Qonaq Kitabı
Sona Cabbarlı. Onu unutmaq olarmı?

Truppamız 4 tamaşa vermişdir (iki “Od gəlini”, iki “Sevil”). Sabahdan bu teatrların da birində iki “Hamlet”, iki “Hacı Qara”, sonra da iki “Gülən adam” gedəcək. Ondan sonra həmin bu şəhərdə başqa teatrda yenə də bu oyunları verəcəyik. Tamaşalar ayın 10-da “Od gəlini” ilə başlanmış, burada ayın, yəni mayın sonuna kimi davam edəcəkdir. Kassada bilet satılmır, çünki qabaqcadan hamısı alınmışdır. Bütün oyunlara. Bu belə.

Sonra, yolda gəlirkən Quba, Dərbənd, Mahaçqala, Temirxanşura, Rostov, Ryazan, Moskva və başqa şəhərləri gördük. Moskva böyükdür. Ancaq dolama-dolaşıqdır. Şeytan da baş çıxarmaz. Bakıdan gözəl deyil. O biri şəhərlərin heç biri Bakıya çatmaz. Hamısı böyük kəndə oxşayır. Moskvaya qayıdanda yaxşı-yaxşı şəhərə baxıb, yenə də yazaram. Bu da belə.

Bakıdan gətirdiyim pul hələ də davam edir. Əgər sənə pul gərəksə, yaz göndərim. Burada mağazalarda hər cür yaxşı-yaxşı şeylər var. Hayıf ki, pul yoxdur. Nə gərəksə, ət maşını, quyhaquy, portfel, oyuncaq, paltar, mıncıq və sairə və sairə yaz, alım gətirim. Ancaq pul məsələsini də, təbii düşünməmiş olma. Nə isə, bu da belə.

Aydını öp və özünə də de ki, Bakıya gələn kimi mütləq velosiped alacağam. Heydəri də öp, deginən, onun üçün də yaxşı şeylər alacağam. O ki qaldı balaca qıza - Anaxanıma, Böyükxanıma, Böyükməməyə, Böyükbikəyə, Şahbikəyə, Almaza, Gülarəmə (kim necə deyirsə) onun üçün gərək mükəmməl bir şaq-şaq alım ki, xalq oxusun, zad eləsin. Əvvəla, bu böyüyüb, böyüməyib? Dil açıb, açmayıb? Açıbsa, rusca danışır, ya türkcə?1 Məktəbə-zada qoymusan, ya yox? Ha, ha, ha... Əgər məktəbə gedə bilirsə, onun üçün balaca bir sumka da alım gətirim...

Hamısını öpərsən. Mələyi lap möhkəm öpərsən. Törəni də bərkindən. Allaha pənah, Zöhrəni də uşaqları ilə. Birdən etiraz eləsə, deyərsən ki, öz yerimə öpürəm. Əjdərə kök bir salam-dua. Məmmədə düşbərəliyindən, Şəmsəddinə qutablığından, Ağarzaya da xəmiraşılığından salam-dua de. Zeynəbə de ki, onsuz dünya heç nə. Püstəbacıya deginən ki, həyətdəki böyük ağacı çıxarsın, yerinə bir az vəzəri, ya da turşəng əksin, yoxsa böyük ağacın kölgəsində vəzəri bitməz, Xanbacıya, Ağabacıya hamısına salam. Bilmirəm, Sara ərə getdi, ya yox? Burada çox şey bilə bilmirəm. Məsələn, bir arvad görürəm, ya bir kişi görürəm, bilmirəm bunun baldızı kimdir, bacısı qızının bibisi gəlini kimə ərə gedib. Neçə uşağı olub və neçəsini yarımçıq saldırıb? Kim kimi bayıb, kim kimi almaq fikrindədir? Hərdən deyirəm: ay Sara burada olaydı, ha!

Sonası, yaz, bildir, pulun var, yoxdur? Bağ məsələn nə haldadır? Həyəti əkdirdinmi, bitirmi? Uşaqlar necədir? Hamısını bir-bir yaz, bildir. Bununla məruzəmi bitirirəm. Məruzə haqqında müzakirə açılır. Sual varsa, yazılı surətdə yazıb göndəriniz, cavab verim. Şarikin və Popkanın kefləri necədir? Pişik əfəndinin xorultusu sazdır, ya yox? Burada bir pişik vardı, 4-nü doğmuşdu. Ev yiyəmizin arvadı 3-nü boğub birini saxlayıb. Bilsəydim, qoymazdım. Gecə boğub, xəbərim olmayıbdır.

Bunların hamısı qurtardıqdan sonra, Sonası, yaz görüm, öz kefin necədir? Ürəyin yaxşıdırmı? Sənə teleqram göndərmişdim Əjdərgilin adresinə, bilmirəm çatdı, ya yox? Çünki onların adresi qısadır. Mənim adresim: Leninqrad, ul. Rakova, dom 6, kv. 26. Cabbarlı. Əhvalatın hamısını tez mənə yaz. Yol 5 gündür. Mayın 30-na kimi buradayam. Uşaqlardan nigaranam. Əgər pula heyfin gəlməsə, bir teleqram göndər, o bir günə gəlib çatır. Salamatlıqdırsa, teleqramda belə yaz: Leninqrad ul. Rakova dom 6, kv. 26. Cabbarlı jivyom xoroşo privet. Ya da bu ayaqdan istədiyin başqa sözü. Toçka zapetay qoyma, çünki artıq şeydir. Sonası, deyirəm məruzəni elə burada qurtarım. Qalanlarını başqa kağızlarda yazaram... Öpürəm səni. Yerimə uşaqları öp. Baqi-salam!

Cəfər Cabbarlt”

(1930-cu il, Leninqrad)

 

“Sonası!

Bu saat lap qaranlıqda oturmuşam. Qızdırmam da ya 39-dur, ya elə bu yerdədir. Cibimdə yekə bir aspirin. İstədim atım, ancaq dedim, qabaqca kağızı yazım, sonra. Qaranlıqdır, ona görə ki, nömrənin elektriki xarab olubdur. Bax, yandı. Bu saat 10-un yarısıdır. Ancaq otaqda rahatca yazmaq olur. Bayırda işıqdır. 12-də bir az qaralır. Saat 1-də yenə hava açılır. Qazanın ümumi vəziyyəti haqqında yazanda buranı müfəssəl qeyd edərəm.

Sonası, mən kağızı yazdım, getdim poçta, gördüm Aydından kağız gəlib. Çox sevindim. Timuşkanın naxoşluğu xəbəri əhvalımı pozdu. Ancaq yaxşı ki, naxoşluğu keçmişdir. Uşaqları yaxşı gözlə. Sonası, maşınka üçün getdim, gördüm elə ikicə dənə qalıb, 5 nömrə, tez aldım, qoymadım nəfəsini çəksin. Bir də “naxoş, naxoş” deyəndə sən çox maraqlanma. Mənim ki xasiyyətimi bilirsən, milçəkdən dəvə düzəldərəm. Elə bir şey deyil. Ancaq bir az başım ağrıyır, hər iki tərəfdən boğazım, bir də qulaqlarım. Sonra da dizlərimin və əllərimin bəndləri ağrıyır. Gözlərimin qapağı da ağrıyır. Qızdırmam var, titrədirəm də. Balaca tərli kimiyəm. Ancaq bədənim xalis xəmiraşı kimi axır. “Xəmiraşı” dedim, ağzım sulandı, bu saat nə yeyərdim! Sabah saat 1-də Qazandan çıxıb Moskvaya hərəkət edirəm. Bir də, Sonası, naxoşluqları o cür təsvir etdiyim zarafatdır. Ancaq ya soyuq dəyib, ya da malyariyadır. Mənim isə heç birindən qorxum yoxdur. Cibimdə aspirin də var, xinin də. Atasını yandıracağam, olursa-olsun. Sonası, lampoçka Moskvada alacağam. Tez kağız yaz, hər nə lazımsa, qeyd et, bəlkə burada tapıldı. Çəkmə, qaloş, sap və sairə. Bağdan bir xəbər yaz. Yerim məlum olmadığından, kağız bir az ara verdi. Bağrım çatlayırdı. Tez Moskvaya kağız yaz. Sonası, Məmməd ilə Əjdər üçün adama bir ingilis trubkası alsam, necədir? Otura bilmirəm, Mabədini sabah ayrı kağızda yazıb göndərərəm. Öpürəm səni.

Cəfər Cabbarlı”

(1930-cu il, Qazan)

 

“Sonası!

Heç bilmirəm nə üçün bizim məktublara cavab yazmırsan? Çox nigaran qalmışam. Sənə yazmışdım ki, hər nə lazımsa, yaz: divar saatı, kerosinka, primus, lampoçka və sair. Uşaqlar necədir? Ayın 6-da buradan çıxacağıq, 10-da Bakıda olacağıq. Sonası, Qazanda bərk naxoşlamışdım. Sən ki bilirsən, 11-ci kağızdan başlamış, kağızların hamısında yazmışdım ki, sağalmışam. Amma həmişə yalandan yazıram. İndi-indi yaxşılaşmışam. Başimın ağrısı keçmişdir. Bədənim də tamamilə möhkəmdir. Ancaq kağızlarıma cavab almıram, çox nigaranam. Qorxuram, bəlkə naxoş-maxoş var, ona görə yazmırsan. Çünki mən hələ Qazandan sənə adres yazmışam. Sonası, burada heç bir şey yoxdur. Yekə mağazalar var, 4 mərtəbə, girirsən – heç bir şey yox. Bilmirəm, bağdan nə xəbər var?

Olimpiada yaxşı gedir. Moskvada birinci gecə “Od gəlini”, ikinci gecə “Sevil”, üçüncü gecə “Namus” oynamışıq. Sabah “Gülən adam”, o biri gün də “Hamlet” gedir. Bunlar açıq tamaşalardır, yəni camaat üçün pul ilə oynayırlar. Ayın 29-da və 30-da olimpiada üçün “Sevil” və “Od gəlini” oynanılacaq.

Sonası, yaz görüm uşaqlar necədir? Aydın üçün lap ürəyim əzildi. Sonası, adam cənnətdə də olsa, hey öz doğma evciyəzi üçün ürəyi əzilir. Bundan sonra mən hara getsəm, sənin və Aydının şəklini aparacağam. Görəsən, qız gəzir? Yazırsan ki, hər şey görür, aparır ağzına. Yəni lap belə ağız-burun bəhəm eləyib ki, şeyləri götürüb ağzına aparır? Sabah durub gedəcəyəm Aydın üçün tapança və velosiped axtarmağa.

Bu saat gecədir. Mən oturub yazı yazıram. Bağır Cabbarzadə də uzanıb, nağıl danışır. Moskvada yemək işi Qazandan daha yaxşıdır, ancaq bahadır.

Sonası, mən burada bərk işləyirəm. Səhər 8-də durub 9-da gedirəm leksiyaya, 11-in yarısına kimi orada qalıram, Yarım saat nahar, sonra başlanır bir teatrın olimpiada tamaşası. Orada məcburuq baxıb qiymət verməyə. Oradan 3-də çıxırıq, 4-ə kimi çörək yeyirik. Ondan sonra diskussiya, deyişmələr başlanır gecə saat 3-ə kimi. Dördün yarısında yatıram, 8-də yenə durub gedirəm.

Sonası, bu kağızın yetişməsi hesab et neçə günə gələr. Sonra hesabla, kağız yaz. Ayın 6-da buradan çıxacağıq. Adresim: Malaya Kislovka, 4. Sti. Cabbarlı. Əgər gəlib çatacağım və ya çatmayacağımın vaxtına şübhən olsa, onda Lyubarskigilə yaz. Mən getmiş olsam, geri qaytararlar. Hələlik sağ ol. Öpürəm səni və Aydını.

Cəfər Cabbarlı”

(1930-cu il, Moskva)

 

“Sonası!

Mən ki sənə yazmışdım və adres göndərmişdim. Sən iki kağız göndərdin, sonra daha kağızın gəlmədi. Halbuki, sən kağız yazıb Lyubarskigilə göndərsən və mən çıxandan sonra gəlib çatsa, onlar kağızı Bakıya göndərərlər. Sonası, bu saat ovqatım bir az təlxdir. Çünki yaxşıca bir ruçka almışdım, özündənyazan, çernil tökürdüm içinə yazırdı. Bu gün itirdim. İndi yenə köhnə tas, köhnə hamamdır. Yəni Bakıdan çıxanda bir dənə yarıruçka-yarıkarandaş qələmim var idi ki, onunla yazıram. Doğrudur, Bakıdan çıxanı onu da itirmişəm. Ancaq burada ondan bir dənə də almışdım. Özündən yazan ruçkam isə qiyamət idi. Bir də, bir qəndsındıran kəlbətin almışdım, onu da dünən itirmişəm. Bir də, Aydının fincanını itirmişəm. Xülasə, itirmişəm, vəssalam. Bunların hamısı ondandır ki, zəhrimar cibim deşilir, nə qoyuram, düşür itir.

Sonası, sən keçən dəfə yazmışdın ki, uşaqların qarnı bir balaca pozulub. Sonradan kağız almamışam. Qanım yaman qaralıb, nigaran qalmışam. Mənə teleqram ilə bir cavab göndər. Amma gecdir. Gərək sabah teleqram göndərib deyim ki, teleqram çəkəsən, yoxsa çox nigaranam. Bir də ondan nigaranam ki, pulun yoxdur. Ancaq heç qəm çəkmə. Gələn gün hamısını verərəm. Səhər-axşam onu fikirləşirəm ki, Timuşkanı göyöskürək tutub, sən də uşaqları zarazit etməyəsən. Uşaqlar üçün, xüsusən Aydın üçün ürəyim axır, lap dəli olmuşam. Veyil kimi küçəni gəzirəm. Hansı o boyda uşağı görürəm, dayanıb baxıram görüm, Aydına oxşayır, ya yox. Biz buradan ya ayın 8-də çıxacağıq, ya da 12-də. Teleqram ilə sənə bildirərəm. Görəsən, uşaqların kefi necədir? Heydər necədir, qız necədir? Gəzir, ya yox? Zeynəb necədir, Püstəbacı necədir, Mələk necədir, Törə, Zöhrə və uşaqları necədirlər? Məmməd üçün bir bumajnik almışam. Leninqradda var idi, Moskvada tapılmır.

Elə ki oxudum Aydın məni soruşur, ah çəkir, lap ürəyim xarab oldu. Uşaqlardan yaxşı muğayat ol. Hamıya məndən salam. Öpürəm səni və Aydını, qızı da, Heydəri də, hamısını.

Cəfər Cabbarlı”

(1930-cu il, Moskva)

 

“Sonası!

Çox qəribədir. Bilirsən, nigaran qalıram, Ağayargil gəlib, bir kağız da yazmamısan. Uşaqlar necədir, özün necəsən? Gülarə şüttili çay içir, ya yox? Pul göndərmişdim, gəldi çatdı, ya yox? 800 manat. Xanbacıya tramvay pulunu da vermişəm, vaqon pulusunu da. Şeyləri də gətirmişəm, birbaş aparıb vaqona qoyublar. Tiflisə getdim, gəldim. Gülarə üçün mərcənquludan bir kağızqabı aldım, evdə asmışam. Sənin üçün bir qayış almışdım, göndərirəm. Belinə tut, sonra tik, yaramasa, bax gör, olanı budur da... Şəmsəddin birisigün gələcəkdir. Mən də özümü saldıra bilsəm, bəlkə bir günlüyə gəldim. Olmasa, demişəm, Gülarə üçün fındıq alsınlar. Sonası, sən Allah, yaz Gülarə necədir. Yaz daha nə sözlər tapıbdır, hamısını yaz. Necə yatır, necə durur, nə deyir, nə demir, hamısını yaz. Mən şad oldum ki, Aydın və Heydər dərs oxuyurlar. Ancaq Aydını çox yorma, qoy bir az gəzsin, dincəlsin, bərkisin. Ozün süd və yumurta iç. Çox yaxşı edirsən ki, yaxşı yeyirsən, yeməkdən yaxşı dərman ola bilməz.

Sonası, darıxıram sənin üçün, gündüz axşama kimi gedirəm-gəlirəm, evləri axtarıram. Elə bilirəm otaqların birindən çıxacaqsan.

Operanın 4-cü pərdəsinin yarısındayam. Ancaq hələ “Od gəlini” üzərində işləyirəm. Çünki ayın 15-də məşqlər başlanacaq. Hazır olmalıdır. Onu qurtarandan sonra operanı – “Səfa”nı qurtaracağam. Sonra təzə bir pyes başlayacağam. Bəlkə pyesi yazmaq üçün bağa gəldim. Olmasa da, yazaram sənə. Sonası, mən gələ bilməsəm, sən heç olmasa, bir gün gəl, görüm səni. Elə üzünü görüm, sonra get. Sonası, medkartoçka məsələsini sənə yazmışdım, düzəldibdir. Ancaq hələ almamışam, bu günlərdə alaram. Getməyə vaxtım yoxdur. Sən olsan, məni itələyərsən, iki gündə alaram. Sən yoxsan, tələsmirəm. Ozü də lap yaxşısından. Özüm yaman deyiləm. Necə görmüşdünsə Nuh, eyləcədir. Abed almıram. Yumurta almışdım, yeyirdim, qurtarıb, lazım olanda yumurta aldıraram. Mənə nə var, təki sən yaxşı dolanasan, Gülarə, Aydın dolansınlar! Gülarəm yaxşı dolansın!

“Sevil”, “Yaşar”, “1905” və “Almaz”dan başqa “Od gəlini” və “Dönüş”ü verirəm çapa.

Salam-dua məsələsinə gəlincə, hər kəsi gördün salam de. Zöhrəyə, Mələyə, Məmmədə, hamısına və uşaqlarına. Gerisini özün bilərsən. Çit-filan göndərmişdim, yaz çatdı, yox. Öpürəm alnından, Gülarəni bərk-bərk, lap bərk-bərk, Aydını gözlərindən öp. Zeynəbə də məndən salam de. Öpürəm gözündən.

Cəfər Cabbarlı”

(1933-cü il, Bakıdan Qılızı bağlarına)

 

Xalqımızın gözəl bir məsəli var: qayğıkeş, xoşxasiyyət adamlar üçün deyirlər ki, “böyüklə böyükdür, uşaqla uşaq”. Cəfər də belə insanlardan idi. Özü gənc olmasına baxmayaraq, qoca ilə qoca, körpə ilə körpə kimi rəftar edərdi. Hamı ilə dil tapar, böyüklərlə şirin-şirin söhbət etdiyi kimi uşaqlarla da həvəslə əylənərdi. O, uşaqları çox sevərdi; həm də təkcə öz oğul və qızını deyil, bütün uşaqları... Hamısını öz balası bilir, gənc nəslə gələcəyimiz kimi baxırdı. “Mirzəmi” (uşaqlar onu belə çağırırdılar) bütün məhəllə uşaqlarının sevimli dostu idi.

Cəfər son vaxtlarda Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında işləməklə bərabər, kinostudiyada da çalışırdı. Bundan başqa onu gah rus teatrına, gah operaya, gah erməni teatrına dəvət edir, əsərlərinin tamaşaya qoyulmasında ondan məsləhət alırdılar. Bəzən iki-üç əsər üzərində birdən çalışır, tərcümə ilə də məşğul olurdu. Bu qədər iş-güc içində uşaqlarla məşğul olmağı, onları tərbiyə etməyi bir dəqiqə də olsun yaddan çıxarmırdı.

O, uşaqlarla söhbət etməyi, oynamağı xüsusilə çox sevirdi. Cəfəri bizim məhəllədə yaşayan bütün uşaqlar tanıyır, onunla oynayırdılar. O, dalana girən kimi “Mirzəmi gəldi, Mirzəmi gəldi!” - deyə onun arxasınca düşür, ətrafında atılıb-düşürdülər. Mirzəmi uşaqların birini-ikisini qucağına götürür, qalanları da o tərəf-bu tərəfindən sallanırdılar. İşdən arğın-yorğun gəlməsinə baxmayaraq, dərhal onlarla oynamağa başlar, uşaqların müxtəlif oyunlarında iştirak edərdi. Bütün bunlara görədir ki, Cəfərin səsi eşidilən kimi balaca həyətimizə otuza yaxın uşaq yığılardı. Bəzən uşaqları sərbəst buraxar, özü pəncərə arxasında oturub onların oynamasına tamaşa edərdi. Neçə dəfə fotoqraf gətirib uşaqlarla birlikdə şəkil çəkdirmişdi.

O, uşaqları başına yığır, onlara müxtəlif suallar verir, düzgün cavab verənləri mükafatlandırırdı. Cəfər uşaqların tərbiyəsinə xüsusi fikir verirdi. Yaxşı yadımdadır, biz Qılızı bağlarında idik. Cəfər mənə tapşırmışdı ki, uşaqları yuxudan tez oyat, səhər sübhdən bağın təmiz havasından doyunca udsunlar. Lakin bəzən uşaqlar səhər yuxudan durmaqda tənbəllik edirdilər. Ona görə də Cəfər onlara belə bir mahnı öyrətmişdi:

Duran öküz yatan öküzü tapdalar,

Tapdalar ha tapdalar, tapdalar.

Tənbəl öküzü qəssab alıb şappalar,

Şappalar ha, şappalar, şappalar...

Səhər uşaqlardan kim yuxudan tez oyanırdısa, bu mahnını oxuyub yanındakıları oyadardı. Buna görə də uşaqlar bir-birindən tez oyanmağa çalışırdılar. Cəfər qıraqda durub onlara fikir verər, hətta yeri gəldikcə özü də onlara qoşulardı.

Uşaqları döyməklə arası yox idi, onlara söz ilə təsir edərdi. Lakin bəzən hirslənib uşaqların üstünə əl qaldırmağa məcbur olanda bizə deyərdi ki, mən uşağı döydüyüm zaman siz tez gəlib onu əlimdən alın. Çünki əvvəla, uşaq çox döyülsə, xarab olar; ikincisi də uşaq qoy əmin olsun ki, əl tutan olmasaydı, çox döyüləcəkdi.

1933-cü ildə bizim məhəlləmizdəki məscidin yerində uşaq bağçası açılırdı. O vaxt şəhərin ucqar guşəsi olan Dağlı məhəlləsində bu bağça məktəbdən sonra ikinci mədəniyyət ocağı idi. Yeni uşaq bağçası məhəllə əhalisinin böyük sevincinə səbəb olmuşdu. Odur ki, bütün evdar qadınlar iməcilik təşkil edərək, hər gün uşaq bağçasına işləməyə gedirdilər. Bu cümlədən, mən də iməcilikdə iştirak edirdim. Binanın başa çatdırılmasına az qalmışdı. Bir istirahət günü qızğın iş gedirdi. Həmin gün evdar qadınlarla birlikdə müxtəlif idarə və müəssisələrdə çalışan qadınlar da bağça tikintisinə köməyə gəlmişdilər. Hamının başı işə o qədər qarışmışdı ki, həyətdə bir nəfər də olsun nahara çıxmamışdı. Günorta üstü bir də gördüm ki, Cəfər öz dostu Məmməd Əlili ilə birlikdə əlində bağlama oraya gəldi. Mən soruşdum ki, ay Cəfər, o əlindəki nədir? Cəfər bağlamanı mənə verib dedi:

- Sonası, səniçin nahar gətirmişik. Gördüm ki, gec gəldin, dedim yəqin arvadı bərk işə tutublar, üstəlik Əlilini də gətirmişəm ki, şəklinizi çəksin.

Əlili bağçada iməcilikdə çalışan qadınların fotoşəklini çəkdi.

Bir neçə vaxtdan sonra bağçanın açılışı oldu. Cəfərlə məni də dəvət etmişdilər, çünki balaca qızımız Gülarəni oraya qoymuşduq. Bağçanın açılışı çox təntənəli keçdi. Cəfər də nitq söylədi. Bundan sonra o, tez-tez bağçaya gedir, uşaqlarla uzun-uzadı söhbət edirdi. Bundan xoşhal olan bağça müdirəsi özü də Cəfəri tez-tez bağçaya dəvət edirdi. Cəfər bağça müdirəsinin sözünü yerə salmaz, oraya gedib uşaqlarla əylənər, hətta bəzən nahar vaxtı onlarla bir stolda oturub xörək də yeyərdi.

Cəfər evdə uşaqların dərsi ilə məşğul olmağa da vaxt tapırdı. Onların dəftər-kitabını yoxlayır, günün bir hissəsini onlara sərf edirdi. O, hətta başqa yerlərə getdiyi zaman uşaqlarına ayrıca məktublar yazırdı. 1934-cü ildə Moskvadan 10 yaşlı Aydına göndərdiyi məktubların birində belə yazırdı:

“Yoldaş Aydm Cabbarlı! Bu, ömrümdə birinci məktubdur ki, sənə yazıram. Bu gecə yumbalana-yumbalana gəlib girmisən yuxuma. Gördüm qızın qulağından tutmusan. Aydın, yaz görüm evdə nə var, nə yox? Uşaqlara necə baxırsan, külfəti necə idarə edirsən? Məhəllə uşaqları ilə aran necədir? Rəhman ilə güləşirsən, ya yox? Heydərlə necə keçinirsən? Bu saat gərək ya çərpələng sezonudur, ya da aşıq-aşıq. Yaz görüm, Sonası sənə sap verir, vermir? Əgər vermirsə, yaz, sənə burada sap alım göndərim. Bir də, adə, filan-filan şüdə... bir utanmırsan, demirsən ki, bu Mirzəmi hanı, qotur bir kağız yazım ona? Vaxtın olsa, məşğuliyyətdən başın ayılsa, mənə bir kağız yaz. O ki qaldı velosipedə, ona heç şəkk-şübhə yoxdur, gərək alam, vəssalam. Qoy Sona qışqırsın ki, pulumuz çatmaz, qoy Zeynəb desin ki, velosiped həyətin qırını sökər, qoy kim nə deyir-desin, mənə kar etməz. Mənim sözüm qətidir: alacağam, vəssalam... Mən bu sözləri yazanda günəş başını pəncərədən içəri soxub hırtıldadı və mənə kök bir “Malades” deyəndən sonra onu da dedi ki, “Al, hər şey onundur!” Mən də dedim: “Yaxşı!”

Salam-dua anana və hamıya.

Aydınciyim, istədim sənə bir neçə yaxşı məsləhət yazım, ancaq gördüm bu çox şablon işdir. Hər kəs həyatı öz əqli ilə yaşamalıdır”.

 

Başqa bir məktubunda yazırdı:

“Yoldaş Aydın Cabbarlı!

Əvvələn, salam-dua və saniyən bu tərəfin əhvalatın xəbər alsan, əlhəmdüllah, səhih və salim varıq və sizin canınıza duaçı varıq. Bir də, yoldaş Aydın Cabbarlı, sən yekə bir kişisən, danqa aşıq nədir? Sən gərək ciddi işlərlə məşğul olasan. Odur ki, mən sənin üçün mükəmməl bir tüfəng almışam, onunla milçək ovlayasan, ya da nişan atasan. Tüfəng belədir ki, ucunda rezinli bir ağac var, atırsan ağac çıxır, gedir dəyir divara və habelə. Bir də sən zəhmət çəkib öz bacına bir az öyüd ver, şit-şit gülməsin (əmisi kimi), əlinə gələni ağzına aparmasın (Mələk bacısı kimi), özünə də deginən ki, Mirzəmi uşaq-muşaq tayı deyil ki, sənə kağız yazsın, mən böyük kişiyəm, mənə yazır, haçan sən də qundaqdan çıxarsan, onda sənə də böyük adam kimi hörmət edərlər; sən hələ bəbəsən. Deginən ki... Xülasə, ağzına nə gəldi de, qurtardı, getdi.

Eşitdim bağçaya gedirsən, bilmək istərdim hansı bağçadı, haradadır və kimin bağçasıdır? Anana deginən, qızın qulağına yekə sırğa salmasın. O nədir ki, anan sənə deyir: Mirzəmi ac qalıb, bir dənə kağız da yazıb soruşmayırsan? Nə isə, bağçaya tək getmə, küçədə oynama ta mən gəlincə.

Ayduşka, sən yazmışdın ki, Sona bacı üçün çoxlu-çoxlu pul gətir. Pulu nə edirsən, sən özün hələ pulsan da!.. Ancaq hər halda, mən də sənin dediyinə görə gedib çoxlu-çoxlu pul aldım, gələndə sənin üçün gətirəcəyəm...

O səfər yazmışdın ki, uşaqlar ilə vuruşmursan, mən çox şad oldum. Konfeti də ondan sonra aldım. Bir azını bu kağız ilə göndərirəm. Sona bacı şkafda gizlədib, deginən Mirzəmi göndərən konfetləri ver. Qalanını da mən özüm gələndə gətirərəm. Ancaq, bura bax, vuruşmamısan-vuruşmamısan, yəni, bir-ikisinin də başını yarmamısan? Öz başını, yəqin ki, bir neçə kərə, bir neçə yerdən qanadıblar. Ancaq eybi yoxdur, igidin başı qalda gərək. Çalış vuruşma, elə ki vuruşdun, döymək döyülməkdən yaxşıdır, çünki adamın cibindən gedir... Gülarəyə de ki, onun da kağızını aldım, qulluğuna yetişərik. Heydər ilə, Rəhman ilə, Səttar ilə mən gəlincə neçə yol vuruşmusan, hesabını saxla.

Salam-dua məndən bütün məhəllə uşaqlarına, pəpəyeyəndən-məməyeyənə kimi. Opürəm hamınızı, ayrılıqda səni”.

 

Cəfər hətta uzaqda olanda da məhəllə ilə, qohum və tanışlarla, onların uşaqları ilə maraqlanırdı, necə yaşadıqlarını, səhhətlərini soruşurdu. Yenə Moskvadan Aydına yazdığı bir məktubda onun balaca dostlarının kefini xəbər alırdı:

 

“Aydın!

Sənin teleqramını aldım, çox şadam. Ancaq yazırsan ki, mən yaxşıyam. O biri uşaqlardan və Sonadan bir şey yazmamısan, mən də deyirəm bəlkə onlardan kefsizi var? Kağız yazanda gərək elə yazasan, aydın olsun. Mən yaxşıyam, ayın 13-də, gərək ki axşam Moskvadan yola düşürük. Baqi salam-dua bütün məhəllə uşaqlarına.

Ayduşka, elə ki çıxıram bayıra, bir uşaq görürəm, tez baxıram görüm sənə oxşayırmı? O saat girirəm yaxındakı dükana, sənin üçün yaxşı-yaman bir şey alıram. Bu saat sənə dörd yapma balıq almışam, qoymuşam qabağıma, gələndə gətirəcəyəm.

Uşaqlara və anana salam, öpürəm səni. Ayduşka, elə bir kağız yazdın, yoruldun? Daha nə üçün yazmayırsan? O biri kağızını saxlamışam, ramkaya salacağam. Dərsini yaxşı oxu ha! Öpürəm səni!”

 

Cəfər məktublarda xahiş edirdi ki, uşaqlar ona məktub yazsınlar, yaza bilməyən körpələrin barmaqlarını məktuba basıb göndərməyimi, uşaqların dilindən ona məktub yazmağımı xahiş edirdi. Özü bəzən uşaq dilində məktublar yazırdı. Bir dəfə Tiflisdən zəng vurub dedi ki, Gülarəni telefonun yanında tut, qoy qışqırsın, mən səsini eşidim. (O zaman hələ Gülarə dil açmamışdı.)

Bir dəfə də poçtalyon evə bir məktub gətirdi, üstündə yazılmışdı:

“Çatacaq Cəfər qızı Gülarəyə”

O, balaca qızına yazırdı:

“Gülarə!

Barmaqlarını kağızda gördüm... Öpdüm, hər gün öpəcəyəm. Yeyirəm barmaqlarıvı, gözlərivi. Mənə kağız yaz! Dülala, sənə dixli-dixli qağa göndərirəm. (Gülarə, sənə çoxlu-çoxlu şirni göndərirəm.)”

Cəfər gənc nəslin gələcəyinə böyük ümid bağlayırdı. “Sevil” pyesindəki Gündüz surətini, “Almaz”dakı Sürməni çox sevirdi. “Almaz”ın quruluşu zamanı deyirdi:

- Gülarə böyüyən kimi aparacağam onu səhnəyə, Sürməni oynasın.

Lakin Cəfər bu arzusunu görmədi. Ölümündən səkkiz il sonra mən onun arzusunu yerinə yetirmək üçün qızımı Əzizbəyov adına teatra apardım. Balaca Gülarə “Almaz”ın yeni quruluşunda bir-iki dəfə Sürmə rolunda çıxış etdi.

Cəfərin pyeslərindəki qəhrəmanların adlarını ata-analar yeni doğulan uşaqlara verəndə o, çox sevinirdi. Buna görə də bu adları xüsusi bir həvəslə seçir, özü düşünüb təzə adlar tapırdı. Cəfər istəyirdi ki, xalqımızın balaca oğul və qızlarının həyatı Gündüz kimi aydın və işıqlı olsun, onlar böyüyəndə Oqtay təkin elin oğlu olsunlar. Elxan, Qorxmaz, Sevil kimi yeni həyat uğrunda mübarizə etsinlər, Almaz kimi, Yaşar kimi işləyib yaşasınlar.

Son zamanlar o, uşaqlar haqqında pyes və kinossenari yazmaq fikrində idi. Ancaq amansız ölüm bu arzusunu da yerinə yetirməyə imkan vermədi.

Cəfər böyüklərə qarşı da çox mehriban və hörmətcil idi, onlarla uzun-uzadı müsahibələr, gah mübahisə, gah da zarafat etməyi çox sevərdi.

1933-cü ilin yay vaxtları idi. Cəfər tezdən yataqdan qalxıb həyətimizdəki kiçik bağçaya çıxdı. Səhər yuxusu şirin olduğu üçün mən hələ yerimdə uzanmışdım. Bir qədərdən sonra o, əlində qələm-kağız içəri girib: “Ay Sonası, sən hələ yatmısan, mən gedib bir qəzəl də yazıb qurtarmışam” - deyərək, “Gördüm üzünü, bağçada laləm yada düşdü” qəzəlini oxumağa başladı.

Boş vaxtlarında küçəyə çıxar, evlərin qabağına toplaşan qoca kişilərlə söhbət edərdi. Hətta evimizə gələn xarrat, bənna, montyor, daşyonan (o zaman biz indi yaşadığımız evi tikdirirdik) və başqa ustalarla uzun-uzadı danışardı. Yadımdadır, bir dəfə evimizdə işləyən bir rus xarrat Cəfərin qəzetdə verilmiş şəklini görüb soruşdu:

-          Sona xanım, bu sizin əriniz deyilmi?

-          Özüdür, - dedim.

Xarrat təəccüb etdi:

-   Paho, bu ki böyük adam imiş, heç biz bilməmişik. Bizimlə zarafat edir, bizimlə birlikdə işləyir... İnteresno!

Qadınların laylaları, yasxanalarda ağı deyib oxşamaları Cəfəri çox maraqlandırırdı. O, tez-tez anam Zeynəbə güclə laylay oxutdurub ona diqqətlə qulaq asardı. Bibinəvəmiz Sara həmişə bizə gələndə yasxanalarda, toyxanalarda nələr olduğunu danışıb, yeri gələndə bəzi tanış qadınların oyunlarını da çıxarardı. Cəfər ornun adını “simsiz teleqraf” qoymuşdu.

Cəfərin məhəllədə gördüyü əhəmiyyətli hadisələr, etdiyi söhbətlər boş-boşuna keçməz, yeni əsərlərində müxtəlif epizodlara, bəzən də müstəqil süjetlərə dönərdi. Məsələn, o “Dilarə” hekayəsinin mövzusunu məhəlləmizdə baş verən bir hadisədən almışdı. Biz Böyük Salyan küçəsində yaşayırdıq. Yuxarıya hələ tramvay qalxmadığından, adamlar Kommunist küçəsinə piyada gedib-gələrdilər. O vaxtlar küçələrə asfalt döşənməmişdi. 4-cü Təzəpir küçəsinin quruluşu çox pis idi: eniş və dar. Buna görə də qışda oradan keçmək çox çətin idi. O küçəyə “Dardanel” də deyirdilər. Bir dəfə Cəfər evə çox tutqun gəldi. Səbəbini soruşdum. “Ay Sonası, - dedi, - bir kişi qızı qucağında olaraq “Dardanel”dən keçərkən yıxıldı, qıçı sındı. Qıçının sınmasına baxmayaraq, qızını sinəsinə basıb hönkür-hönkür ağlayırdı”... Bir neçə gündən sonra “Dilarə” hekayəsini yazdı.

O, yazacağı əsərlərin nəinki mövzusunu əvvəlcədən fikirləşər, mükəmməl planını tutar, ayrı-ayrı surətlərin daxili aləmini, xarici görkəmini saatlarla fikirləşərdi; hətta onların hansı aktyorlar tərəfindən ifa ediləcəyini də nəzərdə tutardı.

Məsələn, bir gün evə gələrkən mənə dedi ki, Baxşını tapmışam. Mən onun bu sözünə məəttəl qalıb soruşdum:

-          Baxşı kimdir, ay Cəfər? Onu hardan tapmısan?

-   Eh, Sonası, - dedi, - bilmirsənmi, “1905-ci ildə” pyesindəki Baxşını deyirəm də. Vallah, onu Süleyman Tağızadədən başqa çətin yaradan olsun. Amma, öz aramızdır, Süleymana deyəndə ki Baxşı tar çalır, dayanıb matdım- matdım gözümün içinə baxdı, yazıq-yazıq dedi: “Axı mən tar çala bilmirəm”. Mən də ona dedim: “Tar çalmağa nə var ki, öyrənərsən də. Əgər istəyirsən, Baxşını oynayasan, gərək tar çalasan. Tarsız Baxşı olmaz”... O, başını aşağı salıb dərin fikrə getdi. Deyəsən, hərif tar çalmaq arzusunda idi, amma tarı yox idi. Mən Süleymanı Kommunist küçəsindəki musiqi alətləri mağazasına apardım, yaxşı bir tar alıb ona bağışladım. Görəsən, necə Baxşını yaradacaq!..

Cəfər aktyor və rejissorlarla möhkəm dostluq edirdi. Elə gün olmazdı ki, onlardan evimizdə qonaq olmasın. Cəfərin bir yaxşı adəti də var idi: hələ-həlbət nahar vaxtı evdə olardı, özü də tək yox, mütləq üç-dörd dostu ilə birlikdə gələrdi. O, xörəyi tək yeməzdi. Bu adətini bildiyimizdən, hər gün xörəyimizi 5-6 adamlıq artıq bişirərdik.

Böyük səhnə ustalarımız Abbasmirzə Şərifzadə, İsmayıl Hidayətzadə, Ülvi Rəcəb, Mərziyə xanım Davudova, Sona xanım Hacıyeva, rejissor Aleksandr Aleksandroviç Tuqanov və başqaları tez-tez evimizə yığışardılar. O vaxtlar rejissor assistenti işləyən Məmməd Əlili isə bizim evin daimi sakinlərindən idi. Cəfərin dostları çox idi. Əgər mən desəm ki, onun kiçik otağı, bir növ, sənət türbəsi idi, səhv etmərəm. Bu evə o zamanın sənətkarlarından kimlər gəlib-getməmişdir! Bu dostlar, əsl sənət dostları, teatr mücahidləri idilər! Necə də şirin söhbətlər, qızğın mübahisələr edirdilər. O günlər heç vaxt xatirimdən çıxmaz.

Cəfərə böyük məhəbbət bəsləyən unudulmaz sənətkarımız Abbasmirzə Şərifzadə bir gün ona dedi:

-   Cəfər, kaş Allah sənə yüz il ömür versin, sən də yeni-yeni pyeslər yazasan. O zaman mən nə qədər surətlər yaradaram!

Cəfər də özünəməxsus dərin gülüşlə ona belə cavab verdi:

-   Abbas, aşna, deyəsən, sən məndən çox yaşamaq istəyirsən. Yox, paxıllıq etmirəm, təki sən çox yaşayasan. Sənin ömrünün uzun olması, mənim obrazlarımın da çox yaşaması deməkdir.

Bizim ailənin ən yaxın dostlarından biri də - Hidayətzadələr ailəsi idi. İsmayıl, Cəfərin qardaşlığı olduğu kimi, onun həyat yoldaşı Soltan xanım da mənim bacılığımdır.

Qocaman “Molla Nəsrəddin”çi, mühərrir və teatr xadimi Mirzə Məmmədəli Sidqi də Cəfərin yaxın dostu idi. “Sevil” pyesindəki Mirzə Məmmədəli surətini Cəfər bu orijinal insana həsr etmişdir. Mənə elə gəlir ki, Cəfər teatr kollektivi ilə yaxın olmasaydı, bəlkə də yaratdığı səhnə surətləri bu qədər parlaq çıxmazdı.

O, təkcə Azərbaycan teatrı ilə deyil, Bakıda olan rus, erməni və başqa teatrlarla da yaxından əlaqə saxlayır, onların da görkəmli səhnə xadimləri ilə dostluq edirdi. O, bu teatrların yalnız müəllifi deyil, eyni zamanda azarkeş tamaşaçısı idi.

Bir dəfə Azərbaycan teatrından zəng edib onu xəbər aldılar. Cavab verdim ki, evdə yoxdur. Gecə evə qayıdanda soruşdum:

-          Yenə harada idin, ay Cəfər?

-          Erməni teatrına getmişdim, - dedi.

Mən gülə-gülə ona bir də sual verdim:

-   Balam, sən lap ağ elədin. Azərbaycan teatrına gedirsən - buna sözümüz yox; rus teatrına gedirsən - yenə sözümüz yox, çünki rus dilini bilirsən. Yaxşı bəs erməni teatrının sənə nə dəxli var ki, ermənicə bilirsən?

Cəfər də gülə-gülə cavab verdi:

-   Sonası, sən də lap qəribəsən ha! Məgər teatra baxmaq dil bilməklədir? İstəyir lap ingilis dilində olsun, sənətin kökü birdir. Aktyor oyununa, rejissor işinə baxmaq üçün dil lazım deyil ki. Bir də, mən pyeslərin məzmununu bilirəm axı...

Sonralar bildim ki, Cəfər belə eləməkdə haqlı imiş. Xüsusən o, bizim dram teatrında rejissor işlərkən səhnə quruluşu ilə daha çox maraqlanırdı. Təsadüfi deyil ki, ömrünün sonuna yaxın, gənc qüvvələrdən yeni bir teatr yaratmaq fikrinə düşmüşdü, hətta bu məqsədlə İsmayıl Hidayətzadə ilə bir əhdnamə də bağlamışdı.

Necə oldusa, soruşdum:

-          Rejissorluq çətindir, yoxsa pyes yazmaq?

-   Hər ikisi çətindir, amma rejissorluq mənim üçün daha çətindir, - dedi. - Rejissorluq böyük sənətdir, bu hələ bizdə ağıllı-başlı inkişaf etməmişdir. Elə bilirlər ki, rejissorluq halvadır. Yox, Sonası, rejissor da dramaturq kimi bir sənətkardır. Rejissor var əsəri öldürər, rejissor da var əsəri qaldırar. Amma indi, öz aramızdır, əsər də var, əsər də...



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info