Qonaq Kitabı
Sona Cabbarlı. Onu unutmaq olarmı?

Mən bir bağa girmişəm,

Gözəl bir gül görmüşəm,

Ona könül vermişəm,

Biixtiyarəm”.

Bir neçə gündən sonra bağa gəldi. Ancaq istirahət üçün yox, işləmək üçün. Bağa gələn kimi mənə dedi:

-   Teatrın yubileyi münasibətilə artistlərin həyatından bir əsər yazıram. Mənim üçün burada şərait yarat ki, işləyə bilim.

Bağda bir otağımız var idi. Ona görə də biz günümüzü, əsasən kölgəliklərdə keçirir, otağı Cəfərin ixtiyarına verirdik. Bir gün səhər o, qan-tər içində otaqdan çıxdı. Bərk həyəcanlı idi. Səbəbini soruşdum, dedi:

-   “Dönüş”ün bir yerini - Gülərin səhnəyə gəldiyi yeri, nə qədər düzəldirəm, olmur. “Oqtay”dakına oxşayır.

O gün səhərdən axşama kimi əlini ağdan-qaraya vurmayıb hey fikirləşirdi. Bir-iki gündən sonra mən ondan soruşdum ki, nə oldu. Gülərin səhnəyə gəlişini düzəldə bildinmi, daha Oqtaya oxşamır ki? O, sakit dedi:

- Əlbəttə, düzəltdim, daha heç bənzəmir.

“Dönüş”ü yazarkən baş verən bir hadisə də maraqlıdır... Cəfər həmişə işləyəndə çoxlu çay içərdi. Bu onun ürəyinə zərər idi. Bir dəfə ona dedim ki, ay Cəfər, çayı az iç, bağ yeridir, qəndimiz azdır. Bir az sonra mən onun üçün ikinci stəkanı gətirəndə, mənə bir kağız uzatdı. Kağızda belə yazılmışdı:

“Ay Sonası, çay gətir mənimçün,

Qələndərəm, pay gətir mənimçün,

Bağ yeridir, qəndi çox işlətmərəm,

İstəyirsən say, gətir mənimçün”.

Bağda “Dönüş”ü yazıb qurtardı və Bakıya apardı. Oradan göndərdiyi başqa bir məktubda yazırdı:

“Pyesi artistlərə oxudum. Bəyəndilər. İndi o yanını-bu yanını düzəltməklə məşğulam. Bir də “1905-ci il”i məşq eləyirik. Məndən nigaran qalma, burada bir cür dolanıram. Urəyim ağrıyırdı. Soyuq dəymişdi, sonra da isti idi. İndi babatdır, yəni yaxşıdır. Sabah bizim vıxadnoydur, çox çalışdım, bu gün gələm, mümkün olrmadı, pyes gecikər. Ayağımı bir addım bir yana atmağa qoymurlar. Güman ki, gələn vıxadnoy gələrəm. Uşaqları yerimə öp. Baqi salam”.

“Dönüş”də Çəfər teatrm, demək olar ki, bütün işçilərinin hərəkətlərindən, davranışlarından istifadə etmişdi. O özü deyirdi ki, mən bu əsərdə dram teatrının qapısından tutmuş, direktoruna kimi hamını təsvir etmişəm, hamının xasiyyətini, hərəkətlərini, danışığını nəzərə almışam.

Təsadüfi deyildi ki, pyes tamaşaya qoyulandan sonra artistlər arasında dedi-qodu başlanmışdı. Bəziləri narazılıq edirdilər. Hətta bir dəfə teatrın qocaman artistlərindən Bağır Cabbarzadə mağazada mənə rast gəlib dedi:

-          Sona bacı, Cəfər qədeş məni təzə teatrına niyə salıb?

-          Səni, hansı teatra? - deyə ondan soruşdum.

-   Bəs bilmirsıən? O “Dönüş”dəki Xosməmməd mənəm də. Sona bacı, sən uşaqlarının canı, Cəfərə deynən, o rolu pyesdən çıxarsın.

Mən Bağırın şikayətini Cəfərə yetirdim. O cavab verdi ki, Bağır niyə inciyir? Orada bir o yox, bütün artistlər, rejissorlar, bəzi yazıçılar da var. Hətta mən özüm də varam. Burada inciməli bir şey yoxdur ki! Nə var, onu yazmışam. Eləməsinlər, yazmayım.

“Dönüş” 1932-ci ildə tamaşaya qoyuldu və tamaşaçılar tərəfindən yaxşı qarşılandı.

“Dönüş”dən sonra Cəfər “Yaşar”ı yazdı. Daha doğrusu, bu pyes onun son dram əsəridir. Cəfər bu pyes üzərində çox inadla işləyirdi. O, “Yaşar”ı bir həftəyə yazmışdır. Səhər tezdən gecə yarıyadək otağa çəkilib çölə çıxmırdı. Çay-çörəyini də işləyə-işləyə yeyib-içirdi.

Bir dəfə o işlərkən mən nə üçünsə otağa girdim. Cəfər otaqda gəzişib, əlləri alnında nə isə fikirləşir, bəzən ayrı-ayrı cümlələri bərkdən təkrar edirdi. Məni görüb incidi; dedi ki, niyə otağa gəlib fikrimi dağıtdın, daha işləyə bilmərəm... Həqiqən, o gün Cəfər yazmadı. Bir az bizimlə söhbət etdikdən sonra, qalxıb işə getdi. Evə gələndən sonra yenidən yazmağa başladı.

“Yaşar” pyesi yazılıb qurtarmışdı. O günlərdə Cəfərin yaxın dostu, bəstəkar Asəf Zeynallı vəfat etmişdi. Onu dəfn etdikdən sonra Cəfər baş mətbuat müvəkkilliyində işləyən bir yoldaşı ilə evə gəldi. Çörək yeyəndən sonra ikilikdə pyesin bəzi yerlərini oxudular. Durub işə gedəndə əsəri də portfelə qoyub özləri ilə apardılar.

Cəfər gecə evə gələndə gördüm ki, şalvarmm dizləri gedib, əl-qolu siyrilib. Səbəbini soruşduqda belə cavab verdi:

- Soruşma, Sonası... Evdən çıxıb hər ikimiz tramvaya mindik. Tramvaydan düşüb bir qədər getmişdik ki, gördük portfel yoxdur. Sən demə, yoldaşım elə bilib portfeli mən götürmüşəm, mən elə bilmişəm o götürüb. Düşdük tramvayların dalınca. O tramvaydan bu tramvaya mindik. Hətta Karl Marks meydançasının yanında az qalmışdı ki, tramvayın altına düşüm. Tramvay sürənlərdən portfeli soruşdum, “gördüm” deyən olmadı. Axır ki, öz mindiyimiz tramvayı birtəhər tapdıq. Tramvay sürən dedi: “Cəfər, portfelinizdən tanıdıq ki, sizinkidir, verdik Baksovetin yanındakı tramvay məntəqəsinə”. Oraya yüyürdük, portfelimi həmin məntəqədən tapdıq. Yaxşıdır ki, tapdım. Əgər tapmasaydım, bəzi “dostlarım” deyəcəkdilər ki, Cəfər pyesi qəsdən itirib, bizə vermək istəməyib.

“Yaşar” oxunub teatr tərəfindən bəyənildi və tamaşaya qoyulması qərara alındı. Səftər Turabov da quruluşçu rejissorun laborantı idi. Cəfər Səftəri özü ilə götürüb mağazaları gəzir, müxtəlif kimyəvi maddələr alır, təcrübələr keçirirdi. Əsərin laboratoriya səhnəsindəkı partlayışların hamısını Cəfər özü düzəltmişdi.

Nəhayət, “Yaşar” tamaşaya qoyuldu. Pyes bir-iki dəfə göstəriləndən sonra bəziləri “Yaşar”ın bir yeri ilə heç cür razılaşmırdılar, deyirdilər: İmamyar necə qolçomaqdır ki, kolxoza daxil olub, onu içəridən dağıdır? Bir səhnədə Toğrul da Yaşara deyir ki, bütün kəndi axtarmışam, bir nəfər də olsun sinfi düşmən tapa bilməmişəm, dişləri yekə, qarnı yoğun adama rast gəlməmişəm. Buna görə də həmin tənqidçilər deyirdilər: pyesdən belə çıxır ki, daha kənddə qolçomaq qalmayıb, onunla mübarizə də lazım deyil. Bu iddia ilə də Cəfərin etirazına baxmayaraq, Toğrulun həmin sözlərini tamaşadan çıxardılar.

Bir neçə gün sonra mərkəzi qəzetlərdə bir məqalə dərc olunmuşdu. Həmin məqalədə göstərilirdi ki, bizim ziyalılarımız qolçomaqları iridiş, yekəqarın təsəvvür edərək, kolxozdan kənarda axtarıb ifşa etməyə çalışırlar. Ancaq qolçomaq maskalanaraq kolxoza girib, onu içəridən dağıdır. Bu məqalədən sonra yenə əsəri olduğu kimi saxladılar.

Bir dəfə soruşdum:

-   Bu nədir, ay Cəfər, sən əsərlərini yazıb qurtarmamış, tənqidi hazır olur. Belə neyçün?

O, fikrə getdi, əvvəl qaşqabağı tutuldu, sonra gülüb cavab verdi:

-   Eh, Sonası, görünür bəzi tənqidçi və yazıçı “dostlarım” məni həddindən artıq çox sevirlər. Bəs eşitməmisən ki, pişik öz balasını istədiyindən yeyir?

Mən onun bu zarafatına tam ciddiliklə cavab verdim:

-          Axı onu da deyirlər ki, bəzən pişik öz balasını nanəciblikdən yeyir?

Cəfər məni diqqətlə süzüb dərindən ah çəkdi, acı-acı gülümsündü:

- Hə... Təəssüf ki, bəzən elə də olur...

Onu da deyim ki, Cəfər nikbin və mübariz idi, hələm-hələm ruhdan düşməz, güzəştə getməzdi, xüsusən yaradıcılıqda. Həm də özünə, öz dövrünə möhkəm inamı var idi. Məktublarından birində yazırdı: “Biz bilirik ki, Şura üsuli-idarəsi altında heç kəs bizi şəxsi mülahizələrdə başqalarına boyun əyməyə məcbur edə bilməz!..”

Otuzuncu illərin əvvəllərində Cəfər üç-dörd dəfə səfərə getmişdi. 1930-cu ildə ilk böyük səfəri - dram teatrlarının Umumittifaq olimpiadasında iştirak etmək üçün Azərbaycan Dövlət Bədaye Dram Teatrının heyətində Moskvada, Leninqradda və Qazanda olmuşdu. O, bundan böyük yaradıcılıq ilhamı almış, xoş təəssürat və yeni ilhamla qayıtmışdı.

1930-cu ilin iyulunda Moskvadan mənə yazırdı: “...Burada, Sonası, işlər çox yamandır. Gündə tənqiddir. Dünən yenə bizim teatr haqqında mübahisə var idi. Mənə dedililər məruzə et, mən etmədim. Çünki onda məcbur oluram, ozüm öz düşündüyümü istədiyim kimi deməyim. Məsələn, teatrın bir çox quruluşları ilə razı olmadığım halda, teatr tərəfindən məruzə etdiyim üçün tənqid edənlərə qarşı bu nöqsanları bir qədər zəif göstərməyə məcbur oluram. Odur ki, mən etmək istəmədim. Tuqanov məruzə etdi. Düşdülər üstünə, nə düşdülər. Gələrəm, hamısını sənə nəql edərəm. O ki qaldı mənim haqqımda olan fikrə, yəni ümumi fikrə, professorlar, teatrşünaslar, ədiblər, tənqidçilər hamısı bu fikirdədirlər ki, olimpiadada iştirak edən dramaturqlar arasında birinci yeri mən tuturam... Ancaq belə şeylər mənim qulağıma girmir. Mən istəyirəm ki, teatr özü özlüyündə birinci yeri tutsun. Hər halda rejissorluq cəhətincə və quruluşlar cəhətincə bu ola bilməyəcəkdir. Dramaturgiya, yəni əsərlər və ondan başqa bir də aktyorlar cəhətincə işimiz yaxşıdır. İstəyirəm ki, bu saat durum yenə mübahisəyə gedim...”

Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə kurorta, ya sanatoriyaya getməmişdi. Hətta bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi. Məsələn, Bakıdan Qılızıya göndərdiyi və bağa gəlmək əvəzinə qəflətən Moskvaya getməyə məcbur olduğunu bildirən məktub maraqlıdır:

“Sonası!

Daha işim lap bitdi. Məni axtarmaq istəsən, yazarsan Moskvaya.

İş düşüb bətimin naxoş çağına,

Baxmadılar qarasına, ağına.

Lap yetapla oturdular vaqona,

Sona, mən Moskova varmalı oldum.

 

“Şahsənəmin” işi düşüb əngələ,

Çox çalışdım, quyruq verməyim ələ,

Ara yerdə başım düşdü cəncələ,

Sona, mən Moskova varmalı oldum.

Sonası, bəlkə o cür başa düşməzsən, nigaran qalarsan, qoy açıq yazım, çünki vaxtım azdır. “Şahsənəm”i bir vaxt Qalperin adlı bir Moskva şairi yazmışdır. Mən də tərcümə etmişdim. Sonradan Nakompros belə qət etdi ki, Qalperin axmaq yazıb və bu məzmun yaramaz. Mənə dedilər: bu vəziyyətdən necə çıxmaq olar? Mən başqa bir məzmun təklif elədim. Hamı dedi, bu yaxşıdır. Qəbul eliədilər. Birinci pərdəsini yazıb verdim. Qliyer apardı, musiqi də yazdım, verdim Qliyerə.

...Naxoş olduğuma baxmayaraq, Moskvaya getməyə razı oldum... Odur ki, sabah yumşaq “ekspress” vaqonu ilə yola düşürəm. İki günlüyə. 3 gün o yana, 3 gün bu yana yol. 2 gün də orada. Hamısı 8 gündən sonra Bakıdayam...”

Yaxud başqa bir məktubda yazırdı:

“...Sona, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda “1905-ci il”in pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. “1905-ci ildə” filminin rejissorundan söhbət gedəndə demişdilər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan kinoya keçməlidir. Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra “Səfa”nın ancaq 4-cü pərdəsi qalıb, 1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gəlib Narkomprosda deyir: gərək bir həftəyə “Şah-sənəm”i qurtarasan, operada oynayaq. Deyirəm, vaxtım yoxdur. Deyirlər, özgə adam eləyə bilməz. Bu yandan da Şillerin “Qaçaqlar”ı, o yandan da “Əfqanıstan”... Xülasə, sənə yazaram... Sonra Türk teatrında[3] “1905-ci ildə”ni quruluşda verməliyəm. Rus teatrında da “1905-ci ildə” gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da “Səfa”nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da “Otello”nu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. Hə, “Od gəlini”ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən mənim işlərim. İndi gələk sənin işlərinə...”

Bizim “işlərimiz” deyəndə Cəfər uşaqların necə istirahət etdiyi ilə maraqlanır, qohum-qardaşdan hal-əhval tuturdu.

1930-cu ilin mayında Moskvadan mənə yazırdı: “Bu gün ayın 26-dır və səndən birinci kağızdır ki, almışam. 20-də yazdığm kağız bu gün gəlib çıxmışdır. Mən çox nigarandım. Dünən təyyarə ilə kağız göndərmişəm. Kağızını alan kimi tez cavab yazdım. Sən deyirsən, mən teleqram göndərməmişəm. Halbuki teleqramın kvitansiyasını saxlamışam. İstədim göndərim, qorxdum birdən bu kağız da itər, sənə çatmaz. Gələndə göstərərəm. O ki qaldı sənin naxoşluğuna, mən pozuldum. Əgər çox rahatsız edirsə, teleqram vur, elə o gün buradan çıxaram. Saat 5-dir, çörək də yeməmişəm. Hələ  fikrim oradadır, dəli kimi düşünürəm. Tez mənə cavab yaz və teleqram ilə bildir... Hamıya salam de. Arvadları və qızları öp. Kişilərə də salam söylə”.

 

IV

Madam ki, Cəfərin məktublarından söz düşdü, onlardan bir qədər ətraflı danışsam, daha doğrusu, bəzi məktublarını oxuculara təqdim etsəm, məncə maraqlı olar.

Əvvələn, onu deyim ki, Cəfər böyük ədib, gözəl insan olmaqla bərabər, eyni zamanda qayğıkeş bir evdar, mehriban bir ata, səliqəli bir təsərrüfatçı idi. Öz ailəsini sonsuz məhəbbətlə sevir, bizim hər bir arzumuzu yerinə yetirmək üçün heç nəyi əsirgəmirdi. Ailəmiz böyük, maddi vəziyyətimiz ağır olsa da, o, bizi heç nədən korluq çəkməyə qoymurdu. Bunu məktublarından da aydın görmək olar.

Sonra da onu qeyd edim ki, Cəfər bizdən ayrılıqda olanda (biz Bakıda qalıb o səfərə çıxanda, yaxud biz yaylağa gedib o, Bakıda qalanda) tez-tez mənə məktublar yazır, hər şeydən ətraflı məlumat verib, ətraflı da məlumat istərdi. Məktubları da çox mükəmməl və məzəli olardı.

Onların bir neçəsinə nəzər salın:

“Əssalam, ey Sonası, əhli-əyalın anası!

Salam-duadan sonra yazıb məlum edirəm ki, biz burada çox ortabab yaşayırıq, biləsən-bilməyəsən... Səndən sonra bir balaca biləyim ağrıyırdı, indi babatdır. Məni ən çox incidən odur ki, sənsiz darıxıram, elə bilirəm, ev-eşik mənimlə vuruşur ki, bəs Sonası hanı? Odur ki, mən də acığımdan naxoşlayıram. Bu günlərdə bəlkə gəldim, bəlkə yox. Gedərsən bulaq başına, bir ədəd mükəmməl qoyun alarsan, kəsərsən, uşaqları oturdarsan yanında, əhli-əyalı yığarsan başına. Deyir:

Əbləh odur dünya üçün qəm çəkər,

Kim nə bilir kim qazanar, kim yeyər?

Ancaq məsələ burasında deyil. Uşaqlar oradan bir kök “hap” eləsinlər, mən də eşidim. Sonra, bilirəm, yuxuda görmüsən, ancaq bərayi-məlumat bildirirəm, başın sağ olsun, balıq Allah rəhmətinə getdi, Allah səbr versin. Uşaqlardan mənə bir xəbər, çox nigaranam, hamısının barəsində yaz. Uşaqlara çiy yumurta və süd ver, onları yaxşı elər, xəsislik eləmə.

Beş gün dünya dərdə dəyməz,

Bir gün acsan, bir gün tox.

Səksən, doxsan, bir gün yoxsan

Bir gün varsan, bir gün yox...

Vur qədəhlər toqquşsun, qoy

Dalğalansın badələr,

Qoy ariflər zövq alsınlar,

Qəm çəksinlər sadələr...

Bunu Yaqo deyir. Birinci kupletə mən də şərikəm, ikincisini özün fikirləşərsən... Yox, yox, başına dönüm, fikirləşmə ki, qənbərqulu çıxararsan, fikirləşmək sənə zərərdir. Ye, iç, gəz, mən sənə ixtiyar verirəm, ancaq özünü gözlə ki, naxoşlamayasan. Evdə oturma, əsəbiləşmə, get meşəyə, dağa, at tut, eşşək tut, ya da Ocaqqulunun qatırı ilə get gəz... Daha nə yazım, mənə elə gəlir ki, hamısını yazdım, birdən yaddan çıxanı olar, məndən inciyər. Bari salam! Əmirəl-mömünin xəlifənin əllərini öpürəm.

Cəfər Cabbarlı”

(1931-ci il, Bakıdan Yarımca yaylağına)

“Sonası!

Vaxt yoxdur. Bu saat bazardan gəlmişəm. Sənin üçün şey-mey almağa getmişdim. Bu gün “Od gəlini”ni[4] qurtarmalı idim plan üzrə. Sonra bir-iki gün gəlib bağda qala bilərdim. Ancaq “Kommunist” idarəsində yığıncaq vardı, dünən gecə getmişdim oraya. Bu gün də getdim şey-mey almağa. Ona görə çox güman ki, plandan bir az gecikməli olacağam. Güman ki, biri gün qurtararam. Sonası, mən çox şadam ki, sənin, uşaqların kefi yaxşıdır. Mənə dedilər Aydının qarnı bir az pozulub. Qorxma, eybi yoxdur, ancaq bax da. Deyirlər Gülarə yaxşıdır. Sonası, mənim üçün böyük, qiymətli, tarixi bir şey göndərmisən. Çox güman ki, özün bir o qədər də onun qiymətini düşünməmisən. Aydının və Heydərin məktubu. Bu tarixi bir məktubdur. Oğlum mənə məktub yazmışdır. Çox fikir verdim. Dedim bəlkə sən yazmısan. Mənə elə gəldi ki, sözlər sənindir, yazı onun, “ç” hərfindən belə güman edirəm. “Ç” hərfini yaza bilmir, çalış öyrədəsən. Hər ikisini mənim yerimə öp. Gülarəni lap ayrıca öp, bir neçə dəfə... Sonası, eşitdım ki, ayağın burxulubdur, mənə yazmamısan, qorxmusan ki, qorxaram. Sonası, sən Allah, hər nə oldu, yaz mənə.

İndi işə keçək. Qanov səni çox qorxudur. Raboçilərlə danışmışdım 650 manata. Sementi onlardan, daşı bizdən. Sement tapa bilmədilər. Qazıdılar qaldı. Tiflisdən qayıtdım, incinar gəldi, baxdı, dedilər: biz sənə torba və sement verərik. Xülasə, düzəltmişəm, qorxma. İşdir də, “tutdu qatıq, tutmadı ayran”. Sonası, kağızını qoydum qabağıma. Sən deyən kimi oxudum, fikirləşdim, düzəltdim, yazdım. Getdim bazara, aldım. Odur ki, göndərirəm sənə: pomidor, badımcan, Gülarə uçün gavalı və fındıq, 4 dənə ördək (o da Gülarə üçün, salınm suya, özləri üzərlər); 3 ədəd vazilin, günə verəndə uşaqlara sürtərsən, 2 balaca şüşə duxi (yəni, bir növ duxi), bir də bir qayış. Məktubunu sonra aldım. Uşaqlarımın məktublarını gizlətmişəm. Gələndən sonra ramkaya salarsan! Sonra göndərirəm bint, sinkovıy maz, bir az da pambıq - hamısı lazım olar... Pomidorların arasına bağçamızdan bir-ikisini qoydum, bəlkə özün tanıyasan. Sonası, qənd göndərmək istəyirdim, ancaq Məmməd dedi ki, yüküm ağırdır. Adam düşən kimi göndərərəm. Məmməd ilə sənə 600 manat pul göndərdim. Bax gör, nə edirsən et.

Sonra, Sonası, mən bir şeyi sənə yazmalıyam. Ağarza deyirdi, bilirəm, Əfruz gəlib nə deyib, mən çox pozuldum. Sən, Sonası, güman edə bilərmisən ki, mən şənin bir dırnağını bütün dünyanın arvadlarına, qızlarına dəyişdirə bilərəm?.. Sən mənim qucağımda böyümüsən və çox güman ki, mən sənin qucağında öləcəyəm... Hər gün sənin və Gülarənin şəkillərini götürüb öpürəm, öpürəm, yenə də gedib işləyirəm. Yorulanda yenə də şəkillərinizi götürüb öpürəm. Başqa kimim var?.. Sonası, mən istəyirəm dünyada sənin ürəyində heç bir arzu qalmasın. Mən istəyirəm həyatın boş keçməsin. Mənim ümidim, sığınacaq yerim bircə sənsən!..

Sonası, sən Allah hər səhər süd və yumurta iç, sənə xeyirdir, əsəbilərini dincəldər. Gülarəyə də ver. Aydma da ver. Heydər diribaşdır, dirçələr. Quyudan çox nigaranam. Hər gecə uşaqları yuxuda görürəm. Sonası, ölürəm, bir görüm sən necə axsayırsan. Çox güman ki, sənə balaca axsamaq yaraşar. Qorxma, keçər gedər. Qorxursan, gəl şəhərə, doktor baxsın, iki günlüyə... Sonası, sən bilirsən ki, mən kağız yazmağa çox tənbələm. Ancaq mənə elə gəlir ki, sənə yüz il də yazsam, yazaram... Bilirsən, Sonası, darıxıram sənsiz. Bəzən beynim dumanlanır, heç özüm bilmirəm nə edim.

Unum yoxdur, Sonası, göndərmək də istəməz, çünki burada gündə bir çörək alıram, mənə bəsdir. Unu nə edəcəyəm? Əyirəni kim, bacaranı kim? Həyət-baca salamatdır İşimi qurtaran kimi gələrəm. Gələ bilməsəm, sən gələrsən. Yazaram sənə. Kinodan deyirlər gəl işə başla. Bilmirəm nə edim? Səninlə məsləhətləşmək və sonra bir qərara gəlmək istəyirəm.

Salam-dua hamısına. Daha adla yazmıram, özün hamısına deyərsən. Ancaq, su qoy, ördəklər sınmamış, sal suya, Gülarə oynasm. Qəndi Şəmsəddin ilə göndərəcəyəm.

Cəfər Cabbarlı”

(1932-ci il, Bakıdan Qılızı bağlarına)

 

“Sonası!

Əvvəla, bilmirəm Musaya nə pulu borclusan. Hərçənd o sənin öz işindir; mən qatışan iş deyil, ancaq elə-belə soruşuram. Dedim bəlkə unmun almısan. İkinci, yenə yazırsan ki, fikirləşirəm. Onda mən də başlayıram fikirləşməyə. Özü də elə bir şey fikirləşirsən ki, heç dəxli yoxdur mətləbə. Sonra da, yazmırsan orada havalar necədir. Burada isti bir qədər sınıbdır, havalar ortababdır.

Mənim işlərim yaman deyil. Ancaq hey çalışıram, məni buraxmırlar ki, buraxmırlar. İstəyirəm nə olursa-olsun, gələn düşənbə günü, yəni ayın 24-də saat 2-də buradan çıxım. Təxminən saat 5-in yarısında Sitalçay stasionunda olum. Səşənbə günü, ayın 25-də vıxadnoyumdur, orada qalım, 26-ı da qayıdım. Əgər ayrıca xəbər göndərməsəm, belə edərəm.

Bir də, Sonası məktubların çox başsız-ayaqsız olur. Gülarə haqqında çox dumanlı yazırsan, demirsən qızdırması var-yoxdur, yeriyir-yerimir, nə yeyir, nə yemir? Aydının çibanı necədir? Havalar necədir? Yerin rahatdır, yox? Uşaqlar səni çox incidir, yox? Burada mən sən tapşırdığm işləri, demək olar ki, etmişəm. İşığı açdırmışam, su çəkmək üçün pulun yarısını vermişəm, yarısını da verəcəyəm. Su çəkmək üçün həyəti qazıtdırmışam, bağdakı torbanı çıxarmaq üçün ixtiyar almışam. Ancaq mənə təzə torba vəd etmişlər, özüm qəsdən 3-4 gün gecikdirirəm ki, bəlkə təzə torba salım, bir-yolluq olsun. Olmasa, sən gələnə kimi o köhnələrdən də olsa, çəkdirəcəyəm. Hər halda sən bura gəlirkən kranı mətbəxdə görəcəksən, buna şəkk-şübhə yoxdur. Ancaq sağ olsam.

Sənin üçün hələlik 350 manat göndərirəm, yenə də göndərərəm, ya özüm gələndə gətirərəm. Ancaq sən Allah, Sonası, uşaqlara sıxıntı çəkdirmə. Özün də dənizdə çox oturma. İki dəqiqə ləpədöyəndə otur, çıx. Aydını da. Qalanları çimə bilərlər. Ancaq çıxandan sonra yaxşı qurut. Vallah, Sonası, uşaqlar üçün, illah ki, səninlə Gülarə üçün lap ürəyim əzilir. Aydının qarnı necədir, qənbər-qulu çıxarmır ki?

Sonrası, “1905-ci il”i bu il erməni teatrı da öz açılışılarında qoyacaqdır, bizim də teatrımız açılışda verəcəkdir. Bu ıl rus işçi teatrı da onu oynayacaqdır. Daha bilmirəm, nə bilmək istəyirsən? Məncə, hər bir şeyi yazdım. Həyət-baca, bağ-bağça, qazlar, itlər salamatdırlar. Ancaq toyuqlarda xəstəlik var, üçü ölübdür. Burada bir az uşaq xəstəliyi də vardır. Ozüm yaman deyiləm, ürəyim də indi babatdır. Əjdərin yanından gələn vardır, ona da tapşırmışam ki, mənə tez-tez məktub yazsın. Deyirlər, Əliağa bir az qızdırırmış, indi sağalıbdır. Yağımız qurtarmışdır, on iki girvənkə quyruq aldırdım, əritdirdim. 7 girvənkə də kooperativdən yaxşı mürəbbə alıb saxlamışam. İstəyirsən, zoğal və başqa mürəbbələr də bışirtdirim. Çay yoxdur, mən gələnə tapıb gətirərəm. Sportsmenka yoxdur heç yerdə. Sənin üçün pilətə, pesok göndərmişəm, bilmirəm çatıb, yoxsa yox. Mən gələn düşənbə günü saat beşin yarısında Sitalçay stasionundayam. Maşın olsa da olar, olmasa da. Çünki mən piyada da gələ bilərəm, xalqa zəhmət vermək istəmirəm. Əgər o vaxtadək gələn olsa, Törədən, Zöhrədən, Mələkdən, Əminədən və uşaqlarından məlumat yaz. Zeynəbi, Püstəbacını da yaddan çıxarma. Ürəyin haqqında məlumat yaz. Ancaq fikir vermə, bilirsən ki, boş şeydir. Mümkün olsa, bir-iki girvənkə sirkədən, abqoradan al, olmasa istəməz.

Öpürəm səni, Gülarəni (“ha”i), Aydını (Yox, a!) və bütün əhli-əyalı. Baqi salam. Əmirəl-mömünün xəlifənin əlini öpürəm.

Cəfər Cabbarlı”

(1932-ci il, Bakıdan Qılızı bağlarına)

 

“Sonası!

Burada hər şey yerindədir. Suçu hələ bağdan gəlməyib. O biri işləri də xəstə olduğum üçün görə bilməmişəm. İndi sağalmışam, gedib görərəm. Yaşayışımız yaman deyil. Ancaq sizin üçün darıxıram. Əvvəl günlər lap ürəyim ağrıyırdı. Həkim gəldi. Sonradan keçdi-getdi.

Uşaqları soyuğa vermə. Apar onları o yekə ağacın altına, ancaq isti-soyuqdan, tərdən və misri xəstəliklərindən gözlə... Ora, çox güman ki, yaxşı olar. Dağ günəşi uşaqlar üçün yaxşıdır, sizin üçün də. Bəlkə mən də bir neçə günlük gələ bildim. Ancaq o cür ki, Şəmsəddin və Əbdüləli dedilər, güman edirəm ki, yolda çox əziyyət çəkmişsiniz. Nə isə, Yarımcanın havası xəsis deyil, inşallah yerini doldurar. Sözlərin yerdə qalanını saxlayıram gələn səfər üçün. Hamıya salam, daha adlarını yazmıram, özün hamısına deyərsən...

İlahi, “bətəqəbbəl buduana” (yəni qəbul elə duamızı).

“Vətəxəbbüzəni” (yəni sən saxla bizim üçün): xatuni mükərrəm əl Sona binti Bayram fisa-laləti Cəlili və bintəhu əl Gülarətül Cabbarlı (“ha”) və əbbəho Ayduşqa, Heydər və ümməhü Zeynəb və əssabəho Mələk, Zəhra, Əminə, Musa, İsa, so svoimi detmi və ilaxır.

Gülarəyə deyərsən “ha”, onları da bir-bir öpərsən. Pul tez göndərərəm. Qorxma, uşaqları yemək cəhətincə sıxma. Yoxsa sən bir az xəsissən. Özüm və işlərim yaman deyil. Baqi salam, Əmirəl-mömünün xəlifənin gözlərindən öpürəm.

Cəfər Cabbarlı”

(1931-ci il, Bakıdan Yarımca yaylağına)

 

“Sonası!

Xanbacı ilə sənin üçün hələlik 350 manat göndərdim. Ağarzaya pul verə bilmədim, ona görə ki, yol üstdə idim. Səfərkeşəm, balam da, Moskova gedirəm. Dünka demişkən, kobud adamların arasında qalmayacağam ki... Gələndən sonra, yəni dübbədüz 8 gündən sonra qayıdıb borclarını, çox güman ki, verərəm... Aydın üçün doktora xinin tapşırmışam. Sən allah, Sonası, indi havalar bir az soyuqlaşır, onun eybi yoxdu, daha da sağlam olar. Nə qədər soyuq olsa, yaxşıdır. Ancaq uşaqları səhər-axşam geyindir, soyuğa vermə... Özün şirə iç, soyuqda ləzzət eylər. Daha sağalmışam, gəlməyə dəyməz. Onu da yazım ki, son məktubun məni çox sevindirdi, onda bir istilik hiss etdim. Ömründə ilk dəfə mənə “Cəfərciyim” yazırsan. Ancaq ona görə məktubu dörd-beş dəfə oxudum. Mən sənsiz ağlamışam, sonra sən də ağlamısan. Nahaq yerə. Mən naxoşdum, sən burda yoxdun, fikirləşdim, ölərəm səni görmərəm, ürəyim nazikləşdi. Bir də Gülarə oturmuşdu, əllərini bir-birinə çatmışdı, şeytan kimi üzümə baxırdı, gözlərini də bərəltmişdi. Lap ürəyim nazikləşdi, ona görə ağladım. Adamlar gələndə mən özümü saxladım, görməsinlər. Ancaq onlar balkonda imişlər, eşidiblər... A kişi, o bir şey deyil. Baş idi, ağrıyırdı, bir-iki gün çəkdi, keçdi. Ancaq yola da bir az naxoş kimi çıxıram, balaca təsiri qalmışdır, hələ tamamilə keçməmişdir.

Buğdalar qalsın orada, hazırlıqdan sonra kolxoz ticarəti açılar, gətirtdirərik. Hələlik komerçeski çörək verirlər, alıb keçinərik. Gəlib aparsalar da, cəhənnəmə, onun üçün heç fikir eləmə. Mən bilirəm, onlar üçün o qədər fikirləşəcəksən ki, yediklərin də burnundan gələcəkdir. Heç fikirləşmə, xalqın gəmiləri gedib nə olub ki, sənin 3 kisə buğdan getsin, bir şey olsun? Sonası, kağız yazanda cavab ver. Özü də kağız yazmaq üçün mənim gəlməyimi gözləmə. Yaz, hər kim gəldi, göndər, gəlib hamısını oxuyaram. Bu saat zəng çaldı Əfrasiyab ki, çıxmaq lazımdır. Bağışla, Sonası. Uşaqları yaxşı saxla. Öpürəm Aydını, öpürəm Gülarəni. Salam de hamısına, Heydərə və başqa uşaqlara... Böyüklərə ki, qaydası ilə özün deyərsən. Məmməd üçün 5 qutu “Baksovet” göndərirəm. Mən çox şadam ki, son məktubunu alıb gedirəm. Öpürəm sənin gözlərindən, əllərindən.

Cəfər Cabbarlı”

(1930-cu il, Bakıdan Qılızı bağlarına)

 

“Sonası!

Sənə ona görə kağız yaza bilmirdim ki, yerimiz müəyyən deyildi. İndi hələlik müəyyəndir, özü də yaman deyildir. Bir otaqda 3 adam oluruq. Yemək o yandan-bu yandan tapırıq. Yolda 7 manat yarıma 100 dənə yumurta almışdım, indiyə kimi davam edir. Yağ da almışdım. Xülasə, bu barədə düzələr. Ancaq orası var ki, sənsiz və sizsiz çox darıxıram. Hələlik Leninqraddayıq. İyunun 1-nə kimi burada yaşayacağıq. Sonra sənə yazaram. Leninqrad yaxşı şəhərdir. Mən Tiflisi, Yerevanı görəndən sonra güman edirdim ki, Bakıdan yaxşı şəhər yoxdur, ola da bilməz. Ancaq Leninqrad heç yaman deyil. Küçələri göz işlədikcə dübbədüz uzanır, evlər 6-7 ınərtəbə, ağır qranitdən (yəni, qranit, bir növ, adıdır). Şəhərin içindən, küçələrin bir çoxundan Neva çayı axır. Çayın axını o qədər yavaşdır ki, hansı yana axdığı bilinmir. İçində barkaslar, qayıqlar üzür. Üzü güzgü kimi parıldayır və şəhərə olduqca böyük bir gözəllik verir. Tinbaşı tuncdan böyük abidələr, heykəllər vardır. Padşahın-madşahın otaq-motağına hələ baxmamışam. Baxıb sənə yazaram. Hər küçədən tramvay keçir. Şəhərin stili Bakı stilindədir, ancaq bu böyükdür. Nə isə, keçək o tərəfə.



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info