Qonaq Kitabı
Sona Cabbarlı. Onu unutmaq olarmı?

Sənə nə olub, zalım yar?

Qadan-bəlan alım, yar.

Sən ki belə deyildin,

Səni bir öyrədən var.

O, işdən gələndə, xörək yeyəndə, yatanda, işləyəndə həmişə bu mahnını oxuyurdu. Bir dəfə ona dedim: bir mahnını oxuyarlar bir dəfə, iki dəfə, üç dəfə: yoxsa səhər-axşam, axşam-səhər dilindən düşmür, bu nədir? Cəfər dedi: Sonası, sən bilmirsən, bir əsər yazacağam ki, onun mahnılarını bütün xalq oxusun. Onda bilərsən ki, bu mahnı nə deməkdir... Amma nədən, nə mövzuda əsər yazacağını bildirmədi.

1927-ci ilin yay fəsli idi. Məlumdur ki, istilər düşəndə bakılıların çoxu Abşeron bağlarına köçür. Dağlı məhəlləsində yaşayanlar isə Xızıya, yaxud Qılızı bağlarına istirahətə gedirdilər. Altıağaca, Yarımca yaylağına köçənlər də çox olardı. Çünki bu yerlər çox sərin, səfalı, ab-havalıdır.

Bizim bu yay harada istirahət edəcəyimizdən söhbət düşəndə Cəfər dedi:

- Ata-baba yurdumuza getsək, necə olar? Həmin yayı Xızıya getməyi qət etdik. Bir neçə gündən sonra tədarükümüzü görüb yola düşdük. Mən Cəfərin qardaşı qızı Mələklə Xızıya getdim. Üç yaşlı oğlum Aydını da özümlə yaylağa apardım.

Xızıda bir neçə gün qalandan sonra qohumlarımız bizi Yarımca kəndinə qonaq çağırdılar. Biz Yarımcaya gedən günün axşamı Cəfər də anamla birlikdə oraya gəldi. Bir-iki gün Yarımcada qaldıqdan sonra bizi Altıağac kəndinə qonaq çağırdılar. Altıağac Cəfərin çox xoşuna gəldiyindən dedi ki, bir ev tutub elə burada qalaq. Mənzərəli bir yerdə ev kirayələdik.

Bir-iki gün istirahət edəndən sonra Cəfər işləməyə başladı. O, hər gün səhər saat 6-da qalxıb biz yuxudan durana qədər yazırdı. Səhər naharından sonra biz ev işləri ilə məşğul olurduq, bəzən də kəndə gəzməyə çıxırdıq. Cəfər mənə və Mələyə tapşırmışdı ki, nəbadə yazılarımı oxuyasınız. Buna baxmayaraq, biz marağımızı boğa bilmirdik. Cəfər evdən çıxan kimi mən Mələklə bir-birimiz üçün pusquda duraraq, növbə ilə yeni əsərin əlyazmasını oxuyurduq. Axırda o, bizim bu gizli “qəsdimizi” başa düşdü. Belə ki, bir gün biz pyesi oxuyanda o, hər ikimizi, necə deyərlər, “cinayət başında” yaxaladı:

-          Balam, mən sizə deməmişdim ki, dəftərimi oxumaym?

Biz nə cavab verəcəyimizi bilməyərək, müqəssir adamlar kimi başımızı aşağı dikdik. Cəfər nə isə fikirləşib bir qədər sonra dedi:

-   Daha bu dəfə sizi bağışlayıram. Ancaq deyin görüm necədir? Əsər xoşunuza gəlirmi? Yadınızda bir şey qalır, yoxsa elə oxuyub qurtaran kimi yaddan çıxır?

-   Qiyamət əsərdir, ay Cəfər əmi, lap əntiqə yazmısan. Daha bundan olmaz, - deyə Mələk cavab verdi.

-   Ay Cəfər, özün də bilirsən ki, sən yaxşı yazırsan da, - deyə mən də əlavə etdim.

O, gülümsəyərək dedi:

-   Daha durub üzümə deməyəcəksiniz ki, xarabdır, birinizin əmisiyəm, birinizin də əri...

Cəfər bizi tez-tez Altıağac meşələrinə gəzməyə aparardı. Meşədə “Sevil”dəki mahnıların havalarını tarda Mələyə çaldırar, özü də oxuyardı.

Cəfər inadla işləməkdə olduğu “Sevil”i qurtarmaq üzrə idi. Bir gün mənə dedi:

-   Sonası, bilirsən nə var? Gəlin sizinlə bir əhdnamə bağlayaq. Bu gün səhərdən-axşama kimi nə evə girin, nə də məni çağırın. Heç kimi də otağıma buraxmaym!

Biz söz verdik. Çox təəssüf ki, baş vermiş bir hadisə bu əhdimizi pozdu.

O gün axşam saat 5-ə kimi nə evə girdik, nə də qapını döydük. Saat 6-ya yaxın mən həyətdə oturmuşdum. Aydın küçədə uşaqlarla oynayırdı. Bir də gördüm ki, bir nəfər gəlir, özü də tanış adama oxşayır. Ürəyim döyündü, fikirləşdim: əgər bizə gəlsə, nə edəcəyəm? Mən bu fikirdə ikən yaxın qohum və dostlarımızdan Şəmsəddin qabağımda dayandı. Lap məəttəl qalmışdım. O, Bakıdan gəlmişdi. Necə edim? Axı Cəfər tapşırıb ki, bu gün heç kimi evə buraxmayım. Özümü elə itirmişdim ki, Şəmsəddindən heç ağıllı-başlı hal-əhval da tuta bilmədim. Çarəm kəsildi, bir qədər ürəklənərək, ayağa durub dedim:

-          Şəmsəddin, gedək evə!

Pilləkənləri çıxar-çıxmaz ayaqlarım dalımca gəlmirdi. Nəhayət, ürəyim döyünə-döyünə qapını döydüm. Cavab gəlmədi. İkinci dəfə döydüm. Cəfər içəridən qışqırdı:

-          Kimdir?

-          Şəmsəddin gəlib, qapını aç!

Elə bu kəlmələri deyib qaçdım. Daha bundan sonra Cəfərin Şəmsəddinlə necə görüşdüyünü və qonağı necə yola saldığını bilmədim. Şəmsəddin, təcili işi olduğu üçün tələsik görüşüb başqa kəndlərə getmişdi. Cəfər eyvana çıxıb dedi:

- Üç dəqiqə gecikə bilməzdin? Fikrimi dağıtdm! Əsəri qurtarmağa az qalmışdı. İndi mən üç dəqiqəlik işin üstündə bir neçə gün oturmalıyam.

Sonradan “Sevil” tamaşaya qoyulanda o, həmişə deyərdi ki, Sonası, öz aramızdır, “Sevil”in axırını Şəmsəddin korladı.

Altıağacdan qayıdandan sonra Gəfər əsəri dram teatrına verdi. “Sevil” pyesi tamaşaya qoyulanda çadra əleyhinə böyük kampaniya aparılırdı. Cəfər mənə deyirdi ki, çadranı atmaq lazımdır. Mən isə deyirdim ki, yox, atmaram, məhəllədə hərə bir söz deyər.

-   Əvvəl-axır çadranı atacaqsan. Ancaq sonradan atınca, məhəlləmizdə hamıdan əvvəl atsan, yaxşıdır, - deyə hər gün mənimlə bu haqda mübahisə edərdi.

Bizə qəzet gətirən poçtalyon bir gün mənə dedi:

-          Sona bacı, sənin şəklin qəzetdə çıxıb.

Mən bərk təəccübləndim:

-          Ola bilməz!

-   Ay Sona bacı, məgər mən səni tanımıram, nə düşüb mənə ki yalan danışım? - deyə poçtalyon cavab verdi:

Qıraqda duran Cəfər söhbətimizə qarışıb dedi:

-   Balam, kişi düz deyir də. Çadranı atmısan, bu haqda qəzetdə də yazm gedib. Hələ özündən başqa, qonşu arvadları da çadralarını atmağa çağırmısan. Daha kişi ilə höcət niyə edirsən?

Əllərim əsə-əsə qəzeti açdım. Gördüm... poçtalyon düz deyirmiş.

Kişi gedəndən sonra Cəfərlə davaya başladım ki, nə üçün mənim şəklimi qəzetə verib, adımdan da məqalə yazıb. Axı mən nə vaxt çadramı atmışam? Hətta ağladım da.

Cəfər məni sakitləşdirib dedi:

-   Sonası, çadranı atmırsan atma, daha ağlamaq nəyə lazım? Ancaq sənin üçün yaxşı deyil, xalq deyər ki, özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram; amma yenə də çadrada gəzir. Bir də, mənim özüm üçün də yaxşı deyil. Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz axı!..

Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq çadranı atmalı olduq.

“Sevil” pyesini tamaşaya qoymaq üçün teatrda bərk məşqlər gedirdi. Əsərin quruluşunu rejissor Tuqanova tapşırmışdılar. Cəfər də onunla birlikdə çalışırdı.

İndiki kimi yadımdadır: Cəfər üçün teatra xörək aparmışdım. Dedilər ki, səhnədə məşq edir. Mən də salona keçib məşqə tamaşa etməyə başladım.

İkinci pərdənin məşqi gedirdi. Balaş rolunu Rza Təhmasib, Sevil rolunu Mərziyə xanım, Dilbər rolunu Qəmər Topuriya oynayırdı. Dönə-dönə məşq etmələrinə baxmayaraq, Balaşla Dilbərin hərəkətləri Cəfərin xoşuna gəlmirdi, xüsusən onların ilk öpüşmə yeri ki, Sevil əlində su stəkanı səhnəyə girib bu mənzərəni görür. Nədənsə Təhmasib – Balaş ilə Qəmər – Dilbər məşq zamanı səhnədə soyuq öpüşürdülər. Birdən, Cəfər səhnəyə atılıb onların arasına girdi və yavaşdan nə isə deyib sonra səsini ucaltdı:

-   Bax belə! - və Qəmər xanımı möhkəm qucaqlayıb dodaqlarından öpdü. - Hə, təkrar edin!..

Məşq bitdikdən sonra Cəfərə dedilər ki, Sona sənin üçün xörək gətirib, özü də salondadır. O, tez yanıma gəlib soruşdu:

-          Sonası? Çoxdan buradasan?

-          Elə sən Qəmər xanımı öpəndə salona girdim.

O, başını bulayıb tez-tez danışmağa başladı:

-          Hə, bu olmadı. Özün görürsən ki, işdəyəm və bu da mənim vəzifəmdir.

-   Pis vəzifə deyil, - dedim. - Gedək, xörəyini ye, küftə-bozbaş gətirmişəm səninçün.

-          Ay sağ ol, Sonası, lap acından ölürəm.

O, öz iş otağına qalxdı, Tuqanovu da çağırıb birlikdə xörək yedilər.

Tezliklə tamaşanın premyerası oldu və “Sevil” tamaşaçılar tərəfindən böyük sevinclə qarşılandı. Teatra çadralı gələn çoxlu qadın tamaşadan sonra evə çadrasız getdi.

Buna baxmayaraq, əsər haqqında böyük mübahisələr qalxdı. Bəziləri Sevili əxlaqsız adlandırıb pyesin səhnədən çıxarılmasını tələb edirdilər. Bakıda çıxan bütün qəzetlər dalbadal “Sevil” barədə böyük məqalələr verirdilər. Bir dəfə soruşdum:

-   Ay Cəfər, nə olub ki, bütün qəzetlər “Sevil”dən yazır, böyük mübahisələr gedir?

O dedi:

-   Sonası, demək, əsərdə bir şey var ki, mübahisə gedir. Bir şey olmasa mübahisə getməz. Demək, məsələ ciddidir.

Nəhayət, bütün bu mübahisələri Cəfər bir cümlə ilə həll etdi. Pyesin axırıncı pərdəsində Sevil, Balaşı acıqlandırmaq üçün, guya, Moskvada oxuyarkən yad kişilərlə görüşdüyünü söyləyir. Bəzi tənqidçilər deyirdilər ki, bu sözlər Sevili tamaşaçıların qarşısında alçaldır, bunu Sevilin yalandan deməsini bildirmək lazımdır. Cəfər isə özünəməxsus inadkarlıqla buna razılıq vermir, əsərimin bir kəlməsini də dəyişmərəm, - deyirdi. Nəhayət, çox təkidlərdən sonra o, könülsüz olaraq, axırıncı pərdədə Gülüşün dialoquna: “Sevil, niyə özünə böhtan atırsan?” cümləsini əlavə etdi.

Yüzlərlə qadınlar səhnədə “Sevil”ə baxandan sonra çadralarını atıb fabriklərə, zavodlara axışdılar. Cəfər tamaşa gedən zaman həmişə salonu gəzir, müxtəlif yerlərdə oturur, əsərin tamaşaçılara necə təsir etdiyini, əsər haqqında tamaşaçılarm rəyini öyrənirdi. Bu, ümumiyyətlə, onun adəti idi.

 

III

1927-ci ilin əvvəllərində birdən Cəfərin səhhəti pozuldu, ürəyi sancmağa başladı. Birlikdə həkimə getdik. Həkim ona diqqətlə baxandan sonra dərman yazıb dedi:

-          Qardaş, sənə papiros çəkmək, içki içmək yaramaz. Urəyini çox yormusan.

Papirosu tərgitmək Cəfər üçün çox çətin idi. Buna baxmayaraq, o, cibindən içi dolu papiros qutusunu çıxarıb küçəyə tulladı: “Daha səni çəkməyəcəyəm!” - dedi.

İçkini də atdı. 1930-cu ilə kimi nə içki içdi, nə papiros çəkdi. Həmin vaxtda o, təzə əsər yazmayıb, bir neçə pyesi Azərbaycan dilinə tərcümə etdi. Nəhayət, bir gün dedi:

-   Ay Sonası, ha istəyirəm əyləşib işləyim, fikrimi bir yerə cəm eləyə bilmirəm. Deyəsən, yenə papiros çəkməli olacağam.

Mən qəti etiraz etdim. Papirosun havasını yadından çıxarmaq üçün onun cibini ləbləbi, kişmiş, günəbaxan toxumu ilə doldururdum. Bir dəfə o, bunları cibindən çıxarıb stolun üstünə atdı:

-   Məni lap zara gətirdin, - dedi. - Bunlar uşaq-muşaq işidir. Siz olasız Allah, qoyun işləyək.

Beləliklə, 1930-cu ilin əvvəllərində yenidən papiros çəkməyə başladı. Amma bu dəfə papiros çəkməyini məndən gizlədirdi. Bir dəfə onun ciblərində tütün qırıntısı görüb deyinməyə başladım:

-          Cəfər, bu tütün qırıntıları haradandır? Yoxsa yenə papiros çəkirsən?

O güldü:

-   Ay Sonası, sən mənim canım, üstünü vurma, bir əsər yazmağa başlamışam. Papiros çəkməsəm, işlərim düz getməyəcək, qoy onu yazıb qurtarım, sonra yenə tərgidərəm.

1930-cu ilin yaymda Cəfər bizi Şurabad (Qılızı) bağlaırına apardı. Burada o, hələ 1929-cu ildə yazmaq həvəsinə düşdüyü “Almaz” pyesini işləməyə başladı. Əsərdəki hadisələrin və adamların çoxusu Şurabad kəndi ilə əlaqədardır. Hətta Hacı Əhməd surətinin prototipi indi də gözümün qabağındadır. Fatmanisənin prototipi isə həmin kəndin “maması” sayılırdı, əri ilə heç yola getməzdi, gündə kişini döyüb evdən qovardı.

Bir dəfə əncir ağacının altında əyləşib çay içirdik. Cəfər də bizimlə idi. Birdən Törə gəlib çıxdı. Onlarm bağı bizimlə qonşu idi. Törə bizi görən kimi gülə-gülə sözə başladı:

-   Əyləşmisiz burda, dünyadan xəbəriniz yoxdur. Şərəfnisə arvad bir hoqqa çıxarıb ki, gəl görəsən!

-          Nə olub? - deyə mən təəccüblə soruşdum.

Törə gülə-gülə söhbətini davam etdirdi:

-   Qonşumuzun hamilə arvadı doğa bilmirdi. Şərəfnisəni çağırdılar. O, zahıya: “Güc vur, köpək qızı, güc vur" – deyib bir hay-küy saldı, bir hay-küy saldı ki, uşaq onun çığır-bağırından qorxub dünyaya gəldi.

Törəni diqqətlə dinləyən Cəfər dedi:

-          Törə, bacımsan, o yana gedəndə Şərəfnisəni bura çağır, onunla işim var.

Bir də gördük ki, damağında qəlyan, budu ha, Şərəfnisə arvad gəlir. Cəfər əyləşib onunla xeyli söhbət elədi. Mamaça gedəndən sonra Cəfər dedi:

-          Zalım qızı nə vaxtında çıxdı! Mən onunçün göydə gəzirəm, yerdə əlimə düşdü.

Mən maraqla soruşdum:

-          Mamaça sənin nəyinə lazımdır?

Cəfər güldü:

-          Sonra bilərsən, Sonası.

1930-cu ildə “Almaz” müvəffəqiyyətlə tamaşaya qoyuldu. Şurabaddakı bir sıra tipləri, o cümlədən Şərəfnisəni də səhnədə gördüm. İndi bildim ki, mamaça Cəfərin nəyinə lazım imiş.

“Almaz” tamaşasının quruluşu rejissor Tuqanovla birlikdə Cəfərə tapşırılmışdı. O, özü rolları bölmüş, artistlərlə də özü işləyirdi. Hətta surətlərin paltarlarını da Cəfər özü seçirdi. Yaxşı gecə uşağı əmizdirməyə gələndə geydiyi tuman anam Zeynəbindir. Cəfər mənə dedi ki, bu tuman Yaxşının əsil malıdır; anan bilməsin, qoy onu aparım geydirim səhnədə Yaxşıya. Mən razılıq verdim. Anam ölənədək həmin tumanın harada itdiyini bilmədi.

Aftilin çuxası ilə olan əhvalat da maraqlıdır. Məhəlləmizdə Bayram adlı yoxsul bir qoca var idi. Köhnə çuxası yamaq-yamaq idi. Bir gün Cəfər mənə dedi:

-   Sonası, gözüm düşüb Bayram əminin çuxasma. Gör onu mənim üçün ala bilərsənmi?

Təəccüblə soruşdum:

-          Çuxanı nə edirsən?

-   Aftil üçün istəyirəm. Bilirsənmi, teatrda, əlbəttə, onun üçün çuxa tikərlər, yamaq da vurarlar. Amma təzə çuxaya yamaq yaraşmaz axı. Bayram əminin çuxası isə lap Aftilin malıdır. Bir bax, gör, onunla sövdalaşa bilərsənmi.

Bayram əmiyə müraciət etməyə məcbur oldum. Kişi yazıq-yazıq üzümə baxıb incik səslə dedi:

-          Qızım, məni ələ salırsan?

Tez cavab verdim:

-   Yox, Bayram əmi, vallah-billah düz sözümdür. Cəfər dedi ki, Bayram əmi üçün təzə çuxa al, qoy o köhnəsini versin, aparım teatra. Budur, bu da pulu.

Əlimdə tutduğum pulları kişiyə verdim. O da köhnə çuxasını çıxarıb mənə verdi. Həmin çuxa indi də teatrdadır, Aftil geyinir.

Cəfər “1905-ci ildə” əsərini “Almaz”dan sonra, 1931-ci ıldə yazmışdır. O, həmişəki kimi, pyesi də yazmazdan əvvəl bu haqda çoxlu ədəbiyyat oxuyur, 1905-ci il hadisələrinin istirakçısı olan qoca kişilərlə söhbət edirdi. Adını unutduğum bir inqilabçı fəhlənin öldürülməsini görəndə adamlardan ətraflı məlumat almışdı. Onlar Cəfərə həmin inqilabçının necə, harada, nə vaxt öldürüldüyünü söyləmişdilər.

O, topladığı zəngin məlumat əsasında pyesin planını tərtib etmişdi. 5-6 səhifəlik bir dəftər vərəqində idi. Mən həmin planı özüm bilmədən Cəfərin bəzi kağızları arasında haraya isə qoymuşdum. Cəfər bir gün mənə dedi ki, ay Sonası, mənim bir planım var idi, özü də ərəb əlifbası ilə yazılmış, axtarıram, tapa bilmirəm. Orada fəhlələrin danışıqları və mənim bəzi qeydlərim yazılmışdı. Bəlkə sənə rast gəlib? Üç gündən sonra həmin planı tapıb ona verdim.

Cəfər deyirdi ki, “1905-ci ildə” çox çətin mövzudur. Erməni-müsəlman qırğnının səbəblərini camaata başa salmaq üçün çox böyük zəhmət lazımdır. Həmin əsər üzərində bir ildən artıq işləyərək, teatra təqdim etdi.

Pyes teatr kollektivi tərəfindən oxunub müzakirə olundu. Lakin bu da hələ tamaşaya qoyulmazdan əvvəl böyük mübahisələrə səbəb oldu. Bir çoxları pyesin siyasi xəttinin düzgün olmadığını və əsərin müvəffəqiyyət qazanmayacağını iddia edirdilər. Lakin əsər tamaşaya qoyulandan sonra Azərbaycan K(b)P MK-nın birinci katibi Polonski şəxsən Cəfəri yanına çağıraraq, əsərin çox yaxşı və düzgün yazıldığını demiş və pyesin başqa teatrlarda da, xüsusən erməni teatrında da tamaşaya qoyulmasını lazım bilmişdi.

Tamaşanın quruluşu o zaman Moskvadan Bakıya dəvət olunmuş Lütse familiyalı bir rejissora tapşırılmışdı. Cəfər də onunla birlikdə çalışırdı.

Uzun məşqlərdən sonra “1905-ci ildə” pyesinin ilk tamaşası oldu. Teatr ağzına kimi dolmuşdu. Mərkəzi Komitənin, Xalq Komissarları Şurasının çoxlu nümayəndələri teatra dəvət olunmuşdular. İlk tamaşa müvəffəqiyyətlə keçdi. Hər pərdənin sonunda salonu alqış səsləri bürüyür, artistləri müəllifi səhnəyə çağırırdılar.

Lakin əsər haqqında yenə də böyük mübahisələr davam edirdi. O zaman Cəfəri istəməyənlər onun “1905-ci ildə” əsəri ilə qabağa yox, geriyə getdiyini iddia edirdilər. Hətta o vaxt qəzetlərdə “1905-ci ildə” pyesi haqqında verilmiş bir resenziyanın sərlövhəsi “Bir addım irəli, iki addım geri” qoyulmuşdu. Tənqidçi bu məqaləsində əsərə tamamilə yanlış qiymət verirdi. O zaman qəzetlərin çoxunda müxtəlif fikirlər yürüdürdülər. Bütün bunları nəzərə alaraq, əsər haqqında geni disput keçirilməsi qərara alındı.

Disput Azərbaycan Dövlət Dram Teatrının üçün mərtəbəsindəki məşq salonunda oldu. Artistlər, rejissorlar, tənqidçilər, yazıçılar, fəhlələr, ziyalılar dəvət olunmuşdular. Mən də Cəfərlə getmişdim. Məruzəçi pyesin yaxşı yazılmadığını və siyasi xəttinin düzgün olmadığını iddia edirdi. Onun çıxışından sonra böyük mübahisələr başlandı. Hərə bir cür fikir yürüdürdü. Bəziləri müəllifi tərifləyir, bəziləri isə tənqid edirdi. Mədən və zavodlardan gəlmiş fəhlələrə, 1905-ci il hadisələrində iştirak etmiş adamlara da söz verdilər. Onlar da əsər haqqında əsasən müsbət fikir söyləyib, Cəfəri müdafiə etdilər; eyni zamanda pyesin bəzi nöqsanlarını da göstərdilər. Onlar, əsasən, fəhlə hərəkatının geniş işıqlandırılmadığını qeyd edirdilər. Bütün çıxışların, demək olar ki, əksəriyyəti bir-birinin ziddinə idi.

Disputun sonunda müəllifə söz verdilər. Cəfərin çıxışı indiki kimi yadımdadır. O dedi: “1905-ci ildə” pyesi haqqında yürüdülən fikirlərin bəzisi ilə razılaşıram, bəzisi ilə yox. Hər halda bunları nəzərə alacağam. Lakin bir şeyi unutmaq lazım deyil ki, 1905-ci ildə baş vermiş hadisələrin hamısını 5 pərdəli bir pyesə sığışdırmaq qeyri-mümkündür. Mən bacardıqca hadisələri, xüsusən Bakıda gedən hadisələrin, əsasən, milli məsələ ilə əlaqədar olanlarını yazmağa çalışmışam. Qaldı fəhlə hərəkatının zəif göstərilməsinə, bu, tamamilə doğrudur. Mən tamaşaçıların qarşısında söz verirəm ki, fəhlələrin inqilabi hərəkatından bəhs edən böyük bir əsər yazacağam.

Onun bu sözləri alqışlarla qarşılandı.

Beləliklə, “1905-ci ildə” pyesi tamaşaya qoyulandan sonra onun üzərində yenidən rejissor işi başlandı. Yenə Cəfər özü Lütse ilə birlikdə işləyirdi. O, yayda bağa göndərdiyi məktubların birində yazırdı: “Öz işlərim o qədər yaxşı deyil. Lütse pyesi yaxşı başa düşmür. Bir az üzümü o yana çevirirəm, bir də görürəm ki, vurub aləmi qarışdırıb bir-birinə, döndərib şuluq-bazara. İndi gəl çalış, düzəlt. Lap əldən düşmüşəm. Çox qorxuram ki, pyes adi tərcümə əsərlərinin birinin kökünə düşsün. Hər halda nə olursa-olsun, bütün qüvvəsi ilə gedə bilməyəcəkdir, bir qədər zəifləyəcəkdir. Mən, təbii, əldən gələn qədər o nöqsanları yumşaltmağa çalışacağam. İndi bilmirəm nə olacaqdır. Bir dəqiqə evdə rahat dura bilmirəm, əlüstü bir parça çörək yeyib qaçıram. Görək, bəlkə birtəhər etdik. Bağa da ona görə gələ bilmirəm. Müdiriyyət özü də bir az pyesin korlanmasından qorxur. Ona görə də getməyin adını çəkmək olmur”.

Sonralar “1905-ci ildə” pyesi yeni quruluşda ikinci dəfə tamaşaya qoyulduğu zaman, quruluşçu rejissorluğu Cəfərin özünə tapşırmışdılar. Cəfər bir məktubunda bu haqda yazırdı: “Azərbaycan teatrında “1905-ci ildə” pyesini yeni quruluşda verməliyəm. Rus teatrında da “1905-ci ildə” gedir. Mayorov deyir ki, gərək mütləq ikimiz işləyək, tək qoya bilmərəm. Operadan da deyirlər ki, gərək “Səfa”nın quruluşunu sən verəsən. Bizim teatrda da “Otello”nu təzələmək mənim boynumda qalmışdır. Hamısı da bir vaxtda. Xülasə, aləm qarışıb bir-birinə. Hə, “Od gəlini”ni də gərək Mayorovla mən işləyəm. Budur, mənim təxmini işlərim”.

Cəfər “Dönüş”ü 1932-ci ildə Fatmayı bağlarında Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının Sovet hakimiyyəti illərində yenidən açılmasının 10 illiyi münasibətilə yazmışdır. Biz bağa köçəndən həmin yubileyə böyük hazırlıq gedirdi. Cəfər şəhərdən bağa göndərdiyi bir məktubda mənə yazırdı:

-   “Sonası, bu saat heç bir quruşum da yoxdur, lat-lüt, zəvvar imam Rza. Çox güman, sabah pul alaram, demək olar ki, şübhə etmirəm, ancaq tramvay altında - zalda qalmasam. Bunlar bircə günün məsələsidir. Yazı işlərim yaman deyil, yeriyir. İşlərim mənə “xod” kimi görünür. Ancaq çətini bir-iki gündür, ondan sonra, deyəsən, nizama düşəcəkdir. 3-4 gündən sonra balaca bir pyes yazmağa başlayacağam. Burada qurtarmasam, gətirib bağda yazaram.

Məzmunumu sən bilirsən, istəyirsən yadına salım:

Hicrinlə zarəm;

Biixtiyarəm.

Dərdindən, ey gül,

Mən biqərarəm.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info