafət gecə saat birdə bitdi. Görüşdük, öpüşdük, bir birimizə olan tapşırıqları verdik. Yol üçün hər şey vaxtında hazırlanmışdı. Bizi Xoy şəhərinə qədər yola salmaq işinə məsul olan dörd nəfər də gəlib çıxdı.

Səttar xanın evindən kiçik rus naqanlarını və əl bombalarını götürdük.

Sərdar bizi küçə qapısına qədər yola saldı və:

– İnqilabın həqiqi qəhrəmanları məndən ayrıldı, – dedi.

Mən Sərdarın ziyafətindən çıxıb evə gəldim. Təhminə xanım və oğlu Həsənağa oturub məni gözləyirdilər, onlar haradansa mənim Təbrizdən getməyimi eşidib gəlmişdi. Mənzildə olan bütün şeyləri onlara bağışladım, vidalaşdım, Təhminə xanıma Ninanın yanına köçməsini tapşırdıqda, ana və bala Ninanın halına ağlamağa başladılar. Mən Həsənağaya müraciətlə siyasi dərnək üzvləri ilə məşğul olmalarını, onu genişləndirməyə çalışmalarını, sirlərini başqalarına verməmələrini tapşırdım.

– Qorxmayın! – dedim, – siz yenə qalib gələcəksiniz. Sizin fikriniz bütün dünya işçilərinin fikridir. Bir gün olacaq ki, Təbrizin birinci siyasi dərnəyində iştirak edənlərin heykəlini meydançalarda, bağlarda qoyacaqlar, inqilab cəbhəsində birinci bombanı atan iranlı sənsən və bir də Tütünçüoğludur. Bir-birinizdən ayrılmayın!

Sonra Ninaya kiçik bir məktub yazdım:

“Əziz yoldaşım! Hazırda köçmək üzrəyəm. Təhminə xanımdan sənin yanına köçməsini rica etdim, o da qəbul etdi. Təbrizdən çıxmamalısan. Yazışarıq. Bəlkə də vəziyyət dəyişdi. Ona da ümid çoxdur. Yenə də Təbrizdə görüşərik. Balaca Məcidin üzündən öpürəm, kiçik məktubumda yazdığım kəlmələrin onun incə dodaqlarından çıxacağını xatırlayaraq təsəlli tapıram. Sənsiz gedirəm, fəqət səninlə

gedirəm. Salamat qalın!

Təbriz 30 aprel, 1909”.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-24 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info