Qonaq Kitabı
Sona Cabbarlı. Onu unutmaq olarmı?

O, öz yazıları kimi tamaşaya qoyduğu pyeslərə də bütün qüvvəsini verir, necə deyərlər, canını səhnədə qoyurdu. Buna görədir ki, teatrda rejissor işlərkən evə çox yorğun gəlirdi.

Bir dəfə dedim:

-   Cəfər, əsər yazmaq bundan asan imiş. Gəlsənə, bu rejissorluqdan əl çəkəsən!

Belə cavab verdi:

-   Yox, Sonası, sənə zarafat gəlməsin. Mən öz əsərimi tamaşaya qoyuram. Sonra da... Yox, daha mən rejissorluqdan əl çəkə bilmərəm.

Bəlkə də elə bunlara görə onun yaxın dostları arasında teatr və incəsənət xadimləri, yazıçılardan daha çox idi. Mən, əlbəttə, o dostları nəzərdə tuturam ki, tez-tez bizim evdə, Cəfərin süfrəsi başında olardılar. Görünür, təsadüfi deyilmiş ki, o, gecə-gündüz teatrda düşüb qaldığı halda, Yazıçılar İttifaqına çox nadir hallarda gedərdi. Ümumiyyətlə isə Cəfər bütün yazıçılara hörmət və mehribanlıq göstərər, onlardan da qarşılıqlı surətdə eyni münasibət görərdi. Özündən gənc olan dramaturq, şair və nasirlərə, yəni ədəbiyyatımızın yeni nəslinə xüsusi qayğı göstərərdi. İstər yaşlı, istərsə də, gənc nəslin nümayəndələrinə öz obyektiv düşüncəsi ilə qiymət verər, onların əsərləri haqqında fikirlərini pərdələmədən üzlərinə söylər, açıq-saçıq mətbuatda yazardı.

Məsələn, yazıçı Seyid Hüseyn ilə o, uzun müddət qəzet redaksiyalarında birlikdə çalışmışdı, yaşca ondan kiçik olsa da, dostu idi. Cəfər “Sevil” pyesini yazmazdan əvvəl onun süjetini Seyid Hüseynlə danışmışdı. Bundan bir müddət sonra “İnqilab və Mədəniyyət” jurnalında dərc olunan “İki həyat arasında” hekayəsinin məzmununun “Sevil”ə çox oxşadığını görən Cəfər Seyid Hüseynə demişdi: “Axı bu əsərin məzmununu mən sənə danışmışam və demişəm ki, bu mövzuda pyes yazıram. İndi camaat elə düşünəcək ki, Cəfər Cabbarlı bunu Seyid Hüseyndən oğurlayıb. Xahiş edirəm, bu barədə mətbuatda çıxış edəsən”. Seyid Hüseyn qardaş da, hekayənin ikinci hissəsi jurnalda çap olunanda, qeyd etmişdi ki, həmin mövzunu ona Cəfər Cabbarlı danışıb.

Başqa bir misal: qohumlarımızdan, gənc bir ədəbiyyat həvəskarı bir pyes yazmışdı. Cəfərə oxudu. Cəfər pyesi möhkəm tənqid edib qəti bildirdi ki, bu şəkildə onu səhnəyə çıxarmaq olmaz. Müəllif pərt halda gedəndən sonra mən dedim:

-   Ay Cəfər, cavan oğlandır, təzə-təzə yazır, neyçün ürəyini sındırdın, pyesini alıb düzəldəydin, tamaşaya qoyaydılar.

O, ciddi surətdə dedi:

-   Axı belə olmaz, Sonası. Mən əsəri yalandan tərifləsəm, müəllifi aldatmış olaram; bu da ki, ona zərərdir. Əlbəttə, mən onun üçün təzə bir pyes yaza bilərəm. Ancaq bunun nə onun özünə, nə də teatra bir xeyri olar. İndi isə ona nöqsanlarını göstərdim. Qüvvəsi çatarsa, özü düzəldər; bacarmazsa, yazmasa yaxşıdır. Gənc yazıçıya ən yaxşı kömək - elə budur.

Başqa bir gənc həmyerlimizinsə həqiqi istedadını Cəfər yüksək qiymətləndirirdi. Bu gənc – Mikayıl Müşfiq idi. Bir dəfə küçədə onunla görüşdük. Ayrılandan sonra Cəfərdən soruşdum:

-          Mikayıl necə yazır?

O, tərəddüdsüz cavab verdi:

-   Mikayılın coşqun təbi var; o, nadir bir istedaddır. Müşfiq böyük şair olacaq...

Cəfər başqalarının yaradıcılığına olduğu kimi şəxsi yaradıcılığına da çox tələbkar idi. Bəlkə də elə buna görə o, həmişə özünü həvəskar adlandırırdı. Ömrünün sonuna yaxın artıq təkcə Azərbaycanda deyil, bütün Sovetlər ölkəsində tanınmış bir dramaturq ikən, ona belə bir sual verdim:

-   Ay Cəfər, hamı Yazıçılar İttifaqının üzvüdür, bəs sən niyə oraya daxil olmursan?

O, gülə-gülə dedi:

-  Oraya böyük yazıçıları qəbul eləyirlər. Mən hələ nə yazmışam ki, yazıçı olum? Qoy bir az da yazım, sonra bu barədə fikirləşərik.

Bu təvazökarlığına baxmayaraq, ömrünün son ilində - 1934-cü ilin martında Cəfəri Azərbaycan Sovet Yazıçılar İttifaqına üzv qəbul etdilər. Həmin ilin avqustunda isə o, Umumittifaq Sovet Yazıçılarının I qurultayında İttifaqın idarə heyətinə və rəyasət heyətinə üzv seçildi.

Qurultaydan qayıdanda onu təbrik etdim:

-          Ay Cəfər, bəs deyirsən yazıçı deyiləm, amma gör səni haraya seçiblər.

-          Hə, Sonası, indi deyəsən, bir balaca yazıçıya oxşayıram, - dedi.

Həmin ildə Bakı əməkçiləri onu Bakı Sovetinə deputat seçmişdir. İlk iclasdan nahara gec gəldi. Mən öz adətimcə yenə gileyləndim:

-          Az işin var idi, birisi də bu yandan əlavə olundu.

Cəfər yarıhənək-yarıgerçək dedi:

-   Bu daha hökumət işidir, Sonası, deputatlıqla zarafat eləmək olmaz. Sevil demişkən, Balaş daha böyüklərdən olub ey...

O, Bakı Sovetinin deputatı olandan sonra evimizə gələnlərin sayı daha da çoxaldı. Seçicilərin hərəsi bir iş üçün ona müraciət edirdi: kimi mənzil, kimi iş üçün, kimisi də elə-belə, sual-cavaba gəlirdi. Cəfər də hamı ilə məşğul olur, bütün gələnləri razı yola salmağa çalışırdı. Belə vaxtlarda ona deyirdim:

- Cəfər, deyəsən, Baksoveti köçürmüsən evimizə, Mirzə Səməndər demişkən, şikayətçilərin biri gedir, o biri gəlir.

O da belə cavab verirdi:

- Millətə qulluq etmək lazımdır, Sonası. Yaxşı ki, qapımızı tanıyırlar. Bir də, axı sən bilirsən ki, mən qonaq-qaranı çox sevirəm. Nəyə lazım o ev ki, gəlib-gedəni olmasın!

 

Bütün bunlara baxmayaraq, son zamanlar əsəbi görünürdü. Daxilindən keçənləri büruzə verməməyə çalışsa da, hiss edirdim ki, onsuz da xəstə olan ürəyi nədənsə daha çox sıxılır. Əlbəttə, qabaqlarda da onda belə hallar olurdu. Lakin indi bü vəziyyəti az qala, daimi bir şəkil alırdı. Səbəbini soruşurdum, gizlədirdi. “Fikir vermə, Sonası, bir elə şey yoxdur” - deyib mənə təsəlli verirdi. Nəhayət, bir gün çox əsəbi halda evə gəldi, mən ağzımı açmağa macal tapmamış, özü birdən-birə dedi:

-          Daha teatra getməyəcəyəm!

Düzü, çox təəccüb etdim: doğma evi, ailəsi qədər sevdiyi bir kollektivdən ayrılmasına səbəb nə idi?

-   Daha bəsdir dözdüm, - dedi. - O teatr, o da onlar, özləri bilsinlər! Mən isə kinostudiyaya keçirəm...

Sonradan öyrəndim ki, Cəfərin bədxahları onun əleyhinə mükəmməl bir intriqa yaradıblar: guya Cabbarlı Azərbaycan Dram Teatrını monopoliyaya götürübmüş. Hətta ölümündən cəmisi bir ay əvvəl o, bu haqda Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə rus dilində belə bir ərizə də yazıbmış:

“Noyabrın 25-də ADDT əməkdaşlarının istehsalat müşavirəsində aktyorlardan biri rəsmi surətdə bildirmişdir: “Proletar yazıçıları deyirlər ki, nə qədər Cəfər teatrdadır və yazır, biz oraya pyes verməyəcəyik”. Mən belə hesab edirəm ki, bu, yazıçılara qarşı provokasiya və böhtandır. İşlədiyim təşkilatın üzvləri tərəfindən yaradıcılıq rəqabətinin məni inzibati cəhətdən sıxışdırmağa keçirilməsi yolverilməzdir. Hər halda mən təşkilat komitəsinə müraciət edərək, sovet yazıçılarının ayrı-ayrı üzvləri, yaxud qrupları tərəfindən belə bir iddianın olub-olmadığını aydınlaşdırmağı xahiş edirəm. Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsılar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq, repertuarını mənim “1905-ci ildə”, “Almaz”, “Yaşar”, “Sevil” pyeslərim təşkil edən rus işçi teatrına; 14 il-dən bəri heç kimsənin heç nə etmədiyi, bircə ədəd də olsun quruluş verməyən, mən isə özümü orada işləməyə borclu saydığım Azərkinoya; repertuarının 80%-i “Sevil”, “1905-ci ildə”, “Yaşar” pyeslərimdən ibarət olan erməni teatrına işləməyə gedərəm; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm. Nəhayət, tamamilə yazmaya bilərəm. Təki o yoldaşlar yazsınlar.

Təşkilat komitəsindən xahiş edirəm ki, həmin məsələyə öz münasibətini aydınlaşdırsın”.

Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kinostudiyasında daimi işə keçdi.

Bayaq dediyim kimi o, bundan qabaq da kinoda çalışırdı. Necə deyərlər, bu ştatdankənar iş bir neçə il əvvəl “Sevil” kinofilmi üzərində başlanmışdı. Cəfərin ssenarisi üzrə çəkilən həmin filmdə müəllif, məşhur kinorejissoru Amo Bek- Nazarov ilə birlikdə ikinci rejissor kimi işləyirdi. Cəfər hər hansı yaradıcılıq işində olduğu kimi, burada da bütün varlığı ilə yaşayırdı. Xüsusən o, ekranda Sevil rolunu canlandıracaq aktrisanı tapmaq üçün nə qədər əzab çəkdi, onu yetişdirmək üçün nə qədər əmək sərf etdi. Cəfər istəyirdi ki, filmdə Sevili mütləq azərbaycanlı qızı oynasın. O, bu arzusuna da özünəməxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da gəlmişdi. Onun “Gülər” hekayəsi bu mövzuya həsr olunmuşdur.

Kinostudiyada rejissor assistenti işləyən Məmməd Əlili ilə birlikdə günlərlə şəhəri gəzirdilər, orada-burada gördükləri və Sevil rolu üçün münasib saydıqları gənc azərbaycanlı qızılarının ardınca düşərək, onların evlərinə gedir, valideynlərini “dilə tutaraq” qızlarının filmə çəkilməsinə razılıq vermələrini xahiş edirdilər. Lakin o zaman xeyli müddət buna nail ola bilmirdilər. Hər gün evə çox üzgün dönür və təəssüflə deyirdi:

- Yenə də Sevili tapa bilmədim. Lap əldən-ayaqdan düşmüşəm. Bircə tezliklə o gün gələydi ki, ata-analarımız öz qızlarının əllərindən tutub özləri kinostudiyaya gətirəydilər, filmlərə çəkdirəydilər. Mən ona dedim:

- Niyə özünü bu qədər əldən salırsan? Qoy elə kinoda da Sevili Mərziyə xanım oynasın da!

- Mümkün deyil, - dedi, - teatr başqadır, kino başqa!

Bir neçə gün sonra yenə evə fikirli gəldi. Qanıqaralığının səbəbini bildiyimdən soruşdum:

-          Nə oldu, Cəfər, yenə Sevili tapa bilmədin?

Tapmışdım, ancaq əlimdən çıxdı. Lap bir azca qalmışdı, - deyə söhbətə başladı.

Məlum oldu ki, o, “Təyyarə” kinoteatrında[5] uzunboylu, qalınhörüklü, çatmaqaşlı cavan bir qıza rast gəlmiş, seans qurtardıqdan sonra onu addımbaaddım izləyərək, evlərinə qədər getmiş, qızın atası ilə söhbət etmişdir. Lakin ilk görüş zamanı kişinin razılığını ala bilməmişdir. Qız Cəfərə dərin təsir bağışlamışdı. Elə oturub-durub deyirdi:

-   Sonası, əgər o qızın icazəsini ala bilsəm, filmdə gözəl bir Sevil surəti yaradarıq.

Cəfər inadından dönmədi. Ertəsi gün, soraqlaşıb onların ailəsinə yaxın bir adam tapdı və qızın atası Mirzağa kişi ilə yenə söhbətə getdi. Bir neçə gün sonra sevinclə evə gəlib dedi:

-   Axır ki, hər şey düzəldi! Sağ olsun Mirzağa kişi, çox həngamədən sonra İzzət xanımın kinoya çəkilməsinə razılıq verdi.

Bu qız – o vaxt Azərbaycan Neft İnstitutunun tələbəsi, bu gün isə texnika elmləri doktoru, professor İzzət xanım Orucova idi. Cəfər hər gün özü onu faytonla evlərindən kinostudiyaya aparıb-gətirirdi.

Tez-tez ondan söhbət açıb deyirdi ki, mən belə bir istedada malik olan qız görməmişəm. Məncə başqa bir qız Sevili ekranda onun kimi canlandıra bilməz. O, inadla məşq edir, özü üçün tamamilə təzə olan, çətin aktyorluq sənətinə məharətlə yiyələnir. Xüsusən, Sevilin çadranı atmaq səhnəsini mən istəyən kimi verə bilmək üçün bilsən, nə qədər çalışır.

Bir dəfə soruşdum:

-          Cəfər, nə oldu, həmin səhnəni çəkə bildinmi?

O, kədər içərisində mənə cavab verdi:

-   Yox, hələ yox... Nə qədər çalışıramsa, Sevilin çadranı başından atması süni çıxır. Axı mən o qızı necə danlayım ki, gənc yaşında bir dəfə də olsun başına çadra örtməmişdir?.. - Sonra gülüb əlavə etdi: - Bilirsənmi, Sonası, srağagün İzzət xanımı evə gətirəndə anası Rübabə xala mənə nə dedi: “Ay oğul, bu nə lovdur məni salmısan? Daha evdə halavatımız yoxdur. Qız gündə yüz dəfə çarşafımı başına örtür, sonra yenə tullayır. Heç bilmirəm bu oyunun axırı nə olacaq?” Mən də belə cavab verdim: “Axırı o olacaq ki, çarşafın yırtılacaq, Mirzağa əmi də daha sənin üçün təzə çarşaf almayacaq. Beləliklə, Sevil ilə bərabər sən də “çadradaloy” eləyəcəksən...” Arvad təəccüb içində yerində donub qaldı.

Nəhayət, “Sevil” filmi çəkilib qurtardı və ekrana çıxdı. Cəfər kinodakı bu ilk işindən hədsiz dərəcədə sevinirdi. Dərhal “Almaz” filminin çəkilişinə başladı. Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları “Almaz” filmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər.

Əvvəldə qeyd etdiyim kimi, Cəfərin səhhəti o qədər də yaxşı deyildi. Xüsusən son zamanlar lap zəifləmişdi. Uzun illərdən bəri dinclik bilmədən gərgin işləmək öz təsirini göstərmişdi. Buna əlavə olaraq, hətta bu üzgün vaxtında da istirahət etməməsi, xüsusən özünü müalicə etdirməməsi, nəhayət, onu yatağa düşmək dərəcəsinə gətirmişdi. O isə yenə öz işində idi.

1934-cü il dekabr ayının 27-si idi. Axşam saat 5-6 olardı. Qızım Gülarəni həkimə aparmağa hazırlaşırdım. Eyvandan düşərkən Cəfərin iki nəfər kinostudiya işçisi ilə gəldiyini gördüm. Onun köynəyinin yaxası açıq, qalstuku və papağı əlində idi. Üzündə, gözlərində ağır bir əzginlik hiss olunurdu. Bərk həyəcanlandım:

-          Cəfər, sənə nə olub, yaxanı niyə açmısan?

-  Heç bir şey olmamışdır, Sonası, bir az yorğunam, - dedi.

Lakin mən sakit ola bilmədim:

-   Yorğunluğun birinci dəfə deyil ki, həmişə yorğun olursan da. Amma indi... bəlkə bir yerin ağrıyır?

-   Yox, yox, narahat olma... Kinofabrikada yıxılmışdım, bir az özümü itirdim; dərman verdilər, keçdi. İndi yaxşıyam.

Tez yerini düzəldib, onu yatağa uzatdım. Yarım saat sonra həkim gəldi, müayinə etdi, ürəyinə qulaq asdı. Onun dediyinə görə, Cəfərə bir balaca soyuq dəymişdi. Üç gün evdən çıxmamalı idi. Həkimi yola şalarkən Cəfərin ürəyinin vəziyyətini soruşdum və bildiyim ürək xəstəliklərinin hamısını saydım:

-   Doktor, - dedim, - ürəyi necədir? Parokdur, rasşireniyedir, qrudnaya jabadır, yoxsa nədir?

O, saydığım xəstəliklərin heç birisi ilə razılaşmayıb:

-   Qorxulu bir şey yoxdur, ürəyi bir balaca pereboy verir, - dedi. - Ayağa qalxandan sonra gərək onu rentgenə salaq.

Mən həkimi yola salıb otağa qayıtdıqda Cəfər onunla gəlmiş yoldaşlarına deyirdi:

-   Soyuqdəymədir, bir şey yoxdur... Siz “Almaz” üzərində işimizi davam etdirin. Necə olacağını sizə demişəm. Bu vaxt xəstələnməyim heç yaxşı olmadı, bütün işlər tökülüb qaldı. Duran kimi gərək aparatı işə salaq...

Yoldaşları gedərkən Cəfər bir də onlara “Almaz” barəsində bir neçə tapşırıq verdi.

Ertəsi gün evdə qaldı. O birisi gün, yəni dekabrm 29- da özünü bir az yaxşı hiss etdiyini bildirib, kinostudiyaya gedib-getməməsi barədə düşünməyə başladı. Axırda: - Getsəm yaxşıdır, - deyib evdən çıxdı.

“Almaz” filmində Yaxşı rolunda yoxlanılmaq üçün qardaşı qızı Mələyi də özü ilə apardı.

Günortadan sonra evə qayıdarkən yenə qəmgin idi. Yaxşı rolu üçün münasib adam tapmadığından şikayətlənirdi.

-          Bəs Mələk necə oldu? - deyə soruşdum.

-   Olmadı. Yaşı azdır, bir qədər gənc çıxır, - dedi. - Bir qədər fikirləşdikdən sonra qəti səslə əlavə etdi:

Nə cür olsa, onu da axtarıb tapacağam!

Dekabrın 30-da səhər Cəfərin halı çox yaxşı idi. Biz ona ürək-dirək verib deyirdik:

-   Axı səndə nə var ki! Yüngülcə soyuqlamısan. Beşcə günə tamam sağalıb “Almaz”ın da işlərini yoluna salarsan.

O dərindən ah çəkib kədərlə dedi:

-          Eh, işim təkcə “Almaz”la qurtarsaydı, nə vardı ki!..

Həmişə olduğu kimi, bu vaxt da onun əlində bir neçə iş var idi. Hələ 1932-ci ildən “Əfqanıstan” pyesini yazmaq fikrinə düşmüşdü, librettosunu da yazıb qurtarmışdı. Lakin “Almaz” və “1905-ci ildə” filmlərinin ssenariləri üzərində işlədiyi üçün bu əsərini yaza bilmədi. “Əfqanıstan”ı bunlardan sonra başlamaq istəyirdi. “Bu, çətin mövzudur, onu yazmaq üçün Əfqanıstana getməliyəm!” - deyirdi. Hətta bu barədə bir ərizə də yazmışdı.

Cəfərin son əsəri “Firuzə” hekayəsidir ki, “Pravda” qəzeti üçün rusca yazmışdır.

...Həmin gün nahara qədər Cəfərin halı yaxşı idi. Nahardan sonra özünü zəif hiss etməyə başladı, bir az əvvəlki nikbin söhbətlərini heç gözləmədiyimiz halda birdən ümidsizlik bürüdü.

-   Sonası, - dedi. - Bizim nəsil çox yaşamır və bir də, adam bilsə ki, düz min ildən sonra öləcək, indidən bağrı çatlar. Ancaq nə vaxt öləcəyini bilmədiyindən ümidlə yaşayır...

Dərhal söhbəti dəyişdim. Ancaq o, çox fikirli idi. Nə qədər təsəlli verirdiksə, ürəyi açılmırdı. Həkim çağırmaq istədim. “Eh, qaya uçan günü toz qopacaq”, - deyə razı olmadı.

Axşamçağı bizim təkidimizlə uzanıb yatdı və saat doqquzda onu oyatmağımı tapşırdı. Saat doqquzda otağına girdim. O isə artıq oyanmışdı. Qalxdı, geyindi, həyətə çıxıb bir az gəzindi. Haraya isə getmək fikrində idi. İçəri girib bir neçə damcı dərman istədi. Törə də bizdə idi. Cəfər çarpayının kənarında oturub bir qədər fikrə getdi və birdən dilləndi:

-   Bilirsiniz nə var: indicə yatmışdım, yuxuda gördüm ki, ölmüşəm, məni aparırlar, özüm də ayığam. Siz ağlayırsınız, mən isə sizə: “Ağlamayın” demək istəyirəm, amma deyə bilmirəm. Axırda bütün qüvvəmi yığıb sizə dedim: “Ağlamayın, ölməmişəm!..” - Bir an susub əlavə etdi: - Əgər işdir, birdən ölüb-eləsəm, uşaqlardan muğayat olun...

Mən zarafata salıb dedim:

-   Yuxuda ölmək - ölməməkdir, ağlamaq da - gülmək. Bu sözümə özü də güldü.

Onun razı olmamasına baxmayaraq, mən həkimə zəng vurdum. Evdə yox idi. Saat on olardı. Cəfər soyunub yatağına girdi və üstünü bərk örtdürüb yatdı. Saat on ikidə, ailə yatarkən o, sakit-sakit yuxulayırdı.

Gecənin bir vaxtı sanki məni yuxudan oyatdılar. Bir az yerimin içində oyaq qaldım. Birdən, elə bil, evin qaranlığı məni vahiməyə saldı. Tez Cəfəri çağırmağa başladım. Ondan cavab almadım. Cəfər çox sayıq yatardı və həmişə belə hallarda səsimə səs verərdi. Bir az da bərkdən çağırdım, yenə cavab almadım. Onun zarafat etdiyini və məni qorxutmaq istədiyini düşünüb ayağa qalxdım və təzədən çağırdım. Yenə də ondan səs çıxmadı.

İşığı yandırdım, onun yatağı üzərinə əyildim. Sanki bərk yatmışdı. Üzü gülümsər bir vəziyyətdə idi, gözləri yumulu idi və hər gözünün kənarında bir damla yaş parıldayırdı. Gözlərimə inanmadım. “Bəlkə ürəyi xarab olmuşdur”, - deyə düşündüm. Onu diksindirb oyatmamaq üçün yavaşca gedib anamı çağırdım. Zeynəb tələsik gəlib Cəfərin biləyini əlinə aldı və arvadın rəngi sapsarı saraldı. O, ağlar gözlərini üzümə dikəndə birdən mən fəlakəti dərk edərək, qeyri-iradi həyətə atıldım, çovğun içində təlaşla çığırdım:

-          Ey vayy!..

Və öz səsimdən qulaqlarım tutuldu, gözlərim yumuldu. Sonra nələr olduğu yadıma gəlmir. Guya dəhşətli bir yuxu içində idim.

O məşum gecə – 1934-cü il dekabrın 30-dan 31-nə keçən gecə idi.

Cəfər 35, mən 29 il yaşamışdım. Oğlumuz Aydınm 10, qızımız Gülarənin 4 yaşı var idi o vaxt.

Cəfərin mənim üçün qoyub getdiyi xəzinə – bu iki uşaq idi.

Öz xalqı üçün də o, qiymətli dəfinə qoymuşdur – əsərlərini.

Minnətdaram xalqımıza ki, Cəfərin mirasını göz bəbəyi kimi qoruyur.

Mən də onun iki yadigarını iki gözüm kimi qoruduğum üçün, onları Cəfərin istədiyi kimi böyütdüyüm üçün, üstlərində heç bir yad nəfəs əsmədən ərsəyə çatdırdığım üçün özümə təskinlik verirəm.

Mən sizin hamınıza xalqımızı Cəfər kimi sevməyi, Vətənimizə onun kimi xidmət etməyi arzulayıram. Taleyimiz yalnız bir şeydə Cəfərə oxşamasın – onun kimi az yaşamayın. Ömrünüz uzun, canınız həmişə sağlam olsun!

 

 

 



[1]  Şıxlar və Səyyadlar – Xızı kəndinin iki qonşu qışlağıdır.

[2] Ə r s ə m i – əmi arvadı.

[3] Azərbaycan Dövlət Dram Teatrı.

[4] Pyesin yeni variantı nəzərdə tutulur.

[5] İndi Bakı univermağı (köhnəsi).

 



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info