Qonaq Kitabı
Sona Cabbarlı. Onu unutmaq olarmı?

 

Pullularımız qafil,

Alimlərimiz cahil,

Oldu elimiz zayil,

Dur, ey xar olan millət!

 

Bir yandan ədu cəllad,

Bir yan naləvü-fəryad,

Ol bu zülümdən azad,

Dur, ey xar olan millət!

 

Ə1 çək bu həqarətdən,

Qurtar bu əsarətdən,

Xar ol bu xəcalətdən,

Dur, ey xar olan millət!

O zaman məscidlərə məhəllə adamları dəstə-dəstə gedirdilər. Bir gün bizim məhəllənin dəstəsi indiki Yuxarı Dağlıq küçəsində olan Hacıbaba məscidində Cəfərin bu mərsiyəni oxuyur. Mərsiyəni eşidən axundlar, mollalar, qoçular, dövlətlilər, hətta bəzi ziyalılar qeyzə gələrək, Dağlı məhəlləsinin dəstəsi ilə vuruşmağa başlayırlar. Onlar mərsiyəni yazanı tələb edirdilər. Bizim məhəllənin adamları mərsiyənin Cəfər tərəfindən yazıldığını demirlər. Azı on beş-iyirmi gün bu mərsiyənin üstündə böyük mübahisə getdi. Nəhayət, həmin mərsiyənin oxunması qadağan olundu.

1919-cu ilin axırı idi. Cəfər “Aydın” pyesini yazıb qurtarmışdı. Lakin bu əsərin o zaman oynanılması yadıma gəlmir. Bundan sonra 1920-ci ilə kimi Cəfərin nə işlədiyini də deyə bilmərəm. Çünki o vaxtlar mənim uşaqlıq illərim olduğundan həmin dövrləri bir qədər dumanlı xatırlayıram.

 

II

1920-ci ildə XI Qızıl Ordu Bakıya daxil oldu. Şəhərin hər yerində “Fəhlə-kəndli hökuməti qurulub” - deyə camaat şadlıq edirdi. Təzə hökumət yoxsulların, kimsəsizlərin qeydinə qalır, onları təmənnasız müdafiə edirdi. Qızıl əsgərlər camaatla mehriban dolanır, Azərbaycan dilini bilməsələr də, öz qardaşlıq hislərini müxtəlif vasitələrlə göstərirdilər. Onlar camaat arasında o qədər hörmət qazanmışdılar ki, nəinki dövlətli kasıbın üstünə, hətta evdə kişi öz arvadının üstünə qışqıra bilmirdi. Bir sözlə, yeni hökumət əməkçilərin ən yaxın dostu idi. Sovet hökuməti camaata un və başqa ərzaq paylayırdı. Bizim məhəllədə yaşayan adamlara da un vermişdilər. Evlərdə toy-bayram idi. Əvəllər rus soldatı adını eşidəndə qorxuya düşən camaat, indi onları evlərinə qonaq çağırırdı.

Qızıl Ordunun hissələri məhəllə küçələrinə, dalanlara düşmüşdülər. Onlar burada xörək bişirir, burada yeyir, bura da qurduqları alaçıqlarda yatırdılar. Bizim həyətin yanındakı dalana da bir dəstə qoşun düşmüşdü. Onlar bizimlə elə mehriban dolanırdılar ki, elə bil uzun illərdən bəri bir-birimizi yaxşı tanıyırdıq. Anam Zeynəb, Cəfərin anası Şahbikə və baqa qohumlarımız beş-altı yerdə ocaq qalayaraq onlar üçün yayma bişirirdilər. Cəfəri də tez-tez onların arasında görmək olurdu. Cəfər rus dili bildiyindən onlarla danışır, nəyə ehtiyacları olduğunu məhəllədəkilərə deyirdi.

Beləliklə, Bakıda asayiş bərpa olundu. Cəfər həmin ildə politexnikumu bitirdi. Mənimlə Törə də Rəhilə xanımın məktəbini qurtarmaq üzrə idik. O münasibətlə gərək ki, mərhum Süleyman Sani Axundovun adını unutduğum bir pyesinin bir pərdəsini tamaşaya hazırlayırdıq. Əsərdəki rolları məktəbin qızları arasında bölüşdürmüşdülər. Oğlan rollarını da qızlar oynayırdı. Mənə qulluqçu rolu verilmişdi. Törə isə Xanımqız rolunu oynayacaq idi. Bu rolu iki nəfərə tapşırmışdılar. Müəllimə deyirdi ki, kim rolu yaxşı hazırlasa, tamaşa günü o oynayacaq.

Törə öz rolunu ifa etməkdə çətinlik çəkirdi. Sara adlı bir qız isə rolu ondan yaxşı hazırlayırdı. Bu, Törəni çox narahat edirdi. Tamaşa axşamına beş gün qalırdı. Məşqlərin birində müəllimə Törəyə dedi:

- Sara səndən yaxşı oynayır, rolu o ifa edəcək.

Bu, Törəyə çox ağır gəldi. Biz məktəbdən evə qayıdanda Törənin pərt olduğunu görən Cəfər bunun səbəbini xəbər aldı. Törə dedi:                                

-         Rolumu yaxşı ifa edə bilmirəm.

Cəfər soruşdu:

-         Nə rol?

Törə məsələni danışdı. Cəfər gülüb dedi:

-               Bununçün fikir eləmə. Mən səni elə öyrədərəm ki, rolu o qızdan yaxşı oynayarsan.

Bu gündən başlayaraq Cəfər, Törə və mənimlə məşq etdi və üç günə bizi hazırladı. O, bizə deyirdi ki, səhnədə oyun çıxarmayın, özünüzü sərbəst aparın, elə bilin ki, ifa etdiyiniz surətin başına gələn hadisələr sizin öz başınıza gəlir.

Məktəbdə axırıncı məşq zamanı Törə rolu Saradan yaxşı oynadığı üçün səhnəyə çıxmağı ona tapşırmışdılar.

Bundan əlavə gecədə Törə ilə Böyükxanım adlı bir qıza Mirzə Ələkbər Sabirin “İki həpənd” şeirini deklomasiya etməyi tapşırmışdılar. Bu şeiri necə oxuyub, səhnədə necə hərəkət etməyi də Cəfər Törəyə öyrətdi. Cəfər məşədilərə aid paltar tapıb Törəyə geydirdi və özü məşqdə ikinci məşədi rolunu ifa etdi:

-         Nə xəbər var, məşədi?

-         Sağlığın.

-         Az-çox da yenə?

-      Qəzet almış Hacı Əhməd də.

-      Pah oğlan, nəmənə?..

-      Bu isə bəs o ləinin də işi qullabıdır.

Dini, imanı danıb, yoldan azıbdır, babıdır...

Cəfərin səyləri sayəsində bu dialoqları Törə elə məharətlə söyləyirdi ki, sanki səhnəyə həqiqətən bir məşədi çıxmışdı. (Sonralar həmişə Cəfər evə gələndə Törə onu “Nə xəbər var, məşədi?” - sözləri ilə qarşılardı.)

Gözlədiyimiz gün gəlib çatdı. Keçmiş İsmailiyyə binasında tamaşa göstərdik. Tamaşa valideynlər üçün idi. Hətta bir qədər bilet də satılmışdı. Cəfər də bir valideyn kimi tamaşaya gəlmişdi. Bu, ilk dəfə azərbaycanlı qızları tərəfindən göstərilən tamaşa idi. O, gözlənildiyindən çox müvəffəqiyyət qazandı. Xüsusən Sabirin “İki həpənd” şeiri valideynlərin çox xoşuna gəldi. Tamaşaçılar ilk dəfə səhnəyə çıxan azərbaycanlı qızlarını dönə-dönə alqışladılar.

1921-ci ildə Cəfər “Oqtay Eloğlu” dramı üzərində işləyirdi. O, şəxsən çox sevdiyi bu əsəri xalqımızın böyük faciə aktyoru Hüseyn Ərəblinskiyə ithaf etmişdi. Həmişə teatrdan, aktyor sənətindən söhbət düşəndə Cəfər mütləq Ərəblinskidən danışardı. “Oqtay Eloğlu” pyesi tamaşaya qoyulanda Cəfər mənə dedi:

-  Kaş Ərəblinski sağ olaydı, Oqtayı oynayaydı. Həqiqi Oqtayı o yarada bilərdi.

Bu zaman Cəfərin gözləri yaşardı.

Azərbaycan səhnəsinin parlaq ulduzu Hüseyn Ərəblinskinin öldürülməsi xəbəri Cəfərə çox ağır təsir göstərmişdi. Hətta Cəfər onun ölümü münasibətilə bir şeir yazmış və Ərəblinskinin dəfn günü şeir mərhumun məzarı üstündə oxunmuşdu. Sonra həmin şeir “Azərbaycan” qəzetində dərc edilmişdi.

Sonralar Cəfər öz yaxın dostları olan İsmayıl Hidayətzadə, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Məmməd Əlili və başqaları ilə söhbət edəndə Hüseyn Ərəblinskini böyük ürək yanğısı ilə xatırlayıb deyərdi:

-  Dostlar, məndən inciməyin, əsl sənətkarlığı Hüseyn Ərəblinskidən öyrənmək lazımdır. Artistlərimiz onun ənənələrini davam etdirməlidirlər.

1921-ci ildə Azərbaycan Dövlət Dram Teatrında Cəfərin “Aydm” əsəri tamaşaya qoyuldu. Bu, Cəfərin Sovet hakimiyyəti illərində oynanılan ilk pyesi idi.

Tamaşaya çoxlu adam gəlmişdi. Tənəffüslərin birində teatr kollektivi Cəfəri səhnəyə çıxarıb tamaşaçılarla birlikdə uzun-uzadı alqışlamışdı. O, birinci dəfə idi ki, çəkdiyi zəhmətin belə təntənəsini görürdü. Öz hislərini büruzə verməməyə çalışsa da, aydın gorürdüm ki, gənc dramaturqumuz ürəkdən sevinir.

Yuxarıda qeyd etdiyim kimi, Cəfər mənim dost-doğma əmim oğludur. Qədim azərbaycanlıların adətincə bizi körpəlikdən bir-birimizə ad eləmişdilər. Nə qədər ki, uşaq idim, ağlım bir şey kəsmirdi, Cəfərlə yaxm dost idim. Böyüyəndən sonra ona adaxlı olduğumu bildikdə Cəfərdən qaçmağa başladım. Düzü bu mənə birtəhər gəlirdi. Evdəkilər də bu hərəkətimi hiss etmişdilər və həmişə üzümü danlayıb deyirdilər:

-  Nədən utanırsan, ay qız? Öz əminoğludur da. Bəs bilmirsən ki, əmqızı ilə əmoğlunun kəbini göydə kəsilir?

Evimizin böyük kişisi olan Hüseynqulu isə deyirdi:

-  Cəfəri başqa adamla evləndirə bilmərəm. Mən öləndən sonra ailəni Cəfər dolandıracaq. Cəfərin arvadı kənar adam olsa, ailəmizi yola verə bilməz. Bu böyüklükdə ailənin öhdəsindən ancaq Sona gələr.

Hüseynqulu, nədənsə, hiss etmişdi ki, həqiqətən bu ailənin ağırlığı elə mənim üstümə düşəcək!..

Evimizdə Cəfər üçün bir otaq ayırmışdılar, orada yatır, orada işləyirdi. Onun bütün ev işlərini görməyi mənə həvalə etmişdilər. Mən də Cəfərin tapşırıqlarını bacardığım qədər kobud surətdə qarşılayırdım. Hətta bir dəfə mənə sifariş etmişdi ki, onun üçün bir yun köynək toxuyum. Mən bilə-bilə köynəyin toxunulmasını 8 ay uzatdım. O, bundan bərk hirsləndi, hətta köynəyi yarımçıq geri almaq istədi.

Sanki mənim bütün bu hərəkətlərim Cəfəri yormuşdu. Bir gün məni otağına çağırıb dedi:

-         Otur, Sona, səninlə vacib bir məsələ barədə söhbət etmək istəyirəm.

Əyləşdim.

-  Sona, bilirsən ki, səni uşaqlıqdan mənə ad eləyiblər, - dedi. - Evimizdə hamı istəyir ki, mən səni alım. Mən razıyam. Sən necə, razılıq verirsənmi?

Mən də fikirləşmədən: “Yox, razılıq vermirəm” - deyə cavab verdim.

Cəfər dedi:

-        Çox gözəl... Bir də mənim otağıma gəlib-getmə.

Beləliklə, küsdük.

Bir qədərdən sonra mən özüm Cəfər üçün darıxmağa başladım. Lakin öz qürurumu sındırmayaraq nəinki onunla danışmadım, hətta otağına da ayağımı basmadım. Düz iki ay küsülü qaldıq. Elə bu vaxt, biz küsülü ola-ola bizim üçün şirni içdilər. Şirni zamanı Cəfər evdə yox idi, 3-4 günlüyə hara isə getmişdi. O, evə qayıdanda küçə qapısından həyətə girən kimi qohumlarımız qabağına yüyürüb təbrik etdilər. Bibimiz nəvəsi Sara onu öpüb dedi:

-        Allah mübarək eləsin, ay Cəfər!

Cəfər təəccüblə soruşdu:

-         Nə mübarək olsun, bibi, nə olub ki?

-         A... Səninçün şirni içmişik də, - deyə Sara gülə-gülə cavab verdi.

Bunu eşidən Cəfər bir qədər kənara çəkilib mənalı baxışlarla hamını süzərək soruşdu:

-         Bəs kimi almısız mənimçün?

-         Sonanı!

-         Sona ki mənə getmir.

-         Qələt eləyir, uşaqdır, ağlı kəsmir.

Həmin gün biz barışdıq. Üç aydan sonra toyumuz oldu. Toyumuz çox kasıbyana keçdi. Yüngülvari bir bazarlıq etdik. Beləliklə, 1922-ci il-də biz Cəfərlə evləndik.

Çox mehriban yaşayırdıq. Maddi cəhətdən müəyyən çətinliklər çəksək də, xoşbəxt idik. Cəfər daha anasını iş görməyə qoymurdu. Böyük qardaşı Hüseynqulu da yavaş-yavaş qocalırdı. Ailənin ağırlığı Cəfərin üzərinə keçirdi. O, qeyrətlə bu yükü öz çiyinlərinə götürüb yorulmaq bilmədən çalışırdı. Gecəni-gündüzə qataraq bir tərəfdən “Kommunist” qəzetində ədəbi işçi və tərcüməçi vəzifələrində, digər tərəfdən də öz əsərləri üzərində işləyirdi. Müvəffəqiyyətlə səhnədə gedən “Aydın” və “Oqtay Eloğlu” Cəfərə gənc yaşına münasib olmayan böyük şöhrət gətirmişdi. Xalq onu sevirdi. Xüsusən, o zamankı gənclik arasında “Aydınçılıq”, “Oqtayçılıq” “xəstəliyinə” tutulmuş çoxlu cavan var idi. Necə deyərlər, küçədən keçəndə Cəfəri barmaqla göstərirdilər. O isə bütün bunlara əhəmiyyət verməyib, son dərəcə sadə bir təvazökarlıqla “mən yazıçı deyiləm, ancaq bir həvəskaram” - deyirdi.

Evləndiyimizdən bir neçə ay sonra Cəfər xəstələnib qısa müddət xəstəxanada yatmalı oldu. Onu yoxlamağa gedərkən bir dəstə gül aparmışdım. Axı Cəfər gülü çox sevirdi. Həmin güllərə cavab olaraq, mənə aşağıdakı şeiri yazdı:

 

PƏK AZ SÜRƏN BAHARIMIN CANLI ÇİÇƏYİ, SEVİMLİ SONAMA, GÖNDƏRDİYİ ÇİÇƏKLƏRƏ QARŞI YADİGARIM

Bülbülündən ayrı düşmüş qızılgül,

Bu hicrana kimsə düçar olmasın.

Kaş ki, yavrum, son günlərin sevinci

Böylə qısa, bietibar olmasın.

 

Sənsiz könlüm fəryadlardan usanmaz,

Çaylar dursa, göz yaşlarım dayanmaz.

Dünya gülşən olsa, könlüm oyanmaz,

Sənsiz, yavrum, artıq bahar olmasm.

 

Dünki gülşən - yarın xəzançın oynaq,

Dünki insan - yarın bir yığım torpaq.

Keçmiş ilk bahardan bu bir qaç yarpaq,

Saqın, yavrum, son yadigar olmasın.

 

Bəlli şey ki, həyat beş qara gündür,

Mənsiz gül, ağlama, könlüm sevindir,

Cismim torpaq olsa, ruhum sənindir,

Sevgimizə yoxluq məzar olmasın.

1923-cü   ildə Cəfər “Kommunist” qəzeti redaksiyasında işləyərkən “Qız qalası” poemasını yazırdı. Onun yaxın dostlarından olan Mirzə Məmmədəli Sidqi, Hacı İbrahim Qasımov və başqaları tez-tez bizim evə yığışıb ordan-burdan söhbət edirdilər. Arada Cəfər onların təkidi ilə yeni poemasından parçalar oxuyurdu.

1924-cü   ildə ailəmizə bədbəxtlik üz verdi. Cəfərin böyük qardaşı Hüseynqulu vəfat etdi. Bu ölüm Cəfəri çox sarsıtdı. Çünki o, böyük qardaşını çox istəyirdi. Axı Hüseynqulu ona təkcə qardaşlıq yox, həm də atalıq etmişdi. Mən Cəfərə çox yalvardım ki, Hüseyn qədeşin məzar daşı üçün bir şeir yaz. Amma Cəfər razı olmadı, ürəyim gəlmir, əlim varmır, - dedi. Çox təkiddən sonra onu razı sala bildim. Cəfər Hüseynqulunun xatirəsinə bu şeiri yazdı:

Ölmək - o geniş körpünü hər kəs gedəcəkdir,

Bir badə ki, ondan bütün aləm içəcəkdir.

Hər süslü çiçək - sonda saralmış, quru yarpaq,

İnsan nədir o? Əvvəli torpaq, sonu torpaq,

Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,

Dünya boş ikən, axırı həm boş qalacaqdır.

Bir tək səni məhv etmədi bu qanlı təbiət,

Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.

Bu zaman Cəfər “Od gəlini” pyesi üzərində düşünürdü. Ancaq işi yaman axsayırdı. Evdə hər gün yasxana olduğu üçün işləyə bilmirdi. Nəhayət, bir gün dostu Süleyman Məlikovgilin bağlarına getməyi qərara aldı. Süleyman Cəfərlə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi işləyirdi. Cəfərin bu vəziyyətdə evdə işləyə bilmədiyini görüb demişdi: - Cəfər, qardaşım, belə getsə, sən heç bir şey yaza bilməyəcəksən. Gəlsənə mənə qulaq asasan: dur, bu saat yığış get bağımıza, həm orda ağıllı-başlı dincələrsən, həm də işləyərsən. Xatircəm ol, burada sənin tərcümə payını da özüm edərəm.

Beləliklə, Cəfər Süleymanın sözünə qulaq asıb Pirşağıya getdi. Bir aya yaxın bağda qaldı. Elə bu vaxt ailəmizə ikinci böyük itki üz verdi: Cəfərin anası Hacı Şahbikə vəfat etdi. Anasını hədsiz məhəbbətlə sevən Cəfər bu itkini heç vəchlə unuda bilmirdi. O, evdə qərar tutmur, tez-tez pərişan və pəjmürdə halda qəbiristana yollanır, saatlarla anasının məzarı önündə diz çöküb əyləşir, uşaq kimi hönkür-hönkür ağlayırdı.

Qohum-əqrəba ağsaqqallarının təkidi öyüd-nəsihətləri, təsirli təsəlliləri ilə Cəfər haçandan-haçana, yavaş-yavaş yasdan çıxıb özünü işləməyə məcbur etdi. “Od gəlini” üzərində o qədər çox işləyirdi ki, heç olmayan kimi. Hər gün işdən gələr-gəlməz, tələsik xörəyini yeyib bir az istirahət edəndən sonra yataqdan qalxıb sübhə kimi işləyirdi. Təkcə Elxanın son monoloqunun üzərində iki-üç gecə çalışdı. Bu monoloqu Cəfər, səhv etmirəmsə, beş-altı dəfə yazmış, lakin ürəyindən olmadığı üçün cırmış, sonra təzədən yazmışdı. Bəzən bir şəkli bir neçə variantda işləmişdir. “Od gəlini” pyesinə o, bütün başqa əsərlərinə nisbətən daha çox vaxt və zəhmət sərf etmişdir. Cəfərin bu əsər üzərində gərgin işlədiyini əyani görmək üçün “Od gəlini”nin indiyə kimi saxlanılmış bir neçə əlyazma nüsxəsini nəzərdən keçirmək kifayətdir. Məktublarının birində Cəfər özü qeyd edir ki, “Od gəlini”ni dörd dəfə düzəltmişəm.

Lakin bu əsər hələ tamaşaya qoyulmadan, nədənsə ciddi mübahisələrə səbəb oldu. Tamaşadan əvvəl pyesin disputu keçirildi. “Kommunist” qəzeti redaksiyası nəzdindəki klubda keçiriləcək bu disputa o qədər adam gəlmişdi ki, klub camaatı tutmadı və disputu dram teatrının binasında keçirməyi qərara aldılar. Cəfərlə bərabər mən də oraya getdim.

Çıxış edən teatr tənqidçilərinin, ədəbiyyatşünasların bəziləri “Od gəlini”ni tamaşaya qoymağa etiraz edir, hətta onun zərərli olduğunu söyləyirdilər. Nəhayət, müəllifə söz verdilər. Cəfər əsəbiləşmədən dedi:

- Məncə, əsəri mütləq tamaşaya qoymaq lazımdır. Əsərin ən gözəl tənqidçisi xalqdır, tamaşaçıdır. Oynayaq, xalqın tamaşanı necə qarşıladığını görək. Sonra yenə danışarıq.

Doğrudan da Cəfər düz deyirmiş. Onun bundan əvvəlki pyesləri kimi “Od gəlini”ni də tamaşaçılar böyük məhəbbətlə qarşıladılar. Tamaşanın quruluşunu istedadlı rejissorumuz A.A.Tuqanov vermişdi. Cəfər də onunla birlikdə quruluş üzərində xeyli çalışmışdı, bəzən hətta gecələr də teatrda qalmalı olmuşdu.

Ümumiyyətlə, Cəfərin ömrünün çoxu teatrda, səhnədə keçmişdir desəm, səhv etmərəm. Xüsusən, o, 1928-ci ildə Azərbaycan Dövlət Bədaye Dram Teatrında ədəbi hissə müdiri vəzifəsinə keçəndən sonra, demək olar ki, evdə onu görmürdük, hətta bəzi vaxtlar yeməyi də onun üçün teatra göndərməli olurduq. Bir dəfə Cəfər evə zəng etdi ki, mənim üçün teatra xörək göndər. Mən xörəklə bərabər ona belə bir məktub göndərdim: “Cəfər, elə ki evə gəldin, deyirsən: oram ağrıyır, buram ağrıyır. Elə ki teatra getdin, dirçəlirsən. İstəyirsən, yorğan-döşəyini də göndərim teatra”.

Cəfər evə göndərdiyi qab-qacaqla bərabər, cavabında mənə yazmışdı: “Sona, bu neçə vaxtda xasiyyətimə bələdsən. Mən teatrsız yaşaya bilmərəm. O barədə mənə söz demə”.

Məlum olduğu kimi, qadın mövzusu Cəfərin yaradıcılığında çox geniş yer tutur. O, pyeslərində də, hekayələrində də, şeirlərində də Azərbaycan qadınının azadlığına böyük fikir verirdi. Bu cəhətdən “Sevil” pyesini, şübhəsiz, xüsusi qeyd etmək lazımdır. Bu pyesin yazılış tarixçəsi də maraqlıdır.

Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradırdı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı. Sonra pyesi yazmağa başlayırdı. Məsələn: “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə”-də Sonanın “Azad bir quşdum”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun “Sənin dərdindən” mahnıları belə yaranmışdı.

“Sevil”i yazmamışdan bir-iki ay qabaq Cəfər belə bir mahnı oxuyurdu:



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info